Məhkəmə qərarları › İş №2(103)-5359/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5359/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5359/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi, yeni icarə müqaviləsinin imzalanması, müdaxilənin qadağan edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçınə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən və üzərində olan sahədən çıxarılma, maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 fevral 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) birinci iş barədə məlumat

1. İddiaçı MMC-nin adından buna səlahiyyətli olan nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə bağlanmış "xxxx" predmeti olan, yəni MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinin (mağazanın) yerləşdiyi və ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin satılmasına dair satıcı olaraq Maraqlı şəxs ilə alıcılar olaraq iş üzrə cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsinə” dəşiklik edilməsi və həmin müqavilədə yuxarıda qeyd edilən xx.xx.2019-cu il tarixli "xxxx" əsasən köhnə şərtlərlə yeni icarə müqaviləsinin imzalanması” öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, həmin ünvanda MMC-yə məxsus marketin fəaliyyətinə hər hansı müdaxilənin və ya hərəkət/hərəkətsizliyin edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, cavabdehlər tərəfindən MMC-yə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 4.453,32 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,54 manat məbləğində pulun cavabdehlərdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozun ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi, yəni üzərində qeyri-yaşayış sahəsi olan hissəsi 10 il müddətinə MMC-nin istifadəsinə verilmişdir. MMC həmin qeyri-yaşayış sahəsində mağaza təşkil etmiş və hazırda da mağazadan istifadə edir. xx.xx.2020-cu il tarixdə MMC ilə Maraqlı şəxs arasında “İcarə müqaviləsinə əlavə dəyişiklər edilməsi barədə saziş” bağlanmışdır. Sazişin 13-cü maddəsinin “c” bəndində qeyd edilmişdir ki, icarəyə verən olan Maraqlı şəxs bu Müqavilənin qüvvədə olduğu müddət ərzində torpaq sahəsini hər hansı bir formada digər şəxslərə özgəninkləşdirdikdə (bağışlama, alğı-satqı və s.) buna əsas olan müqavilələrdə bu icarə müqaviləsinin şərtlərinə yeni mülkiyyətçi tərəfindən əməl edilməsi barədə xüsusi qeyd-şərtlərin olunması təmin ediləcəkdir. Sonradan MMC-yə məlum olmuşdur ki, torpaq sahəsini cavabdehlərə satılmışdır. “Alğı-satqı müqaviləsi” əldə olunduqdan sonra isə məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli sazişin 13-cü maddəsinin “c” bəndində qeyd edilmiş şərtə riayət edilməmiş, həmin şərt “Alğı-satqı müqaviləsində” öz əksini tapmamışdır. Bundan başqa, MMC-yə xəbərdarlıq edilmədən cavabdehlər tərəfindən təmir-tikinti işlərinə başlamışlar. Təmir-tikinti işləri aparılan zaman mağazanın fəaliyyəti qismən dayandırılmışdır. Belə ki, tikinti işlərindən irəli gələn maneələr ucbatından müştərilərin mağazaya daxil olmasına çox təsir etmiş, həmçinin təmir-tikinti işləri aparılması səbəbdən yük avtomobilərinin ambardan mal verilməsi qeyri-mümkün olmuşdur. Aparılan təmir-tikinti işləri zamanı, yəni xx.xx.2023-cü il tarixdə cavabdehlər MMCyə məxsus reklam “logosunu” söktürmüşlər. Reklam “loqosunun” olmaması və mağazaya yeni "xxxx" vurulduğundan MMC-yə aid mağaza fəaliyyət göstərib-göstərilməsi müştərilərə bəlli olmadığı üçün, mağazaya daxil olub alış-veriş aparan müştərilərin sayında xeyli azalma olmuşdur. Bundan başqa cavabdehlər mağazanın su təchizatını dayandırmışlar. Bütün bunlar MMC-yə 4.453,32 manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmuşdur ki, cavabdehlər həmin məbləği və hazırkı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini MMC-yə ödəməlidirlər.

4. MMC-nin iddia ərizəsi Xəzər Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş və onun əsasında 2(003)-1825/2023 saylı mülki işin icraatı başlanılmışdır. b) ikinci iş barədə məlumat

5. Torpaq sahəsinin yeni mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə MMC arasında bağlanmış "xxxx" ləğv edilməsi, yuxarıda qeyd edilən ünvanında yerləşən və onların birgə mülkiyyətində olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti göstərən MMC və bununla əlaqəli digər şəxslərin həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları, sahənin onlara təhvil verilməsi, vurulmuş maddi ziyanın əvəzi olaraq 34.320 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193 manat məbləğində pulun MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. Bu iddia ərizəsində də, Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.

7. Cavabdeh1 və Cavabdeh2 birgə iddiası onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanında yerləşən ümumi sahəsi 400 kv.m olan torpaq sahəsinin 220 kv.m-i xx.xx.2019su il tarixində əvvəlki sahibi Maraqlı şəxs ilə MMC arasında bağlanmış "xxxx" əsasən MMC-nin icarəsinə verilmişdir. Maraqlı şəxs 2021-ci ilin dekabr ayının sonlarında X3 ilə “Alğı-satqı müqaviləsi” bağlayaraq torpaq sahəsini Elyar Əlisoya satmışdır. Elyar Əlisoy isə Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə “Alğı-satqı müqaviləsi” bağlayaraq sahəsi 400 kv.metr olan torpaq sahəsinin 200 kv.metr hissəsini Cavabdeh1, qalan 200 kv.metr hissəsini isə Cavabdeh2 satmışdır. Bununla bağlı olaraq onlara “Daşınmaz əmlakın dövlət reyestrindən” müvafiq "xxxx" verilmişdir. MMC, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsini” əsas götürərək həmin ərazidə kommersiya fəaliyyəti ilə məşğul olmuş, hazırda da məşğul olmaqdadır. Lakin nəzərə alınmalıdır ki, həmin “İcra müqaviləsinin” predmeti qeyri-yaşayış sahəsi (mağaza) deyil, torpaq sahəsidir. Həmin qeyri-yaşayış sahəsi faktiki olaraq dövlət qeydiyyata alınmamışdır. Hazırda qeyri-yaşayış sahəsinin qeydiyyatı ilə bağlı müvafiq tədbirlər görülür. Bundan başqa nəzərə alınmalıdır ki, həmin “İcarə müqaviləsi” də dövlət reyestrində qeydiyyat aparılmalıdır. İddiaçılar torpaq sahəsini alarkən torpaq sahəsi üzərində heç bir hüququn qeydə alınmadığını nəzərə alıb, həmin torpaq sahəsini almışlar. Torpaq sahəsini aldıqdan bir müddət sonra iddiaçılar yeni şərtlərlə və yeni qiymətlər ilə rəsmi qaydada yeni müqavilənin bağlanmasını MMC-yə təklif etmiş, lakin MMC bundan imtina etmişdir. Bundan sonra onlar əmlakın boşaldılması ilə bağlı MMC-yə yazılı və şifahi qaydada dəfələrlə xəbərdarlıqlar göndərmiş, lakin MMC məsələni əsassız yerə uzadaraq bundan imtina etmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün iddiaçılar tərəfindən MMC-yə dəfələrlə müraciət olunsa da, bu, müsbət nəticə verməmişdir. Göründüyü kimi MMC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar öz əmlakından müstəqil şəkildə istifadə edə bilmirlər və maddi baxımdan zərərə məruz qalmışlar. “X5 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, 83 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı həmin ərazidə yerləşən torpaq sahələrinin 1 kv.metrinə görə hazırki aylıq icarə haqqının dəyəri (bir sotun orta bazar qiyməti 10.000 manat olmaqla 1 kv.m dəyəri (10.000/100) 100 manat ) – 0,7 manat (100*0,7%); 220 kv.metrə görə hazırki aylıq icarə haqqının real bazar qiyməti – 154 manatdır (0,7*220). Mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.metrinə görə hazırki aylıq icarə haqqının dəyəri – 12 manat, 220 kv.metrə görə hazırki aylıq icarə haqqının real bazar qiyməti – 2.640 manat təşkil edir. Bu hesabla iddiaçılara əmlakın alındığı xx.xx.2022-ci il tarixindən iddia qaldırıldığı günədək olan dövrdə 34.320 manat məbləğində maddi ziyan vurulmuşdur.

8. Qeyd edilən bu iddia ərizəsi Bakı Kommersiya Məhkəməsi tərəfindən icraata götürülmüş və onun əsasında 2-2(113)-3462/2023 saylı mülki işin icraatı başlanılmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən həmin iş, aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir (iş № 2(003)-3813/2023). c) işlərin bir icraatda birləşdirilməsi barədə məlumat

10. Xəzər Rayon Məhkəməsi eyni tərəflər arasında, eyni predmetlə bağlı iki mülki işin olmasını nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla hər iki işi bir icraatda birləşdirmiş və onlara bir icraatda baxmışdır (2023-cü ildə işin nömrəsi 2(003)- 1825/2023, 2024-cü ildə isə işin nömrəsi isə 2(003)-105/2024 olmuşdur). d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

11. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü tarixli qətnamə ilə MMC-nin iddiasının qismən təmin edilməsini, qeyd edilən ünvanında MMC-nin fəaliyyətinə göstərilən müdaxilələrin Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsini, MMC-nin iddiasının qalan hissəsinin təmin edilməməsini, Cavabdeh1 və Cavabdeh2 birgə iddiasının qismən təmin edilməsini, MMC-dən 24.675 manat məbləğində pulun tutularaq onlara ödənilməsini, həmin iddianın qalan hissəsinin təmin edilməməsini, iddiaların verilməsi üçün ödənilmiş dövlət rüsumlarının rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməsini qət etmişdir.

12. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 birgə iddialarının əsası ondan ibarətdir ki, iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs ilə MMC arasında bağlanmış “İcarə müqaviləsi” torpaq icarə müqaviləsidir və bu barədə müvafiq dövlət reyestrində qeydiyyat aparılmalıdır. Onlar torpaq sahəsini alarkən torpaq üzərində heç bir hüququnun olmadığı nəzərə alıb, həmin torpaq sahəsini almışlar. MMC onlara məxsus torpaq sahəsində qanunsuz olaraq fəaliyyət göstərməklə torpaq sahəsindən çıxmadığından onlara torpaq sahəsini əldə etdikləri vaxtdan yararlana bilmədiklərindən maddi ziyan vurulmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, icarəyə verilən əşyaya (torpaq sahəsinə) icarəyə verildikdən sonra mülkiyyət hüququ icarəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə üçüncü şəxs (əldə edən) mülkiyyəti əldə etdiyi andan icarəyə verəni əvəz edərək icarə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi icarə müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən tikili (mağaza) özbaşına tikili sayılır ki, həmin tikintinin icarəyə verilməsi ilə bağlı əqdin bağlanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin Maraqlı şəxs ilə MMC arasında bağlanmış “İcarə müqaviləsindən” görünür ki, həmin müqaviləsinin predmeti 0,04 ha (400 kv.metr) torpaq sahəsinin bir hissəsi, yəni 220 kv.metr hissəsi olmuşdur. Qeyd olunanlara əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsinə” dəyişiklik edilməsi və müqavilədə həmin torpaq sahəsi üzərində olan qeyr-yaşayış sahəsinin MMC-nin xeyrinə icarədə olması məlumatların qeyd edilməsi, MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" əsasən köhnə şərtlərlə yeni icarə müqaviləsinin imzalanması öhdəliyinin Cavabdeh1 və Məhəmməd Mirzazadənin üzərinə qoyulması barədə MMC-nin tələbi əsassızdır. Bundan başqa Rayon Məhkəməsi hesab etmişdir ki, MMC tərəfindən "xxxx" şərtlərinin pozulması ilə bağlı əsaslar göstərilməməklə və bu barədə sübutlar təqdim edilməməklə Maraqlı şəxs ilə MMC arasında bağlanmış "xxxx" torpaq icarə müqaviləsi olması və bu müqavilənin müvafiq qaydada dövlət reyestrində qeydiyyata alınmaması əsası ilə ləğv edilməsi barədə Cavabdeh1 və Məhəmməd Mirzazadə tərəfindən MMC-ya qarşı irəli sürülmüş tələb də əsassızdır. Çünki həmin hal "xxxx" ləğvi üçün əsas ola bilməz. Həmçinin Rayon Məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan qeyri-yaşayış sahəsində (mağazada) MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hazırda hüquqi əsaslar mövcud olduğundan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan qeyri-yaşayış sahəsindən çıxarılma barədə Cavabdeh1 və Məhəmməd Mirzazadənin tələbi əsassızdır. Bu səbəbdən orada MMC-nin fəaliyyətinə göstərilən müdaxilələr Cavabdeh1 və Məhəmməd Mirzazadəyə qadağan edilməlidir. Bundan başqa Rayon Məhkəməsi, MMC-nin iddia tələbinin Cavabdeh1 və Məhəmməd Mirzazadədən vurulmuş maddi zərərin əvəzi olaraq 4.453,32 manat məbləğində pulun tutulması barədə MMC-nin tələbi təmin edilməməlidir. Çünki MMC-nin fəaliyyət göstərdiyi mağazanın ətrafında təmir-bərpa işlərinin görülməsi və həmin təmirbərpa işlərinin görülməsi nəticəsində mağazada malların satışının azalması ilə əsaslandırılsa da bu halın məhz Cavabdeh1 və Məhəmməd Mirzazadənin hərəkət və ya hərəkətsizliyi səbəbindən mağazada malların satışının azalması barədə mötəbər sübutlar MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Rayon Məhkəməsi, həmçinin Cavabdeh1 və Məhəmməd Mirzazadənin iddia tələbinin MMC tərəfindən vurulmuş 34.320 manat maddi ziyanın tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Çünki işin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh1 və Məhəmməd Mirzazadənin mübahisə pedmetinə daxil olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrindən qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən iş üzrə qətnamə çıxarılanadək (21 ay müddətində) icarə haqqı MMC tərəfindən onlara deyil, iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs ödənilmişdir. Ona görə də onların iddiası həmin hissədə qismən təmin edilməli və MMC-dən (21 ay x 1.175 manat=) 2.4675 manat məbləğində icarə haqqı tutularaq Cavabdeh1 və Məhəmməd Mirzazadəyə ödənilməlidir. e) apellyasiya şikayətləri barədə məlumat

13. MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və MMC-nin iddiasının tam təmin edilməsini xahiş etmişdir.

14. Əsasları MMC-nin iddiasının əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, Cavabdeh1 və Məhəmməd Mirzazadənin qanunsuz hərəkətlərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

15. Cavabdeh1 və Cavabdeh2 də həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin qismən ləğv edilməsini və MMC-yə qarşı iddianın tam təmin edilməsini xahiş etmişlər.

16. Əsasları Cavabdeh1 və Cavabdeh2 iddiasının əsasları ilə eynilik təşkil edən hər iki apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. f) tərəflərin apellyasiya baxışı iclasında iştirakı və apellyasiya baxışında iştirak etmiş şəxslərin izahatları barədə məlumat

17. MMC-nin nümayəndəsi X4 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz etmiş, MMC tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, bu şikayətin və MMC-nin iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

18. O, apellyasiya baxışının sonuncu iclasına gəlməmiş, ərizə ilə Məhkəməyə müraciət edərək, iclasın başqa vaxta təxirə salınmasını xahiş etmiş və bunu “iş qrafiki” ilə izah etmişdir.

19. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

20. Məhkəmə MMC-nin ərizəsində qeyd edilən səbəbi üzürlü hal kimi qiymətləndimək üçün əsas tapmamış və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

21. Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, MMC-nin verdiyi apellyasiya şikayətinə etiraz etmiş, özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, bu şikayətin və təmsil etdiyi şəxs ilə Cavabdeh1 birgə verdikləri iddianın məzmununa uyğun izahat vermişdir.

22. O, iclas təyin edilmiş xx.xx.2024-cü il tarixdə Məhkəməyə ərizə ilə müraciət edərək, iclasın başqa tarixə təxirə salınmasını xahiş etmiş və bunu icraatına olan cinayət işi üzrə aparılan istintaq hərəkətlərində iştirak etməli olması ilə izah etmişdir.

23. Məhkəmə ərizəni əsassız hesab edərək təmin etməmiş, apellyasiya baxışı iclasını təxirə salmamışdır. Çünki onun ərizəsinə əlavə edilmiş, prokurorluq tərəfindən ona göndərilmiş sms bildirişdən görünür ki, həmin bildiriş ona 2 gün əvvəl göndərilmişdir, amma hazırkı iş üzrə apellyasiya baxışının iclasının xx.xx.2024-cü il tarixə təyin edilməsi barədə o, 14 gün əvvəl xəbərdar edilmişdir. Belə olan halda o, ilk növbədə prokurorluq orqanına müraciət edərək, cinayət işi üzrə prosessual hərəkətlərin təxirə salınmasını xahiş etməli, onun müraciətinə əsaslandırılmış “rədd cavabı” verildiyi halda həmin cavabı Məhkəməyə təqdim etməli idi ki, Məhkəmə yaranmış vəziyyəti üzürlü hesab edilibedilməməsini müzakirə edə bilsin. Lakin o, bunu etməmişdir.

24. Odur ki, Məhkəmə, Cavabdeh2 vəkilinin (nümayəndəsinin) gəlməməsini məhz üzürlü səbəbdən baş verməsi kimi qiymətləndirməmiş və yuxarıda qeyd edilən prosessual normanın tələbindən çıxış edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. Cavabdeh1 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, MMC-nin verdiyi apellyasiya şikayətinə etiraz etmiş, özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, bu şikayətin və onunla Cavabdeh2 birgə verdikləri iddianın məzmununa uyğun izahat vermişdir.

26. O, apellyasiya baxışının növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da iclasa gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.

27. Məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş 376.2-ci maddəsinin tələblərindən çıxış edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

28. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışının iclaslarında ümumiyyətlə iştirak etməmişdir.

29. O, iclas təyin edilmiş xx.xx.2024-cü il tarixdə Məhkəməyə ərizə ilə müraciət edərək, iclasın başqa tarixə təxirə salınmasını xahiş etmiş və bunu icraatına olan cinayət işi üzrə aparılan istintaq hərəkətlərində iştirak etməli olması ilə izah etmişdir.

30. Məhkəmə ərizəni əsassız hesab edərək təmin etməmiş, apellyasiya baxışı iclasını təxirə salmamışdır. Çünki onun ərizəsinə əlavə edilmiş “Vəkil orderindən” görünür ki, o, yuxarıda adı qeyd edilən Vəkil2 ilə birlikdə eyni cinayət işi üzrə eyni şəxsi müdafiə edir. Ərizəyə hər hansı başqa sənəd əlavə edilməmişdir.

31. Məhkəmə, yuxarıda qeyd edilən əsaslara görə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

32. İş üzrə üçüncü şəxs olan Maraqlı şəxs apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, MMC-nin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, həmin apellyasiya şikayətinin əsassız hesab edilməsini xahiş etdi. O, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərinin həllini Məhkəmənin mülahizəsinə buraxdı. O, əlavə olaraq bildirdi ki, o mübahisəli torpaq sahəsini alan vaxt həmin torpaq sahəsi üzərində artıq qeyri-yaşayış sahəsi (mağaza) mövcud idi və həmin mağaza MMCnin istifadəsində idi. Mağazanı aldıqdan sonra o, MMC ilə “İcarə müqaviləsi” bağlasa da, müqavilənin şərtləri ilə tanış olmamışdır. 2021-ci ilin sonunda isə o, həmin torpaq sahəsini Elyar Əlisoy adlı şəxsə satmışdır. Onunla Cavabdeh1 və Cavabdeh2 arasında “Alğı-satqı müqaviləsi” bağlanmamışdır.

33. Maraqlı şəxs apellyasiya baxışının növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da iclasa gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.

34. Yuxarıda qeyd edilmiş prosessual normanın tələbindən çıxış edən Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

35. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli 0,04 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınmışdır.

37. İcarəyə verən olaraq Maraqlı şəxs ilə icarəçi olaraq MMC arasında xx.xx.2019cu il tarixdə bağlanmış və Bakı Şəhəri 19 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 3M-808 nömrə ilə qeydə alınmış “İcarə müqaviləsindən” görünür ki, Maraqlı şəxs mülkiyyətində olan həmin torpaq sahəsinin 220 kv.metr hissəsini xx.xx.2029-cu il tarixədək MMC-yə icarəyə verimişdir.

38. Maraqlı şəxs ilə MMC arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış “İcarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sazişdən” görünür ki, onlar razılığa gəlmişlər ki, onların arasında xx.xx.2019-cu tarixdə bağlanmış "xxxx" bir neçə hissəsi (hazırkı işin həlli üçün əhəmiyyət kəsb etmədiyi üçün burada təsvir edilmir), o cümlədən 13-cü hissəsinin “c” bəndi (hazırkı işin həlli üçün əhəmiyyət kəsb etdiyindən aşağıda təsvir edilir) aşağıdakı redaksiyada verilsin: “«İcarəyə verən» icarə sahəsini bu Müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı bir formada digər şəxslərə özgəninkiləşdirdikdə (bağışlama, alğı-satqı və s.) buna əsas olan müqavilələrdə bu icarə Müqaviləsinin şərtlərinə yeni mülkiyyətçi tərəfindən əməl edilməsi barədə xüsusi qeydşərtlərin olmasını təmin edəcəkdir”.

39. (Sonra qeyd ediləcək müqavilə iş materiallarında olmasa da) İşin hallarından müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, Maraqlı şəxs 2021-ci ilin dekabr ayının sonlarında (hazırkı iş üzrə tərəf olmayan) X3 ilə “Alğı-satqı müqaviləsi” bağlayaraq torpaq sahəsini Elyar Əlisoya satmışdır.

40. İş materiallarından görünür ki, Elyar Əlisoy özünə məxsus və sahəsi 0,04 ha (400 kv.metr) olan həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsi” bağlayaraq torpaq sahəsinin 0,02 ha (200 kv.metr) hissəsini Cavabdeh1, qalan 0,02 ha (200 kv.metr) hissəsini isə Cavabdeh2 satmışdır. Bununla bağlı olaraq alıcılara “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2022-ci il tarixdə müvafiq "xxxx" verilmişdir.

41. MMC-nin xx.xx.2023-cü il tarixli, HŞ1870 nömrəli "xxxx" görünür ki, MMC-nin xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında (66) gün ərzində qeyri-yaşayış sahəsi üzrə əldən çıxmış fayda və itki məbləğinin hesablanması – ötən aylarla müqayisədə xx.xx.2022-xx.xx.2022-ci il tarixində (66 gün) dövriyyə 112,902.25 manat olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında (66 gün) isə dövriyyə 87,742.52 manat olmuşdur. Ümumilikdə 25,160.03 manat satış itirilmişdir. 2021-ci ilin mənfəət bəyannaməsinə istinadən ümumi olaraq əldən çıxmış fayda 4.453,32 manat təşkil edir.

42. “X5 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, 83 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı həmin ərazidə yerləşən torpaq sahələrinin 1 kv.metrinə görə hazırki aylıq icarə haqqının dəyəri (bir sotun orta bazar qiyməti 10.000 manat olmaqla 1 kv.m dəyəri (10.000/100) 100 manat) – 0,7 manat (100*0,7%); 220 kv.metrə görə hazırki aylıq icarə haqqının real bazar qiyməti – 154 manatdır (0,7*220). Mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.metrinə görə hazırki aylıq icarə haqqının dəyəri – 12 manat, 220 kv.metrə görə hazırki aylıq icarə haqqının real bazar qiyməti – 2.640 manat təşkil edir.

43. İşdə olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli "xxxx" görünür ki, MMC tərəfindən icarə müqaviləsi əsasında Maraqlı şəxs hər ay 1.010,50 manat məbləğində icarə haqqı ödənilmişdir (sonuncunun bank hesabına köçürülmüşdür).

44. İş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsinin (mağazanın) yerləşdiyi torpaq sahəsinin bir hissəsi, yəni 200 kv.m olan hissəsi əvvəllər (üçüncü şəxs) Maraqlı şəxs mülkiyyətində olmuş, sonuncu tərəfindən notarial qaydada bağlanmış "xxxx" əsasən xx.xx.2029-cu il tarixədək MMC-nin icarəsinə verilmişdir. Maraqlı şəxs 2021-ci ilin dekabr ayının sonlarında həmin torpaq sahəsini (hazırkı iş üzrə tərəf olmayan) Elyar Əlisoya, sonuncu isə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 satmışdır.

45. Bundan başqa müəyyən edilir ki, Maraqlı şəxs, onunla MMC arasında bağlanmış "xxxx" əsasən müqavilə bağlanan zaman mülkiyyətində olmuş 0,04 ha torpaq sahəsinin bir hissəsini, yəni 220 kv.metr hissəsini MMC-nin istifadəsinə vermişdir.

46. MMC-nin iddiasının əsası ondan ibarətdir ki, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi özgəninkiləşdirildiyi zaman Maraqlı şəxs, onunla MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış "xxxx" şərtlərini yeni mülkiyyətçilər – Cavabdeh1 və Cavabdeh2 ilə bağladığı “Alğı-satqı müqaviləsinə” daxil etməmiş, bununla da Maraqlı şəxs, onunla MMC arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış “İcarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sazişin” şərtlərinə əməl etməmişdir. Torpaq sahəsinin yeni mülkiyyətçiləri olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən MMC-nin həmin mağazada fəaliyyət göstərməsinə müdaxilələr törətmiş və bu müdaxilələr nəticəsində MMC-yə maddi ziyan dəymişdir.

47. Cavabdeh1 və Cavabdeh2 isə bildirirlər ki, Maraqlı şəxs ilə MMC arasında bağlanmış “İcarə müqaviləsi” torpaq icarə müqaviləsidir və bu barədə müvafiq dövlət reyestrində qeydiyyat aparılmalıdır. Torpaq sahəsi alınarkən torpaq üzərində heç bir icarə hüququnun olmadığı nəzərə alınaraq əldə edilmişdir. MMC onlara məxsus torpaq sahəsində qanunsuz fəaliyyət göstərməklə torpaq sahəsindən çıxmadığından onlara torpaq sahəsini əldə etdikləri vaxtdan yararlana bilmədiklərindən maddi ziyan vurulmuşdur.

48. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (maddə 146.3.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (maddə 700.2.). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (maddə 700.3.). İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur (maddə 701.1.). Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (maddə 706.1.). Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər (maddə 706.2.). Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər (maddə 706.3.). Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir (maddə 710.1.). İcarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir (maddə 718.). Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur (maddə 699.1.). Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir (maddə 719.1.). Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur (maddə 719.7.). Kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur (maddə 677.1.4.). Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər (maddə 685.1.). Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur (maddə 686.). Əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər (maddə 721.1.).

49. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir (maddə 1.). Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir (maddə 10.). Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır (maddə 12.). Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar (maddə 13.). Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz (maddə 15., bənd 3.).

50. Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, icarəyə verilən əşyaya (torpaq sahəsinə) icarəyə verildikdən sonra mülkiyyət hüququ icarəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə üçüncü şəxs (əldə edən) mülkiyyəti əldə etdiyi andan icarəyə verəni əvəz edərək icarə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi icarə müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz.

51. İşin müəyyən edilmiş hallarını (bax: hazırkı qətnamənin 44-cü və 45-ci bəndələrinə) və qeyd edilən maddi hüququ normalarını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi MMC-nin iddiasının “xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsinə” dəyişiklik edilməsi və həmin müqaviləyə, torpaq sahəsi üzərində olan daşınmaz əmlakın MMC-nin xeyrinə icarədə olması məlumatların qeyd edilməsi, MMC ilə Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə bağlanmış "xxxx" əsasən köhnə şərtlərlə yeni "xxxx" bağlanması öhdəliyinin yeni mülkiyyətçilərin - Cavabdeh1 və Məhəmməd Mirzazadənin üzərinə qoyulması” hissəsində əsassız olduğu üçün rədd etməklə düzgün nəticəyə gəlmişdir.

52. MMC-nin verdiyi apellyasiya şikayətinin Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlilləri əsassızdır.

53. Məhkəmə həmçinin hesab edir ki, MMC tərəfindən icarə müqaviləsinin şərtlərinin pozulması ilə bağlı əsaslar göstərilməməklə və bu barədə sübutlar təqdim edilməməklə Maraqlı şəxs ilə MMC arasında bağlanmış "xxxx" torpaq icarə müqaviləsi olması və bu müqavilənin müvafiq qaydada dövlət reyestrində qeydiyyata alınmaması əsası ilə ləğv edilməsi barədə Cavabdeh1 və Məhəmməd Mirzazadə tərəfindən irəli sürülmüş tələb də əsassızdır. Belə ki, həmin hal icarə müqaviləsinin ləğv edilməsi üçün əsas deyil.

54. Belə olan halda mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan qeyri-yaşayış sahəsində (mağazada) MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hazırda hüquqi əsaslar mövcud olduğundan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan qeyri-yaşayış sahəsindən çıxarılma barədə Cavabdeh1 və Məhəmməd Mirzazadənin tələbləri də əsassızdır.

55. Rayon Məhkəməsi yuxarıda göstərilənlərə əsasən qeyd edilən bu nəticəyə gəlməkdə haqlı olmuşdur.

56. Cavabdeh1 və Məhəmməd Mirzazadənin verdikləri apellyasiya şikayətlərinin Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlilləri əsassızdır.

57. Bu qətnamənin 53-56-cı bəndələrinə göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi “MMC-nin fəaliyyətinə göstərilən müdaxilələr Cavabdeh1 və Məhəmməd Mirzazadəyə qadağan edilməsi” barədə MMC-nin tələbini əsaslı hesab etməkdə də haqlı olmuşdur.

58. Cavabdeh1 və Məhəmməd Mirzazadənin verdikləri apellyasiya şikayətlərinin Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlilləri də əsassızdır.

59. Bundan başqa Məhkəmə, MMC-nin iddiasının “vurulmuş ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

61. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

62. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçı olaraq MCnin üzərinə düşür. Lakin MMC mağazada malların satışının azalması səbəbinin məhz Cavabdeh1 və Cavabdeh2 hərəkət və ya hərəkətsizliyindən irəli gəldiyini təsdiq edəcək mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

63. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi MMC-nin bu tələbini təmin etməməkdə haqlı olmuşdur.

64. MMC-nin verdiyi apellyasiya şikayətinin Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlili əsassızdır.

65. Məhkəmə, Cavabdeh1 və Cavabdeh2 iddiasının “vurulmuş ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edir ki, həmin şəxslərin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı xx.xx.2023-cü il tarixdən iş üzrə Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılanadək (21 ay müddətində) icarə haqqı onlara deyil, üçüncü şəxs Maraqlı şəxs ödənilmişdir. Ona görə də MMC-dən (21 ay x 1.175 manat =) 24.675 manat məbləğində pulun tutularaq Cavabdeh1 və Cavabdeh2 ödənilməsi hissəsində iddianı təmin etmiş Rayon Məhkəməsinin gəlmiş olduğu qənaət işin hallarına uyğundur.

66. MMC-nin verdiyi apellyasiya şikayətinin Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlili də əsassızdır. h) apellyasiya baxışının nəticəsi

67. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

68. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

69. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir.

71. Məhkəmə həmçinin bildirir ki, iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən və həmin qətnamə dəyişdirilmədən saxlanıldığından, o hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. İş üzrə digər tərəflər isə hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

72. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər üç apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 fevral 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Apellyatorlar hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilərlər. İş üzrə üçüncü şəxs olan Maraqlı şəxs hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar