Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5353/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3978/2021 saylı, 04 iyun 2021-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3978/2021 saylı, 04 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, apellyasiya şikayəti mümkün hesab olunmuş, icraata qəbul edilərək baxışa təyin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Bu Məcəlləyə görə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Həmin Məcəllənin 73.1-ci maddəsində qeyd edilmişdir ki, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəyə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi apellyasiya şikayəti Vəkil məxsus elektron kabinet vasitəsilə daxil olmuş, fiziki şəxs olaraq cavabdehin adından nümayəndə qismində Vəkil imzalamış, iş materiallarına sadəcə etibarnamə və mülki işin yalnız birinci instansiya məhkəməsindəkı icraatı üçün cavabdehə hüquqi yardımın göstərilməsi ilə bağlı order əlavə edilmişdir. Bununla da müəyyən olunur ki, Vəkil Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü-vəkildir, bu baxımdan kollegiya hesab edir ki, şikayətə həm də order əlavə edilməli idi və ya apelyasiya baxışında məhkəmə iclasında təqdim edilməli idi. Belə olan halda kollegiya hesab edir ki, prosessual qanunvericiliyə görə Vəkil şikayəti imzalamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayətin mümkün hesab edilməsi barədə qərardad ləğv edilməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3978/2021 saylı, 04 iyun 2021-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin, mülki iş baxışdan çıxarılaraq şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5353/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5353/2022
03.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver