Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5409/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş vəsaitin MMC-dən alınaraq qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış 01.12.2019-cu il tarixli, BL375154 saylı "xxxx" ləğv olunması, həmin müqavilə üzrə onun tərəfindən MMC-yə ödənilmiş 1.199 manat, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 01.12.2019-cu il tarixli "xxxx" əsasən o, cavabdeh MMC-dən qiyməti 1.199 manat olan “Samsung WW70R62LVTXDLP” markalı paltaryuyan maşın almışdır. Müqavilənin şərtinə görə, o, 11 ay ərzində, MMC-yə hər ay 100 manat, 12 ayın tamamında isə 99 manat ödəməli idi. 01.12.2019-cu il tarixdə paltaryuyan maşın iddiaçının evində quraşdırılmışdır. Paltaryuyan maşın təxminən 1 ay istifadə etdikdən sonra onda nasazlıq yaranmışdır. Bununla bağlı iddiaçı cavabdeh MMC-yə məlumat vermiş, cavabdeh MMC tərəfindən iddiaçıya, onun “Qızıl zəmanəti” olduğundan, paltaryuyan maşını texniki xidmət servisinə təqdim etmək təklif edilmişdir. İddiaçı, paltaryuyan maşını MMC-nin texniki xidmət servisinə təhvil vermiş və bir neçə gündən sonra servisdən iddiaçıya zəng edərək paltaryuyan maşının təmir olunduğunu bildirmişlər. Təmirdən sonra paltaryuyan maşın bir neçə gün işləmiş və yenidən xarab olmuşdur. İddiaçı bu barədə də MMC-yə məlumat vermiş, paltaryuyan maşının əvəz edilməsini xahiş etmiş və MMC-nin əməkdaşlarının vədlərinə inanaraq gözləmiş və aylıq ödənişləri davam etmişdir. Bunlara baxmayaraq MMC tərəfindən problem həll olunmamışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" ləğv olunmalı, həmin müqavilə üzrə onun tərəfindən MMC-yə ödənilmiş 1.199 manat, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pul cavabdeh MMC-dən onun xeyrinə tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.02.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, paltaryuyanda hansı qüsurun olması məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Paltaryuyan 11 ay iddiaçının istifadəsində olmuşdur. Həmin qüsurun paltaryuyan maşının istifadəsi nəticəsində yaranması da mümkündür. Cavabdeh MMC-nin nümayəndəsi E.Süleymanov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayəti müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, paltaryuyan maşını aldıqdan sonra ondan cəmi 1 ay istifadə edə bilmişlər. O, paltaryuyan maşını aldıqdan sonra 4 dəfə texniki xidmət servisinə müraciət etmiş, buna baxmayaraq maşında olan qüsurlar aradan qalxmamışdır. Məcburiyyət qarşısında qalaraq başqa paltaryuyan maşın almışdır. Buna görə də, o, onunla MMC arasında bağlanmış müqavilənin ləğvini və MMCyə ödədiyi pulun qaytarılmasını xahiş edir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 01.12.2019-cu il tarixli, BL375154 saylı "xxxx" görünür ki, iddiaçı, həmin müqaviləyə əsasən MMC-dən qiyməti 1.199 manat olan “Samsung WW70R62LVTXDLP” markalı paltaryuyan maşın almışdır. Müqavilənin şərtinə görə, iddiaçı, 11 ay ərzində, MMC-yə hər ay 100 manat, 12 ayın tamamında isə 99 manat ödəməlidir. Müqavilə bağlanan tarixdə MMC tərəfindən iddiaçının adına “Zəmanət talonunu” verilmişdir. Zəmanət müddəti 1 il kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" görünür ki, iddiaçı, qeyd edilən müqavilə əsasında cavabdeh MMC-yə ödəməli olduğu məbləği vaxtından əvvəl hissə-hissə ödəmişdir. Müqavilə üzrə öhdəliklərin iddiaçı tərəfindən icra edilməməsi cavabdeh MMC tərəfindən mübahisələndirilmir. Həmçinin, MMC, onun tərəfindən iddiaçıya satılmış paltaryuyan maşında qüsurların əmələ gəldiyini, paltaryuyan maşının iddiaçı tərəfindən texniki xidmət servisinə təqdim edilməsini, paltaryuyan maşının zəmanət əsasında təmir olunduğunu mübahisələndirmir. Apellyasiya şikayətində MMC-nin ifadə olunmuş etirazı ondan ibarətdir ki, paltaryuyan maşında hansı qüsurun olması işə baxmış Rayon Məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Paltaryuyan maşındakı qüsur istifadə zamanı da yarana bilərdi. Mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə bildirir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh MMC arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əməl edilməklə əmlakın dəyəri hissə-hissə ödənilməklə "xxxx" bağlanmışdır. Mülki Məcəllənin 587.2-ci maddəsinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (maddə 587.2.1); lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (maddə 587.2.2). Mülki Məcəllənin 588.2-ci maddəsinə görə, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, hazırki mülki mübahisə üzrə sübut etmə yükü satıcı olan cavabdeh MMC-nin üzərinə düşür. Lakin MMC, onun tərəfindən istehlakçı olan iddiaçıya satılmış olduğu malda əmələ gəlmiş qüsurun malın istifadəsi nəticəsində yarandığını təsdiq edə biləcək sübutları (məsələn: MMC-nin mütəxəssisi və ya başqa mütəxəssis tərəfindən verilmiş rəyləri) məhkəmələrə təqdim etməmişdir. Məhkəmə, MMC tərəfindən istehlakçı olan iddiaçıya satılmış malda əmələ gəlmiş qüsurun hansı səbəbdən yaranmasını öz təşəbbüsü ilə araşdırmaq istəsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə verilmiş məlumatlardan aydın olmuşdur ki, qeyd edilən məsələnin tədqiq edilməsi Ekspertiza Mərkəzinin həll etdiyi məsələlərin dairəsinə aid deyil. Göstərilənlərə əsasən qəbul edilməlidir ki, cavabdeh MMC tərəfindən iddiaçıya qüsurlu mal satılmışdır. İddiaçı bunu nəzərə alaraq cavabdeh MMC-yə qarşı hazırki iddianı irəli sürməkdə, Rayon Məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşlar. İddia əsaslıdır. Belə ki, müqavilə bağlanan zaman MMC tərəfindən iddiaçının adına verilmiş 01.12.2019-cu il tarixdə “Zəmanət talonunu” verilmişdir. Zəmanət müddəti 1 il kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi 11.11.2020-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5409/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5409/2021
24.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver