Məhkəmə qərarları › İş №2(103)-5404/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5404/2024

09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5404/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ( “pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3410/2023 saylı işi üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,Cavabdeh 139000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 429 manat olmaqla, cəmi 139429 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmuşdur. Mənzilə mülkiyyət hüququ tərəflərin uzunmüddətli nikahdankənar münasibətləri olmuş və bu səbəbdən iddiaçı cavabdehə etibar edərək ona bütün əmlaklarının idarə olunmasına dair, əmlaklar barəsində sərəncam vermək səlahiyyəti daxil olmaqla notarial qaydada etibarnamə vermişdir. 2020-ci ildə iddiaçıda xərçəng xəstəliyi aşkar edilmiş, həmin vaxtdan cavabdeh onunla əlaqəni kəsmiş, ona müalicə ilə bağlı köməklik etməmişdir. İddiaçı isə külli miqdarda borc alaraq müalicə olunmaq üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Müalicə olunduqdan sonra iddiaçı Azərbaycan Respublikasına yenidən qayıtmış, cavabdeh onunla münasibətlərini bərpa etməyə çalışsa da, bu mümkün olmamışdır. İddiaçı həmin vaxt cavabdehə verilmiş bütün etibarnamələri ləğv etməyi notariusdan xahiş etsə də, xx.xx.2023-cü il tarixdə mobil notariat xidmətində qeydiyyatdan keçərkən, notarius tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh verdiyi etibarnamənin ləğv edilmədiyini və cavabdehin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzili 139000 manat qiymətinə X5 adında şəxsə satdığını, lakin bu barədə ona heç bir məlumat vermədiyini aşkar etmişdir. Qeyd edilmişdir ki, iddiaçı mübahisəli evə dair cavabdehə etibarnamə verərkən cavabdehin özünün maraqları daxilində deyil, onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və onun maraqları daxilində hərəkət etmək səlahiyyətini vermişdir. Dolayısı ilə cavabdeh əqdi təmsilçi kimi bağladığından müqavilə üzrə hüquq və öhdəliklər iddiaçıya münasibətdə yaranmışdır. Yəni, əmlakın satışından əldə olunmuş vəsaiti almaq hüququ iddiaçıya münasibətdə yarandığından satışla bağlı əldə edilən vəsait iddiaçıya ödənilməli idi. Bütün bunlara baxmayaraq cavabdeh hazıradək iddiaçının əmlakının satışından əldə olunmuş vəsaiti ona ödəməmişdir.

2. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı ilə 30 ildən çox bir zaman daxilində mülkü nikahda olmuşdur. 2020-ci ildə iddiaçının arzusu ilə müalicə olunması üçün Moskva şəhərində yaşayan bacısının yanına yola salmış və 10 min ABŞ dolları müalicə xərclərin vermişdir. İddiaçı Moskvadan qayıtdıqdan sonra münasibətlərində onun indi də bilmədiyi səbəblərdən soyuqluq yaranmışdır. O, ticarətlə məşğul olan sahibkar olaraq 3 ədəd daşınmaz əmlakını:a)Yasamal rayon A.Abbasov küç. 12 saylı evin 1 saylı mənzili;b)Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 35 saylı ünvanda yerləşən 250 kv.m. ticarət obyekti; v) Novxanı bağ evini iddiaçının adına rəsmiləşdirmişdir. İddiaçı bu üç əmlakın alınmasına bir qəpik olsun belə vəsait xərcləməmişdir. Diqqət verilsə iddiaçı özü də bilmir ki, 2004-cü ildən birlikdə yaşadıqları Yasamal rayonu A.Abbasov küçəsi 12 saylı evin 1 saylı mənzili 2007-ci ildə yox, 2004-cü ildə almışdır. Novxanı qəsəbəsi bağ evini o, keçmiş mülkiyyətçi Bədirov Bahadurdan dəyərin ödəməklə almış, B.Bədirovdan aldığı etibarnamə əsasında iddiaçı - İddiaçı adına rəsmiləşdirmişdir. Sübut olaraq alğı-satqı müqaviləsini etirazına əlavə edir. Başqa halda 29 mart 2018-ci ildə İddiaçı ona növbəti etibarnamə vermiş və onun adına rəsmiləşmiş faktiki onun əmlakı olan Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 35 saylı evin 1 saylı mənzilini genişləndirərək 139 min manata satmışdır. Onun üçüncü əmlakı olan Yasamal rayon A.Abbasov küçəsi 12 saylı evin 1 saylı mənzilindən onu çıxarmaq məqsədi ilə məhkəməyə müraciət etmiş, öz növbəsində o isə adı çəkilən mənzilin hər ikisinin əmlakı kimi qət edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda tələbləri Bakı Apellyasiya Məhkəməsində hakim cənab İ. Şirinovun icraatındadır. Və qeyd edir ki, mənzilin alınması, təmiri, genişləndirilməsi işlərində iddiaçı vəsait xərcləməyib, buna baxmayaraq, iddiaçıya barışıq üçün yol saxlamışdır. Münasibətlərinin gərgin vaxtında İddiaçı və o notariat qaydasında öhdəçilik götürmüşlər ki, bir-birlərinə iradları yoxdur, lakin iddiaçı bu gün öz iradəsinin ziddinə olaraq, başqalarının diqtəsi ilə hərəkət edir. İddiaçı özü öz iradəsinin ziddinə olaraq mənzili tərk etmiş, kənar insanların təsiri altına düşmüşdür. Son olaraq məlum edir ki, çox saylı xəstəliklərdən, o cümlədən əsəb xəstəliyindən əziyyət çəkir. Məhkəmə prosesində iddiaçının nümayəndəsinin hərəkətləri onu qıcıqlandırır, bu zaman ondan asılı olmayaraq yaşına uyğun olmayan hərəkətləri olur. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e- 2(004)- 3410/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3, 1091; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1,217.4-cü maddələrinə istinadla qeyd edilmişdir ki, cavabdeh mübahisəli mənzilin onun gəlirləri hesabına və onun tərəfindən alındığını, lakin formal olaraq iddiaçının adına qeydiyyata alındığını bildirsə də, buna dair kifayət qədər əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdeh mənzili etibarnamə əsasında satdığını etiraf etmişdir. Həmçinin satışdan əldə edilən pul məbləğinin cavabdehə təqdim edildiyi (hesaba köçürüldüyü) iş materialları ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq, cavabdeh həmin mənzilin satışından əldə edilmiş gəlirin 1/2 hissəsini iddiaçıya verdiyini bildirsə də, iddiaçıya onun tərəfindən hansı məbləğdə və qaydada pulun verilməsinə dair sübut yoxdur. Cavabdehin etirazının digər dəlili isə iddiaçı tərəfindən notarial qaydada tərtib edilmiş və məzmununda cavabdehə qarşı hər hansı iddiasının olmadığını bildirən xx.xx.2022-ci il tarixli ərizədir. Məhkəmə qeyd etmişdir ki, həmin xx.xx.2022-ci il tarixli ərizə hazırkı mübahisə üzrə sübut əhəmiyyətinə malik deyildir. Belə ki, qeyd olunan ərizədə iddiaçı cavabdehə qarşı iddiasının və tələbinin olmadığını bildirsə də, bunu konkret olaraq hansı münasibətlər, öhdəliklər və ya əmlak barəsində bağlı olduğu ərizədə öz əksini tapmamışdır. Bu halda xx.xx.2022-ci il tarixədək iddiaçı və cavabdeh arasında yaranmış və ya bundan sonra yaranacaq hər hansı münasibətlərə qeyd olunan ərizə üzrə İddiaçı mövqeyi əsas götürülərək Cavabdeh hər hansı məsuliyyətdən azad edilməsi ilk növbədə məhz İddiaçı, sonra isə digər şəxslərin hüquqlarının pozulmasına səbəb olmaqla qanunvericiliyin tələbinə ziddir. Məhkəmə qeyd olunan ərizə ilə bağlı həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisə predmeti olan mənzil xx.xx.2019-cu il də satılmış, həmin ərizə isə xx.xx.2022-ci ildə, yəni əmlak satıldıqdan uzun müddət sonra tərtib edilmişdir. Bu halda həmin ərizə iddiaçının mübahisə predmeti olan mənzilin cavabdeh tərəfindən satılmasına razılığı kimi qiymətləndirilə bilmədiyi kimi, eyni zamanda iki ildən çox vaxt keçdikdən sonra tərtib edilmiş bu ərizənin məhz həmin mənzilə aid olmasına dair heç bir dəlil və əsas yoxdur. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında qeyd olunan ərizənin tərəflər arasında digər daşınmaz əmlakın, yəni bağ evinin satışından bilavasitə sonra verildiyini qeyd etmişdir. Dolayısı ilə məhkəmə hesab etmişdir ki, qeyd olunan ərizə bağ evi ilə bağlı olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh hazırda iddiaçının ona verdiyi etibarnamə əsasında pərdələnmiş əqd bağlamaqla özü üçün alqı-satqı müqaviləsi bağlamasını və həmin daşınmaz əmlakı onun adına rəsmiləşdirməsini iddia etmişdir. Halbuki, MM-nin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.Məhkəmə bütün qeyd olunanları və işin hallarını nəzərə alaraq hesab etmişdir ki, nə qədər ki, iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə edilən 139000 manat pul məbləğini cavabdeh təhvil almış və həmin məbləğin iddiaçıya çatdırılması sübut olunmur, bu halda cavabdeh həmin pulu özündə saxlayaraq əsassız olaraq varlanmış hesab edildiyindən 139000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hər hansı ərizə və ya vəsatət daxil olmamışdır.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - satıcı qismində X6 və alıcı qismində İddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2007-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, satıcı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1, 1 saylı mənzili 46.680 manat müqabilində alıcıya satmışdır. Müqavilə alıcı və satıcı tərəfindən şəxsən imzalanmışdır; - AR DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40,5 m2 olan 2 otaqlı 1 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır; - satıcı qismində İddiaçı və alıcı qismində X5 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı satqı müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, satıcı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1, 1 saylı mənzili 139000 manat müqabilində alıcıya satmışdır. Müqavilə alıcı tərəfindən şəxsən, satıcı tərəfdən isə İddiaçı xx.xx.2019-cu il tarixli etibarnamə üzrə nümayəndəsi Cavabdeh tərəfindən imzalanmışdır; - Notariat işi materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli məktuba əsasən alğı-satqı müqaviləsi üzrə 139000 manat məbləğində pul X5 tərəfindən Cavabdeh ödənilmişdir; - İddiaçı tərəfindən notarial qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətinə əsasən müəyyən edilir ki, o, Cavabdeh qarşı heç bir tələbinin olmadığını bildirmişdir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(004)- 3410/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1026/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2033 /2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1026/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3, 372.1, 377.1, 1091, 1092.1, 1093.1, 1095; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 416.1, 416.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddianın təmin olunması zamanı apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə tam riayət etməmişdir. Buna görə də kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini rədd edərkən qeyd etmişdir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün əsas olan alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır. İddiaçı tərəfindən onun, Cavabdeh qarşı heç bir tələbinin olmadığına dair notarial qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizədə iddiaçı cavabdehə qarşı iddiasının və tələbinin olmadığını bildirsə də, bunu konkret olaraq hansı münasibətlər, öhdəliklər və ya əmlak barəsində bağlı olduğu ərizədə öz əksini tapmamışdır. Məhkəmənin bu araşdırması Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində əksini tapmış işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin göstərdiyi dəlillər tam araşdırılmayıb. Belə ki, iddiaçının notarial qaydada cavabdehə qarşı heç bir iddia və tələbinin olmaması barədə yazdığı ərizə mübahisəli əmlak satıldıqdan sonra tərtib edilmişdir. İddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərində olmaları və hazırda münasibətlərinin pozulması işin mübahisəsiz halı olsa da, əmlakın satışından əldə edilən vəsaitin iddiaçının razılığı və iştirakı ilə xərclənib-xərclənməməsi işin mübahisəli halını təşkil edir. İddiaçı cavabdehlə faktiki nikah münasibətlərinin 2020-ci, cavabdeh isə 2023-cü ilin yanvar aylarından sonra pozulmasını bildirir. Mübahisəli əmlak isə 2019-cu ilin dekabr ayında satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlak satıldıqdan sonra tərəflərin birgə yaşadıqları və birgə təsərrüfat apardıqları müddət, faktiki nikah münasibətlərinin pozulma anı hazırkı mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işin halları natamam araşdırılmış, sübutların qiymətləndirilməsində səhvə yol verilmişdir. İş yenidən baxılarkən faktiki nikah münasibətlərinin pozulması anı müəyyən edilməli, mübahisəli evin satışından əldə edilmiş pul vəsaitinin birgə xərclənibxərclənməməsi istiqamətində ətraflı araşdırılma aparılmalı və düzgün hüquqi qiymət verilməlidir. İşin digər mühüm əhəmiyyət kəsb edən və mübahisəli halı isə əmlakın satılmasından iddiaçının xəbərdar olduğu müddətlə bağlıdır. Belə ki, məhkəmələr tərəfindən iddiaçının əmlakın satışını bildiyi an dəqiq müəyyən edilməmiş, iddiaçı 2023-cü ildə elektron notariat tətbiqində qeydiyyatdan keçdikdən sonra etibarnamənin qüvvədə qalması və evin satılmasının ona məlum olduğunu bildirdiyi halda bunu təsdiq edən sübutlar təqdim etməmişdir, iddiaçının elektron notariat tətbiqində qeydiyyatdan keçmə anının müqavilənin bağlanmasından xəbər tutması anı kimi qiymətləndirilməsi düzgün olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli əmlakın satılmasından xəbərsiz olduğunu iddia edən iddiaçı məhz alqı-satqı müqaviləsinin rəsmiləşdiyi 24 dekabr 2019-cu il tarixdən bir neçə gün öncə - 20 dekabr 2019-cu il tarixdə cavabdehə etibarnamə vermiş, alqı-satqı müqaviləsini (iradə ifadəsinin olmamasını) isə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmlakın satılmasından iddiaçının tələblərinin olmamasına dair verdiyi ərizədən əvvəl, yoxsa sonra xəbər tutması cavabdehin əsassız varlanıb-varlanmaması baxımından mühüm əhəmiyyət kəsb etdiyindən araşdırılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, tərəflərin faktiki nikah münasibətləri pozulduğu vaxt öz aralarında olan mənzil-pul münasibətlərinin razılaşması kimi tərtib edilən iddiaçının ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Lakin bu hal həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququnu istisna etmir. Beləliklə, yeni məhkəmə baxışında iddiaçının notarial qaydada cavabdehə qarşı heç bir iddia və tələbinin olmaması barədə yazdığı ərizənin mahiyyəti, bu ərizənin iddiaçının müqavilədən xəbərdar olmasından əvvəl, yoxsa sonra tərtib edilməsi ətraflı araşdırılmalıdır. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin kəsici müddətlə bağlı dəlilləri ilə razılaşmayaraq bildirir ki, bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına görə əsassız varlanma əmələ gəlir. Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Məhkəmələrin bu hissədə mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

8. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı 26 sentyabr 2022-ci il tarixdə notarial ərizə verərək bildirmişdir ki, cavabdehə qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə bu ərizəni məhz tərəflər arasında olan digər mübahisə üzrə olan daşınmaz əmlakın alqı-satqısına görə tərtib edildiyi nəticəsinə gələrək hazırki mübahisəyə aid olmadığını bildirir. Halbuki məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, həmin notarial ərizələrin tərtib edilməsi məhz həm hazırki mübahisə üzrə 2019-cu il tarixində alqı-satqı müqaviləsindən əldə edilmiş pul vəsaitinin iddia qaldırılanadək ötən 4 il 2 ay ərzində tərəflərin birgə yaşadıqları dövrdə xərclənməsinə iddiaçının etirazının və tələbinin olmaması və daha sonra iddiaçının xəstəliyə düçar olmasından sonra cavabdeh tərəfindən ona digər əmlakı olan bağ sahəsinin satılaraq (məhkəmənin bu ərizənin həmin əmlakla bağlı tərtib edildiyini bildirdiyi mübahisə) iddiaçının səhhətinə xərclənməsinə cavabdeh tərəfindən etirazının olmaması səbəbi ilə olmuşdur. Bu səbəblə də iddiaçının hazırki iddianı qaldırıb 139000 manat pul tələb etməsinə hüququnun olmamasına baxmayaraq məhkəmə yanlış olaraq onun belə hüququnun olduğu qənaətinə gəlmişdir. Məhkəmə daha sonra iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə edilən 139000 manat pul məbləğini cavabdehin təhvil alması və həmin məbləğin iddiaçıya çatdırılmasının sübut olunmaması, bu halda cavabdehin həmin pulu özündə saxlayaraq əsassız olaraq varlanmış hesab edilməsi səbəbilə 139000 manat pulun cavabdehdən iddiaçının xeyrinə alınmalı olması nəticəsinə gəlmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hər hansı ərizə və ya vəsatət daxil olmadığından bu məsələyə münasibət bildirilməsinə ehtiyac yoxdur. Məhkəmənin bu mövqeyi ilə bağlı razılaşmayaraq cavabdeh qeyd etmişdir ki, Mülki Məcəllənin 1091 -1095-ci maddələri ilə tənzimlənən əsassız varlanma anlayışındakı müddətlər iddia müddəti deyil kəsici müddət hesab edilir. Kəsici müddətlər isə elə müddətlərdir ki, bu müddətlərin tətbiq edilməsi üçün tərəflərin hər hansı birinin ərizə və ya vəsatət verməsinə ehtiyac olmadan məhkəmənin birbaşa özünün tətbiq etmək vəzifəsi və səlahiyyətinin olmasıdır. Belə olan təqdirdə məhkəməyə hazırki mübahisəyə kəsici müddət tətbiq etməsi əvəzinə tərəflərin hər hansı birinin ərizə ilə müraciət etməməsini əsas gətirməsi tamamilə qəbul edilməz və qanunsuz tələbdir. Apellyasiya icraatında müəyyən edilən hallar

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə etmiş, mübahisəli əmlakın cavabdehin vəsaiti hesabına əldə edildiyini, faktiki olaraq cavabdehə məxsus olduğunu, lakin iddiaçının adına rəsmiləşdirildiyini bildirmiş, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində həmin mübahisəli əmlakla bağlı iddiaçının cavabdehə etibarnamə verdiyini, bundan dörd gün sonra əmlakın alğı-satqısının həyata keçirildiyini və iddiaçınında bundan məlumatlı olduğunu, əldə edilən pulun birgə istifadə edildiyini bildirmişdir. Bundan başqa qeyd etmişdir ki, iddiaçı 26 sentyabr 2022-ci ildə notarial ərizə verərək bildirmişdir ki, cavabdehə qarşı heç bir iddiası və tələbi yoxdur, birinci instansiya məhkəməsi bu ərizəni məhz tərəflər arasında olan digər mübahisə üzrə olan daşınmaz əmlakın alqı satqısına görə tərtib edildiyi nəticəsinə gələrək hazırki mübahisəyə aid olmadığını bildirmişdir, halbuki məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, həmin notarial ərizələrin tərtib edilməsi məhz həm hazırki mübahisə üzrə 2019-cu il tarixində alqı satqı müqaviləsindən əldə edilmiş pul vəsaitinin iddia qaldırılanadək ötən 4 il 2 ay ərzində tərəflərin birgə yaşadıqları dövrdə xərclənməsinə iddiaçının etirazının və tələbinin olmaması və daha sonra iddiaçının xəstəliyə düçar olmasından sonra cavabdeh tərəfindən ona digər əmlakı olan bağ sahəsinin satılaraq iddiaçının səhhətinə xərclənməsinə cavabdeh tərəfindən etirazının olmaması səbəbi ilə olmuşdur. Qeyd edilənlərə əsasən şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə qeyd etmişdir ki, mübahisəli əmlakın cavabdehin vəsaiti hesabına alınmasına dair hər hansı sübut iş materiallarında mövcud deyil, mübahisəli əmlak daşınmaz əmlakın dövlət reyestri xidmətində iddiaçının adına olmuşdur, əmlakın satılmasından iddiaçının məlumatı olmamışdır, 2023-cü il tarixdə iddiaçı vəkili olaraq ona hüquqi xidmət göstərmək məqsədilə etibarnamə vermək üçün mobil notariat xidmətindən qeydiyyatdan keçərkən onun mülkiyyətində olan hazırda mübahisə predmeti mənzilin satıldığını aşkar etmişdir, iddiaçı etibarnamə versə də, əmlakın nə vaxt satılmasını bilməmişdir. Bildirmişdir ki, iddiaçının mənzili satmaq fikri olsa idi, etibarnamə verməzdi və özü satardı. 2019-cu ildən öncə də iddiaçı cavabdehə etibarnamə vermişdir. Hazırda iddiaçı əmlakın satılmasını mübahisələndirmir, cavabdeh əmlakı satdığı üçün pulunu iddiaçıya verməlidir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Alğı-satqı müqaviləsini ona görə mübahisələndirilmir ki, vicdanlı alıcı etibarnamə əsasında alğı-satqı aparmışdır. Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.

15. İddiaçının tələbinin əsası ondan ibarət olmuşdur ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh verdiyi, qüvvəsi və səlahiyyət həddi mübahisələndirilməyən notarial qaydada onun tərəfindən etibarnamə əsasında cavabdehin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzilinin ona heç bir məlumat vermədən 139000 manat qiymətinə X1, cavabdehi əqdi təmsilçi kimi bağlasa da, müqavilə üzrə hüquq və öhdəliklər, habelə əmlakın satışından əldə olunmuş vəsaiti almaq hüququ iddiaçıya münasibətdə yarandığından satışla bağlı əldə edilən vəsait iddiaçıya ödənilməli olduğu halda cavabdeh hazıradək iddiaçının əmlakının satışından əldə olunmuş vəsaiti ona ödəməmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsininin tələblərinə əsasən: Məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ və İİ hissələri və ailə qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması tövsiyə edilsin. 2. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz.

18. İlk olaraq diqqətə çatdırılmalıdır ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından hazırki tələbdən irəli gələn münasibətlərin səciyyəsi ailə qanunvericiliyindən asılı deyildir.

19. Faktiki münasibətlərinin pozulması anından asılı olmayaraq, əmlakın satışından əldə edilmiş pul vəsaitinin birgə və ya ayrı xərclənməsi, iddiaçının iradə ifadəsi və bu müstəvidə onun tərəfindən cavabdehin üzərinə düşən səlahiyyətlər müzakirə predmeti olmalıdır. İddiaçının cavabdehə etibarnamə verildiyi zaman çox geniş səlahiyyətlərin verilməsi və əmlakın satışından əldə edilmiş pul vəsaitlərinin iddiaçıya cavabdeh tərəfindən qaytarılmalı olması, habelə birgə xərclənib-xərclənməməsi hazırki mülki münasibətlərin təməlini müəyyən edir. Belə ki, tərəflər fərqli mövqe nümayiş etdirərək pul vəsaitlərin təyinatı üzrə müxtəlif fərziyyələr yürütmüşlər. Şəxsə geniş səlahiyyətlərin verilməsi və bu səlahiyyətlərin mənzərəsində məhdudlaşdırıcı ünsürlərin müəyyən olunmaması iddia edənin sübut etmək vəzifəsinə müvafiq aydınlıq gətirməsini şərtləndirir. Belə ki, iddiaçının cavabdehə verdiyi xx.xx.2019-cu il tarixli etibarnamə üzrə İddiaçı tərəfindən Cavabdeh verilən səlahiyyətlər: həmin etibarnamə ilə harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən, bank, vergi orqanlarından, poçtdan və teleqrafdan, siğorta idarəsindən, bütün gömrük idarələrindən, qeydiyyat şöbəsindən bütün əsaslar üzrə mənə çatası şəhadətnamə, arayışları, lisenziyanı, vöeni, əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də, sənədləri almağı, Azərbaycan Respublikasında və yaxud xarici dövlətlərdə yerləşən istənilən bütün dövlət və kommersiya banklarında və istənilən filiallarında məni təmsil etməyi, adıma olan bank hesablarında istifadə etməyi, sərəncam verməyi, hesablar üzrə bütün bank əməliyyatlarını aparmağı,(mədaxil, məxaric, köçürmə) həmçinin faizləri və əsas məbləği almağı, pul məbləğlərini almağı, qoymağı, icarəyə götürdüyüm bank seyfləri ilə əməliyyatlar aparmağı, bank seyfinin icarəsinə dair müqavilənin müddəti bitdikdə onu yeni müddətə bağlamağı, həmin müqaviləyə xitam verməyi, bank kartlarını sifariş verməyi, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, bütün bank əməliyyatlarını aparmağı, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət dairələrində , kooperativ və ictimai təşkilatlardan mənim adımdan ərizə verməyi, işləri aparmağı, əmlakı və ya pulu almaq hüququ ilə və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm.

20. Göründüyü kimi, verilən etibarnamədə bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, və sair hərəkətləri etməyi etibar etmək tapşırığına dair cavabdehin sorumsuz olmasına dəlalət edir. Belə bir etibarnamənin mövcudluğu, üstəlik iddiaçının öz əmlak mənafeləri (hüququları) ilə vaxtında maraqlanmaması cavabdehə yönələn tələbin əsaslarını sübuta yetirmir. Diqqətə çatdırılmalıdır ki, iddiaçının cavabdehə verdiyi tapşırıqda konkret olaraq hər hansı əmlakın satılması və əldə edilmiş pul vəsaitinin taleyi barədə göstərişlər müəyyən edilməmişdir.

21. Bununla belə, kassasiya instansiya məhkəməsinin mövqeyi üzrə mübahisəli əmlakın satılmasından iddiaçının tələblərinin olmamasına dair verdiyi ərizədən əvvəl, yoxsa sonra xəbər tutması və tərəflərin aralarında olan mənzil-pul münasibətlərinin razılaşması kimi tərtib edilən iddiaçının ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Belə ki, kassasiya instansiya məhkəməsinin mövqeyinə müvafiq həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürülməsi sübuta yetirilməmişdir. xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 139000 manat məbləğində pul X5 tərəfindən Cavabdeh ödənilməsi və İddiaçı tərəfindən notarial qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən sonuncunun Cavabdeh qarşı heç bir tələbinin olmadığını bildirməsi qarşılıqlı güzəştlər əsasında razılığa gəlməni müəyyən edir. Fərqli təsəvvürlərin yaranmasına əsas olmuş mötəbər və təkzibedilməz sübutların yoxluğu fərqli düşüncələrə rəvac belə vermir.

22. Beləliklə, qeyd edilən əsaslardan başqa hazırki mübahisə üzrə 2019-cu il tarixində alqı satqı müqaviləsi və əldə edilmiş pul vəsaitinin taleyi barədə iddiaçının xəbərdar olması vaxtının dəqiq və təkzibedilməz sübutlar əsasında sübuta yetirməməsi əmlak üzrə alqısatqının baş verdiyi tarixdən (hesablnmalı olması anından) tələbin irəli sürülünədək Mülki Məcəllənin müvafiq maddələri ilə qanunla müəyyən edilən müddətlərin tətbiq edilməsi və tələbin bu əsasla istisna edilməsi üçün əsaslar müəyyən edir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının notarial qaydada cavabdehə qarşı heç bir iddia və tələbinin olmaması barədə yazdığı ərizə xx.xx.2022-ci il tarixində mübahisəli əmlak satıldıqdan (xx.xx.2019-cu il) sonra tərtib edilmiş və bunun əksini sübut edən dəlillər iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, notarial qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizənin hazırkı iddia üzrə mübahisəli əmlaka dair razılıq kimi qiymətləndirilməsinə əsas olmasa da, həmin ərizənin tarixinə əsasən müəyyən etmək olur ki, xx.xx.2019-cu il tarixli alğı-satqı zamanı tərəflər arasında münasibətlərin pis olması sübuta yetirilmir və bu əmlakın satılmasından əldə edilən pul vəsaitinin iddiaçı və cavabdeh tərəfindən birgə xərclənməsi istisna edilmir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və iddia tələbi rədd edilməlidir.

24. Tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş məhkəmə xərci(dövlət rüsumu) onu ödəyən şəxsə aid edilməlidir.

25. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3410/2023 saylı işi üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar