Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5398/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı "pulun tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-147/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında tikilməli olan yaşayış binasının 10-cu mərtəbəsində, ümumi sahəsi 83,5 kv.m olan, 3 otaqlı, 55 saylı, tam təmirli mənzilin əvəzinə onun real bazar dəyəri olan 376.000 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-147/2024 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(112)-3934/2024 mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı "pulun tutulması" tələbinə dair e-2(006)-147/2024 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğd edilməsini xahiş etmişdir. İddiaçı X5 şikayəti onunla əsaslandırmışdır ki, mülki işin başlandığı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək heç bir məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməyən "xxxx" MTK xx.xx.2024-cü il tarixdə nümayəndəsi (vəkili) vasitəsi ilə məhkəməyə sənədlər təqdim etmiş və işin icraatının dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, MTK tərəfindən mənzilin bu günədək təhvil verilməməsinin səbəbi Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə binanın 8-ci mərtəbədən yuxarı tikintisinə qadağa qoyulmasıdır. Həmin sərəncam 2023cü ilin dekabr ayının sonunda Bakı İnzibati Məhkəməsində MTK tərəfindən mübahisələndirilmişdir. Məhkəmə sərəncamı qanunsuz sayarsa, binanın inşası davam edəcək və iddiaçı da mənzillə təmin olunacaqdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hesab etmişdir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Lakin bu zaman birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onun iddiası əsasında başlanmış və hazırda icraatında olan iş üzrə iddia tələbi mənzilin təhvil verilməsi deyil, mənzilin dəyərinin ödənilməsidir. Belə olan halda, Bakı İnzibati Məhkəməsinin icraatında olan iş üzrə "xxxx" MTK-nın iddiasının təmin olunub-olunmamasının onun iddiasına hər hansı təsiri olmayacaqdır. Çünki yuxarıda qeyd edildiyi kimi, o, onunla MTK arayında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin predmeti olan 59 nömrəli mənzilə heç bir marağı qalmayıbdır. O, cavabdeh MTK-dan mənzilin dəyərinin pul şəklində ona ödənilməsini tələb edir. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər arasında mövcud olan mülki mübahisənin həlli Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 3934/2024 nömrəli inzibati işin nəticələrindən asılı deyil. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almamış, iş üzrə icraatın dayandırılması barədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında işlərə uzun müddətlərdə baxılması bəllidir. Hələ həmin işlər üzrə qəbul ediləcək qərarların apellyasiya və kassasiya qaydasında mübahisələndirilməsi də nəzərə alınsa, bu təxminən 3 ilə yaxın vaxt edir. Belə olan halda, xx.xx.2021-ci ildən (mənzilin təhvil verilməli olan tarix) hüquqları pozulmuş, kirayələrdə qalmış şəxs olaraq, hələ təxminən 3 il də məhkəmə mübahisəsinin sonunu gözləməlidir ki, marağını itirdiyi mənzilə görə pulun ödənilməsini MTK-dan tələb etsin. Hesab edir ki, bu cür yanaşma əsassızdır. O, MTK-dan heç bir mənzil istəmədiyi halda, nəyə görə Bakı İnzibati Məhkəməsinin icraatında olan işin nəticəsini gözləməlidir? Hazırki iş üzrə icraatın dayandırılmasını tələb edən hər hansı məcburi hal mövcud deyil. Göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələblərinə ziddir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-147/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır; 256.0.3-cü maddəsinə əsasən Mülki-Prosessual Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir; Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinadən qeyd edir ki, qanunverici Mulki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı onunla MTK arayında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin predmeti olan 55 nömrəli mənzilə marağını itirdiyini bildirir və mənzilin təhvil verilməsini deyil, onun dəyərinin pul şəklində ödənilməsini tələb etdiyi bir halda, Bakı İnzibati Məhkəmənin icraatında olan iş üzrə cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamını mübahisələndirir. Belə ki, həmin Sərəncama əsasən cavabdeh tərəfindən inşa edilən və iddiaçıya təhvil verilməli olan mənzilin yerləşdiyi binanın 8 mərtəbəyə endirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi cavabdehə həvalə edilmişdir. Nəticədə cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq 10-cu mərtəbəni və orada yerləşəcək 3 otaqlı, 55 saylı mənzili inşa edib iddiaçıya təhvil verə bilmir. Bununla belə, mövcud vəziyyətdə cavabdehin Bakı İnzibati Məhkəmədə qaldırdığı iddianın hüquqi nəticə etibarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan işə hər hansı aidiyyəti yoxdur. Həmin iddianın uğurlu olmasının və bunun nəticə olaraq, binanın 10-cu, o cümlədən iddiaçının müqaviləsində göstərilən mənzilin inşa olunmasının davam etdirilməsinin hazırki iş üzrə iddiaya hər hansı hüquqi təsiri olmayacaqdır. İddiaçı xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin pozulmasını iddia edir və artıq mənzilin deyil, onun real bazar dəyərinin ödənilməsini tələb edir. Bununla belə, bu iddialar həm mahiyyət, həm də hüquqi nəticə etibarı ilə biri digərinə hər hansı formada bağlı deyil və təsir göstərmir. Qeyd edilənlər öz növbəsində cavabdehin Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiası üzrə çıxarılmış məhkəmə aktı qüvvəyə minənə qədər hazırki iş üzrə icraatın dayandırılmasını istisna edir və birinci instansiya məhkəməsinin bu barədə qərardadının ləğv edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə icraatı dayandırmaqda haqlı olmamışdır. Bu səbəbdən İddiaçı şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-147/2024 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi (işə mahiyyəti üzrə baxılması) üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 254-cü, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-147/2024 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi (işə mahiyyəti üzrə baxılması) üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5398/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5398/2024
11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver