Məhkəmə qərarları › İş №2(103)-5404/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5404/2021

15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5404/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(004)- 70/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 16.09.2019-cu il tarixdə müraciət edərək, "xxxx" MTK ilə onun arasında bağlanmış 19.09.2013-cü il tarixli ilkin müqaviləyə əsasən ona məxsus olmuş Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 nömrəli evin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,3 kv.m olan 1 otaqlı 63 nömrəli mənzilinin təmirinə sərf etdiyi 8.000 manat pulun, həmçinin 3.000 manat əldən çıxmış faydanın, mənəvi zərərin əvəzi kimi 3.000 manat olmaqla, cəmi 14.000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MTK arasında bağlanmış 19.09.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m olan 1 otaqlı 63 nömrəli mənzil ona 30.000 manata satılmışdır. Müqavilə bağlandıqdan sonra həmin mənzil ona verilmiş və o, mənzili təmir etməyə başlamışdır. Müəyyən müddətdən sonra o, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuşdur. Orada ona məlum olmuşdur ki, iddiaçı Cavabdehlər "xxxx" MTK və "xxxx" MTK-yə qarşı Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m olan 1 otaqlı 63 nömrəli mənzilə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.08.2017-ci il tarixli 2(004)-5726/2017 nömrəli qətnaməsi ilə "xxxx" MTK və "xxxx" MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m. olan 1 otaqlı 63 nömrəli mənzilinin Cavabdeh Ağa-Zəli qızının sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2017-ci il tarixli 2(103)-11857/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.08.2017-ci il tarixli 2(004)-5726/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir və qətnamə 12.02.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə icra edilməsi üçün göndərilmişdir. Həmin qətnamə onun hüquq və maraqlarına toxunmasına baxmayaraq, onun çıxarılan məhkəmə aktlarından məlumatı olmamışdır. O, öz ailə üzvləri ilə həmin mənzildə yaşamış, mənzilin bir hissəsini təmir etmişdir. Hazırda mənzil cavabdehin qanuni sahibliyinə və istifadəsinə verilmişdir. Halbuki, mənzilin müəyyən hissəsi onun pul vəsaiti hesabına təmir edilmişdir. Belə ki, mənzilin divarları suvanmış, otaqların arası divar hörülməklə bölünmüş, su sayğacı quraşdırılmış, elektrik kabeli çəkilmiş, qaz sayğacının yeri müəyyənləşdirilmiş, çən qoyulmuş, divarda əlavə kosmetik işlər aparılmış, giriş qapısı dəyişdirilmişdir. Bu səbəbdən, o, hazırkı iddia ilə məhkəməyə müraciət edərək, təmirə xərclədiyi vəsaiti və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə ekspertizasının 20.10.2020-ci il tarixli rəyində göstərilən 2570 manatla razı deyildir, çünki təmirə 8.000 manat vəsait xərcləmişdir. 8.000 manat vəsait xərcləməsinə dair yazılı sübutları məhkəməyə təqdim edə bilmir. Buna baxmayaraq, iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 09.10.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı dəymiş ziyanın əvəzi kimi 15.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08.08.2017-ci il tarixli 2(004)-5726/2017 nömrəli qətnaməsi ilə cavabdehlər "xxxx" MTK və "xxxx" MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m olan 1 otaqlı 63 nömrəli mənzilin Cavabdeh Ağa-Zəli qızının sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.12.2017-ci il tarixli 2(103)-11857/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08.08.2017-ci il tarixli 2(004)-5726/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir və qətnamə 12.02.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş, icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. O, mübahisəli mənzilin qanuni mülkiyyətçisidir. Lakin mənzil uzun müddət ərzində qarşı tərəfin qanunsuz sahibliyində olduğundan o, aldığı mənzilə köçə bilməmişdir. Bununla da, İddiaçı ona maddi ziyan vurmuşdur. Məhkəmə ekspertizasının 20.10.2020-ci il tarixli rəyində göstərilən 2570 manatla razı deyildir, çünki məbləğ artıq göstərilmişdir. İcra məmuru icra sənədini icra edən zaman çəkilmiş fotoşəkillər də təsdiq edir ki, mənzildə cüzi təmir işləri aparılıb və bu məbləğ 2570 manat təşkil edə bilməz. Odur ki, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(004)-70/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 nömrəli evin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,3 kv.m olan 1 otaqlı 63 nömrəli mənzilin təmirinə sərf etdiyi 2.750 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2780 (iki min yeddi yüz səksən) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “İddiaçı dəymiş ziyanın əvəzi kimi 15.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışdır ki, o, imkanı olmadığı üçün illər boyu maaşından artıraraq bu təmiri həyata keçirmişdir. Digər tərəfdən mənəvi sarsıntı keçirmişdir. Onunla yanaşı, ailə üzvləri də mənəvi sarsıntı keçirmişlər. Maddi ziyan olaraq su, qaz və işıq sayğaclarına 600 manat pul ödəmişdir. Bundan başqa divarlara suvaq vurmaq üçün gətirdiyi qum, sement və digər materialların eyni zamanda çən və boruların 12-ci mərtəbəyə qaldırması üçün lift işləmədiyinə görə (o vaxtlar lift istifadəyə verilməmişdi) təxminən 300 manatadək xərc çəkmişdir. Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi tərəfindən müəyyən edilmiş 2780 manat ilə yanaşı, 900 manat əlavə xərclərə görə, 15 manat isə ödənilmiş dövlət rüsumu olaraq, ümumilikdə 3695,00 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Həmçinin, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olmuş, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mənzil uzun müddət ərzində İddiaçı qanunsuz istifadəsində və sahibliyində olduğundan o, həmin mənzilə köçə bilməmiş, İddiaçı qeyri-qanuni hərəkətləri nəticəsində o, mənəvi sarsıntılar keçirmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Yasamal rayon məhkəməsinin 09 mart 2021-il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, ilk İddiaçı apellyasiya şikayətində qətnaməni tam deyil, yalnız maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən, qətnamə apellyasiya şikayətinə münasibətdə həmin hissədə yoxlanılır. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08.08.2017-ci il tarixli 2(004)-5726/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər "xxxx" MTK və "xxxx" MTK-ya qarşı “mənzilin sahibliyə və istifadəyə təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər "xxxx" MTK və "xxxx" MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 1 otaqlı ümumi sahəsi 59,3 kv.m olan 63 saylı mənzilin iddiaçı Həsənli X1 və istifadəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2017-ci il tarixli 2(103)- 11857/2017 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.08.2017-ci il tarixli 2(004)- 5726/2017 nömrəli qətnaməsi - cavabdeh "xxxx" MTK-yə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.01.2019-cu il tarixli 2(004)-277/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh 196 saylı MTK-ya və 3-cü şəxslər "xxxx" MTK-ya və Cavabdeh qarşı “Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsi 39 saylı evin 63 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə dair Cavabdeh ilə "xxxx" MTK arasında imzalanan 07.03.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.04.2019-cu il tarixli 2(103)- 4544/2019 nömrəli qətnaməsi ilə İddiaçı Seyfəddin oğlunun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.01.2019-cu il tarixli 2(004)-277/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 20.10.2020-ci il tarixli 10/108 saylı rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m olan 1 otaqlı 63 nömrəli mənzildə aparılmış təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2570 manat müəyyən edilmişdir. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m olan 1 otaqlı 63 nömrəli mənzil "xxxx" MTK ilə İddiaçı Seyfəddin oğlu arasında bağlanmış müqaviləyə əsasən 2013-cü ildə sonuncunun sahibliyinə və istifadəsinə verilmiş, sonradan qəbul edilmiş məhkəmə qətnaməsi ilə həmin mənzilin qarşılıqlı iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. İddiaçı qeyd edilən mənzilin onun istifadəsində olduğu müddətdə orada müəyyən təmir işləri aparmış və həmin təmir işlərinin dəyəri məhkəmə ekspertizasının rəyi ilə 2570 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən işin o hallarına istinad etmişdir ki, mübahisəli mənzil qarşılıqlı iddiaçı Cavabdeh təhvil verilənə qədər İddiaçı həmin mənzildə təmir işləri apardığından o, həmin təmirə çəkilən xərcləri geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və onu əsaslı hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi, İddiaçı mübahisəli mənzilə özbaşına deyil, MTK ilə bağladığı müqavilə əsasında sahiblik etmiş və həmin müddət ərzində müəyyən təmir işləri aparmış, bu zaman mənzilin qarşılıqlı iddiaçı Cavabdeh həmin mənzilə dair hüquqlarının olmasından xəbərsiz olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin əsassız varlanma ilə bağlı hüquq münasibətlərini tənzimləyən 1091-1092-ci maddələri təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin müəyyən edilən hallarından və qanunvericiliyin yuxarıda sadalanan müddəalarından belə nəticəyə gəlmək olur ki, ilk İddiaçı mübahisəli mənzildə aparılmış təmir işlərinə çəkdiyi xərcləri qarşılıqlı iddiaçı Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı, həmin xərclərin məbləği iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə 2750 manat məbləğində müəyyən edilmişdir. İddiaçı onun tərəfindən təmir işlərinə əlavə 900 manat xərcin çəkildiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları də əsassız hesab edir. Belə ki, qarşılıqlı iddiaçı öz iddia ərizəsində İddiaçı qanunsuz hərəkətləri ilə bağlı ona 15.000 manat məbləğində ziyan dəyməsini bildirsə də, bu ziyanın hansı şəkildə yetirilməsi, həmçinin ziyanın nədə ifadə olunması ilə bağlı dəlillərini məhkəməyə təqdim etməmiş və bu halları sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxmış birinci instansiya məhkəməsi həm ilkin, həm də qarşılıqlı iddia tələblərinin mahiyyəti üzrə üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərində göstərilən dəlillər həmin qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(004)-70/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar