Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5402/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X7 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin geriyə tələb edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-769/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsinə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək “Hyundai İX 35” markalı 99FH 974 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərə görə ümumilikdə 5000(beş min manat sığorta ödənişi, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı,cəmi 5030,40 (beş min otuz manat qırx qəpik) manat pul məbləğinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,Cavabdeh2 xx.xx.2018-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zığ qəsəbəsi ilə hərəkət edərkən manevr etmə qaydalarını pozaraq “Hyundai İX 35” markalı **-FH-*** və “İJ27175” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və nəqliyyat vasitələrinə maddi ziyan yetirmişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsini etibarnaməsiz və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etmişdir. İcbari sığortalar haqqında Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilməmiş sığorta məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Xətai rayon DYPŞnin xx.xx.2018-ci il tarixli İnzibati Xəta haqqında Protokolundaöz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatlara uyğun “Hyundai İX 35” markalı **-FH-*** qeydiyyat nişanlı avtomobilə 4800 manat və “İJ27175” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində ziyan dəymişdir. PAT**********7 saylı sığorta müqaviləsinin 051775 saylı sığorta aktı üzrə 200 manat, 053327 saylı sığorta aktı üzrə 4800 manat olmaqla hər iki avtomobil üzrə ümumilikdə 5000 manat İddiaçı Sığorta Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirmişdir. Cavabdehlərin təqsirini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-769/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 sığorta ödənişi məbləğinin əvəzi kimi 5000 manat məbləğində pul və məhkəmə üçün ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 5030,40 (beş min yüz otuz manat qırx) manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Cavabdeh1 sahibliyində olan “Mercedes Benz” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.) təqsirli olaraq etibarnaməsiz Cavabdeh2 vermişdir. Belə olan halda isə Cavabdeh1 ilə cavabdeh üçünçü şəxsə vurulmuş ziyana görə birgə məsuliyyət daşıyırlar. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edib, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının iddiaçıya münasibətdə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı **- TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zığ qəsəbəsi ilə hərəkət edərkən manevr etmə qaydalarını pozaraq “Hyundai İX 35” markalı **-FH-*** və “İJ27175” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və nəqliyyat vasitələrinə maddi ziyan yetirmişdir. Cavabdeh1 **-TM-*** dövlət qeydiyyat nişanlı, “Mecedes Benz 307” markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisidir.xx.xx.2018-ci il tarixli, yol nəliyyat hadisəsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, “İJ27175” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində ziyan dəymişdir. xx.xx.2018-ci il tarixli, qüsur aktının surətindən görünür ki, “Hyundai İX 35” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4800 manat məbləğində ziyan dəymişdir. xx.xx.2018-ci il tarixli, ödəniş tapşırığına əlavənin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərfindən “İJ27175” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə 200 manat və “Hyundai İX 35” markalı **- FH-*** avtomobilin sahibi X3 4800 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “Mercedes Benz” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və digər avtomobillərə zərər vurulması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə iş materiallarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan **-TM-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtonəqliyyat vasitəsi həmin avtomobili idarə etmək üçün etibarnamə olmadan, Cavabdeh2 oğlu tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. Göründüyü kimi hadisə baş verən zaman avtomobil qanuni əsaslar olmadan Cavabdeh2 istifadəsində olmuşdur. Bu səbəbdən də yol nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti həm Cavabdeh2, həm də Cavabdeh1 daşıyır və iddiaçının subroqasiya hüququ hər iki şəxsə qarşı yaranmış olur. Belə olan halda məhkəmə hesab edir ki, maddi ziyana görə 5000 manat məbləğində pul vəsaiti Cavabdeh2, həm də Cavabdeh1 tutularaq, “İddiaçı Sığorta” ASC-nin xeyrinə ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa kollegiya hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan RespublikasınınMülki Məcəlləsinin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2.) prinsiplərindən isə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması (maddə 6.1.7), pozulmuş hüquqların bərpasının təmin edilməsidir. (maddə 6.1.8) Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməli, iddia tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı Siğorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-769/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişi məbləğinin əvəzi kimi 5000 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu, cəmi 5045,80 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-769/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişi məbləğinin əvəzi kimi 5000 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu, cəmi 5045,80 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5402/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5402/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver