Məhkəmə qərarları › İş №2(103)-5392/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5392/2021

24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5392/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı “xarici tələbənin ali təhsil müəssisəsindən xaric edilməsinə dair əmrin (etibarsız) ləğv edilməsi və tələbələr sırasına bərpa olunmaq vəzifəsinin həvalə edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1310/2021 saylı işi üzrə 23 aprel 2021-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun universitetin tələbləri sırasından xaric edilməyinə dair cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin 18.03.2021-ci il tarixli 160/4/2021 saylı əmrinin ləğv edilməsinə və onun aldığı ixtisas üzrə universitetin tələbələri sırasına bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsinə iddianı təmin etmə tədbirinə dair ərizə də əlavə edərək, onun Azərbaycan Dövlət İqtisad Universitetində 2-ci təhsil ilində ixtisası üzrə tədrisə cəlb olunmağı və 2-ci təhsil ili üçün müəyyən edilmiş bütün imtahanlara buraxılmağına dair maneənin cavabdehə qadağan edilməsinə dair iddianın təminetmə tədbirinin görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1310/2021 saylı işi üzrə 23 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetində 2-ci təhsil ilində ixtisası üzrə tədrisə cəlb olunmağına və 2-ci təhsil ili üçün müəyyən edilmiş bütün imtahanlara buraxılmağına maneə törədilməsi cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qadağan edilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 qərardaddan şikayət verərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 23 aprel 2021 -ci il tarixli 2 (009)- 1310/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı 05.09.2019-cu il tarixli ərizə ilə Rusiya Federasiyasının vətəndaşı kimi UNEC-ə müraciət etmiş, 27.09.2019-cu il tarixli 592/4/2019 nömrəli əmrlə xarici ölkə vətəndaşı kimi UNEC-ə qəbul olmuş və onunla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın əlavəsinə uyğun olaraq müqavilə imzalanmışdır. Qəbul zamanı İddiaçı qüvvədə olan təhsil və miqrasiya qanunvericiliyinin tələbləri izah olunmuş və onun tərəfindən sənədlərinin mövcuq qaydalara uyğun olmadığı üçün məsuliyyəti öz üzərinə götürülməsi haqqında ərizə imzalamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.4 bəndinə əsasən, əcnəbi tələbə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilən Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi kartını ali təhsil müəssisəsinə təqdim etməlidir, İddiaçı Vasıb oglu tələb olunan müvəqqəti yaşayış icazəsi kartının alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin onun eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən olduğu üçün kartın verilməsinə imtina edilmişdir. Bu səbəbdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 1.2 bəndinə əsasən (“Bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.”) əcnəbi tələbə kimi təhsil almasının hüquqi əsası yoxdur. Beləliklə, İddiaçı tələbə statusunu qazanmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6 bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulunda iştirak etmək hüququna malikdir. İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qarşı “xarici tələbənin ali təhsil müəssisəsindən xaric edilməsinə dair əmrin (etibarsız) ləğv edilməsi və tələbələr sırasına bərpa olunmaq vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası üzrə iddianın təmini tədbiri haqqında Qərardadın qəbulu zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5\2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 4.1 bəndinin tələbi nəzərə alınmamışdır, bu bəndə əsasən “tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər”. Tələbələr sırasına xaric olunma vaxtından bir semestr keçdikdən sonra (yay və qış tətilləri müddətində) bərpa olmaq şərti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərindən irəli gəlir və tədrisin təşkili üçün mütləq və zəruridir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1310/2021 saylı işi üzrə 30 aprel 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1310/2021 saylı işi üzrə 23 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Nümayəndə2 şikayəti əsassız olduğundan təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının ikili vətəndaşlığının olduğunu, ona görə universitetdə təhsil ala bilməyəcəyini, DİM tərəfindən imtahan vasitəsilə universitetə qəbul edilməli olduğunu, tələbənin 15 il ərzində dərsə yenidən bərpa oluna biləcəyini, iddiaçının dərslərini oxusa da diplom əldə edə bilməyəcəyini, tələbələrin elektron kabineti olduğunu, ora daxil olaraq dərslərlə tanış olmaq imkanı olduğunu bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 şikayəti qəbul etməyərək, cavabdehin şikayətində birinci instansiya məhkəməsinin qərardadını hansı əsasla ləğv edilməsini göstərilmədiyini, iddia təmin tədbirinin təmin olunmayacağı təqdirdə tələbənin dərsdən geri qalacağını, ona görə təmin tədbiri barədə qərardadın qəbul edilməsinin lazım olduğunu bildirmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb və MPMnin 157 - 164, 385 - 388, 397, 398-ci maddələrinə əsasən hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır, iddiaçının hüquqlarının təminatına yönəlmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair 14 mart 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Hazırki mübahisələndirilən qərardada münasibətdə qeyd edilməlidir ki, cavabdeh qərardaddan şikayət verərkən mübahisənin mahiyyəti üzrə araşdırma predmetinə aid olan, habelə bir qismi digər dövlət orqanların səlahiyyətlərinə aid sübuta yetirilməyən dəlillərə istinad etmişdir. Bundan başqa, vətəndaşlıq haqqında mübahisəni istisna etməyən, Azərbaycan Respublikasının Konstitusiyası, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericiliklə tənzimlənən münasibətlərə hazırki mübahisənin predmeti olmayan mübahisə çərçivəsində sui-istifadəyə şərait yaradan qanunvericiliyin tətbiqi və sübutlara öncədən qiymət verilməsi baxımından, iddianın təmin edilməsi tədbiri haqqında ərizənin rədd edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-159, 263-264, 268, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin nümayəndəsi Nümayəndə2 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1310/2021 saylı işi üzrə 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar