Məhkəmə qərarları › İş №2(103)-5399/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5399/2025

03.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5399/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, e-2(008)-982/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Sifarişçi İddiaçı ilə podratçı "xxxx" MMC-nin direktoru qismində Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, podratçı sifarişçiyə məxsus Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin əvvəlcədən təqdim edilən layihə dizayn əsasında təmir işlərini həyata keçirməli olmuşdur. Həmin işlərin yerinə yetirilməsinə görə, sifarişçi podratçıya ümumilikdə 160.000 manat ödəniş etmişdir. Daha sonra aralarında yaranmış narazlıqlar sifarişçinin podratçını tikinti prosesindən uzaqlaşdırması ilə nəticələnmişdir. Hazırda iddiaçı tikintiyə sərf edilmədiyi məbləği cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.000 manat məbləğində pulun tutularaq, ilkin iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 36.051 manat məbləğində pulun tutularaq, ilkin iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh əvvəlcədən 161.000 manat məbləğində ödənişi qəbul etməsinə baxmayaraq, təmir-tikinti işlərinin icrası həmin məbləğə uyğun olaraq başa çatdırılmamışdır. Eyni zamanda, tərəfindən müqavilə üzrə Cavabdeh ödənilmiş 161.000 manat məbləğində pul vəsaitindən 36.051 manat pulun ümumiyyətlə tikintiyə sərf edilmədiyi aşkar olunmuşdur. Qeyd edilən pul vəsaitinin qaytarılması yazılı bildirişlə Cavabdeh tələb edilsə də, məsələnin razılıqla həll edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, hesab edir ki, ondan alınmış və müqavilə öhdəliyi üzrə, yəni təyinatı üzrə sərf edilməyən 36.051 manat pul vəsaiti Cavabdeh xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı 22.500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 158 manatın tutularaq, qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində tərəflər arasında fərdi yaşayış evinin tikintisi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, tərəflər arasında razılaşdırılmış məbləğ müqabilində onun tərəfindən işlərin layihə-dizayn və verilmiş göstərişlərə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əlavə işlərin icrası tələb edildiyi halda, bu işlər üçün əlavə ödənişlər edilməli idi. İşlərin başlanğıcında sifarişçi tərəfindən ilkin olaraq 20.000 manat, daha sonra 140.000 manat ödənilmişdir (cəmi 160.000 manat). Lakin işlərin başlanması üçün müvafiq infrastruktur təmin olunmadığından, işıq və su təminatı gecikmiş, bu da tikinti prosesində yubanmalara səbəb olmuşdur. Bütün çətinliklərə baxmayaraq, rəhbərliyi altında tikinti iyul ayında birinci mərtəbənin tamamlanması ilə irəliləmişdir. Lakin iyulun 21-22-si tarixlərində sifarişçi tərəfindən əsassız şəkildə tikinti işləri dayandırılmışdır. Bu vəziyyət həm tikinti prosesinə, həm də tərəflər arasındakı əməkdaşlığa mənfi təsir göstərmişdir. Tikinti prosesinə sifarişçinin sürücüsü Şamil adlı şəxs nəzarət etmiş və tapşırıqlar əsasən onun vasitəsilə çatdırılmışdır. Bu müddət ərzində sifarişçi əlavə olaraq ikinci bir mənzilin tikintisini təklif etmiş və bu iş üçün əvvəlcə 120.000 manat tələb olunmasına baxmayaraq, sonradan sifarişçi ona başqa bir tikinti işi də verəcəyini və bu işi ucuz etməsini bildirmiş və buna görə də 90.000 manata razılaşma əldə edilmişdir. Tikinti işlərinə başlamış və ikinci mənzilin bünövrəsi, habelə divarların bir hissəsi qaldırılmışdır. Lakin yenə də heç bir xəbərdarlıq edilmədən tikinti dayandırılmışdır. Avqust ayında sürücü Şamil vasitəsilə işlərin yenidən başlaması tapşırılmış və o, öz məsuliyyətini dərk edərək işləri davam etdirmişdir. Bu müddətdə cavabdeh sifarişçinin layihədən kənar əlavə işlər, o cümlədən pəncərə ölçülərinin dəyişdirilməsi, zirzəmi tikintisi kimi tapşırıqlarını da icra etmişdir. Razılaşmaya görə, sonda əlavə işlər də nəzərə alınaraq hesablaşma aparılmalı idi. Əlavə işlərin ödənişi müqavilədə nəzərdə tutulmamışdır və həmin işlər üçün podratçıya heç bir əlavə ödəniş edilməmişdir. Görülmüş bütün işlərə baxmayaraq, sifarişçi ikinci mərhələ üzrə ödənişləri gecikdirmişdir. Birinci mərtəbə bitdikdən sonra ikinci hissə ödənişlər edilməli olsa da, eyni zamanda görülmüş əlavə işlərin dəyəri də ödənilməli olsa da, qarşı tərəf onun təqdim etdiyi smetalara əsasız narazılıq bildirmişdir. Nəticədə, onları tikinti prosesindən uzaqlaşdırmışdır. Lakin həmin müddət ərzində çəkilmiş xərclər və ödənilməmiş borclar hələ də qalır. Tikinti işləri zamanı onun tərəfindən aşağıdakı xərclər qarşılanmışdır: 5 kamaz daş və armatur materialına görə, cəmi 7.000 manat, zirzəminin tikintisi üçün 3.500 manat və ikinci evə görə 12.000 manat. Bundan əlavə, sifarişçi tərəfindən podratçının çəkdiyi xərclərin, o cümlədən 5 kamaz daş materialın və zirzəminin tikintisi üçün sərf edilən vəsaitin ödənilməməsi Mülki Məcəllənin 313-cü maddəsinə ziddir. Həmin maddəyə əsasən, borcun yerinə yetirilməməsi hüquqi məsuliyyət yaradır və sifarişçi ödəməli olduğu borcu yerinə yetirməkdən imtina edə bilməz. Sifarişçi tərəfindən ödənilməmiş borclar və xərclər, podratçının hüquqlarının pozulmasına səbəb olmuş və o, öz hüquqlarını qorumaq məqsədilə qarşılıqlı iddia ərizəsi təqdim etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, e-2(008)- 982/2025 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh 35.051 (otuz beş min əlli bir) manat məbləğində pul və 195 (yüz doxsan beş) manat dövlət rüsumunun əvəzi tutularaq, ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsinin ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, iş üzrə 100 (yüz) manat ekspertiza xərcinin ilkin iddia üzrə Cavabdeh aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə qiymətləndirmə rəyinin alınması üçün 500 (beş yüz) manat xidmət haqqının ilkin iddia üzrə Cavabdeh aid edilməklə, ondan tutularaq, "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, podrat müqaviləsinə əsasən, podratçı sifarişçiyə məxsus Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin əvvəlcədən təqdim edilən layihə dizayn əsasında təmir işlərini həyata keçirməli olmuşdur. Həmin işlərin yerinə yetirilməsinə görə, sifarişçinin podratçıya ümumilikdə 160.000 manat ödəniş etməsi işin mübahisəsiz halıdır. Bu hal həm iş materiallarında olan ödəniş qəbzi ilə təsdiqini tapır, həm də Cavabdeh qarşılıqlı iddia ərizəsində işlərin başlanğıcında sifarişçi tərəfindən ilkin olaraq 20.000 manat, daha sonra 140.000 manat (cəmi 160.000 manat) ödənildiyini etiraf edir. Daha sonra aralarında yaranmış narazlıqlar sifarişçinin podratçını tikinti prosesindən uzaqlaşdırması ilə nəticələnmişdir. Sifarişçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqaviləyə əsasən podratçı Cavabdeh 161.000 manat ödənişi qəbul etməsinə baxmayaraq, təmir-tikinti işlərinin icrasının həmin məbləğə uyğun olaraq başa çatdırmadığını bildirib, ondan 30.000 manat pul tələb etmişdir. Məhkəmənin iş üzrə təyin etdiyi müstəqil qiymətləndiricinin rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad kəndində 0,4003 ha torpaq sahəsində yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğ (işçilik və material xərci daxil olmaqla) 124.949 manat təşkil edir. Bundan sonra İddiaçı nümayəndəsi-vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ilkin iddia üzrə cavabdehdən 36.051 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, müqavilədən kənar işlər gördüyünü (5 kamaz daş və armatur materialına görə, cəmi 7.000 manat, zirzəminin tikintisi üçün 3.500 manat və ikinci evə görə 12.000 manat), həmin işlərin dəyərini ödənilmədiyini bildirərək, ondan 22.500 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, tələbinin əsaslılığını təsdiq edən sübutlar nə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş, nə də məhkəmə araşdırması zamanı təqdim edilmişdir. Məhkəmənin qərardadına əsasən, təyin edilmiş müstəqil qiymətləndirici də həmin ərazidə mövcud olan tikililərə baxış keçirdikdən sonra apardığı hesablamalara əsasən, orada yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğin 124.949 manat təşkil etdiyi (hələ ödənilmiş məbləğdən 35.051 manat az) barədə nəticəyə gəlmişdir. Belə olan halda, məhkəmə, bu qənaətə gəlmişdir ki, sifarişçinin müqaviləyə əsasən ödədiyi 160.000 manat puldan tikinti işlərinə 124.949 manat sərf edildiyi nəzərə alınarsa, ilkin iddia qismən 35.051 manat pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İlkin iddia üzrə iddiaçı 161.000 manat pulu ilkin iddia üzrə cavabdehə verdiyini bildirsə də, 1.000 manat məbləğində pulun verildiyi etiraf olunmur, həmçinin iş materialları ilə təsdiqini tapmır. Ona görə də, sübuta yetirilməməsi əsası ilə ilkin iddia həmin hissədə rədd edilməlidir. Sübuta yetirilməməsi əsası ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası da rədd edilməlidir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın qismən təmin olunan hissəsinin rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərini tam icra etməməsinə istinad etməklə, etdiyi ödənişlərin müəyyən qisminin qaytarılmasını xahiş edir. Lakin cavabdehin təmir işlərini tam icra etməməsi ağlabatan ola bilməz. Belə ki, ilkin iddiaçı görüləcək işlər üçün cavabdehə böyük məbləğlərdə ödənişlər vəd etmişdir. Cavabdehin ümumiyyətlə bu müddətdə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, iddiaçının ona ödənişləri etməsi məntiqsizdir. Belə olan halda, ilkin iddiaçı Mülki Məcəllənin 762.3-cü maddəsinə əsasən yerinə yetirilməyən işlərin əvəzini tələb etmək hüququna malikdir. Lakin onun belə tələbi üçün Mülki Məcəllənin 763.1 və 764.1-ci maddələrinə görə qüsurun aradan qaldırılması üçün əlavə icra tələb edilməli, sonuncu müəyyənləşdirilmiş müddətdə qüsuru aradan qaldırmadıqda isə qüsuru özü aradan qaldırıb, çəkdiyi xərclərin əvəzini ödəməyi tələb etməli idi. Hazırkı işin hallarından isə müəyyən olunur ki, ilkin iddiaçı qanunun bu tələblərinə, eyni zamanda tərəflər arasında qüsurun müəyyənləşdirilməsi üçün müəyyən olunan qaydalara (xx.xx.2024-cü il tarixli Müqavilənin 9.1, 10.3-cü maddələri) riayət etməmiş və bununla da cavabdehin faktiki gördüyü işləri və qüsurları müəyyən etmək üçün müqavilənin qüvvədə olduğu 3 ay müddətində heç bir təşəbbüs göstərməmişdir. Hazırkı halda mübahisə görülən işlərin qüsuru ilə bağlı olduğundan, qüsurların mövcudluğunun və onun aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləğinin (o cümlədən podrat natamam yerinə yetirildiyi halda, artıq ödənilmiş vəsaitin məbləğinin) sübutetmə vəzifəsi məhz ilkin iddiaçının üzərinə düşür. İlkin iddiaçı isə bununla bağlı sübut təqdim etməmişdir. İlkin iddiaçının iddia ərizəsi məhkəməyə veriləndən bir-neçə gün əvvəl cavabdehə bildiriş-pretenziya göndərməsi onun haqlı olmasını ehtiva etmir. Məhkəmənin ilkin iddiaçının əsassız iddiasına don geyindirməsi üçün cavabdeh tərəfindən görülmüş tikinti işlərinin müstəqil qiymətləndirici tərəfindən bilərəkdən real qiymətdən aşağı yazılmasına göz yumması isə artıq onun fiaskosudur. Yəni işin faktiki hallarına görə hazırki iddianın predmetini təşkil edən və əslində mövcud olmayan, həmçinin mülki hüquq subyekti olaraq cavabdehə aidiyyəti olmayan pul kütləsi mübahisə obyekti olmamaqla, ilkin iddiaçı tərəfindən mübahisələndirilə bilməz. Lakin bunun tam əksi qarşılıqlı iddia ilə özünün təsdiqini tapmışdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh, yəni sifarişçi həm müqavilənin şərtlərini pozmuş, həm də layihədən kənar əlavə işlər tələb edərək bunun ödənişini etməmişdir. xx.xx.2024-cü il tarixdə verilmiş qarşılıqlı iddia ərizəsinə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə münasibət bildirilmiş və icraata qəbul edilmişdir. Məhkəmə eyni zamanda özünün xx.xx.2025-ci il tarixli digər qərardadı ilə mülki iş üzrə rəy alınması üçün müstəqil qiymətləndirici təyin etmişdir. Lakin məhkəmə həmin qərardadında qarşılıqlı iddianın əsasını təşkil edən fakt və sübutlar öz əksini tapmadığından xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi natamam olmaqla mübahisənin mahiyyətini tam əhatə etməmiş (tikinti materiallarının qiyməti düzgün hesablanmamışdır və s.) və sonda düzgün qənaətə gəlməməklə inşaat işlərinə sərf edilmiş məbləği real bazar qiymətlərindən az olmaqla - 124.949 manat məbləğində qiymətləndirmişdir. Bu qiymətlərlə razılaşmayıb mübahisənin obyektiv, ədalətli və hərtərəfli araşdırılması məqsədi ilə iş üzrə rəy alınması üçün əlavə (digər) müstəqil qiymətləndirici təyin edilməsini xahiş edilsə də bu vəsatət təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə cavabdeh apellyasiya şikayətində qətnaməni ilkin iddia tələbinin təmin edilən və qarşılıqlı iddianın rədd edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə qətnaməni ilkin iddianın rədd edilməsi hissəsində mübahisələndirməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası qətnamə - iddia tələbinin təmin edilən və qarşılıqlı iddianın rədd edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 14.2 və 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əsasən, podratçı "xxxx" MMC-nin direktoru Cavabdeh sifarişçi İddiaçı məxsus Bakı şəhəri, Mehdiabad qəsəbəsi ünvanında yerləşən mənzilin əvvəlcədən təqdim edilən layihə dizayn əsasında təmir işlərini həyata keçirir. Həmin müqavilənin hesablaşma qaydası adlı 3.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya həvalə etdiyi fərdi yaşayış evinin təmiri üçün 25.000 manat pul ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci maddəsinə əsasən sifarişçi yaşayış evinin təmiri üçün ilkin olaraq (avans), 160.000 manat, ikinci mərhələdə 80.000 manat, üçüncü mərhələdə 10.000 manat olaraq ödənişi təmin etməyi öhdəliyinə götürür. Müqavilənin 6.1-ci maddəsinə əsasən, sifarişçi xidmət haqqının ilk ödənişini etdikdən sonra podratçı 90 gün ərzində müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməyi öhdəsinə götürür. Məhkəmə Kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə podratçı "xxxx" MMC-nin direktoru Cavabdeh göstərilmişdir və apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, adı çəkilən "xxxx" MMC adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində məlumat mövcud deyildir. Bununla belə qeyd edilən müqavilə fiziki şəxs kimi Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, belə olan halda bu müqavilə fiziki şəxs tərəfindən imzalandığından iddia da müqavilədəki imza müəllifinə yəni, fiziki şəxs Cavabdeh qarşı düzgün olraq qaldırılmışdır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, onunla bağlanılmış xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əsasən, təmir-tikinti işlərinin icrası edilmiş 161.000 manat məbləğində ödənişə uyğun olaraq başa çatdırmalıdır. Eyni zamanda, ona müqavilə üzrə ödənilmiş 161.000 manat məbləğində pul vəsaitindən 30.000 manat pulun ümumiyyətlə tikintiyə sərf edilmədiyi aşkar olunmuşdur. Qeyd edilən vəsaitin 10 gün müddətində İddiaçı qaytarılması tələb olunmuşdur. Əks təqdirdə, mübahisənin məhkəmə qaydasında həll olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan əl yazısı ilə yazılmış qəbzin surətindən görünür ki, “Mən Cavabdeh 20.000 X6. Aldıqım pulu öz imzamla Təsdiq edirəm”. “xx.xx.2024-ci il tarixdə 20.000 Azn aldım. xx.xx.2024-ci il tarixdə 140.000 Azn aldım, imza” qeyd edilmişdir (i.v.25). Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/490 saylı rəyindən görünür ki, SMETA-miqdarı 340 m3 torpağın qazılması, 340 m2 bünövrənin katokla bərkidilməsi, 340 m2 çınqıl qatının verilməsi, 17 m3 çınqıl, 260 m2 hazırlıq qatında setka işlərinin aparılması, 260 m2 qoruyucu qatının verilməsi, 258 m3 beton, 31,2 ton armatur, 270 m2 beton işləri, 494 m2 40 sm. qalınlığında hörgü işləri, 172 m2 20 sm. qalınlığında hörgü işləri, 15750 ədəd mişar daşı, 34 m3 qara qum, 212 kisə sement, 200 p/m riger kalon, razılaşma ilə monolitin qurulması, 260 m2 monolit örtük, razılaşma ilə pilləkən qurulması (material ilə birlikdə), 10 m2 zirzəminin kənarlarına suvağın vurulması kimi tərtib olunmuşdur. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən tikili üzrə görülmüş işlərə sərf edilmiş materialların və işçiliyin həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər-hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş "xxxx" MMC-nin ƏEM/M 11-273/15 saylı xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı olaraq, aparılmış hesablamalara və təhlillərə əsasən, Abşeron rayonu, Mehdiabad kəndində 0,4003 ha torpaq sahəsində yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğ (işçilik və material xərci daxil olmaqla) 124.949 (yüz iyirmi dörd min doqquz yüz qırx doqquz) manat təşkil edir. Göründüyü kimi sifarişçi İddiaçı ilə podratçı Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, podratçı sifarişçiyə məxsus Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin əvvəlcədən təqdim edilən layihə dizayn əsasında təmir işlərini həyata keçirməli olmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı həmçinin işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, qeyd olunan işlərin yerinə yetirilməsinə görə, sifarişçinin podratçıya ümumilikdə 160.000 manat ödəniş etmişdir. Bu hal həm iş materiallarında olan ödəniş qəbzi ilə təsdiqini tapır, həm də Cavabdeh qarşılıqlı iddia ərizəsində işlərin başlanğıcında sifarişçi tərəfindən ilkin olaraq 20.000 manat, daha sonra 140.000 manat (cəmi 160.000 manat) ödənildiyini etiraf etmişdir. Həmçinin iş üzrə təyin etdiyi müstəqil qiymətləndiricinin rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad kəndində 0,4003 ha torpaq sahəsində yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğ (işçilik və material xərci daxil olmaqla) 124.949 manat təşkil edir. Cavabdeh apellyasiya şikayətində qeyd edilən rəyi mübahisələndirsə də, həmin rəyi şübhə altına alan hər-hansı hal müəyyən edilməmiş, həmçinin qeyd edilən vəsait düzgün müəyyə edilməməsi ilə bağlı cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda cavabdeh qarşılıqlı iddia tələbində müqavilədən kənar işlər gördüyünü (5 kamaz daş və armatur materialına görə, cəmi 7.000 manat, zirzəminin tikintisi üçün 3.500 manat və ikinci evə görə 12.000 manat), həmin işlərin dəyərini ödənilmədiyini bildirərək, ondan 22.500 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, tələbinin əsaslılığını təsdiq edən sübutlar nə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş, nə də məhkəmə araşdırması zamanı təqdim edilmişdir. Belə ki, müstəqil qiymətləndirici də həmin ərazidə mövcud olan tikililərə baxış keçirdikdən sonra apardığı hesablamalara əsasən, orada yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğin 124.949 manat təşkil etdiyi (hələ ödənilmiş məbləğdən 35.051 manat az) barədə nəticəyə gəlmişdir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qəanətə gəlmişdir ki, sifarişçinin müqaviləyə əsasən ödədiyi 160.000 manat puldan tikinti işlərinə 124.949 manat sərf edildiyi nəzərə alınarsa, ilkin iddia qismən 35.051 manat pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir, eyni zamanda sübuta yetirilməməsi əsası ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası da rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Hazırki vəziyyətdə isə işin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, yarımçıq tikilinin inşasına 124.949 manat sərf edilmişdir ki, sifarişçi tərəfindən də ümumilikdə 160.000 manat ödəniş etməsi işin mübahisəsiz halı olduğundan aradakı fərqin tutulması barədə birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Həmçinin cavabdeh müqavilədən kənar işlər gördüyünü (5 kamaz daş və armatur materialına görə, cəmi 7000 manat, zirzəminin tikintisi üçün 3500 manat və ikinci evə görə 12.000 manat), həmin işlərin dəyərini ödənilmədiyini bildirərək, ondan 22.500 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdi, işin faktiki materialları ilə isə həmin hallar müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin ona tələbi üçün Mülki Məcəllənin 763.1 və 764.1-ci maddələrinə görə qüsurun aradan qaldırılması üçün əlavə icranı tələb edilməli, sonuncu müəyyənləşdirilmiş müddətdə qüsuru aradan qaldırmadıqda isə qüsuru özü aradan qaldırıb, çəkdiyi xərclərin əvəzini ödəməyi tələb etməli olmasına dair dəlili ilə əlaqədar bildirir ki, iş materiallarına əsasən Cavabdeh pul tələbi məhz onun gördüyü işin aldığı pulun müqabilinə uyğun olmaması ilə bağlı olmuşdur ki, burada da hər-hansı qüsurdan söhbət getməmişdir. Başqa sözlə, iddiaçı ondan işin qüsurlu olmağına görə pul tələb etməmişdir. Yəni tələbin əsasını verilmiş 161.000 manat məbləğində pul vəsaitindən 36.051 manat pulun ümumiyyətlə tikintiyə sərf edilmədiyi aşkar olunması təşkil etmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki qarşılıqli iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, e-2(008)- 982/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar