Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5363/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Qədirov ilqar Hikmət oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-853/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qərardadları ilə üzərinə həbs qoyulmuş və üzərində hər hansı sərəncamverici hərəkəti edilməsi qadağan edilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi barədə Saziş bağlayaraq onun barəsində sərəncam verməklə ona vurulmuş 175000 ABŞ dolları məbləğində zərərin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-853/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,ünvan 2 ünvanında yerləşən üç mərtəbəli fərdi yaşayış evinin üzərinə Sabunçu rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(008)-1896/2014 saylı qərardadı ilə həbs qoyulmuşdur.Sabunçu Rayon Məhkəməsi iddianı tam təmin etmiş, lakin verilən apellyasiya şikayəti nəticəsində iddianı qismən təmin edərək X3 onun xeyrinə 175000 ABŞ dollarının tutulması barədə Bakı Apellyasiya Məhkəməsi 2(103)-5964/2014 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnamə çıxarmışdır.Lakin sonradan onların iştirakı olmadan Sabunçu Rayon Məhkəməsinin hakimi Vaqif Həsənov həmin əmlak üzərində Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(008)-1896/2014 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə xx xxxx 2015-ci il tarixli 8(008)-1817/2015 saylı qərardad qəbul etmişdir. Həmin qərardaddan onlar 2017-ci ilin axırlarında xəbər tutmuş və şikayət vermişlər. Şikayəti təmin olunaraq xx xxxx 2015-ci il tarixli, 8(008)-1817/2015 saylı qərardadın ləğv edilməsi barədə xx xxxxxx 2017-ci il tarixli qərardad çıxarılmış və həmin əmlak üzərində yenidən həbs qoyulmuşdur. Bundan əlavə ona məlum olmuşdur ki, borclu X7 xx xxxx 2015-ci il tarixli, 8(008)-1817/2015 saylı qərardadla həbs götürüləndən sonra həmin fərdi evi qızı Cavabdeh bağışlamışdır. Cavabdeh xx.xx.2017-ci il tarixli Çıxarışla həmin fərdi yaşayış evinə mülkiyyət hüququ qazanmışdır. Sabunçu Rayon Məhkəməsində X7, X5 və Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğv edilməsi barədə xx.xx.2017-ci il tarixdə iddia qaldırmışdır. İddianın təmin tədbiri kimi, cavabdehlərdən Cavabdeh mülkiyyətində olan ünvan 3 mənzil 3 ünvanında yerləşən yaşayış evinin üzərinə həbs qoyulması barədə ərizəsi təmin edilmişdir. Belə ki, işə baxan hakim Anar Rzayevin çıxardığı xx xxxxxxx 2017-ci il tarixli 2(008)-10713/2017 nömrəli qərardadı ilə həmin ev üzərinə həbs qoyulmuş və cavabdehlərə, o cümlədən Cavabdeh həmin ev barəsində hər hansı hərəkətin edilməsi qadağan edilmişdir. Lakin Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti işdə cavabdehlərdən biri olan Cavabdeh qarşı kirayə haqqı ödənilməklə onun mülkiyyətində olan ünvan 4 mənzil 3 ünvanında yerləşən yaşayış evinin sökülməsi barədə iddia qaldırmışdır. Həmin işdə məhkəmə Sabunçu rayon İcra Hakimiyyətinin hansı hüquqla belə iddia qaldırmasını aydınlaşdırmadan Sabunçu rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış barışıq müqaviləsini xx xxxxxx 2017-ci il tarixli qərardadla təsdiq etmişdir. Barışıq sazişinin təsdiq edilməsi barədə Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadının qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsi şikayətinin təmin edilməməsi barədə xx xxxxx 2018-ci il tarixli 2(103)-5522/2018 nömrəli qərardad çıxarmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Sabunçu rayon Məhkəməsinin hakimi Anar Rzayevin çıxardığı xx xxxxxxx 2017-ci il tarixli 2(008)- 10713/2017 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuş ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi barədə Sazişi təsdiq edən həmin məhkəmənin digər hakimi Əşir Səmədovun çıxardığı xx xxxxxx 2017-ci il tarixli 2(008)-11633/2017 nömrəli qərardad qanunidir. Bir hakim tərəfindən üzərinə həbs qoyulmuş və həmin əmlak barəsində hər hansı sərəncamverici hərəkətləri qadağan edilmiş mülkiyyətçinin həmin yaşayış binasının sökülərək pul və əmlak alması barədə sazişini təsdiq etmiş hakimin yəqin ki, Konstitusiyanın 125-ci maddəsinin tələblərini pozduğundan xəbəri olmamışdır. ünvan 5 ünvanda yerləşən fərdi yaşayış sahəsinin üzərinə yuxarıda göstərilən iki məhkəmə qərdadı ilə həbs qoyulmasına və onun barəsində hər hansı sərəncamverici hərəkətin qadağan edilməsinə baxmayaraq Cavabdeh xx xxxxxx 2017-ci il tarixli 2 (008)-11633/2017 saylı qərardadla təsdiq olunmuş barışıq Sazişi bağlayaraq həmin fərdi yaşayış evini satmaqla Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin tələblərini pozaraq ona 175000 ABŞ dolları məbləğində zərər vurmuşdur. Cavabdeh qanunsuz əməllərini yenə də məhkəmə yolu ilə qanuniləşdirmək istəyir. Belə ki, onun ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi ünvan 6 saylı ünvanda yerləşən ev barəsində Cavabdeh mülkiyyət hüququna dair aparılmış 4 nömrəli reyestr kitabında 301 nömrəli vərəqdəki xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə xx xxxx 2019-cu il tarixli 2-1(82)-894/2019 saylı qərar qəbul etmişdir. Lakin həmin fərdi yaşayış evinin üzərində yuxarıda göstərdiyi qərardadlarla həbs qoyulduğu üçün cavabdeh həmin həbslərdən birinin, xx xxxxxx 2017-ci il tarixli qərardadla qoyulmuş həbsi, götürmək barədə Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Ərizə ilə bağlı iş hakim Adilə Paşayevanın icraatındadır. Bu ərizəsində də nədənsə Cavabdeh həbsin birinin götürülməsini xahiş edir. Yəqin digər həbsin götürülməsini başqa bir vaxta saxlayır ki, məhkəmələrdə həmin işlərin uzadılmasına nail olsun. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, Cavabdeh onun iddiasının təmin tədbiri kimi, üzərinə həbs qoyulmuş yuxarıda göstərilən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi barədə Saziş bağlayaraq onun barəsində sərəncam verməklə Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin tələblərini pozmaqla və özünə yaşayış və qeyri yaşayış sahələri almış və ona 175000 ABŞ dolları məbləğində zərər vurmuşdur. Belə ki, iddanın təmin tədbirinin pozulması nəticəsində ona çatacaq 175000 ABŞ dollarında pul məbləğindən məhrum olmuşdur. Belə ki, icranın artıq söküldüyü üçün həmin fərdi yaşayış evinə yönəldilməsi artıq mümkün deyildir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, üzərində həbs ola-ola cavabdehin atası Zakir Bədəlov əmlakı müxtəlif şəxslərin adına keçirib. Bu qanunsuzdu. Çünki, 2014-cü ilin qətnaməsi ilə Zakir Bədəlovun ona 175.000 ABŞ dolları borcu var. İndi də üzərində həbs ola-ola əmlakını qızının adına keçirib. O, pulunu istəyir. Cavabdeh də atası da yayınmaq üçün qanunsuzluq edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 da apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz təqdim edərək onda göstərilənləri təsdiq etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalı, cavabdehə münasibətdə isə qətnamə yoxlanılmır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, iddiaçı cavabdehdən maddi zərərə görə 175.000 ABŞ dolları tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehin maddi zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Əksinə, apellyasiya şikayətinin də dəlilləri iddianın əsaslı olduğunu təkzib etmişdir. İkincisi, işdən görünür ki, iddiaçının cavabdehdən maddi zərərə görə tələb etdiyi məbləğ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin atasından alınaraq iddiaçıya ödənilməsi qət edilmiş məbləğlə eynidir. Yəni, hazırki iddianın irəli sürülməsi cavabdehin atası və anasının birgə mülkiyyətində olmuş evi cavabdehə bağışladıqlarına və üzərinə həbs qoyulmuş həmin evin sonradan qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən sökülməsi olmuşdur. İddiaçı hesab edir ki, üzərində həbs qalsaydı və məhkəmə qərardadlarına əsasən götürülməsəydi cavabdehin atasının ona olan borcunun həmin evə yönəldilməsi mümkün idi. Buna görə də cavabdeh ona zərər vurmuş olur. Lakin qeyd olunan evin üzərindən həbsin götürülməsində və sonradan evin məhkəmə aktına əsasən sökülməsində cavabdehin təqsiri olmamış və buna görə də bu hallara görə iddiaçıya zərər vura bilməzdi. Yəni, cavabdehin iddiaçı qarşısında nə qanundan, nədəki müqavilədən irəli gələn öhdəliyi yaranmamışdır. Ona görə də cavabdehi törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək olmaz. Üçüncüsü, cavabdehin mülkiyyətində olmuş evlə bağlı hərəkət və hərəkətsizliyində hanısısa qanunsuz hallar olmamışdır. Eyni zamanda, hazırda mövcud olmayan həmin evlə bir neçə qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Bu fakt özü də iddianın əsassızlığına dəlalət edir. Dördüncüsü, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin atasından alınaraq ona ödənilməsi qət olunmuş, 175000 ABŞ dolları məbləği, hazırki iş üzrə yeni bir əsasla cavabdehdən tələb edir. Bu tələbin təmin edilməsi ziddiyyətli bir vəziyyət yarada bilər. Belə ki, eyni məbləğ həm cavabdehdən, həm də atasından tələb edilmiş olur, ayrı-ayrı məhkəmə aktları ilə də bu məbləğ iki dəfə alınmış olur. Bu vəziyyət isə son nəticədə iddiaçının əsassız varlanmasına səbəb ola bilər. Buna görə də iddiaçının arzusu anlaşılan olsa da lakin iddiasının təmin olunması üçün hüquqi əsas olmamışdır. Çünki, məqsədinə çatmaq üçün düzgün hüquqi vasitə seçməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-853/2020 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5363/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5363/2020
05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver