Məhkəmə qərarları › İş №2(103)-5376/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5376/2024

06.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5376/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərardadından İddiaçı1 (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (Maraqlı şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni sahə ünvanında yerləşən fərdi yaşayış evindən və evin həyətyanı sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (2(003)-2854/2024 nömrəli mülki iş üzrə, hakim Ə.Qəhrəmanov) qərardadı ilə qanunla müəyyən olunmuş qaydada verilmədiyindən (iddia tələbi aydın irəli sürülmədiyindən) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddia ərizəsi qanunvericiliyinə uyğun forma və məzmunda tərtib edilmiş, lakin məhkəmə iddia ərizəsində qeyd edilməyən iddia tələbinə əsaslanaraq əsassız qərardad qəbul etmişdir. Bunların nəzərə alınmağını, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki iş ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən iddia tələbinin qeyri-müəyyən şəkildə irəli sürüldüyünə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 149.2.3-cü maddəsinin tələblərinə cavab vermədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas insan və vətəndaş hüquqularından biri də, qanunla qadağan olunmayan üsul və vasitələrlə hüquq və azadlıqların müdafiə edilməsidir. Bu müdafiə vasitələrindən biri də məhkəməyə müraciət hüququdur. Bu baxımdan, bütün fiziki və hüquqi şəxslər, özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər müəyyən olunmuşdur. Bu şərtlərdən biri də, MPM-in 149.2.3-cü maddəsində əks olunmuşdur. Belə ki, həmin maddəyə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblərin göstərilməsi zəruridir. İş materiallarında olan iddia ərizəsindən isə görünür ki, iddiaçı aydın olmayan iddia tələbi ilə məhkəməyə müraciət etmiş və MPM-in 149.2.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə olduğu halda nəzərə alınmalıdır ki, MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərinin pozulmasını əsas gətirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Apellyatorun digər dəlili isə bundan ibarətdir ki, mübahisələndirilən qərardadın təsviri hissəsində qeyd edilənlərin əksinə olaraq iddia tələbi “cavabdeh tərəfindən ona qarşı uşaqla ünsiyyətdə olma maneələrinin aradan qaldırılması” barədə olmamış, iddiaçıların tələbinin nədən ibarət olması iddia ərizəsində kifayət qədər anlaşılan və aydın şəkildə irəli sürülmüşdür. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisləndirilən qərardadın təsviri hissəsində iddia tələbi yanlış qeyd edilsə də, bu sadəcə texniki səhvlikdir. Belə ki, həmin qərardadın giriş hissəsində iddiaçıların tələbi düzgün şəkildə, yəni iddia ərizəsində olduğu kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət verilərkən irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar