Məhkəmə qərarları › İş №2(103)-5368/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5368/2023

05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5368/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2023-cü il tarixli qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi, döngə 1-də yerləşən 57 saylı fərdi yaşayış evində cavabdeh ASC-nin təqsiri üzündən baş vermiş yanğının nəticələrinin aradan qaldırılması və evin yaşayış üçün yaralı vəziyyətə gətirilməsi üçün təmirinə görə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, yanğın zamanı evdə olmuş və yararsız vəziyyətə düşmüş əşyalara (1 ədəd 90 kv.m kondisioner, 3 ədəd xalça, 1 ədəd matras və 1 ədəd pərdə) dəymiş ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 2.400 manat, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 5.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142 manat məbləğində pulun cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan fərdi yaşayış evi 2004-cü ildə inşa edilmişdir. Ev inşa edilən müddətdə, iddiaçı, ASC-nin ərazi üzrə Binəqədi Rayon Elektrik Şəbəkəsinə müraciət etmiş və Şəbəkənin işçiləri tərəfindən evin daxilinə elektrik xətləri çəkilmiş, xəttin üzərinə elektrik sayğacı quraşdırılmış, evin elektrik enerjisi ilə təchiz edilməsi ilə əlaqədar iddiaçı ilə Şəbəkə arasında müvafiq müqaviləsi bağlanmışdır. İddiaçı, xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində evdə olan zaman evin işıqlarının söndüyünü görərək, X2 zəng edib bu barədə məlumat vermişdir. Şəbəkənin əməkdaşları evə gələrək elektrik xətlərinə baxış keçirmiş və bir şey olmadığını bildirib elektrik cərəyanı qoşaraq getmişlər. Evin işıqları təkrar yanıb-söndüyündən, iddiaçı, xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində təkrar olaraq Şəbəkəyə zəng edərək bu barədə məlumat vermişdir. Həmin tarixdə saat 15:00 radələrində Şəbəkənin iki əməkdaşı evə gələrək evin daxili elektrik xəttinə və çöldən evə gələn xəttə baxış keçirmiş, heç bir nasazlıq olmadığını və evin çölündən olan elektrik qoruyucu atdığı üçün evin işıqlarının söndüyünü bildirmişlər. Elektrik qoruyucusunu yandırdıqdan sonra evin elektrik enerjisi bərpa olunmuş və təkrar baxış keçirərək Şəbəkənin əməkdaşları evi tərk etmişlər. Onlar getdikdən 7-8 saat sonra, yəni 19:00 radələrində evin damında yanğın baş vermişdir. Yanğınsöndürənlər gəlib qısa vaxtda yanğını söndürmüşlər. Yanğın nəticəsində iddiaçının evinin iki otağının dam örtüyü, bir otağın tavan hissəsi, otağın daxilində olan ev əşyaları yanmış, ev və əşyalar istismara yarasız hala düşmüşlər. Bundan başqa yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən evin iki yataq, bir qonaq, mətbəx və dəhliz otağının döşəməsi və divarlarında olan divar kağızları, emulsiya və tavanın alçipanına ziyan dəymişdir. Yanğınla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, yanğına səbəb, çöldən çəkilmiş və elektrik sayğacına girən, Binəqədi Rayon Elektrik Şəbəkəsinə aid olan kabelin evin dam örtüyünün navalçasına sürtülməsi nəticəsində kabelin izolyasiya örtüyü pozulmuş və kabelin simlərinin qızması nəticəsində tavanın taxta atmaları yanmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, yanğının baş verməsində cavabdeh ASC-nin əməkdaşlarının təqsirli olmuşdur. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, iddiaçı, ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı ASC-yə qarşı müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçı bildirir ki, cavabdeh ASC ona dəymiş zərəri ödəmədiyindən o, məcburiyyət qarşısında qalaraq evi təmir etdirmiş və yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. Evin təmirinə onun tərəfindən 10.000 manatdan yuxarı vəsait xərclənmişdir. Buna görə də, o hesab edir ki, ASC-dən onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, yanğın nəticəsində evdə olan əşyaların bir qismi, yəni 1 ədəd 90 kv.m kondisioner, 3 ədəd xalça, 1 ədəd matras və 1 ədəd pərdə yarasız vəziyyətə düşmüş, bununla da iddiaçıya 2.400 manat məbləğində zərər dəymişdir ki, həmin zərər də ASC tərəfindən iddiaçıya ödənilməlidir. Daha sonra iddiaçı bildirir ki, ASC-nin əməkdaşlarının bu kimi hərəkəti nəticəsində ona mənəvi zərər də dəymişdir. Belə ki, hadisə zamanı iddiaçı stress keçirmiş, hadisədən sonra isə ASC-nin onə dəymiş zərəri ödəməkdən imtina etməsini görərək əsəb gərginliyi keçirmişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə ASC-dən onun xeyrinə 5.000 manat pul tutulmalıdır. b) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat

3. İş üzrə cavabdeh ASC-nin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası FHN-nin DYNX-nin 1-ci Ərazi DYNİ-nin tərtib etdiyi yanğın haqqında akt ilə və izahatlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixində, saat 19:00 radələrində, iddiaçıya məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. ASC Biləcəri rayon Enerji Təchizatı və Satış İdarəsinin İstismar Şöbəsinin əməkdaşı hadisədən təxminən 2-3 gün əvvəl, havanın küləkli olmasından həmin evə gedən elektrik kabeli dayağın yuxarı hissəsindən qırılması ilə əlaqədar həmin ünvana gedib elektrik xəttinin qırılan hissəsini bərpa etmişdir. xx.xx.2021-ci il tarixdə həmin evdə baş vermiş yanğın hadisəsindən əvvəl və hadisədən sonra qeyd edilən ünvanda elektrik şəbəkəsində hər hansı qəzanın baş verməsi, gərginliyin artıb azalması, fasilələrin olması ilə bağlı müraciət daxil olmamışdır. “Elektrik enerjisindən istifadə qaydalarının” 5.3.2-ci bəndinə uyğun olaraq enerji təchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1.000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi “kabelə daxil olduqda binanın xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında” müəyyən edilir. Məsuliyyətin sərhədini və yanğının baş verdiyi yeri nəzərə alaraq, mənzilin yanğından mühafizə edilməsi iddiaçının məsuliyyətindədir. Qeyd olunanlara əsasən cavabdeh ASC hesab edir ki, iddia əsassızdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, baş vermiş yanğından sonra evin təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 9.751 manat, evdə olan və yanğın zamanı məhv olmuş əşyaların dəyərinin əvəzinin ödənilməsi məqsədi ilə 1.210 manat, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142 manat məbləğində pulun cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından bu nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus fərdi yaşayış evində yanğının, həmin evin elektrik sayğacına gələn elektrik xəttində baş vermiş qısa qapanma nəticəsində baş verməsi və bunun nəticəsində iddiaçıya (9.751 + 1.210=) 10.961 manat məbləğində maddi zərərin dəyməsi, qeyd edilən elektrik xəttinin cavabdeh ASC-nin balansında olması və həmin xəttin saz vəziyyətdə saxlanmasına görə məsuliyyəti məhz cavabdeh ASC-nin daşıması sübuta yetir. Belə olan halda, maddi ziyanın əvəzi cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Rayon Məhkəməsi iddiaçıya dəymiş maddi zərərin əvəzinin məbləğini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/532 saylı və xx.xx.2023-cü il tarixli, 10/1271 saylı rəylərə əsasən müəyyən etmişdir. Rayon Məhkəməsi iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə isə belə qnaətə gəlmişdir ki, məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının (stress-əsəb) hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərin 300 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. d) apellyasiya şiakyəti barədə məlumat

6. İş üzrə cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

7. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışının həddi barədə məlumat

8. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iş üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamədən apellyasiya şikayəti verən cavabdeh ASC isə qətnaməni iddianın bir qisminin təmin edilməsi hissəsində mübahisələndirmişdir.

9. MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

10. Odur ki, qeyd edilənlərə əsaslanmış Məhkəmə qətnamənin əsaslılığı yalnız iddianın bir qsiminin təmin edilməsi hissəsində yoxlamışdır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

11. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi

12. Apellyasiya baxışında iştirak etmiş iddiaçı, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan, irəli sürülmüş tələbin əsaslılığına qiymət vermək üçün baş vermiş hadisə zamanı iddiaçıya zərərin dəyməsi halının mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir.

14. İş materiallarından görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan fərdi yaşayış evində yanğın hadisəsi baş vermiş, evin bir hissəsi yaşayış üçün yarasız vəziyyətə düşmüş , evdə olan və yuxarıda qeyd edilən əşyalar məhv olmuşdur.

15. Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, FHN-in DYNX-nin 1-ci Ərazi DYNİ-nin tərtib etdiyi yanğın haqqında akt ilə və izahatlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 19:00 radələrində iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi evin elektrik sayğacına gələn elektrik naqilində yaranmış qısaqapanma nəticəsində baş vermişdir.

16. “Yanğın haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, yanğın nəticəsində fərdi yaşayış evinin yataq otağı, dam örtüyünün 10 kv.metr sahəsi yanmışdır. Yanğına səbəb fərdi yaşayış evinin elektrik sayğacına gələn elektrik naqilində baş vermiş qısa qapanmadan olması güman edilmişdir.

17. Qeyd edilən sübutlarla həqiqətən də, iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik sayğacına gələn elektrik naqilində baş vermiş qısa qapanma səbəbindən yanğının baş verməsi nəticəsində evin bir hissəsinin yanması öz təsdiqini tapır.

18. İddiaçı bildirir ki, evin təmirinə görə o, 10.000 manat xərc çəkmiş, evdə olan və yanğın zamanı məhv olmuş əşyaların isə ümumi dəyəri 2.400 manat olmuşdur, bununla da ona 12.400 manat məbləğində maddi zərər dəymişdir. Odur ki, cavabdeh ASC həmin zərərin əvəzini ödəməlidir.

19. Bu tələbin əsaslı olub-olmamasını araşdırmaq üçün işə baxmış Rayon Məhkəməsi müvafiq ekspertizalar təyin etmiş və ekspertizaların keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

20. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli, 9/532 nömrəli rəyindən görünür ki, iddiaçıya məxsus evdə olmuş və evdə baş vermiş yanğın nəticəsində məhv olmuş əşyaların istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri yoxlama yolu ilə orta bazar qiyməti ümumilikdə 1.210 manat təşkil edir.

21. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 10/1271 nömrəli rəyindən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində iddiaçıya (yaşayış evinə tikinti üzrə dəymiş maddi zərər) 9.751 manat məbləğində zərər dəymişdir.

22. Məhkəmə hesab edir ki, fərdi yaşayış evinə tikinti üzrə və əşyalar üzrə dəymiş maddi ziyanın məbləğinin ekspert rəylərində göstərilən məbləğlərdə müəyyən edilməsi qanunidir. Rayon Məhkəməsi maddi ziyanın ödənilməsi hissəsində iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin rəylərin əsassız olmasını təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməmişdir.

23. Məhkəmə apellyasiya şikayətinin iddiaçıya dəymiş ziyanda cavabdeh ASC-nin təqsirinin olmaması barədə dəlillərini əsassız hesab edir və bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.).

24. “Elektrik enerjisindən istifadə Qaydalarının” 5.3-cü bəndinə görə, enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: hava budaqlanmasında-binada, yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda (maddə 5.3.1.); kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mən-zilin girişindəki qidalandırıcı kabelin uclarında (maddə 5.3.2.). Yaşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır (maddə 10.1.).

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1.000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının” 2-ci bəndinə görə, elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir.

26. “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydalarının tələblərinə görə, elektrik qurğularının və şəbəkələrinin istismarına cavabdeh şəxslər borcludurlar; 2.3.3.1. Elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların, eləcədə planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntularının aradan qaldırılmasına (bəndə 2.3.3.1.); qısa qapanmadan, artıq yüklənmələrdən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının texniki baxımdan saz olmasına müntəzəm olaraq nəzarət edilməsinə (bəndə 2.3.3.2.); Elektrik qurğularının istismarı zamanı yanğın təhlükəsizliyinin təmin edilməsinə dair suallar üzrə təlimatların və təlimlərin keçirilməsi sistemini təşkil etmək (bənd 2.3.3.3.). Bütün elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri nominal vəziyyətlərdən müdafiə olunmalıdır (bənd 2.3.5.).

27. Məhkəmə araşdırması zamanı yanğının baş verməsinə səbəb olmuş elektrik xəttinin iddiaçının istifadəsində olan sayğacdan çıxan deyil, sayğaca gələn elektrik xətti olduğu mübahisəsiz qaydada sübuta yetirilmiş və həmin elektrik xəttinin cavabdeh təşkilatın balansında olması öz təsdiqini tapmışdır.

28. “Elektrik enerjisindən istifadə Qaydalarının” tələblərinə görə, enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyməsinə görə enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.

29. Digər tərəfdən, “Gərginliyi 1.000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının” tələblərinə əsasən elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları (hazırkı iş üzrə cavabdeh) tərəfindən həyata keçirilir.

30. Məhkəmə iddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

32. Qeyd edilənlərə istinadən Məhkəmə hesab edir ki, iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Rayon Məhkəməsi tərəfindən vurulmuş mənəvi zərərin 300 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. h) apellyasiya baxışının nəticəsi

33. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, cavabdeh ASC-nin özünə aid edilməlidir.

37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar