Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5373/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5373/2024 (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-99/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6183,85 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 01 iyul 2017-ci il tarixli C-303-APCC-17 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən “Chevrolet Cruze” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Satılmış nəqliyyat vasitəsinin dəyəri tərəflər arasında 28795,85 manat məbləğində razılaşdırılmışdır. Müqavilənin şərtlərinə görə ödəniş cavabdeh tərəfindən müqaviləyə 02 saylı əlavəyə əsasən hissə-hissə olmaqla ödənilməli idi. Müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi saz halda cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini bir müddət gecikmələrlə və əksik olsa da, icra etsə də, xx.xx.2019-cu il tarixdən sonra müqavilə üzrə öhdəliklərinin icrasını tamamilə dayandırmışdır. Bundan başqa 2019-cu ildə isə cavabdeh yol nəqliyyat hadisəsi törətmiş və bunun da nəticəsində qeyd edilən nəqliyyat vasitələrinin bir çox ehtiyat hissələri bir çox zərərə məruz qalaraq sıradan çıxmışdır. Qəza nəticəsində Chevrolet Cruze minik markalı 90PJ552 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 6926 manat məbləğində maddi zərər dəymişdir. Qeyd edilən nəqliyyat vasitəsi "xxxx" ASC-də tam sığorta olunduğu üçün dəymiş zərər sığortaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Cavabdeh öhdəliklərini uzun müddət icra etmədiyi üçün dəfələrlə ona öhdəliklərini icra etmesi barədə xəbərdarlıqlar edildikdən sonra heç bir nəticə əldə edilmədiyi üçün "X7" MMC pozulmuş hüquqları və qanunla qorunan maraqlarının müdafiəsini təmin etmek üçün Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Xəzər rayon məhkəməsinin e-2(003)-2406/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Chevrolet Cruze minik markalı 90PJ552 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq "X7" MMC-yə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Xəzər rayon məhkəməsinin e-2(003)-2406/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi icra edildikdən sonra yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərər tam təmir edilmişdir. Bundan sonra qeyd edilən nəqliyyat vasitəsi satışa çıxarılmış və 15500 manata satılmışdır. Cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində "X7" MMC-yə böyük maddi zərər dəymişdir. Belə ki, nəqliyyat vasitəsinin dəyəri tərəflər arasında 28795,85 manat məbləğində razılaşdırılmışdır. Cavabdeh isə həmin məbləğdən ümumilikdə 7112 manat məbləğində pul ödəmişdir. Beləliklə, təmirdən sonra qeyd edilen nəqliyyat vasitəsinin satışından əldə edilmiş 15500 manat məbləğində pul da nəzərə alınsa, ümumilikdə Chevrolet Cruze minik markalı 90PJ552 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş ümumi məbləğ 22363 manat əşkil edir. Nəqliyyat vasitəsinin dəyərinin 28795,85 manat məbləğində olması nəzərə alınsa, cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində "X7" MMC-yə dəymiş maddi zərər 6183,85 manat təşkil edir.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 4558 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-99/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddianın qismən təmin edilməsi, Cavabdeh 4557,85 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100 manat məbləğində pulun Cavabdeh alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 425.1, 427.3, 448.2, 449.4, 598.4, 600.1, 600.4, 645.2, 645.3cü maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə avtomobilin dəyərini düzgün qiymətləndirməmiş, hesab etmişdir ki, iddiaçı həmin avtomobili 15500 manata satdığına görə və cavabdeh tərəfindən də 8738 manat ödənildiyinə görə avtomobilin ona satılmış qiymətindən, yəni 28795,85 manat məbləğindən həmin məbləğlər çıxılaraq qalan hissədə iddia təmin edilməlidir. Məhkəmə belə bir nəticəyə gələrkən avtomobilin satılmasına dair hər hansı sənəd tələb etmədən iddiaçının ifadəsini əsas götürməklə belə bir nəticəyə gəlmişdir. Halbuki mülki işin materiallarına avtomobilin 15500 manat məbləğində pula satılmasını əks etdirən müqavilə işə əlavə edilmədən məhkəmənin belə bir nəticəyə gəlməsi absurddur. Həm də həmin avtomobilin ona satılması ilə sonradan satılması müddətində avtomobillər qiymətdən düşmüşdür və buna görə də qiymət fərqi yarana bilər. Buna görə isə o hər hansı məsuliyyət daşımır. Bildirir ki, həmin avtomobil onun tərəfindən idarə edilməsinə görə iddiaçıya 8738 manat pul ödəmişdir. Həmin pulun dəyərində o, avtomobili təxminən iki il idarə etmişdir. Bu isə onu gösdərir ki, iddiaçı artıqlaması ilə onun hesabına pul qazanmışdır. Həmvdə avtomobil ona satılarkən dəyərindən yüksək qiymətə qiymətləndirilmişdir, çünki həmin avtomobilin dəyərini hissə-hissə olmaqla ödəməli olmuşdur. İş üzrə keçirilmiş ekspert rəyi kifatyət qədər tam deyildir. Həmin ekspert rəyinin tamlığını bərpa etmək üçün nədənsə Bakı şəhər Xəzər rayon məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərardadı əsasında məhkəmə-əmtəəşunaslıq ekspertizasının 9/3643 saylı xx.xx.2020-ci il tarixli rəyinə istinad etmişdir. Həmin rəydə də göstərilir ki, avtomobilin təmir-bərpa olunması nəzərə alınmaqla hazırki tarixə orta bazar qiymətinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin orta satış qiymətindən 10 faiz aşağı olması istisna edilmir. Göründüyü kimi onun tərəfindən iddiaçıya vurulmuş ziyan 15500 manat məbləğin 10 faizi məbləğində müəyyən edilə bilərdi.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin onun verilməsi üçün müəyyən olunmuş prosessual müddət ötürüldükdən sonra verilməsi səbəbi ilə geri qaytarılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili X5 məhkəməyə ərizə ünvanlayaraq eyni tarixdə başqa məhkəmə prosesində iştirak etməyi ilə əlaqədar məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir.
10. İşin halları, həmçinin prosesin təxirə salınmasını xahiş edən nümayəndə və vəkilin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi (kimi təmsil etməsi və bu barədə müvafiq etibarnamə və ya order, o cümlədən, həqiqətən, qeyd edilən vaxtda başqa prosesinin olmasını təsdiq edən sübutlar), eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 385.1. Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
17. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
18. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
19. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Maddə 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
23. Maddə 645.2. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər.
24. Maddə 645.3. Əgər bu Məcəllənin 645.1 və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda iddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
31. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edildiyindən və yalnız cavabdeh tərəfindən qətnamənin təmin edilən hissəsindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
34. Kollegiya ilk növbədə iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülərək verilməsi ilə əlaqədar qeyrimümkün hesab olunmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi cavabdeh öz apellyasiya şikayətinə prosessual müddətin bərpası barədə ərizə də əlavə etmiş, həmin ərizəyə dair birinci instansiya məhkəməsi tərəfindən müvafiq qərardad qəbul edilərək müddətin bərpa olunması qərara alınmışdır. Lakin həmin qərardad iddiaçı tərəfindən qanunvericiliyə müvafiq qaydada mübahisələndirilməmiş və beləliklə, qərardad öz qüvvəsini alaraq müddətin bərpa edilməsi məsələsinə artıq münasibət bildirilmişdir. Bundan əlavə iş materiallarına baxış zamanı mübahisələndirilən qətnamənin cavabdeh tərəfindən rəsmi qaydada alınmasına dair hər hansı təsdiqedici sənəd aşkarlanmamışdır.
35. Göstərilənlərə əsasən kollegiya iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması ilə bağlı dəlillərini əsassız hesab etməklə şikayətə mahiyyəti üzrə baxılmalı olması qənaətinə gəlir.
36. İddianın mahiyyəti ilə bağlı iş materiallarına əsasən müəyyən olunmuşdur ki, 01 iyul 2017-ci il tarixli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən (əslində tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox, lizing müqaviləsinin elementləri özündə əks etdirir) cavabdeh İddiaçı MMC-dən 28795,85 manat dəyərində “Chevrolet Cruze” ninik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi saz halda cavabdehə təhvil verilmişdir. Dəfələrlə cavabdehə öhdəliklərini icra etməsi barədə xəbərdarlıqlar edilsə və bununla bağlı onunla görüşlər keçirilsə də, cavabdeh bu günə qədər öhdəliklərini icra etməmiş, qeyd edilən hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir (apellyasiya şikayətində də öhdəliklərini icra edə bilməməsini qeyd etmişdir). Cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2406/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Chevrolet Cruze minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq "X7" MMC-yə verilməsi qət edilmişdir.
37. Yuxarıda qeyd edilmiş işin mübahisəsiz hallarının fonunda cavabdeh öz apellyasiya şikayətini əsaslandırarkən dəlillərindən biri olaraq iş üzrə keçirilmiş və avtomobilin dəyərinin 15.500 manat məbləğində qiymətləndirildiyi ekspert rəyinin kifayət qədər tam olmamasını göstərmiş və bunu uzun zaman keçməsi səbəbindən avtomobilin dəyərdən düşməsi ilə əsaslandırmışdır.
38. Qeyd edilənlərə əsasən kollegiya bildirir ki, sadəcə cavabdehin mübahisələndirdiyi ekspert rəyində deyil, iş üzrə keçirilən digər ekspertiza tədqiqatlarına əsasən də həmin avtomobilin dəyəri olaraq məhz 15.500 manat məbləği müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş X1 xx.xx.2020-ci il tarixli, 212 saylı mütəxəssis rəyindən aydın olur ki, buraxılış ili 2015 olan “Chevrolet Cruze” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki orta bazar qiyməti təxminən 15500 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/3643 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Chevrolet Cruze minik markalı, mühərrik tutumu 1800 sm3 olan, 2015-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin hazırki orta bazar qiyməti təxminən 15500 manat müəyyən olunur.
39. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Hazırki iş üzrə cavabdeh iş üzrə tərtib edilmiş ekspert rəylərinin əsassız olmasını və həmin məbləğlərlə razı olmadığını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili məhkəməyə təqdim etməmiş, iş materiallarında qeyd edilən sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmaması və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinin iş üzrə zəruri olduğunu təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamış, yuxarıda göstərilən rəylərdən də göründüyü kimi avtomobilin dəyəri kifayət qədər aydın formada qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin göstərilən dəlilini əsassız hesab edir.
41. Bundan başqa, iş materiallarında olan 21 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, müqaviləyə əsasən Cavabdeh cəmi 8489 manat pul ödənilmiş, onun da 6862,65 manatı əsas borc məbləği, 1626,35 manatı isə ödənişlərin gecikdirilməsinə görə tətbiq edilən cərimə məbləği olmuşdur. Bundan əlavə 15 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2017-ci il tarixli C-303-A-PCC-17 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh Chevrolet Cruze minik markalı 90P1552 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq nəqliyyat vasitəsinin ümumi dəyəri 28795,85 manat məbləğində razılaşdırılmış və nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Nəqliyyat vasitəsinin tam dəyəri ödənilənə qədər həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ İddiaçı MMC-də saxlanılmışdır. Cavabdeh cəmi ilkin ödəniş kimi 249 (iki yüz qırx doqquz) manat məbəğində pul ödəmişdir. Ümumilikdə cavabdeh tərəfindən İddiaçı MMC-yə cəmi 8738 (səkkiz min yeddi yüz otuz səkkiz) manat məbləğində pul ödənilmişdir.
42. Beləliklə, daha öncə də qeyd edildiyi kimi tərəflər arasındakı müqavilənin şərtlərinə əsasən nəqliyyat vasitəsinin dəyəri 28795,85 manat müəyyən edilmiş, yol nəqliyyat hadisəsi, o cümlədən avtomobilin istismarından sonrakı dəyəri ilə bağlı keçirilmiş ekspert tədqiqatlarının nəticəsində də son qiymətinin 15.500 manat məbləğində müəyyən olunması öz əksini tapmışdır. Odur ki, işin müəyyən edilən faktiki hallarına əsasən kollegiya hesab edir ki, nəqliyyat vasitəsinin dəyəri 28795,85 manat məbləğində olduğundan, cavabdeh qeyd olunan müqavilə üzrə ümumilikdə 8738 manat ödədiyindən və həmin avtomobilin hal-hazırki dəyəri 15500 manat təşkil etdiyindən birinci instansiya məhkəməsinin "X7" MMC-yə dəymiş maddi zərərin məbləği olaraq 4557,85 manat məbləği (28795,85 -8738-15500 = 4557,85) müəyyən etməsi ilə bağlı mövqeyi qanuni və əsaslı olmuşdur.
43. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri göstərilən hissədə də əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
44. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
45. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
46. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
48. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
49. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
52. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-99/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova