Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5362/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə (Açar sözlər: pul vəsaitinin geri qaytarılması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Abdurqədir qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-3885/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsində yerləşən 38 saylı evin 1 otağına dair X2 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh (bundan sonra cavabdeh) X8 tərəfindən etibarnamə əsasında ona verilmiş səlahiyyətləri (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş **********03-1030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evindən ona məxsus 1 (bir) otağın özgəninkiləşdirilməsi ilə əlaqədar yüklülük arayışını almağı, mülkiyyətə sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, bu işlə əlaqədar banklardan onlara çatası pulu almağı, buna dair müqavilə imzalamağı, həmin torpaq sahəsindən ona məxsus hissəyə dair notariat öfisində bütün növ notariat əməliyyatlarını yerinə yetirməyi, o cümlədən istənilən məzmunda ərizə və müqavilələri imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi) İddiaçı (bundan sonra iddiaçı) etibar etmişdir. X2 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən həmin etibarnaməyə Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ev satmaq bəhanəsi ilə ondan aldığı 14.000 manat pulun və hüquqi xidmətlə bağlı müqavilə bağlamaq üçün ödədiyi 2.500 manat pulun, cəmi 16.500 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Balaxanı qəsəbəsi, Gülüstan küçəsində yerləşən 29A sayı evdə yaşayır. Cavabdeh evini satmaq barədə qonşulara demiş və müştəri tapmaqda köməklik etmələrini xahiş etmişdir. O da mənzil şəraiti yaxşı olmadığından həmin evi almaq qərarına gəlmişdir. Bu məqsədlə də o, qonşusu Tamilla ilə birlikdə onlara getmiş, evi almaq istədiyini bildirmiş, qiymətini soruşmuşdur. Cavabdeh evi 30.000 manata satacağını bildirmişdir. Ev özbaşına tikili olmuşdur. O, razılaşmışdır. Cavabdeh ona bildirmişdir ki, ilkin olaraq ona 14.000 manat pul verməlidir, çünki pula böyük ehtiyacı vardır. Onlar razılığa gəlmiş, cavabdehə 14.000 manat pul vermiş, cavabdeh isə notariat kontoruna gedərək orada ona etibarnamə vermişdir. O, cavabdehdən qalan hissəni verib evin sənədləşdirilməsini xahiş etsə də o, müxtəlif bəhanələrlə bu işi uzatmağa çalışmışdır. O, cavabdehin boş yerə sənədləşdirməni uzatdığını görüb pulunu geri istəmiş, cavabdeh pulunu verməkdən imtina etmişdir. Dəfələrlə Tamilla ilə birlikdə onun evində olmuş, lakin cavabdeh ondan aldığı 14.000 manat pulu geri qaytarmamışdır. Nəticədə o, hüquqlarını məhkəmədə müdafiə etmək məqsədilə vəkilə müraciət etmiş, vəkil sənədlərini tərtib etmiş və məhkəməyə müraciət etmişdir. Cavabdehin ondan ev satmaq bəhanəsi ilə 14.000 manat almasını qonşuları X6 və Dadaşova Ülviyyə də təsdiq edə bilərlər. Sonradan məlum olmuşdur ki, Gülxarənin oğlu ilə bağlı problemi olmuş və ondan ev satmaq bəhanəsilə 14.000 manat pul alıb işini düzəltmişdir. Bu niyyətinə çatmaq üçün ona Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, ev 3-də qeydiyyatda olan X8 kömək etmişdir. Belə ki, X8 cavabdehə xx.xx.2032-ci il müddətinədək etibarnamə vermiş, cavabdeh isə ona etibarnamə vermişdir ki, guya ev onundur. Cavabdehdən pulunu geri qaytarmasını tələb etdikdə, o, X8 ilə əlbir olaraq ona verilən etibarnaməni ləğv etdirmiş, pulunu isə geri qaytarmaqdan imtina etmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3885/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 14.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 140 manat dövlət rüsumunun 132 manatının İddiaçı aid edilməsi, dövlət rüsumunun artıq ödənilmiş 8 manatının dövlət büdcəsindən İddiaçı qaytarılması qət edilmişdir (hakim X10).
5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı və cavabdeh sonuncuya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 30.000 manata alınmasına dair razılıq əldə etmişlər. İddiaçı ilkin olaraq cavabdehə 14.000 manat məbləğində pul vermiş, cavabdeh isə notariat kontorunda ünvan 1 ünvanında yerləşən yaşayış evinin X4 məxsus 1 (bir) otağının özgəninkiləşdirilməsi ilə əlaqədar yüklülük arayışını almağı, mülkiyyətə sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı və digər hərəkətləri etmək səlahiyyətlərinə dair sonuncunun adından İddiaçı etibarnamə vermişdir. İddiaçı pulun qalan hissəni verib evin sənədləşdirilməsini cavabdehdən xahiş etsə də, sonuncu iddiaçı ilə aralarındakı şifahi razılaşmanın şərtlərinə əməl etməmiş, həmçinin, aldığı 14.000 manat pulu iddiaçıya qaytarmamışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Cavabdeh mübahisəli evi satarkən iddiaçıdan ümumilikdə 14.000 manat pul aldığını, həmin puldan 10.000 manatı qaytardığını, hazırda iddiaçıya 4.000 manat borcunun qaldığını bildirsə də, 10.000 manat pulu qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə də hesab etmişdir ki, müəyyən olunmuş faktiki halları tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh öhdəliyini icra etmədiyindən, sonuncudan 14.000 manat pul tutulub iddiaçıya ödənilməlidir.
6. Məhkəmə, iddia tələbinin hüquqi xidmətin göstərilməsinə görə ödənilən pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hüquqi xidmətlə bağlı vəkilə ödədiyi 2.500 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, həmin pul vəsaitinin ödənilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir.
7. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab etmişdir ki, ödənilmiş 140 manat dövlət rüsumunun 132 manatı İddiaçı aid edilməli, dövlət rüsumunun artıq ödənilmiş 8 manatı dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci, 385.1-ci, 386.1-ci, 439.4-cü, 442-ci, 1091-ci, 1092-ci, 1093-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 115-ci, 119.1-ci, 121.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9 Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında araşdırılmış sübutlarla və onun izahatı və qismən etirafı ilə təsdiq olunmuşdur ki, iddiaçı ilə onun arasında heç bir müqavilə bağlanmadan, yəni şifahi formada, yalnız etibarnamə ilə mübahisəli evi satışı olmuş və bu zaman o, iddiaçıdan ümumilikdə 14.000 manat pul almış, həmin məbləğin 10.000 manatını isə iddiaçıya geri qaytarmışdır. O, hazırda iddiaçıya 4.000 manat borcu qalmışdır. Onun tərəfindən öhdəliyin qismən yerinə yetirilməsinə baxmayaraq birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmiş, onun iddiaçıya olan borcunun tam şəkildə qalması qənaətinə gəlinərək qismən əsassız qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Abdurqədir qızı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsini və apellyasiya şikayətinə qarşı etirazı müdafiə etmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir; 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Birinci instansiya məhkəməsi iddianı hüquqi xidmətə görə vəkilə ödənilmiş xərcin əvəzinin tutulması hissəsində təmin etməsə də, qətnamədə iddianın təmin edildiyini göstərmişdir. Cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın qismən, yəni ondan 4.000 manat pulun tutulması hissəsində təmin edilməsini xahiş edir. Bununla belə, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, hüquqi nəticə etibarı ilə qətnaməni ondan tutulan pulun 10.000 manat hissəsində mübahisələndirdiyindən, qətnamə yalnız cavabdehdən 10.000 manat pulun tutulması hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.
23. Məhkəmə kollegiyası tərəflərin mövqeyinə, habelə iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsində yerləşən 38 saylı evin, 1 otağı iş üzrə üçüncü şəxs X2 mülkiyyətindədir. Sonuncu həmin əmlaka sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girovla) yüklü etməyi, bu işlə əlaqədar banklardan ona çatası pulu almağı, buna dair, habelə istənilən məzmunda ərizə və müqavilə imzalamağı cavabdehə etibar etmişdir. Cavabdeh də həmin əmlakı etibarnamə əsasında (üçüncü şəxs tərəfindən ona verilmiş etibarnamədə göstərilən səlahiyyətləri xx.xx.2022-ci il tarixli etibarnamə ilə iddiaçıya ötürməklə) 30.000 manat pula iddiaçıya satmış və bu məbləğin əvvəlcə 4.000 manat, bu barədə xx.xx.2022-ci il tarixdə etibarnamə verilərkən isə 10.000 manat olmaqla, cəmi 14.000 manat hissəsini almışdır. Lakin sonradan satılan əmlakın sahəsi ilə bağlı tərəflər arasında mübahisə yaranmış (cavabdeh əmlakın yarısını satdığını bildirmiş, iddiaçı isə bütün sahəni tələb etmişdir) və iddiaçı pulunu geri tələb etmişdir. Hazırda da iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə bu məbləğin 10.000 manat hissəsinin qaytarıldığını, cəmi 4.000 manat məbləğində borcunun qaldığını bildirir.
24. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, sərəncam vermək səlahiyyəti də daxil olmaqla həmin əmlakla bağlı cavabdeh tərəfindən iddiaçıya etibarnamənin verilməsi onların arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması anlamına gəlmir və gələdə bilməz. Belə ki, tərəflər arasında Mülki Məcəllə ilə müəyyən edilmiş forma tələblərinə (notarial qaydada təsdiq edilmədiyindən) uyğun olmayan və hüquqi nəticə etibarı ilə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi kimi qiymətləndirilməsi mümkün olmayan bir əqd bağlanmışdır. Qeyd edilənlər öz növbəsində həmin əqdin əhəmiyyətsiz olduğunu təsdiq edir.
25. Bu baxımdan həmin münasibətlər çərçivəsində cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıdan pul almış və bügünədək özündə saxlamışdır. Bu hal da birmənalı şəkildə onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi və nəticə etibarı ilə əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan, yəni əhəmiyyətsiz əqd üzrə əldə etdiyi pulu iddiaçıya qaytarmalıdır.
26. Məhkəmə kollegiyası qaytarılmalı olan məbləğlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
27. Məbləğ etibarı ilə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
28. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
29. Bu baxımdan iddiaçı qeyd edilən münasibətlər çərçivəsində cavabdehə ilkin olaraq 4.000 manat, sonra isə 10.000 manat olmaqla, cəmi 14.000 manat məbləğində pulun verildiyini sübut etməli idi. Lakin cavabdeh yaranmış münasibətlərlə yanaşı, həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən ona 14.000 manat pulun verilməsini etiraf etməklə, lakin onun 10.000 manat hissəsinin tərəfindən qaytarılmasını bildirməklə, hüquqi nəticə etibarı ilə bu məbləğin ona verilməsinin sübutedilməsi yükündən iddiaçını azad etmişdir. Nəticədə cavabdehin özünün həmin məbləğin 10.000 manat hissəsinin iddiaçıya qaytarılmasını sübut etmək vəzifəsi yaranmışdır. Lakin cavabdeh bu mövqedən çıxış etsə də, irəli sürdüyü arqumentləri təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Onun birinci instansiya məhkəməsində bu barədə ərizə verməklə qeyd edilən məbləğin 4.000 manat hissəsinin qaytarılmamasını etiraf etməsi, qalan 10.000 manat pulun onun tərəfindən qaytarılması kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə məhz 14.000 manat məbləğində pul tutulmalıdır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehdən iddiaçının xeyrinə 14.000 manat məbləğində pul tutmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3885/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.