Məhkəmə qərarları › İş №2(103)-5351/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5351/2022

04.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5351/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə (Azərbaycan Respublikası Təhsil Nazirliyi maraqlı şəxs qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: təhsil hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin törədilməsinin qadağan edilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə (maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «təhsil hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin törədilməsinin qadagan edilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair» mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(009)-626/2022 saylı qətnaməsindən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxxxxxx 2009-cu il tarixdə doğulmuşdur, atası Qanuni nümayəndə, anası X1r.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvan 1 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Təhsil Kompleksinin 7a sinfi şagirdlərinin valideynləri tərəfindən həmin sinifdə təhsil alan İddiaçı məktəbdə sinif yoldaşlarına qarşı davranışından narazılıqları barədə Təhsil Nazirliyinə müraciət daxil olmuşdur. Müraciətdə İddiaçı tədris prosesində dəfələrlə sinif yoldsaşlarına və müəllimlərə qarşı kobud rəftar etdiyi və şagirdə yaraşmayan davranış nümayiş etdirdiyi bildirilmişdir. 7a sinfi şagirdlərinin valideynlərinin İddiaçı məktəbdə davranışından narazı olmaları barədə ərizələrinə əsasən pedaqoji kollektiv və valideynlərin iştirakı ilə Təhsil Kompleksinin Pedaqoji Şurasında müzakirə edilməsi, şagirdin davranışının nəzarətdə saxlanılması, məktəb psixoloqunun və sinif rəhbərinin vaxtaşırı olaraq şagirdlə fərdi söhbətlər aparmalarının təmin edilməsi, eyni zamanda məsələnin həlli istiqamətində görülmüş işlərin nəticəsi barədə valideynlərə və Təhsil Nazirliyinə məlumat verilməsi tapşırılmışdır.

3. Bakı şəhəri 132-134 saylı Təhsil Kompleksinin 7a sinfi şagirdlərinin valideynləri tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı məktəbdaxili intizam qaydalarının tələblərini dəfələrlə pozmuş, sinif yoldaşlarına və müəllimlərə qarşı kobud və qeyri-səmimi rəftar etmiş, şagirdə yaraşmayan davranışlara yol vermiş, onun belə davranışı və rəftarı sinifdə təhsil alan digər şagirdlərin psixologiyasına mənfi təsir göstərmiş, bununla əlaqədar valideynlərinə bildirilsə də, nəticəsi olmamış və hətta məsələ o həddə çatmışdır ki, onun bu hərəkətləri barədə ölçü götürülərək qanunamüvafiq tədbir görülməsi üçün öz sinif yoldaşlarının valideynləri (22 nəfər) tərəfindən Təhsil Kompleksinin rəhbərliyinə və Təhsil Nazirliyinə şikayətlə müraciətlər edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər 132-134 saylı təhsil kompleksinin direktoru vəzifəsində çalışan Cavabdeh1 və həmin kompleksin direktor müavini vəzifəsində çalışan Cavabdeh2 132-134 saylı təhsil kompleksinin 7a sinif şagirdi İddiaçı təhsil hüququnun məhdudlaşdırılmasına, dərslərdə iştirak etməsinə və təhsil hüququnun həyata keçirməsinə yönəlmiş maneələrin törədilməsinin qadağan edilməsi, cavabdehlər 132-134 saylı təhsil kompleksinin direktoru vəzifəsində çalışan Cavabdeh1 və direktor müavini vəzifəsində çalışan Cavabdeh2 üzərinə iddiaçı tərəfindən məcburi buraxılmış 17 və 18 yanvar tarixlərində tədris cədvəli ilə müəyyən edilmiş dərslərin həmin kompleksinin 7a sinif şagirdi İddiaçı keçirilməsi vəzifəsinin qoyulması, cavabdehlərdən vurulmuş mənəvi zərərə görə hər birindən 400 manat, dövlət rüsumu qismində ödənilmiş 30 manat, müvəqqəti təminat tədbirlərinin təmininə dair ərizəyə görə ödənilmiş 10 manat müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun övladı xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri 132-134 saylı təhsil kompleksinin rus bölməsinin 7A sinif şagirdidir. xx.xx.2022-ci il tarixində məktəbin direktoru Cavabdeh1 övladına bildirmişdir ki, həftənin 1-ci günündən o, dərsə buraxılmayacaq, bundan sonra sinif rəhbəri Lalə adlı müəllimə eyni sözləri telefon ilə zəng edərək həyat yoldaşına bildirmişdir. Eşitdiklərinə inanmadığından, o, Təhsil Nazirliyin məktəblərin siyahısında olan 132-134 saylı məktəbə məxsus daxili telefonuna zəng edərək birbaşa tədris üzrə direktor müavini İlahə adlı müəllimə ilə əlaqə saxlamış və sonuncu qeyd edilənləri təsdiqləmişdir, buna dair sübut olan telefon danışığının səs yazısı məhkəməyə təqdim olunmuşdur. Beləliklə, övladı İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən dərsə buraxılmamişdır. Səbail Rayon Məhkəməsinə verilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə təmin edilmiş və cavabdeh 132-134 saylı təhsil kompleksinin direktoru vəzifəsində çalışan Cavabdeh1 üzərinə 132-134 saylı təhsil kompleksinin 7a sinif şagirdi İddiaçı təhsil hüququnun bərpa edilməsi, dərslərdə iştirakının təmin edilməsi vəzifəsi qoyulmuşdur, həmin qərar xx.xx.2022-ci il tarixində icra olmuş və övladı xx.xx.2022-ci il tarixindən dərslərə buraxılmışdır. Beləliklə, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində konstitusion hüquq olan təhsil hüququ pozulmuş və bunun nəticəsində övladı 17 və 18 yanyar tarixlərində təhsil almaq hüququndan qanunsuz olaraq məhrum edilmişdir. Övladına sinif rəhbəri tərəfindən dərsə buraxılmayacağını söyləməsi uşaqda kəskin travma yaratmış və nəticədə o, məktəbə getməkdən imtina etmişdir, uzun çəkən danışıqlardan və müzakirələrdən sonra nəhayət ki, o, məktəbə getməyə razılıq vermişdir. Bütün qeyd edilənlər məktəb rəhbərinin və onunla əlbir olaraq iş birliyi qurmuş təhsil üzrə direktor müavininin qanunsuz əməlləri nəticəsində baş vermişdir.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, e-2(009)-626/2022 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 5.4, 31, 32.2, 32.5, 34.2-ci maddələrinə, Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin 5.2, 5.4-cü bəndlərinə, «Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında» Əsasnamənin 1.2, 2.1, 2.2, 2.7, 2.8, 3.1.2.10, 3.1.3, 4.1.6, 4.1.7-ci bəndlərinə, Mülki Məcəllənin 1096, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddia tələbində qeyd edilən əsası və işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə həqiqətən cavadehlər tərəfindən təhsil hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmamasını araşdırmamışdır. Pedaqoji Şuranın qərarı ilə yox, işin faktiki halları əsasında araşdırma aparmamışdır. Məhkəmə Pedaqoji Şura tərəfindən iddiaçının hüququnun məhdudlaşdırılmasına dair qərar vermədiyini əsas gətirərək hüquq pozuntusunun olmaması qənaitinə gəlmişdir. Lakin işin halları və təqdim edilmiş sübutlar bunun əksini sübuta yetirir. Beləliklə məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı \

11. Apellyasiya baxışı zamanı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçı nəyi mübahisələndirir aydın deyildir. Belə ki, iddiaçının təhsil hüququnu heç kim məhdudlaşdırmayıb, bu gün də təhsilini davam etdirir. İddiaçı iddia tələbinin əsası kimi məktəbin direktor müavini Cavabdeh2 səs yazısına istinad edir. Lakin Cavabdeh2 direktor müavinidir, onun hər hansı şagirdi təhsildən kənarlaşdırmaq hüququ yoxdur. Ona direktor tərəfindən də belə bir göstəriş verilməyibdir. Bu mümkün də deyil, çünki məktəbin pedaqoji şurasının səlahiyyətinə aid olan məsələdir. Pedaqoji şuranın isə belə bir qərarı yoxdur. İddiaçının qanuni nümayəndəsi sübut təqdim edə bilməz ki, onun övladı 17 və 18 yanvar 2022-ci il tarixlərdə məktəbə gəlib, onu dərsə buraxmayıblar. Bir daha təkrar edir ki, bu mümkün deyildir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

13. Maddə 42. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunu

14. Maddə 5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

15. Maddə 31. Təhsilalanlar - şagirdlər; təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər və valideynlər təhsil prosesinin iştirakçıları sayılırlar.

16. Maddə 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları bərabər hüquqlara malikdirlər.

17. Maddə 32.5. Üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək; pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək; dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək təhsilalanların vəzifələridir.

18. Maddə 34.2. Övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq; övladlarını humanistlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək; təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq valideynlərin təhsil sahəsində vəzifələridir.

Azərbaycan Respublikası Nazirlət Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”

19. Bənd 5.2. Dövlət ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunur.

20. Bənd 5.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor ümumtəhsil məktəbinə rəhbərliyi həyata keçirir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş «Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında» Əsasnamə

21. Bənd 1..2, 2.1, 2.2, 2.7, 2.8. Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunan Pedaqoji Şuranın tərkibinə “Təhsil haqqında” Qanunun 31.0.2-ci bəndində müəyyən olunmuş aidiyyəti pedaqoji işçilər, müəssisənin həkimi və ictimai əsaslarla fəaliyyət göstərən VMA-nın (valideyn komitəsinin) sədri daxil edilirlər. Müəssisənin direktoru Pedaqoji Şuranın sədri olur, onun qərarlarının icrasına nəzarəti həyata keçirir və Pedaqoji Şuranın qərarları məktəb direktorunun müvafiq əmrləri ilə rəsmiləşdirilir.

22. Bənd 3.1.2.10, 3.1.3, 4.1.6, 4.1.7. “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında” Əsasnaməyə əsasən Pedaqoji Şuranın səlahiyyətlərinə:-Şagirdlərin sinifdənsinfə keçirilməsi, imtahanlara buraxılması, təkrar sinifdə, habelə payız imtahanlarına saxlanması; Ciddi tərbiyə şəraitinə ehtiyacı olan oğlan şagirdlərin müvafiq təhsil müəssisəsinə göndərilməsi ilə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq (bənd) barədə müzakirələr keçirib müvafiq qərarlar qəbul etmək daxildir. Pedaqoji Şura iclaslarında bunlarla yanaşı, zəruri hesab edilən digər məsələlər də müzakirə oluna və qanunvericiliklə müəyyən olunmuş digər qərarlar qəbul edilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir.

32. Kollegiya qeyd edir ki, iddiaçının qeyd edilən dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi mülki işi hərtərəfli, tam, obyektiv şəkildə araşdıraraq, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermişdir. İddiaçının qanuni nümayəndəsi 17 və 18 yanvar 2022-ci il tarixlərdə övladının məktəbə gəldiyini, lakin onun tədris prosesinə buraxılmadığını təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir.

33. Hazırkı mülki mübahisə üzrə iddiaçının barəsində nə Pedaqoji Şuranın onun təhsil hüququnun hər hansı formada və şəkildə məhdudlaşdırmaya yönələn qərarı, nə də məktəb direktorunun həmin qərarı rəsmiləşdirən əmrinin olduğu müəyyən olunmamışdır.

34. Bundan əlavə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı oxuduğu müddətdə onun Kompleksdə təhsil almasına və dərslərdə iştirak etməsinə məktəb direktoru və ya digər şəxslər (direktor müavini, sinif rəhbəri, müəllimlər və ya qeyriləri) tərəfindən hər hansı maneçilik törədilməmiş və məhdudiyyət yaradılmamış, ona qarşı heç bir ayrı-seçkilik edilməmiş və bütün sinif yoldaşları ilə bərabər münasibət göstərilmişdir. İddiaçının qanuni nümayəndəsi cavabdehlərin hərəkətlərində onun övladına birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmasına, hər hansı zərər vurulmasına dair sübut məhkəməyə təqdim etməmişdir.

35. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-626/2022 saylı iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar