Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-538/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1758/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 1 Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən borcverən İddiaçı borc alan Cavabdeh 13.000 manat məbləğində borc vermiş və sonuncu həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür.
2. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 1(004)-203/2022 nömrəli hökmündən görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində “xalası qızı X3 da 30 iyul 2019-cu il tarixdə eyni yolla həmin mənzillərdən əldə etmək üçün qardaşı İddiaçı vasitəsi ilə notarial qaydada 13.000 manat pulu Cavabdeh verdiyini, 2019cu ilin dekabr ayında isə Afaqın verdiyi 13.000 manat pulun Kənandan geri alınaraq Qurbanov Şahidə verildiyini”, zərərçəkmiş şəxs qismində dindirilmiş X6 (hazırki iş üzrə iddiaçının bacısı) isə ifadəsində “30 iyul 2021-ci il tarixdə qardaşı Samirin vasitəsilə notarial qaydada həmin 13.000 manat pulu Kənana verdiyini, pulu aldıqdan sonra Kənanın ona 6 ay ərzində adına mənzil təyin olunacağına dair söz verdiyini, lakin ondan daha əvvəl Kənana müraciət etmiş xalası qızı İlahənin adına təyin olunan mənzilin söz verildiyi vaxtda ona təqdim edilmədiyindən İlahə ilə Kənan arasında narazılıq olduğunu və İlahənin Kənandan həm özü üçün verdiyi 8.000 manat pulu, həm də onun verdiyi 13.000 manat pulu geri alaraq ona qaytardığını, bundan sonra İlahənin onu əvvəllər tanımadığı Şahid Qurbanov adlı şəxslə tanış edərək onların ev məsələsini Şahidin həll edəcəyini bildirdiyini və 2019-cu ilin oktyabr ayında İlahənin onun 13.000 manat pulunu və özünün 8.000 manat pulunu MİDA-nın Yasamal rayonu Kənar Dairəvi yol 8 ünvanında yerləşən sosial evlərdən almaq üçün Şahid Qurbanova verdiyini” bildirmişlər.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.000 manat pulun alınaraq ona qaytarılması və ödənilmiş dövlət rüsumu olaraq 300 manat pulun ona qaytarılması, əldən çıxmış faydaya görə 2.000 manat, hüquqi yardım və mənəvi ziyana görə isə 1.000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 16.300 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddia ərizəsinə dəqiqləşdirməyə dair ərizə təqdim edərək, Cavabdeh 13.000 manat pulun alınaraq ona qaytarılması və ödənilmiş dövlət rüsumu olaraq 141 manat pulun ona qaytarılması, hüquqi yardıma görə ödənilmiş 150 manat pulun, əldən çıxmış faydaya görə 2.000 manat, mənəvi ziyana görə isə 1.000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 16.291 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 13.000 manat məbləğində pulu vermiş və bunu xx.xx.2019-cu il tarixli notarial təsdiqli müqavilə əsasında borc olaraq aralarında rəsmiləşdirmişlər. Verilmiş pul məbləğini cavabdeh xx.xx.2020-ci il tarixədək qaytaracağına söz vermiş və öz üzərinizə öhdəlik götürmüşdür. Lakin aradan keçən müddət ərzində pul vəsaiti geri qaytarılmamış və öhdəliyə riayət edilmədiyindən ona maddi ziyan vurulmuşdur. Müəyyən müddətdir ki, cavabdeh onu gözlədir, lakin pulu ödəməkdən yayınır. Bununla da, baş vermiş hüquq pozuntusu nəticəsində cavabdeh tərəfindən edilmiş hərəkətə görə tələbkar şəxsə dəymiş ziyan geri ödənilməlidir. Bundan əlavə iki ilə yaxın müddətdir ki, pul vəsaiti cavabdehdə əsassız qaldığından müəyyən gəlirlərindən məhrum olmuş və itkilərlə üzləşmişdir. Aylarla cavabdehdən pulunu ala bilməyərək özünə iş qura bilmədiyi və pulunu itirdiyi üçün mənəvi iztirablar çəkmişdir. Pul vəsaitinin alınması məqsədilə hüquqi yardıma görə əlavə vəsait xərcləmişdir. Əldən çıxmış fayda qismində 2.000 manat və hüquqi yardım pulu da cavabdehdən onun xeyrimə tutulmalıdır.
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1758/2022 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia qismən təmin edilmiş, 13.000 manat borc məbləğinin, vəkilə ödənilmiş 150 manat pulun əvəzi olmaqla, cəmi 13.150 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 113 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən pul məbləğinin qaytarılmasına dair sübut təqdim edilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 449.1, 462.1, 465.2, 467, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 105.0.1, 107, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə, istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının izahatını dinləməklə və onun təqdim etdiyi müqavilə ilə kifayətlənmiş, cavabdehin iştirakını təmin etmədən, çəkişmə prinsipinə, tərəflərin bərabərliyi prinsipinə əməl etmədən, sonuncunun irəli sürülmüş tələb üzrə öz etirazını, tələbini və sübutları təqdim etməsinə şərait yaratmadan işə baxmaqla iddianı təmin etmişdir. Məhkəmə iclası təxirə salıb cavabdehi lazımi qaydada məlumatlandırmaq əvəzinə işi yekunlaşdırmışdır. Cavabdeh məhkəmənin hazırkı qətnaməsindən və ondan apellyasiya qaydasında şikayət vermək hüququnun olmasından yalnız icra mərhələsində məlumat əldə etdiyindən məhkəməyə rəsmi müraciət edərək qətnamənin surətini xx.xx.2024-cü il tarixdə elektron qaydada əldə etmişdir. Bundan əlavə, qeyd olunmalıdır ki, cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş məbləği tam şəkildə iddiaçı tərəfə qaytarsa da, sözügedən bu hal onlar tərəfdən gizlədilmişdir. Hətta, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsindəki məbləğin iddiaçı tərəfə qaytarılması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 1(004)-203/2022 saylı hökmündə də öz təsdiqini tapmış, bu hal iddiaçının xalası qızı X2 və bacısı X3 ifadələrində təfərrüatlı şəkildə əks olunmuşdur. Bununla da, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamış, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, eyni zamanda maddi və prosessual hüquq normaları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 və X6 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətinə əsasən qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
20. İşdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 1(004)-203/2022 nömrəli hökmü ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli müqavilə ilə borc kimi rəsmiləşdirilən 13.000 manat məbləğində vəsait əslində iddiaçının bacısı X6 üçün “MİDA”-ya məxsus mənzilin alınmasında köməklik göstərilməsi üçün cavabdehə verilmiş, lakin cavabdeh sonradan həmin məbləğ ondan geri tələb edildiyi üçün qaytarmışdır.
21. X1 barəsində cinayət işinə məhkəmədə baxılarkən iddiaçının bacısı X6 və qohumu X5 öz ifadələrində təsdiq etmişlər. Belə ki, onlar sözügedən məbləğin hazırki iş üzrə cavabdehdən 2019-cu ilin dekabr ayında geri alındığını bildirmişlər.
22. Göründüyü kimi, iddiaçının istinad etdiyi xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehin hər hansı icra edilməmiş öhdəliyi mövcud deyil.
23. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1758/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği və hüquqi yardıma görə ödənilmiş məbləğ iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: