Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5354/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1699/24 saylı iş üzrə 17 may 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh rəfiqə olmuşlar. Aralarında borc alınıb-verilməsi ilə bağlı münasibətlər olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8600 manat borcun və 106 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ilk dəfə 2014-cü ilin dekabr ayının əvvəllərində İndira adlı rəfiqəsinin ad günündə tanış olmuşdur. Cavabdeh ondan tanış kimi hərdən borca ***-**** manat arası vəsait istəmiş, lakin borclu qaldığı olmamış, qısa müddətdə qaytarmışdır. Cavabdeh 2018-ci ilin dekabr ayında ona müraciət edərək bildirmişdir ki, “28 May” metrostansiyası ətrafındakı keçiddə mağaza götürmüş, mağazanın 3 illik icarəsi 50.000 manat müəyyən edilmiş və pul əvvəldən istənilmiş, buna görə ona 25.000 manat borc pul lazım olmuşdur. Cavabdeh 3 il ərzində hər ay borcu qaytaracağını bildirmişdir. Əlavə olaraq mağazanın içində əlavə yer qalır ki, cavabdeh oranı da istəsə iddiaçının işlədə biləcəyini, istəməsə də oranı özü icarəyə verib icarə pulunu ona verəcəyini təklif etmişdir. Sərfəli təklif olduğundan, iddiaçı mağazaya baxacağını bildirmiş, özünün yaşadığı ünvan 1 ünvanındakı evində pulu vermişdir. Mağazaya baxmaq təklifinə isə bidirmişdir ki, iddiaçının pulun müəyyən hissəsini verdiyini bilsələr, icarəçi bu təklifi etməyəcəkdir. Amma o, təkidlə icarəyə götürdüyü mağazanın yerini soruşmuş, nəhayət, bir müddət sonra mağazaya getmişdir, həmin vaxtadək artıq pulu cavabdehə vermişdir. Mağaza işlədən kimi Sonanı (cavabdehi) soruşmuş, ona uzun illər mağazanı işlədənin bir kişi olduğunu bildirmişlər. İddiaçı borc pulun icarə bəhanəsi ilə alındığını bilmişdir. Cavabdeh özü gah xəstə olduğunu, gah da daha sonra görüşəcəyini bildirmişdir. Beləliklə, borcun verilməsindən bir neçə ay keçmişdir. Bu müddətdə cavabdeh hissə-hissə borcundan qaytarmağa başlamışdır. Nəhayət, cavabdehlə görüşmüş, ödənilən pulları hesablaşmışlar, cavabdehin ödəniləsi 16.600 pul borcu qalmışdır. İddiaçı həmin pulun bir dəfəyə qaytarılmasını istəmişdir. Cavabdeh isə müxtəlif bəhanələr gətirmiş, icarə obyektini sahibinin əlindən alındığını, ziyanda olduğunu, utandığı üçün daha əvvəl demək istəmədiyini bildirmişdir. Cavabdeh daha sonra iddiaçıya Masazır qəsəbəsində evi olduğunu, satıb pulunu götürməyini söyləmiş, iddiaçı da yenə ona inanaraq bu illər ərzində məcbur olub satışla məşğul olmuşdur. Nəhayət, vasitəçilər real alıcı ilə görüşmək istəyəndə cavabdeh evi satmadığını, anasının icazə vermədiyini bildirmişdir. Cavabdehin qardaşı Orxan isə ümumiyyətlə evi satmaq niyyətlərinin olmadığını, Sonaya evi satmağa heç kimin icazə vermədiyini bildirmişdir. İddiaçı illərdir cavabdehin sadəcə vaxt qazanmaq üçün onu növbəti dəfə aldatdığını başa düşmüşdür. Həmin söhbələrdən sonra qalan 16.600 manat puldan illər ərzində hissə-hissə qaytarılmışdır. Cavabdeh 2022-ci ildə kart vasitəsilə 500 manat, 2023-cü ilin sentyabr ayının əvvəli 100 manat, sonu isə 100 manat qaytarmışdır, hazırda cəmi 8600 manat borcu qalmışdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-1699/24 saylı iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia rədd olunmuşdur.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehin ona 8600 manat borcu olduğunu bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının ifadəsi, şahid ifadələri və hər iki tərəfin qəbul etdiyi sübutlar mötəbər sübut kimi qəbul edilməmiş, lakin cavabdehin nümayəndə və vəkili tərəflərin rəfiqə olmaqla qarşılıqlı olaraq bir-birilərindən borc alıb-vermələrini və telefon (votsap) yazışmalarında da həmin borclardan bəhs edildiyini inkar etməməsi ifadəsini sübut kimi qəbul etmişdir. İşin məhkəmədə müəyyən edilən hallarından görünür ki, cavabdeh məhkəmədə təmsil olunduğu vəkil vasitəsi ilə ilkin məhkəmə iclasında ümumiyyətlə hər hansı vəsaitin mövcudluğunu inkar edir. Sonradan yazışmalar təqdim edildikdən sonra cavabdehin müdafiə mövqeyi dəyişir və bildirir ki, tərəflər arasında rəfiqə olaraq borc alınıb-verilməsi olmuşdur, bu həmin borcun qaytarılmasıdır və hətta bunu iddia ərzəsində də qeyd edildiyini xüsusi vurğulayır. Daha sonra tərəflər arasında olan danışıqların açıqlamaları təqdim edidikdən sonra 14-xx.xx.2024 tarixli iclaslarda cavabdeh yeni müdafiə mövqeyi seçir və cavabdehin nümayəndəsi bu dəfə etiraf edir ki, 25000 manat olub iddiaçı obyekt üçün götürüb, investisiya qoyub, lakin ziyana uğrayıb və pulu cavabdehdən tələb edib. Hətta cavabdehin nümayəndəsi ilk olaraq çaşaraq həqiqəti bidirir ki, Ülkər xanım Sonaya pul verib, sonra düzəliş edir ki, Ülkər xanım investisiya yatırıb işlədə bilməyib. Göründüyü kimi, iddia tələbində tələb olunan pul vəsaitinin qaytarılması ilə əlaqədar cavabdehin nümayəndəsi 3 ziddiyyətli mövqe bildirir, lakin məhkəmə bu ziddiyyətləri araşdırmaq əvəzinə yalnız bir fikri əsas götürərək nəticəyə gəlir.
9. Cavabdehin borcun olmamasına dair yazılı və səsli mesajlarının tarixinin tərəflər arasında borcun qaytarılması ilə əlaqədar artıq açıq-aşkar 2023-cü ilin sentyabr ayında olan mübahisə dövrünü əhatə etməsinə məhkəmə hüquqi qiymət verməmişdir. 2023-cü ilin sentyabr ayından əvvəlki tarixdə bir dəfə də olsun cavabdeh sübut təqdim etməmişdir və bir söz belə iddiaçıya yazmamışdır ki, mənim heç bir borcum yoxdur. Əksinə, iddiaçının yazdığı qalıq borc rəqəmlərini inkar etməyərək qəbul etmişdir. Məhkəməyə təqdim edilən elektron daşıyıcıda hər iki tərəfin qəbul etdiyi Whatsapp yazışmalarının heç birində iddiaçının yazdığı borc rəqəminə qarşılıqlı olaraq cavabdeh bir cümlə belə yazmır ki, bu hansı borcun qalığıdır, niyə bu borcu verməliyəm, niyə bu rəqəmi yazırsan mənə.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. Cavabdehin nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
18. Baxılan iş üzrə iddiaçı şifahi razılaşma əsasında cavabdehə 25.000 manat borc pul verdiyini, həmin puldan hissə-hissə qaytarıdığını, 8600 manat borcun qaldığını bildirir.
19. Cavabdeh iddiaçıdan 25000 manat pulu borc olaraq deyil, investisiya olaraq qəbul etdiyini və onu qaytardığını bildirmişdir.
20. 25 000 manat pulun hər hansı işə investisiya kimi qoyulmasını təsdiq edən sübutlar mövcud olmadığından məhkəmə kollegiyası həmin pulun borc verildiyi və tərəflər arasında borc münasibətlərinin olduğu qənaətinə gəlir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.
23. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 25000 manat borc pul verilmişdir. Cavabdehin nümayəndəsi 25 000 manat pulun iddiaçıya tam olaraq qaytarıldığını bildirir, lakin o, bununla bağlı hər hansı sübut təqdim edə bilmir. Cavabdeh iddiaçıya 25 000 manatın qaytarıldığını bildirməklə həmin məbləği qəbul etdiyini etiraf etmiş olur və bununla da iddiaçını həmin məbləğdə pulu cavabdehə borc verməsini sübut etmək yükündən azad edir. İddiaçı isə cavabdehin həmin puldan hissə-hissə 16400 manat qaytarıldığını söyləməklə cavabdehi həmin məbləğdə pulu qaytarmasını sübut etmə yükündən azad edir.
24. Hazırkı mübahisənin predmeti 25000 manat borc pulun qalan hissəsinin, yəni 8600 manat pulun qaytarılıb-qaytarılmamasıdır.
25. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh nə qədər ki, 25000 manat borcu aldığını və tamamilə qaytardığını bildirir, 8600 manat pulun qaytarılmasını sübut etmək vəzifəsi də onun üzərinə düşür.
26. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehi həm birinci, həm də hazırkı apellyasiya baxışında təmsil edən nümayəndəsi Vəkil2 30 aprel 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin iddiaçıya heç bir borcu qalmadığını, 25000 manatın tamamilə qaytarıldığını bildirmişdir (iş v.52).
27. Cavbadehin nümayəndəsi apellyasiya baxışında 25000 manat pulun hazırkı mübahisə ilə bağlılığının olmadığını, tərəflər arasında başqa münasibətdən (yəni cavabdehin təklif etdiyi obyektə iddiaçının yatırdığı investisiya məbləği olduğunu) yarandığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir.
28. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh 8600 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Bu hal yuxarıda göstərilənlərlə yanaşı tərəflər arasında aparılmış vatsap yazışmaları ilə də təsdiq olunur.
29. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirə bilməmişdir.
32. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
34. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
35. Ona görə də, kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 8600 manat pul və 106 manat dövlət rüsumu tutulmalıdır.
36. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizəyə də münasibət bildirərək qeyd edir ki, hazırkı iş üzrə iddia müddəti buraxılmamışdır. Belə ki, iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı verdiyi izahatdan göründüyü kimi, 25 000 manat borc pul cavabdehə 2018-ci ilin dekabr ayında bir il müddətinə qaytarmaq şərtilə verilib. İddia müddətinin axımı növbəti ilin, yəni 2019-cu ilin dekabr ayından başlamaqla 2022-ci ilin dekabr ayınadək davam edib. Cavabdeh məhz bu müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla iddiaçıya 16400 manat pul qaytarmışdır. Cavabdeh bu məbləği 2019-2022-ci illər ərzində deyil, 2018-ci ilin dekabr ayından sonra gələn bir il ərzində qaytarmasına dair hər hansı sübut təqdim etməmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, 2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində borcun bir hissəsinin hissə-hissə olmaqla müxtəlif vaxtlarda qaytarılması iddia müddətinin axımını kəsmiş və müddətin axımı yenidən başlamışdır. İddiaçı isə borcun qalan hissəsinin, yəni 8600 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni müddət ötürülmədən müraciət etmişdir.
38. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
39. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur.
40. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi.
41. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (maddə 390).
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 8600 (səkiz min altı yüz) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106 manat olmaqla, cəmi 8706 (səkkiz min yeddi yüz altı) manat məbləğində pul tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.