Məhkəmə qərarları › İş №2(103)-5382/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5382/2024

05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5382/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2343/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1075/2021 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 14.960 (on dörd min doqquz yüz altmış) manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və cavabdeh X3 aid olan hissədə rədd edilməsi qət edilmişdir.

2. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 24 oktyabr 2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1075/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və həmin qərar üzrə xx.xx.2022-ci il tarixli tələbin könüllü icra edilməsi barədə bildiriş Cavabdeh müvafiq poçt ünvanına göndərilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1077/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3(006)-4776/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsi qərara alınmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-213/2023 saylı qərardadı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin təqdimatının təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1075/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1971-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.

5. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 24 avqust 2023-cü il tarixli “borclunun axtarılması haqqında” qərarından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh barəsində axtarış elan edilmiş və saxlanılaraq (şəxsiyyətini təsdiq edən sənəd ilə) Nəsimi rayon icra şöbəsinə təhvil verilməsi qərara alınmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra şöbəsinin məktublarından görünür ki, Cavabdeh şöbəyə çağırılmış, ondan izahatlar alınmış və o, izahatlarında borc məbləğindən cəmi 3200 manat tələbkarın xeyrinə ödəniş etdiyini və hər ay cəmi 200 manat ödəyə biləcəyini qeyd etmişdir. Tələbkar İddiaçı Seyidverdi qızı şöbəyə şifahi müraciət edərək onun xeyrinə 2800 manat ödəniş olunduğunu və qalıq olaraq 12190 manat borcun qaldığını bildirmişdir. Bundan sonra icra sənədinin icrası tam şəkildə təmin edilmədiyindən tərəflərindən xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(006)-1077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu 500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İcra məmurunun təqdimatına əsasən 8(006)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcraat zamanı borclunun gəlir və əmlakı aşkar edilməmişdir. Borclunun axtarışına dair qərar icra olunması üçün xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə onun barəsində axtarış işi açılmışdır. Borclunun axtarışına dair qərar icra olunması üçün xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə onun barəsində axtarış işi açılmışdır. Borclunun axtarışına dair tədbirlərin surətləndirilməsi üçün xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə müraciət edilmişdir. İcra sənədi nəzarətdə saxlanılır, axtarışın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra şöbəsinin sonuncu xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, icraat zamanı borclu tərəfindən tələbkarın xeyrinə 3950 manat pul vəsaitinin ödənilməsi təmin edilmiş, hazırda 11040 manat borcu mövcudur. İcra sənədi üzrə tələbin tam təmin edilməsi üçün icra tədbirləri davam etdirilir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı sol tərəfli Pnevmoniya xəstəliyi diaqnozu qoyulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 2000 manat və onun tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh və onun həyat yoldaşı olan Vaqif Əhədovu tanıyır. Cavabdehlər 2019-cu ilin fevral ayında İddiaçı müraciət edərək, onlara pul lazım olmasını bildirmiş, o da onlara qaytarmaq şərti ilə 1070 manat məbləğində pul vermişdir. Cavabdehlər pulu alarkən mart ayında qaytaracaqlarını bildirmişlər. Daha sonra onlar xx.xx.2019-cu il tarixdə yenidən pul lazım olmasını və xx.xx.2019-cu il tarixdə qaytarmaq şərti ilə İddiaçı 2150 manat məbləğində pul almışdılar. Cavabdeh xx.xx.2019cu ilin aprel ayında təkrar olaraq ondan 13 qram, 1600 manat məbləğində italyan sırğanı hər ayın 17-si 200 manat vermək şərti ilə götürmüşlər. Həmin puldan 200 manatı vermiş, 1400 manatı isə qalmışdır. xx.xx.2019-cu il tarixdə cavabdehlər təkrarən İddiaçı 10340 manat dəyərində hər ayın axırı 400 manat vermək şərti ilə qızıl sep götürmüşlər. Bu günə kimi cavabdehlər aldıqları pulları qaytarmamışlar. Onlar bu hərəkətləri ilə İddiaçı həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Onların iddiaçıya qarşı olan bu hərəkətləri nəticəsində o, infakt keçirərək xəstəxanalıq olmuşdur. Hazırda da müalicə alır. Müalicəyə də xeyli məbləğdə pullar xərcləmişdir. Onların ondan aldıqları pullar öz əl yazmaları ilə yazdıqları ərizələr ilə sübut olunur. Dəfələrlə onlardan özünə olan borcun qaytarması üçün müraciət etsə də bunun heç bir nəticəsi olmamışdır. Nəticədə, o, məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Hazırda iş icra mərhələsində olsa da cavabdeh onu süründürür və cavabdehin ona etdiyi bu hərəkətlər nəticəsində onun səhhətində çox ağır xəstəliklər yaranmışdır. Belə ki, əsəbdən boğulma, hava çatışmazlığı yaranmış, ürəkdə göynəmə yaranmışdır. Onun bu barədə xəstəlik tarixindən çıxarışı vardır və işə əlavə etmişdir. Müalicələrinə 5000 manatdan çox pul xərcləmişdir. Bunların səbəbi cavabdehin pulunu verməməsidir. Dəfələrlə məhkəmə icrasının yanında olsa da bir nəticə vermir. Bir sözlə, o, əsəbdən ürək xəstəsi olmuşdur. Hesab edir ki, maddi ziyana görə yəni dərmanlara, həkimə çəkdiyi xərcə görə 3000 manat, mənəvi ziyana görə 2000 manat pul vəsaiti tutularaq ona ödənilməlidir. Həmin zərər vurma nəticəsində ona dəymiş maddi ziyanı 3000 manat vəsait kimi qiymətləndirmişdir. Qeyd edir ki, qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində də ona mənəvi zərər dəymişdir. Dəymiş mənəvi ziyanı 2000 manat vəsait kimi qiymətləndirmişdir. Bundan əlavə, hazırkı iddianın qaldırılması üçün “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən dövlət rüsumu ödəmiş, iddia təmin edildikdən sonra həmin rüsumun cavabdehdən tutulmalı olduğu qənaətindədir. Göstərilənlər əsasında iddiaçının pozulmuş mülki hüquqlarının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən qorunması zərurəti yaranmışdır. Belə ki, hazırki işin hallarına uyğun olaraq hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ var.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2343/2024 saylı 30 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində cavabdehin ona olan borcunu qaytarmaması nəticəsində infarkt keçirərək xəstəxanaya düşməklə ürək xəstəsi olmasını və tibbi sənədi təqdim etməsini qeyd etsə də, iddia tələbinin “vurulmuş maddi zərərin ödənilməsi” hissəsinin əsaslı olması üçün hüquqi əsas yaratmır. Tərəflər arasında yaranmış borc münasibətləri üzrə aparılmış icra işinin materiallarına baxış keçirilmişdir. Sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, bir sıra icra tədbirləri həyata keçirilməklə, cavabdeh tərəfindən borclu olduğu məbləğin müəyyən qisminin ödənilməsinə nail olunmuş və icra tədbirləri davam etməkdədir. İddiaçının dəlillərinə münasibətdə isə məhkəmə onu qeyd edir ki, iddiaçı xəstəlik tapmasına və bu kimi digər hallara istinad etmiş olsa da, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Yəni səhhətində problemlərin yaranmasını, onda müxtəlif növ xəstəliklərin aşkarlanmasını qeyd etmiş olsa da, qeyd etdiyi xəstəliklərin məhz borcun ödənilməməsi ilə bağlı yaranıb-yaranmamasını müəyyən etmək mümkün olmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 1097.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2343/2024 saylı 30 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə Cavabdeh borc pul, zinət əşyası vermişdir və cavabdeh ona 2020-ci ilin mart ayında qaytaracağını bildirmişdir. İddiaçı 2021-ci ildə pul qaytarılmadığına görə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edilib. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi onun xeyrinə qətnamə çıxarmışdır. Lakin altı ildir ki, qətnamə bu qünə kimi icra olunmayıb. Eyni zamanda, o, pulunu ala bilməməsi səbəbindən, çəkdiyi iztirablar və mənəvi sarsıntılar nəticəsində xəstəxanaya düşmüşdür. Bu barədə xəstəlik tarixindən çıxarışı vardır və işə əlavə edilmişdir. Mülki qanunvericiliyin tələbinə görə hakim təkcə qanunun nöqtə, vergülünü deyil həm də tərəflər arasında münasibətlərin xarakterini, iradə ifadəsini də nəzərə almalıdır və dəymiş ziyana görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə tərəfndən çıxarılan qətnamə ədalətsizdir. Belə ki, onun iddiasını təsdiq edən xəstəlik çıxarışı vardır və o, həmin xəstəlik çıxarışını sübut kimi məhkəməyə təqdim etmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallar işin nəticəsinə uyğun deyil. Sübutlar xəstəlik tarixindən çıxarışına düzgün qiymət verilməmişdir. Belə ki, o, həkimlərə çəkdiyi xərcə görə 3000 min manat və mənəvi ziyana görə 2000 min manat xərc sübutlarının olmasına baxmayaraq hakim tərəfindən nəzərə alınmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 25.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 26.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

27. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

28. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21, 1096.1 və 1097.1-ci maddələri təşkil edir.

33. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

34. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1075/2021 saylı qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçı tərəfin istinad etdiyi hallara əsasən onun maddi zərərə uğramasını müəyyən etmək mümkün olmamışdır.

35. Belə ki, cavabdehin məhkəmə qətnaməsini vaxtında və lazımi qaydada icra etməməsi, bununla da icra qanunvericiliyini pozması, mütəmadi olaraq məsuliyyətə cəlb edilməsi işin mübahisələndirilməyən hallarıdır. Belə olan halda cavabdeh tərəfindən yol verdiyi hərəkətlər qanunazidd kimi qiymətləndirilə bilər. Bununla belə zərərin (sağlamlığında problemlərin yaranması) mövcud olması, mövcud olsa da bunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1075/2021 saylı qətnaməsinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində baş verməsi, yəni iddiaçının istinad etdiyi halları ilə cavabdehin icra qanunvericiliyinə zidd şəkildə davranması arasında səbəbli əlaqənin olması halları öz təsdiqini tapmamışdır.

36. Bundan başqa iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1075/2021 saylı qətnaməsinin icra edilməməsi nəticəsində ona mənəvi zərər vurulduğuna istinad etmişdir. Bununla əlaqədar kollegiya vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddialar, maddi zərərin ödənilməsi barədə iddialarla bağlı icraatda olduğu kimi, o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarından isə görünür ki, məhkəmə aktının cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının mənəvi zərər çəkməsi faktı onun məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.

37. Halbuki işin obyektiv həlli yalnız mötəbər sübutlardan istifadə olunduğu təqdirdə mümkündür. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır: sübutlar birlikdə dəyəndirilməlidir.

38. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

39. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2343/2024 saylı 30 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar