Məhkəmə qərarları › İş №2(103)-5400/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5400/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5400/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı «qanunsuz olaraq qətimkan tədbiri kimi həbsə alınmaqla fiziki şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvii zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “qanunsuz olaraq qətimkan tədbiri kimi həbsə alınmaqla fiziki şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3056/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-576/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 2020-ci il sentyabrın 02- dən hesablanmış, İddiaçı narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirləri təyin olunmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının 7 (yeddi) ilə endirilməsi, hökmün məhkum edilmiş şəхs İddiaçı müdafiəçiləri X3 və X4 apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2023cü il tarixli 1(102)-826/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli 1(103)-244/2022 saylı qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunmuşdur.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1200/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli hökmündən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(101)- 576/2021 saylı hökmü ləğv edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024cü il tarixli 1(102)-669/202 saylı qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1200/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli hökmü kassasiya prostestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən müəyyən olunur ki, İddiaçı hüquqi yardımın göstərilməsi ilə əlaqədar Kəngərli və Partnyorları Vəkil Bürosuna ümumilikdə 550 manat pul ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “qanunsuz olaraq qətimkan tədbiri kimi həbsə alınmaqla fiziki şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istintaq və məhkəmə orqanlarının səhvi nəticəsində qanunsuz olaraq verilmiş ittihama və çıxarılmış hökmə görə azadlıqdan məhrum edilməyinə görə maddi ziyan kimi vurulmuş 97.000 (doxsan yeddi min) manat, mənəvi ziyan kimi isə 50.000 (əlli min) manat, ümumilikdə 147.000 (yüz qırx yeddi min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1200/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(101)-576/2021 saylı hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Bununla da xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 03 ildən artıq müddət ərzində (36 ay 01 gün) azadlıqdan məhrum edilmişdir. Qeyd edir ki, barəsində cinayət təqibinə başlandığı andan həm özü, həm də ailə üzvləri dərin mənəvi iztirab keçirmiş, həmçinin maddi məhrumiyyətlərə məruz qalmışlar. İstər ibtidai araşdırma, istərsə də məhkəmə istintaqı zamanı özünü təqsirli bilmədiyi üçün müdafiəçilərin hüquqi xidmətindən yararlanmış, buna görə ailə üzvləri onlara göstərdikləri xidmətlərə görə müqavilə əsasında ödəniş etmişlər. Bundan başqa istintaq təcridxanasında olduğu dövr ərzində orada hazırlanan yeməkləri yeyə bilmədiyindən demək olar ki, həftədə ən azı iki dəfə ona sovqat gətirilmişdir ki, bu da ailə üzvlərinə maddi yük olmuşdur. Həbsdə olduğu zaman qohumları, həm dost, həm də işgüzar əlaqələri olduğu şəxslərdən onun barəsində təqsirkar kimi fikirləri səsləndirmiş, bu da öz növbəsində ona mənəvi cəhətdən dərin zərbə vurmuşdur. Dəfələrlə ata və anasına guya onun narkotik vasitə sataraq insanları zəhərlədiyini bildirmiş, bu onun psixoloji vəziyyətini son həddə çatdırmışdır. Həbs edilməmişdən qabaq o uzun illər idi ki, ev təmiri ustası kimi fərdi qaydada işlər götürüb işləyir, bununla da ortalama olaraq aylıq 2000 (iki min) manat qazanc əldə edirdi. Həbsdə olduğu müddət ərzində təxmini hesablamalarla 72.000 (yetmiş iki min) manat maddi qazancı əlindən çıxmışdır. Bundan başqa hər dəfə ona sovqat gətirilməsi üçün təkcə valideynləri 20.000 manata yaxın maddi vəsait xərcləmişlər. Eyni zamanda hüquqlarının müdafiə olunması ilə bağlı müdafiəçilərə 5000 (beş min) manat ödəniş edilmişdir. Həmçinin keçirmiş olduğu mənəvi iztirablarla bağlı vurulmuş mənəvi ziyanı 50.000 (əlli min) manat dəyərində qiymətləndirir və hesab edir ki, istintaq orqanının cinayət təqibi aparması onu daimi olaraq psixoloji basqı altında saxlamaqla ciddi mənəvi sarsıntılar qoymuşdur ki, hələ uzun müddət bundan sonra da reablitasiya olunmalı və normal həyata adaptasiya olunmalı, bu da öz növbəsində yenə də kifayət qədər maddi vəsait tələb edir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3056/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 36.000 manat məbləğində pul vəsaiti və hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 550 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi və iddia qalan hissədə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə rədd edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 36.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı hüquqi yardımın göstərilməsi üçün Kəngərli və Partnyorları Vəkil Bürosuna ümumilikdə 550 manat pul ödəmişdir. Bununla bağlı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının hüquqi yardım göstərilməsi ilə bağlı ödədiyi vəsaitlər nəzərə alındıqda, iddiaçıya vurulmuş maddi ziyan 550 manat təşkil edir. İddiaçı iddia ərizəsində həbs edilməmişdən qabaq uzun illər ev təmiri ustası kimi fərdi qaydada işlər götürüb işlədiyini, bununla da ortalama olaraq aylıq 2000 (iki min) manat qazanc əldə etdiyini və həbsdə olduğu müddət ərzində təxmini hesablamalarla 72.000 (yetmiş iki min) manat maddi qazancının əlindən çıxdığını qeyd etsə də bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 36.000 manat məbləğində pul vəsaiti və hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 550 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia tələbi maddi və mənəvi ziyan tələbinə dair qalan hissədə, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə rədd edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı faktiki olaraq 36 ay (üç il) həbsdə olduğundan mənəvi ziyan məbləğinin 36.000 manat müəyyən edilməsi (36 x1000=36.000) ədalətli olmaqla iddiaçıya dəymiş mənəvi ziyanı kompensasiya edir. İddiaçı tərəfindən ona maddi ziyan vurulması (hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş xərcdən əlavə) ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir, yəni zərərin əvəzi məhz Dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Bu səbəbdən iddia tələbi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə təmin edilə bilməz.

11. Məhkəmə mövqeyini «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, 1100-cü, 1101.1-ci, 1101.2-ci, «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci, 58.1-ci, 58.2-ci , «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 5-ci, 6.1-ci, 7-ci, 12-ci maddələri, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndi, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3056/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin azadlıqdan məhrum edilməsi barədə qərar qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları(qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarından göründüyü kimi, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir hərəkətə yol verilməmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin mənəvi ziyanı həbsdə olmanın hər ayı üçün 1.000 manat dəyərində hesablanması düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması əsassızdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək bildirir ki, Maliyyə Nazirliyinin apellyasiya şikayətində 2 dəlil göstərilib. Birincisi cavabdeh kimi Maliyyə Nazirliyinin olmamasıdır. Bununla razı deyillər. İddiaçı barəsində həbs qətimkan tədbiri seçilən zaman qanuna əsaslanaraq seçilib. Barəsində vəsatət və təqdimat verilib, Cinayət Prosessual Məcəlləsinə istinad edilərək, qətimkan tədbiri seçilib. Heç bir qanunsuzluq olmayıb. Mötəbər sübutlar olmadığına görə iddiaçının barəsində bəraət hökmü çıxıb. İddiaçıya maddi və mənəvi ziyanın ödənilməməlidir. Əgər dəymiş zərər olsa belə bunu Maliyyə Nazirliyi ödəməlidir. Maliyyə Nazirliyinin apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edirlər, iddiaçı maddi və mənəvi ziyanın ödənilməməli olduğu hissəsində razılaşırlar.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası onların üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 68. İİİ bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1096-cı Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1100-cü maddəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

19. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

21. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, iddiaçı onun əsassız olaraq 03 ildən artıq müddətə (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə) həbsdə olması nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

27. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək mənəvi zərərə görə 36.000 manat məbləğində pul vəsaiti və hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 550 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1200/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli hökmündən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(101)- 576/2021 saylı hökmü ləğv edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir.

29. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mənəvi ziyan Maliyyə Nazirliyindən deyil, ziyan vurulmasına səbəb ola dövlət orqanı tərəfindən tutulmalıdır.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyan dövlət tərəfindən ödənilir.

31. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin İ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

32. Göründüyü kimi, Maliyyə Nazirliyi dövlətin maliyyə siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğu üçün məhkəmənin hökmünə əsasən iddiaçıya vurulmuş mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

33. Cavabdeh apellyasiya şikayətinin digər dəlili olaraq mənəvi ziyanın ödənilməsi ilə bağlı tutulan məbləğin əsassız olaraq şişirdilməsini qeyd etsə də, şikayətin dəlilinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.

34. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

35. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

36. Məhkəmə kollegiyası iddiaçının 36 ay müddətinə faktiki olaraq həbsdə olması, nəticədə mənəvi iztirab və sarsıntı keçirməsi və bu qəbildən olan işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq 36000 manat məbləğində kompensasiyanın müəyyən edilməsini əsaslı sayır.

37. İddiaçı hüquqi yardımın göstərilməsi üçün Kəngərli və Partnyorları Vəkil Bürosuna ümumilikdə 550 manat pul ödənilməsi ilə bağlı sənədlər və xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr məhkəməyə təqdim etmişdir.

38. Belə olan halda məhkəmə kollegiyası hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 550 manat məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

39. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

40. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Həmin Məcəlləni 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3056/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar