Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5375/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X13 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" MMC və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-30/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında olan ümumi sahəsi 235,12 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli, 180 nömrəli müqavilə bağlanılmışdır.
2. xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən İddiaçı qeyd olunan müqavilə əsasında həmin qeyri-yaşayış sahəsinin tikintisi üçün müqavilə şərtlərinə uyğun olaraq 180.954,58 manat ödəniş etmiş, müqaviləyə uyğun olaraq 17.000 manat borcu qalmışdır.
3. "xxxx" MMC tərfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən yerdə qalan 17.000 manat "xxxx" MMC-yə ödənilmişdir.
4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2iqt(81)- 780/2012 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 335.117 manat məbləğində əsas borcun, 335.117 manat məbləğində cərimənin və 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 670.254 manat məbləğində pulun tutulması qət edilmişdir.
5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iqt(81)- 780/12 nömrəli qərardadı ilə həmin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi, "Texnik-Porqress” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A saylı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 670.254 manat dəyərində hissəsinin üzərinə həbs qoyulması və həmin əmlakın hərrac yolu ilə satılması və əldə olunmuş pul vəsaiti hesabına qətnamənin icrasının təmin edilməsi qərara alınmış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 8-1(103)-19/2013 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
6. Göstərilən qətnamə və qərardadın icrasını təmin etmək məqsədilə xx.xx.2014cü il tarixdə "xxxx" MMC tərəfindən açıq hərrac keçirilmiş və hərracın nəticəsində "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A saylı məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən, ümumi sahəsi 825,12 kv.m. qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə 537.328 manata hərracın qalibi olan “Tikinti Quraşdırma Azər X16-2” ASC-yə satılmışdır. Buna dair “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” xx.xx.2014-cü il tarixli, 73/01 nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır.
7. Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışa əsasən “Tikinti Quraşdırma Azər X16-2” ASC-nin adı dəyişdirilərək Cavabdeh ASC olmuşdur.
8. xx.xx.2017-ci il tarixdə tərtib edilmiş akta əsasən Xətai rayon icra şöbəsi tərəfindən sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh ASC-nin nümayəndəsinə təhvil verilmişdir. İddiaçı aktda qeyd etmişdir ki, icra məmuru tərəfindən aparılan icra hərəkətlərini və aktı qanunsuz hesab edir.
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)- 9855/2017 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı, X5, X3, X8 və X6 cavabdehlər "xxxx" MMC-yə və “Tikinti-Quraşdırma Azərbaycan X16u-2” ASC-yə (hazırda Cavabdeh ASC) qarşı “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” protokolun etibarsız hesab edilməsi barəsində iddiası rədd edilmişdir. Həmin qətnaməyə görə, qeyd edilən sahə zirzəmi kimi yox, qeyri-yaşayış sahəsi kimi cavabdehə satılmışdır. Qətnamə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-2186/2018 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-289/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh ASC-yə qarşı hərrac protokollarının və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(103)-859/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-289/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-52/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 51.600 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. 23.07.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək təmir xərclərinə görə 78.490 manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə pros. 2935A ünvanında yerləşən yaşyış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında olan ümumi sahəsi 235,12 kv.m olan qeyriyaşayış sahəsinə dair xx.xx.2006-cı il tarixli, 180 nömrəli müqavilə bağlanılmışdır. Təqdim edilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün onun dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir. İnşaat başa çatdıqdan sonra o, həmin qeyri-yaşayış sahəsində təmir işlərinə başlamışdır. Bu fakt şahid ifadələri ilə və qeyri-yaşayış sahəsinin vəziyyətinə əsasən tam təsdiq edilir. Lakin cavabdehin müdaxiləsinə görə o, təmir işlərini yekunlaşdıra bilməmişdir. Belə ki, Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə icra hərəkətləri həyata keçirilərək, o, və onun qonşuluğunda olan digər şəxslər qeyd edilən qeyri-yaşayış sahələrindən məcburi qaydada çıxarılmışlar. Həmin qeyri-yaşayış sahələri zirzəmi adı altında Cavabdeh ASC-yə (əvvəlki adı tikinti-quraşdırma Azərbaycan X16u-2 ASC) hərrac vasitəsilə satılmışdır. Həmin dövrdən başlayaraq 2023-cü ilə qədər mübahisəli əmlakla əlaqədar məhkəmə çəkişmələri olmuşdur. Hazırda cavabdehə qarşı yuxarıda qeyd edilən təmir xərclərinin ona qaytarılması tələbinə dair iddia irəli sürülməsini zəruri hesab edir.
15. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı ərizədə qeyd etdiyi əmlakı "xxxx" MMC-dən aldığını bildirir və "xxxx" MMC-nin cavabdeh ASC-yə heç bir aidiyyəti yoxdur. Hətta ödədiyini iddia etdiyi məbləği də 2010-cu ildə "xxxx" MMC-yə ödəmişdir. İddiaçı iddia etdiyi sahə "xxxx" MMC-nin ona satdığı sahə deyil. Cavabdeh ASC qanunla ona məxsus olan əmlakına öz nəzarətinə götürmüşdür. İddiaçını onun özünə aid sahədən heç kim məcburi çıxarmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli akt isə Cavabdeh ASC-yə qanunla məxsus olan əmlakları öz nəzarətinə götürməsini təsdiq edən aktdır. İddiaçı dəfələrlə həmin sahəni məhkəmə qaydasında mübahisələndirməsinə baxmayaraq hər dəfə iddiasının əsassız olması öz təsdiqini tapdığı üçün iddiası rədd edilmişdir. Lakin, iddiaçı həmin qətnamələri iddia ərizəsinə əlavə edib məhkəməyə təqdim etməyib. Ona görə ki, həmin qətnamələrlə tanış olan zaman indiki iddianın da nə qədər əsassız olması görünəcəkdir. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi pozulmuş hüquqlarını bərpa etmək deyil, cavabdehə maddi ziyan vurmaqdır. Belə ki, iddiaçı və onunla bərabər başqa şəxslər tərəfindən qaldırılmış əsassız iddialarla bağlı bu günədək cavabdehə maddi ziyan dəymişdir. Hal-hazırda cavabdeh tərəfindən əsassız məhkəmə mübahisələri zamanı hüquqi xidmət göstərilməsinə 70.000 manata yaxın çəkilmiş xərclər hesablanır və yaxın müddətə iddiaçı da olmaqla əsassız iddia qaldırmış şəxslərə qarşı yeni iddialar qaldırılacaqdır. Bir daha qeyd etməyi zəruri hesab edir ki, iddia əsassızdır və iddiaçı iddianın əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməyib. İddiaçının həmin pulun xərclənməsini təsdiq edən sübutları yoxdur. Ona görə də iddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdehin nümayəndəsi və vəkili həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, o xx.xx.2017-ci ildə iddia etdiyi yerdən məcburi çıxarılıb. Əgər iddiaçı 2017-ci ildə iddia etdiyi yerdən çıxarılıbsa, həmin tarixdən 6 il keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2ci maddəsinin tələbinə görə, həmin maddədə qeyd edilən tələblər üzrə beş il keçdikdən sonra öz qüvvəsini itirir. Ona görə də həmin tələblər üzrə iddia müddəti tətbiq edilərək iddia tələbləri rədd edilməlidir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 5115/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7224 nömrəli rəyin tədqiqat nəticəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının 1ci mərtəbəsində 3+5 və A+C oxları arasında yerləşən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 78.490 manat məbləğində müəyyən edilmişdir.
19. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 211/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6918 nömrəli rəyinə əsasən "xxxx" ASC-yə məxsus Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti və yenidən qurma işlərinə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 3-cü sual üzrə "xxxx" ASC-yə məxsus Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 2935A ünvanında sahəsi 235,12 kv.m olan qeyri yaşayış sahəsində çıxarıb (sökülüb) götürülməsi mümkün olan avadanlıq (əşya) mövcud olmadığı müəyyən edilmişdir. Lakin qeyri-yaşayış sahəsinin daxilində istifadə olunmayan metlax materialının mövcud olduğu müəyyən edilmişdir.
21. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, əmlakı 2006-cı ildə alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-dən almışdır. Əmlakı həm "xxxx" MMC, həm də "xxxx" MMC sata bilirdi. Həmin vaxt o, Rusiyada yaşayırdı və 10 il ödəniş etmişdir. Sonda ona maliyyə arayışı verildi. Açılmış cinayət işinin gedişində "xxxx" MMC-in öhdəlikləri "xxxx" MMC-yə verilmişdi. "xxxx" MMC-nin rəhbəri Ələkbər ilə görüşən zaman o, mübahisəli əmlakın iddiaçının olduğunu və təmir etdirə biləcəyini bildirmişdir. Daha sonra Ələkbər də tutuldu. O, mübahisəli əmlaka getdiyi zaman Cavabdeh ASC orada yox idi. 2017-ci ildə oranı təmirə başlamışdır. Təmirin bitməsinə az müddət qalmış Rövşən adlı icra məmuru yaxınlaşaraq həmin obyektin başqa şəxsə məxsus olması səbəbindən təmir etməməli olduğunu bildirmiş, lakin yazılı kağız verməmişdir. Təxminən avqust ayının 30-31-i polislər gələrək onu obyektdən çıxarmışlar. 2017-ci ildən məhkəmə prosesləri davam edir.
22. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 30/2025 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) iddia tələbi rədd edilmişdir.
23. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə pros. 2935A ünvanında yerləşən yaşyış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında olan ümumi sahəsi 235,12 kv.m olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2006-cı il tarixli, 180 nömrəli müqavilə bağlanılmış, ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsinin özgənikiləşdirilməsinə dair "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" xx.xx.2014- cü il tarixli müqavilə və "Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 73/01 saylı xx.xx.2014-cü il tarixli protokolun və 64.8 kv.m təmirsiz tikilinin hərracdan satılmasına dair xx.xx.2021-ci il tarixli müqavilə və protokol tərtib edilmiş, xx.xx.2017-ci il tarixdə icra aktı tərtib edilmiş, icra aktı ilə iddiaçının faktiki sahibliyində olan və təmiri yekunlaşmaq üzərə olan qeyri-yaşayış sahəsi ilə bağlı icra aktı tərtib edilmişdir.
24. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-289/2021 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMCnin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh ASC-yə qarşı hərrac protokollarının və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-859/2021 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-289/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)-52/2022 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr 2-2(103)- 859/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdelə iddiaçı arasında hər hansı əqd və ya müqavilə mövcud deyil, cavabdehin iddiaçıya yönəlmiş hərəkət və ya hərəkətsizliyindən iddiaçıya hər hansı ziyan dəyməmişdir, lakin cavabdeh mübahisəli əmlakı hərracda təmirsiz halda əldə etdiyindən, təmirin iddiaçı tərəfindən həyata keçirilməsi tərəflər arasında mübahisələndirilmədiyini nəzərə alaraq cavabdeh əsassız varlanmışdır. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisənin hüquqi əsasını əsassız varlanma təşkil edir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
26. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2014-cü tarixdə əmlakı təmirsiz şəkildə əldə etdiyi, iddiaçının hərrac və digər proseslərdən xəbərsiz şəkildə faktiki istifadəsində və sahibliyində olan 235.12 kv.m olan qeyri-yaşayış sahəsində təmir işləri apardığı, icra aktının tərtibi zamanı hərracın nəticələrindən xəbər tutması və qeyri-yaşayış sahəsi üzərində faktiki sahibliyinə qadağa qoyulduğu məlum olmuşdur.
27. Məhkəmə hesab etmişdir ki, iddiaçı 78.490 manat məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki mübahisəyə iddia müddətinin deyil, kəsici müddətin tətbiq edilməsi hüquqi mövqeyindən çıxış edir. Belə ki, iddiaçı tərəf cavabdehlə məhkəmə çəkişmələrinin 2023-cü ilə qədər davam etdiyini qeyd etsə də iddiaçının şəxsən cavabdehə qarşı hər hansı iddia tələbinin məhkəmə qərarının mövcud olmadığı müəyyən edilmiş, istinad etdiyi məhkəmə qərarları isə sözügedən hərrac protokolları ilə bağlı İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında olmuş, iddiaçı həmin işlərdə tərəf qismində şəxsən iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, kəsici müddət şəxsin fərdi məhkəmə müdafiəsi hüququdur.
28. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf xx.xx.2017-ci il tarixdə hüquqlarının pozulduğunu bilmişdir. Mülki qanunvericiliyə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. (§21) Məhkəmə qeyd etmişdir ki, iddiaçının 2017-ci ildə hüququnun pozulduğunu bildiyi andan şəxsən fərdi müdafiə hüququndan istifadə etməmiş və ya lazımi qaydada həyata keçirilməmişdir, beləliklə də cavabdehdən əsassız varlanmaya görə pulu tələb etmək hüququnun vaxtından əvvəl xitamına şərait yaratmışdır.
29. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mövcud iddia tələbi rədd edilməlidir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 324.1, 324.2, 337.1, 337.2, 337.4, 337.5, 354.1, 354.2, 377.1, 385.1, 385.2, 386.1, 386.2, 390.1, 551.1, 551.2, 1091.1, 1091.2, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1094, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına, B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 107, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 217.5, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
31. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 30/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-30/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsinin 21-ci bəndindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2, 14.2.3, 14.2.4, 14.2.5, 14.2.8, 14.2.9, 324.1, 324.2, 337.1, 337.2, 337.4, 337.5, 354.1, 354.2, 386.2, 390.1-ci maddələrinin çıxarılması və 36-cı bənddə “iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən” sözlərinin “hazırki mübahisə üzrə kəsici müddət tətbiq edildiyindən” sözləri ilə əvəz edilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
32. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırda cavabdehin sahibliyində olan qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına təmir etməsini işin mübahisəsiz halı kimi qəbul etmiş və iddiaçını həmin təmir xərclərinin, yəni 78.490 manat məbləği cavabdehdən tələb etməkdə haqlı olduğunu müəyyən etmişdir. Cavabdeh də öz növbəsində bu faktları qəbul etmiş və bu səbəbdən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hazırkı mübahisənin qanuni əsasının əsassız varlanma olması barədə səhv nəticəyə gəlmişdir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2[102]- 789/2025 nömrəli Qərarında göstərilmişdir ki, “Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. İddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.” Həmin Qərara görə “Qanundan irəli gələn öhdəlik kimiəsassız varlanma çərçivəsində tələbin haqlısayılması üçün isə aşağıdakışərtlərmüəyyən edilməlidir: 1.Cavabdehin əmlak əldə etməsi; 2.Həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; 3.Əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç birəsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi.” Ali Məhkəmənin qərarını rəhbər tutaraq qeyd edilir ki, məhkəmə tərəfindən hazırkı mübahisəyə əsassız varlanmanı nəzərdə tutan maddi hüquq normalarının tətbiqi düzgün hesab edilə bilməz.Hazırkı iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçının hesabına əmlak əldə etməmişdir. Cavabdeh müqavilə öhdəliklərinə əsasən və məhkəmə qərarı ilə daşınmaz əmlak əldə etmişdir. Cavabdeh tərəfindən əldə etmə müqavilədən irəli gələn əsasa söykənmiş və bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir. Digər tərəfdən, iddiaçı həmin daşınmaz əmlaka müqavilə münasibətlərinə görə vicdanlı sahiblik etmiş, sonradan isə məhkəmə araşdırmalarının nəticəsində həmin əmlak cavabdehə verilmişdir. Belə halda, birinci instansiya məhkəməsi əsassız varlanma ilə bağlı maddi hüquq normalarını deyil, mülkiyyətin müdafiəsinə həsr olunmuş maddi hüquq normalarını, konkret halda isə, AR Mülki Məcəlləsinin 157.7-ci maddəsini hazırkı mübahisəyə tətbiq etməli idi. Həmin maddədə göstərilmişdir ki, “Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.” Həmçinin məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0 və 384.0.4-cümaddələrinin tələbi də nəzərə alınmalı idi. Həmin maddələrdə iddia müddətinin şamil edilmədiyi tələblərə “mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hərcür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetməilə birləşdirilmiş olmasa belə” də aid edilmişdir. Beləliklə birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmayaraq, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, apelyasiya şikayətinin dəlilləri ilə razı deyil. Ona görə ki, apelyasiya şikayətində Ali Məhkəmənin 2(102)-789/2025 saylı qərarına istinad edilərək qeyd etdiyi dəlillərlə hazırkı işin faktiki halları uyğun gəlmir. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında hər hansı bir müqavilə münasibəti olmamışdır. İddiaçının müqavilə münasibəti cavabdehlə deyil, başqa bir hüquqi şəxslə olub. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və ona görə də, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsi xahiş olunur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarətdir ki, iddiaçı oranın təmiri edib, 78.490 manat da ona verilməlidir, sadəcə müddət keçib. Qarşı tərəf bundan şikayət verməyib, yəni qəbul edir ki, pul həqiqətən də iddiaçıya ödənilməlidir, sadəcə müddət keçmişdir. Ona görə də burada mübahisələndirilən hissə yalnız kəsici və ya iddia müddətidir. Birinci instansiya məhkəməsinin əsassız varlanmanı tamamilə yanlış tətbiq edib. Bu, əsassız varlanma deyil ki, müddəti tətbiq etsinlər. Əsassız varlanma tam başqa bir şeydir, qarşı tərəf iddiaçının hesabına əmlak əldə etməyib. Sadəcə olaraq 157-ci maddə mülkiyyət hüququ ilə bağlı maddədir, orada deyilir ki, yaxşılaşdırmanı götürə bilər, iddiaçı da onu istəyir. Mülkiyyətlə bağlı iddiaya da iddia müddəti ümumiyyətlə tətbiq edilə bilməz. İddiaçı oranın təmirini aparıb, əsas işləri görüb, lakin axıra çatdıra bilməyib, çünki 2017-ci ilin avqust ayında artıq İcra şöbəsi ora daxil oldu. İddiaçının hərracdan məlumatı olsa idi, ora pul qoymazdı. İddiaçı tikinti və ya inşaat üzrə mütəxəssis deyil, ilkin olaraq o, sadəcə özü gözəyarı hesablamışdı.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, şəxsən özü ora 60.000 manat pul qoymuşdur. Onunla bu məbləğ civarında danışan yoxdur. Şəxsən gedib özü danışmış, cavabdeh tərəf ona 1.000-1.500 manat təklif etmişdir. İndi də 10.000 manat deyirlər. O, öz qoyduğu pulu, 60.000 manatı istəyir. Oranı 2017-ci ildə təmir etdirmişdir, ona kimi heç kim heç nə deməmişdir. 2017-ci ilə kimi Rusiya Federasiyasında idi. 2017-ci ilə qədər gəlib-getmişdir. Ödənişləri tam olaraq 2014-cü ildə qurtarmışdır. Ona heç olmasa 50.000 manatını versinlər.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, tərəflər arasında olan münasibət əsassız varlanmadır. Ona görə ki, iddiaçı həmin yeri öz yeri hesab edib. Burada cavabdehin əmlak əldə etməsi sözü ora çəkilən xərcdən söhbət gedir, təmirin getdiyi əmlakdan söhbət getmir. Təmir qiyməti ilə bağlı iddia ərizəsində də düzgün olmadığı görünür, orada yazır ki, 51.000 xərc çəkmiş, sonra ekspert 78.000 manat yazandan sonra iddia tələbinin həcmini artırıb. Eyni zamanda, birinci instansiya məhkəməsində də münasibət bildirilib ki, hər bir halda xərc çəkilib, amma nə 78.000, nə də 51.000 manat deyil. "xxxx" ASC-nin səlahiyyətli şəxsinin verdiyi məlumata görə 2017-ci ilin avqustunda icra aktında iştirak etmiş, aktı imzalayan şəxslərdən biri də odur, hansı ki təhvil-təslim veriləndə və ona qədər də orada məlumat verilmişdi ki, burada təmir işləri aparılmasın, iddiaçıya belə məlumat şifahi formada da bildirilmişdi. Təhvil-təslimdən qabaq olmuşdu, tarixini konkret bilmir. Onu təsdiq edən heç nə yoxdur, sadəcə şifahi formada deyilib. 2017-ci ildə akt tərtib ediləndən sonra təhvil götürülüb, sırf o işlər üzrə 30-dan artıq məhkəmə aktı var, bundan sonra bu məhkəmə mübahisələri davam etdikcə orada iddiaçı və digər şəxslər müvəqqəti təminat tədbiri ilə bağlı ərizələr verdi, nə cavabdeh oradan istifadə edə bildi, nə də xeyrini görə bildi, iddiaçıya da artıq məlum idi ki, o əmlak cavabdehindir, yəni o, deyə bilməzdi ki, xəbəri olmayıb. Öz aralarında razılıqla bağlı birinci instansiya məhkəməsində də təklif olundu ki, təmir işləri görüb, 5.000-10.000 manat civarında razılığa gələ bilərlər, lakin iddiaçı razılığa gəlmədi. İddiaçının çəkdiyi xərclər hansı vaxta təsadüf edir, təhvil-təslimdən qabaq olub ya sonra, onu dəqiq deyə bilmir. Oradakı təmir işləri ilə bağlı xərclər ümumi binaya çəkilmiş xərclərdir, onu da bu xərcin üstünə əlavə edib, orada olan kameralardır, havalandırma borularıdır, hətta ayrıla bilən müəyyən tikinti materialları var ki, onları da həmişə şərait yaratmışlar ki, iddiaçı götürsün. İddiaçı prinsipial olaraq mübahisələri davam etdirdiyinə görə bu vəziyyətə gəlib çıxdı. Görülən işlər də yararsız vəziyyətə düşüb. Əslində iddiaçını aldadan "xxxx" MMC-dir, bu iddia tələbi ona qarşı qaldırılmalıdır və pul ondan tələb olunmalıdır. "xxxx" MMC ilə müqavilə bağlanılıb, onlar onu aldadıb və onlara arxayın olub təmir işlərinə başlayıbdır. 2017-ci ildə iddiaçı bu təkliflərlə gəlsə idi, daha effektiv olardı.
38. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəələri barədə məlumat vermmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Hazırkı işdə iddia rədd edildiyindən, qətnamə yalnız iddiaçı tərəfindən mübahisələndirdiyindən, qətnamənin əsaslılığı apellyasiya şikayətinin dəlillərinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
45. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları səhv tətbiq edilməklə qətnamə qəbul edilmişdir.
46. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında olan ümumi sahəsi 235,12 kv.m olan qeyriyaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli, 180 nömrəli müqavilə bağlanılmış, iddiaçı həmin sahəyə görə son ödənişi xx.xx.2014-cü il tarixdə etmişdir.
47. Həmin sahə "xxxx" MMC-nin cavabdehə olan borcu ilə əlaqədar çıxarılmış məhkəmə aktlarının icrası ilə bağlı xx.xx.2014-cü il tarixdə keçirilmiş hərracdan cavabdehə satılmış, iddiaçı isə həmin sahədən xx.xx.2017-ci il tarixdə icra qurumu tərəfindən çıxarılmışdır.
48. İddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında 2017-ci ildə qeyri-yaşayış sahəsinin təmirinə başladığını bildirmiş, cavabdehin nümayəndəsi isə bununla bağlı məhkəmə kollegiyasına dəqiq məlumat verə bilməmişdir.
49. İddiaçının hazırki tələbi həmin sahənin təmiri ilə bağlı çəkilmiş xərclərin cavabdehdən tutularaq ona ödənilməsi barədədir.
50. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəylərinə əsasən sözügedən qeyri-yaşayış sahəsində yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 78.490 manat təşkil etdiyi, çıxarıb (sökülüb) götürülməsi mümkün olan avadanlıq (əşya) mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin, qeyri-yaşayış sahəsinin daxilində istifadə olunmayan metlax materialının mövcud olduğu müəyyən edilmişdir.
51. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparıldığı inkar edilmir, hətta cavabdehin nümayəndəsi tərəfindən kollegiyanın iclasında bunun əvəzi üçün 10.000 manata yaxın pulun iddiaçıya təklif edildiyi də bildirilmişdir. Lakin iddiaçı həmin məbləğlə razılaşmamış, cavabdeh isə prosessual qanunvericiliyin tələbləri baxımından iddianın qismən etirafı ilə bağlı zəruri prosessual hərəkətlər etməmişdir.
52. Həmçinin qeyd edilməlidir ki, həmin təmir-tikinti işlərinin ümumi dəyəri birinci instansiya məhkəməsi tərəfindən 78.490 manat məbləğində müəyyən edilsə də, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə, yəni qətnamə bu hissədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
53. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, artıq xx.xx.2014-cü il tarixdən cavabdehə məxsus qeyriyaşayış sahəsini iddiaçı öz əmlakı hesab edərək orada 2017-ci ildə təmir-tikinti işləri aparmış, bunun nəticəsində cavabdeh hər-hansı qanuni əsas və ya müqavilə əsası olmadan əsassız varlanmışdır.
54. İşdən görünür ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinə ərizə təqdim edilmişdir.
55. Kollegiya bununla bağlı ilk növbədə qeyd edir ki, hazırki mübahisəyə kəsici müddətin tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır.
56. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarındakı hüquqi mövqeyə görə bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
57. Mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
58. İşdən görünən odur ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən həmin qeyri-yaşayış sahəsindən çıxarılmış, qeyri-yaşayış sahəsi cavabdehin nümayəndəsinə təhvil verilmiş, hətta iddiaçı bununla bağlı həmin tarixli aktda icra məmuru tərəfindən aparılan icra hərəkətlərini və aktı qanunsuz hesab etməsi barədə yazılı qeyd etmişdir.
59. Bundan sonra, iddiaçı hərracın nəticələrini məhkəmədə mübahisələndirmiş və Bakı Şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli nömrəli qətnaməsi ilə iddiası rədd edilmiş, həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilməmişdir.
60. Göründüyü kimi, iddiaçı öz hüquqlarının pozulduğunu artıq həmin vaxtdan bilməsinə baxmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü ildə, yəni 5 il keçdikdən sonra müraciət etmiş, bununla da mülki qanunvericilikdə nəzərdə tutulmuş iki illik iddia müddətini ötürmüşdür.
61. Kollegiya həmçinin qeyd edir ki, ekspert rəyinə əsasən qeyri-yaşayış sahəsinin daxilində istifadə olunmayan metlax materialının mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh həmin əşyaların götürülməsinə etiraz etmədiyini bildirmişdir. Bununla belə, mübahisə halında iddiaçı tərəfindən həmin əşyaların cavabdehdən tələb edilməsi ilə bağlı iddianın irəli sürülməsi istisna edilmir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-30/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçının özünə aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 manat məbləğində vəsait İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: