Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-541/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1227/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. V-JQ 367048 nömrəli nikah haqqında şəhadətnaməsinə əsasən X12 ilə X3 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 32 nömrə ilə qeyd edilmişdir.
2. AZ-İİ 280839 nömrəli ölum haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.2022–ci il tarixdə ölmüşdür.
3. xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən “Chevrolet Camaro” minik markalı tünd boz parıltısız qara rəngli, **-PC-*** dövlət nömrə nişanlı, mühərrik nömrəsi BAN 1G1FB1RX4G0181875 olan minik avtomobili idarə etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5 maddəsinə uyğun olaraq Cavabdeh2 (Sürücülük vəsiqəsi:AD 117498 kategoriya BC,xx.xx.2015-xx.xx.2025) etibar edilmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədədir.
4. xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərara əsasən xx.xx.2022-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 65.3-cü km-liyində Cavabdeh1 idarə etdiyi “Chevrolet Camaro” markalı, **-PC-*** dövlət nömrə nişanlı avtomobil ilə piyadalar X13 və X5 vurmuş, sonradan yolun sağ hissəsində dayanmış vəziyyətdə olan Səyavuş Cəfərova məxsus “Mercedes Benz” markalı, ** CR *** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə hər iki piyada aldıqları bədən xəsarətlərindən hadisə yerində ölmüşlər.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Pataloji Anatomiya Birliyi X20 35 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən X6 xəsarətləri həyatidir, bərk küt əşya ilə törədilmişdir, xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi, dərəcələrinə görə həyatla bir araya sığmayan xəsarət olduğundan sağlamlığa zərərvurmanın əlamətlərinə malikdir və şəxsin ölümü ilə birbaşa əlaqədədir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/1078 nömrəli rəyinə əsasən “Chevrolet Camaro” markalı, **-PC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” AR qanununun tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Pataloji Anatomiya Birliyi X20 148/K saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 götürülmüş qan nümunəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” və tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan “Heroin” aşkar edilmişdir.
8. xx.xx.2022-ci il tarixli “X17”ına əsasən “Mercedes-Benz E240” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 4 200 manat, ehtiyat hissələri və köməkçi materialların dəyəri 5 930 manat, dəymiş ziyanın ümumi dəyəri isə 10 130 manat təşkil edir.
9. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1576/2022 saylı Hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-2055/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmü dəyişdirilmədən saxlanılmışdır.
10. xx.xx.2023–cü il tarixli, 2V-37 nömrəli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X7 vərəsələri: İddiaçı, X14, X11 və onların hər biri miras əmlakdan 1/3 irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 05/01-288 nömrəli məktuba əsasən X7 ölümü ilə əlaqədar Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" qanunun 14.2.1 -ci maddəsinə əsasən 5.000 manat pul məbləğindən ibarətdir.
Birinci instansiya məhkəməsindəki icraat
11 İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Xəzər Lizinq MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 15.330 manat maddi ziyanın və 80.000 manat mənəvi zərərin, ümumilikdə 95.330 manat məbləğində pulun müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkum Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1576/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 10 il məddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 03:15 radələrində sürücülük hüququ və etibarnamə olmadan, həm də narkotik vasitənin təsiri altında idarə etdiyi “Chevrolet Camaro” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan yolunda Bakı şəhəri istiqamətində hərəkət etdirərkən, yolun Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65.3 km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili yolun sağ ehtiyat hissəsinə çıxarıb, orada öz avtomobilinin arxasında dayanmış onun mərhum həyat yoldaşı X8 və onun iş yoldaşı X5 vuraraq onların sağlamlığına həyatla bir araya sığmayan ağır zərər vurmaqla, ölümlərinə səbəb olmuşdur. Həmin hökmə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi Cavabdeh3 MMC-yə məxsus “CHEVROLET CAMARO” maraklı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində idarə etmək üçün sürücülük hüququ olmayan və narkotik vasitə qəbul etmiş Cavabdeh1 vermiş, Cavabdeh1 həmin avtomobili sürücülük hüququ olmadan idarə edərək, Şirvan şəhərinə getmiş və narkotik vasitədən istifadə etmək nəticəsində sərxoş halda Şirvan şəhərindən Bakı şəhərinə qayıdarkən, saat təxminən 03:15 radələrində yolun Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65.3 km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili yolun sağ ehtiyat hissəsinə çıxarıb, orada dayanmış piyadalar X8 və X5 vuraraq onların sağlamlığına həyatla bir araya sığmayan ağır zərər vurmaqla, ölümlərinə səbəb olmuş, eyni zamanda hadisə yerində söndürülmüş vəziyyətdə olmuş, mərhum Səyavuş Cəfərova məxsus “Mercedes Benz” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili də vuraraq onu istismar üçün tam yararsız vəziyyətə salmışdır. Göründüyü kimi, onun mərhum həyat yoldaşı X7 ölümünə və avtomobilinin istismar üçün tam yararsız hala düşməsinə səbəb Cavabdeh3 MMC və Cavabdeh2 yüksək təhlükə mənbəyi hesab edilən “Chevrolet Camaro” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmayan və narkotik vasitəsindən istifadə nəticəsində sərxoş halda olan Cavabdeh1 vermələri, Cavabdeh1 sürücülük hüququ olmadan və narkotik vasitəsinin təsiri altında avtomobili idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması olmuşdur. İşin istinad edilən halları mübahisəsizdir və Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 1(101)-1576/2022 nömrəli hökmündə preyudisial qaydada öz təsdiqini tapmışdır. Cavabdehlərin qanunsuz və hüquqazidd əməlləri nəticəsində ona və onun ailə üzvlərinə maddi və mənəvi zərər yetirilməsinə baxmayaraq onlar yetirdikləri maddi və mənəvi zərərin əvəzini istər cinayət işi üzrə məhkəməyədək icraat zamanı, istərsə də, məhkəmə icraatı dövründə ödəməmişlər cavabdehlərin qanunazidd əməlləri ilə yetirilmiş maddi zərər onun mərhum həyat yoldaşı X7 istifadəsində olmuş “Mercedes Benz” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin tamamilə deformasiya uğrayaraq istismar üçün tam yararsız vəziyyətə düşməsində, habelə mərhumun ölümü ilə bağlı çəkilən dəfn və sair xərclərdə ifadə olunmuşdur. Belə ki, cavabdehlərdən Cavabdeh1 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı onun mərhum həyat yoldaşı X7 istifadəsində olmuş “Mercedes Benz” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin tam deformasiya olunması onları 10.130 manat məbləğində maddi zərər vurulmasına səbəb olmuşdur. Avtomobilin tam deformasiyaya uğraması ilə bağlı vurulmuş 10.130 manat məbləğində ziyanın 5.000 manat məbləği İcbari sığorta bürosu tərəfindən mərhumun vərəsələri olaraq onlara ödənilmişdir. Maddi ziyanın ödənilməmiş 5.130 manat manat hissəsi isə cavabdehlərdən alınaraq onlara ödənilməlidir. Bundan başqa, cavabdehlərin qanunazidd əməlləri ilə onlara yetirilmiş digər maddi zərər mərhumun nəşinin Bakı şəhərindən təyyarə ilə Naxçıvan MR Babək rayonunun Şıxmahmud kəndinə gətirilməsi, orada dəfn edilməsi, dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə çəkilən xərclərlə bağlı olmuşdur. Belə ki, onun mərhum həyat yoldaşı Səyavuş Cəfərovun yol-nəqliyyat hadisəsindən sonra onun nəşinin təyyarə ilə Bakı şəhərindən Naxçıvan MR, Babək rayonunun Şıxmahmud kəndinə gətirilməsinə, orada dəfn edilməsinə, dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə 10.200 manat xərc çəkilmişdir ki, həmin zərər də müştərək qaydada cavabdehlərdən alınıb onlara ödənilməlidir. Qeyd etdiyi kimi, onun mərhum həyat yoldaşı X7 ölümünə səbəb olmuş yolnəqliyyat hadisəsinin törədilməsi ilə bağlı onlara maddi ziyan vurulmaqla yanaşı, həm də mənəvi zərər də yetirilmişdir. Mənəvi zərər isə cavabdehlərin qanunsuz əməlləri nəticəsində onun mərhum həyat yoldaşı X7 faciəli şəkildə ölümündə, onun ölümü ilə bağlı onun və övladlarının uzun müddət psixiki pozuntu və bu zəmində sarsıntı keçirməklərinə, habelə əzab və acı çəkməklərində ifadə olunmuşdur. Belə ki, onun mərhum həyat yoldaşı Səyavuş Cəfərovun qəflətən baş vermiş faciəli ölümü uzun müddədir ki, onların mənəvi sarsıntı keçirməklərinə, psixikalarının pozulmasına səbəb olmaqla yanaşı, onları həmişəlik əzab-acı çəkməyə düçar etmişdir. Səyavuşun faciəli ölümünə səbəb olmuş bu cinayətin sarsıntılarından, əzab və acılarından, habelə iztirablarından xilas olmaq heç zaman mümkün olmayacaqdır. Amma onlara vurulmuş mənəvi zərərin sarsıntılarını, əzab və acılarını, habelə iztirablarının qismən də olsa, azaltmaq o zaman mümkündür ki, onlara bu zərəri vurmuş cavabdehlər vurduğları zərərin əvəzini ödəməyə məcbur edilmiş olsunlar. Cavabdehlər tərəfindən onlara yetirilmiş mənəvi zərərin pula ifadəsinə gəldikdə, hesab edirlər ki, cavabdehlərin onlara vurduqları mənəvi zərər 80.000 manat məbləğində qiymətləndiririlməli və mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 80.000 manat məbləğində pul alınıb onun xeyrinə ödənilməlidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Yuxarıda qeyd etdiyi kimi, Cavabdeh1 sürücülük hüququ olmadan və narkotik təsiri altında təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində onun mərhum həyat yoldaşı Səyavuş Cəfərovun qəflətən baş vermiş faciəli ölümü uzun müddədir ki, onların mənəvi sarsıntı keçirməklərinə, psixikalarının pozulmasına səbəb olmaqla yanaşı, onları həmişəlik əzabacı çəkməyə düçar etmişdir. Onun faciəli ölümünə səbəb olmuş bu cinayətin sarsıntılarından, əzab və acılarından, habelə iztirablarından xilas olmaq heç zaman mümkün olmayacaqdır, amma onlara vurulmuş mənəvi zərərin sarsıntılarını, əzab və acılarını, habelə iztirablarının qismən də olsa, azaltmaq o zaman mümkündür ki, onlara bu zərəri vurmuş cavabdehlər onun əvəzini ödəməyə məcbur edilmiş olsunlar. Bunlarla yanaşı qeyd edir ki, onun mərhum həyat yoldaşı Səyavuş Cəfərov ailələrin dolandıran olmuşdur və onun cavabdehlərə qarşı irəli sürdüyü tələb ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi ilə bağlıdır.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1227/2023 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.130 manat maddi ziyanın əvəzi və 8.000 manat mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 13.130 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunması, 129,39 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim X18)
14. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, avtomobilin tam deformasiyaya uğraması ilə bağlı vurulmuş 10 130 manat məbləğində ziyanın 5.000 manat məbləği İcbari sığorta Bürosu tərəfindən mərhumun vərəsələri olaraq iddiaçı tərəfə ödənilmişdir. Hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 1576/2022 nömrəli hökmü ilə müəyyən edilmiş hallara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının avtomobilə vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi qənaətinə gəlmək mümkündür və iddiaçının tələbinin bu hissədə maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Bu səbəbdən məhkəmə avtomobillə bağlı maddi ziyanın ödənilməmiş 5.130 manat manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan 80.000 manat məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. İddiaçı tərəf də mərhumun faciəli ölümünə səbəb olmuş baş vermiş cinayət hadisəsinin onların mənəvi sarsıntı keçirməklərinə, psixikalarının pozulmasına səbəb olmaqla yanaşı, onları həmişəlik əzab-acı çəkməyə düçar olmalarını, bu cinayətin sarsıntılarından habelə iztirablarından xilas olmağın heç zaman mümkün olmayacağını göstərmişlər. Lakin, iddiaçı tərəf onlara vurulmuş mənəvi zərərin sarsıntılarını, əzab və acılarını, habelə iztirablarının qismən də olsa, azaltmasının mümkünlüyünü onlara bu zərəri vurmuş cavabdehlərin vurduqları zərərin əvəzini ödəməyə məcbur edilməsi ilə əsaslandırsalar da tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğunu əsaslandırmamışlar. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Buna baxmayaraq, məhkəmə iş materiallarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsi ilə mənəvi ziyanın vurulması arasında səbəli əlaqə mövcud olduğundan sözügedən cavabdehlərdən iddiaçının xeyrinə 8 000 manat mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, göstərilən nəticələrə gələrkən cinayətin törədilməsinin predmeti olmuş “CHEVROLET CAMARO” maraklı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3nə məxsus olmasını və Cavabdeh2 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında həmin avtomaşını idarə etməsini nəzərə alaraq hesab etmişdir ki, yüksək təhlükə mənbəyi hesab edilən avtomobilin mülkiyyətçisi olan MMC həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinin tələbləri baxımından mülki məsuliyyət daşıyıcısı deyildir. Məhkəmə, iddia tələbinin dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə çəkilən xərclərlə bağlı hissəsi ilə əlaqədar qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. İddiaçı tərəf mərhumun nəşinin Bakı şəhərindən təyyarə ilə Naxçıvan MR Babək rayonunun Şıxmahmud kəndinə gətirilməsi, orada dəfn edilməsi, dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə çəkilən xərclərlə bağlı olmasını göstərərək buna 10.200 manat xərc çəkilməsini göstərmişdir. Məhkəmə ilk öncə qeyd etmişdir ki, iddiaçı tərəfin bu işlərlə bağlı müəyyən xərc çəkməsi şübhə altına alına bilməz. Lakin, bu hal hazırki vəziyyətdə hamıya bəlli olan halların sübuta ehtiyacı olmaması kimi də qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.130 manat maddi ziyan və 8.000 manat mənəvi zərər, ümumilikdə 13.130 manat məbləğində pul müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd olunmalıdır. 129,39 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 23cü, 1096.1-ci, 1097.1-ci, 1108-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.4-cü, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə, “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”sına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun sözügedən işlə heç bir əlaqəsi yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)–1576/2022 saylı hökmünə əsasən onun törədilmiş cinayətdə heç bir rolu olmamışdır. Bu səbəbdən heç bir mülki məsuliyyət daşıya bilməz. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 1096 və 1097-ci maddələrini düzgün interpritasiya etməmişdir. Onun mülki məsuliyyəti yalnız onun tərəfindən və ya onun təqsirli hərəkətləri nəticəsində dəymiş maddi ziyana əsaslanmalıdır. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)–1576/2022 saylı hökmündə qeyd edilmiş avtomobil vasitəsini idarə etməmişdir və onun dəymiş ziyan barədə heç bir mülki məsuliyyəti ola bilməz. Odur ki, qətnamə ona aid hissədə ləğv edilməlidir. Törədilən mülki huquq pozuntasu ilə onun hərəkətləri arasında olan səbəb-nəticə əlaqəsi məhkəmə tərəfindən araşdırılmamışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir.
20. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzası çəkdiyindən məhkəmə iclasına iştirak edə bilməmiş, eyni zamanda onun iddiaya münasibətini əks etdirən hər hansı ərizə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
22. Cavabdeh3 MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə bu cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli, 7 saylı qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər; 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Apellyasiya şikayətində Cavabdeh2 qətnamənin ona aid hissədə ləğv edilməsini və ona münasibətdə iddianın rədd edilməsini xahiş etdiyindən. qətnamə yalnız mübahisələndirilən, yəni ondan pulun tutulması hissələrində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
33. Hazırda Cavabdeh2 maddi və mənəvi zərərə görə ödənilməli məbləği mübahisələndirmir, həmin zərərin məhz ondan da tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir.
34. Bu konteksdə Cavabdeh2 apellyasiya şikayətində avtomobili idarə etmədiyini, baş vermiş cinayətdə heç bir rolunun və təqsirinin olmadığını qeyd edərək bu əsasla iddianın ona münasibətdə rədd edilməsi mövqeyindən çıxış edir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
36. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
37. Digər tərəfdən məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarı).
38. Mülki qanunvericiliyin və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən müddəalarından da göründüyü kimi yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətin yaranması üçün 2 dispozisiya şərti nəzərdə tutulmuşdur. 1) şəxsin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik etməsi; 2) digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin qanuni əsasla ona sahiblik edən şəxsin sahibliyindən çıxması.
39. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “Chevrolet Camaro” markalı, **- PC-*** dövlət nömrə nişanlı avtomobil etibarnamə əsasında idarə edilməsi üçün xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında Cavabdeh2 verilmişdir. Sözügedən yolnəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 həmin avtomobili idarə etməsi üçün heç bir hüquqi əsas olmamışdır. Belə ki, Cavabdeh1 hadisə baş verən zaman sürücülük (idarəetmə) və sahiblik hüququ olmamışdır. Qeyd olunanlardan da göründüyü kimi, hadisə baş verən zaman Cavabdeh2 “Chevrolet Camaro” markalı, **-PC-*** dövlət nömrə nişanlı avtomobilin qanuni sahibi olmuşdur.
40. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında Cavabdeh2 ilə qonşu olduqlarını və avtomobili xahişi əsasında Cavabdeh2 aldığını bildirmişdir. Cavabdeh2 da həm cinayət işinin istintaqı zamanı, həm də hazırki mülki iş üzrə verdiyi izahatlarında avtomobilin onun razılığı ilə verilməsini inkar etmir. Yəni, hazırki halda avtomobilin Cavabdeh2 sahibliyindən onun iradəsinə zidd olaraq çıxması halı müəyyən edilməmişdir.
41. Beləliklə, iddia tələbi Cavabdeh2 münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi maddi və mənəvi zərərə görə ondan pul tutmaqda haqlı olmuşdur.
42. Məhkəmə kollegiyası cavabdehlərdən maddi və mənəvi zərərə görə tutulmalı məbləğlə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, bu hissədə də məhkəmənin müəyyən etdiyi məbləğ məqbul hesab edilməlidir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1227/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov