Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5417/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5417/2025 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2620/2025 saylı, 29 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 03 mart 2021-ci ildən 13 fevral 2025-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X5 X10 və Fumiqasiya (zərərsizləşdirilmə) Mərkəzində müddətli əmək müqaviləsi ilə aparıcı aqronom vəzifəsində işləmişdir. Əmək müqaviləsinə onun müddətinin başa çatması əsası ilə xx.xx.2025-ci ildən etibarən xitam verilmişdir.
2. Xankəndi şəhər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenant Amin Əsgərovun 14 avqust 2024-cü il tarixli qərarı ilə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraatına qəbul edilmiş və istintaqı aparılmışdır. Qərarda qeyd edilənlərə əsasən cinayət işinin başlanılmasına səbəb və əsas X7, X4 və İddiaçı xx.xx.2024-cü il tarixdə hərəkətdə olduqları “Mitsubshi”markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə Xankəndi şəhəri ərazisində yerləşən 4-cü blok postda xidmət edən polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı müxtəlif məişət əşyalarının aşkar olunması barədə toplanmış materiallar olmuşdur. İstintaq zamanı müstəntiq Amin Əsgərovun müvafiq qərarları ilə o, həmçinin X8 və X4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmuşdur. Qeyd olunan araşdırma aparıldığı dövrdə iddiaçı barəsində xx.xx.2024-cü il tarixindən “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istintaq orqanı tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məclləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona 05 sentyabr 2024-cü ildən 06 yanvar 2025-ci il tarixədək 4 ay iş yerindən əmək haqqı verilməməsi və 2024-cü ilin İV rübü üçün iş yerindən pul mükafatını ala bilməməsi ilə vurulmuş maddi zərərin əvəzi olaraq cəmi 2961 manat pul vəsaitinin və əməlində cinayət tərkibi olmadığı halda cinayət qanununun həmin maddələri ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunduğuna görə ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10 000 manat, beləliklə də cəmi 12 961 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 03 mart 2021-ci ildən 13 fevral 2025ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X5 X10 və Fumiqasiya (zərərsizləşdirilmə) Mərkəzində müddətli əmək müqaviləsi ilə aparıcı aqronom vəzifəsində işləmişdir. Əmək müqaviləsinə onun müddətinin başa çatması əsası ilə xx.xx.2025-ci ildən etibarən xitam verilmişdir. Xankəndi şəhər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenant Amin Əsgərovun 14 avqust 2024-cü il tarixli qərarı ilə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraatına qəbul edilmiş və istintaqı aparılmışdır. Qərarda qeyd edilənlərə əsasən cinayət işinin başlanılmasına səbəb və əsas X7, X4 və İddiaçı xx.xx.2024-cü il tarixdə hərəkətdə olduqları “Mitsubshi”markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə Xankəndi şəhəri ərazisində yerləşən 4-cü blok postda xidmət edən polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı müxtəlif məişət əşyalarının aşkar olunması barədə toplanmış materiallar olmuşdur. İstintaq zamanı müstəntiq Amin Əsgərovun müvafiq qərarları ilə o, həmçinin X8 və X4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmuşdur. Ona elan olunmuş ittihamda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 20 radələrində tanışları Bərdə rayon sakinləri X7 və X4 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında vahid niyyətlə oğurluq etmək qərarına gəlib bu məqsədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındakı Əmlak Məsələləri Dövlət Xidmətinə mühafizə olunması üçün həvalə edilmiş Xankəndi şəhəri ərazisində yerləşən müxtəlif ünvansız yaşayış evlərinə qanunsuz daxil olmaqla həmin evlərdə olan 01 ədəd qiyməti 85 manat olan elektrik ayrıcısı, 02 ədəd ümumi qiyməti 30 manat olan rezbaaçan, 01 ədəd qiyməti 35 manat olan avtomobil ehtiyyat hissəsi (starter), 01 dəst qiyməti 25 manat olan fincan dəsti, qiyməti 15 manat olan şahmat qutusu, 03 ədəd ümumi qiyməti 60 manat olan elektrik samovarı, 02 ədəd ümumi qiyməti 90 manat olan su isidici (minutka), 01 ədəd qiyməti 40 manat olan “EMERFİLD” markalı şirəçəkən, 06 ədəd ümumi qiyməti 6 manat olan xörək qaşığı, 01 ədəd qiyməti 8 manat olan taxta şirniyyat qabı, 08 ədəd ümumi qiyməti 5 manat olan çaydan, 09 ədəd ümumi qiyməti 18 manat olan yağ bıçağı, 01 ədəd qiyməti 38 manat olan mis qəfədan, 01 ədəd qiyməti 35 manat olan mis güldan, 35 ədəd ümumi qiyməti 4 manat olan banka qapağı, 21 ədəd qiyməti 21 manat olan boşqablar, 04 ədəd ümumi qiyməti 32 manat olan çaynik, 02 ədəd ümumi qiyməti 50 manat olan elektron tərəzi 03 ədəd ümumi qiyməti 33 manat olan hesablayıcı (kalkulyator), 02 ədəd ümumi qiyməti 30 manat olan Rus baltasını götürərək Elməddin Hümbətovun idarə etdiyi ”Mitsubishi” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, xx.xx.2024-cü il tarixdə saat 20:45-dən saat 21:15-dək Xankəndi şəhər polis şöbəsinin duracağında həmin avtomobilə baxış keçirilərkən əşyalar aşkar edilmişdir. Bununla da onlar, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanındakı Əmlak Məsələləri Dövlət Xidmətinə ümumilikdə 690 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. 11 dekabr 2024-ci il tarixdə həmin cinayət işi tərtib olunmuş ittiham akti ilə birlikdə təsdiq edilərək Xankəndi şəhər məhkəməsinə göndərilməsi üçün şəhər prokurorluğuna təqdim edilmişdir. Cinayət işi Xankəndi şəhər prokurorluğunda öyrənilərkən təqsirləndirilən şəxslərə istinad edilən əməlin cinayət tərkibi yaratmadığı, cinayət işi üzrə icraata xitam verilməsi üçün əsasların mövcud olduğu müəyyən edilmişdir. Odur ki, Xankəndi şəhər prokuroru, ədliyyə müşaviri Rəşadət Orucovun 16 dekabr 2024cü il tarixli “İttiham aktının təsdiq edilməsindən imtina olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə Azərbaycan Respublikası 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibinin olmaması) İddiaçı, X7 və X1 Azərbaycan Respublikası CM-nin 177.25.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, ********* nömrəli cinayət işinin istintaqının gedişatında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimovun 5 sentyabr 2024-cü il tarixli 3-22- 1-1/3-1- 418/2024 nömrəli Əmri ilə o, xx.xx.2024-cü il tarixindən cinayət tərkibi olan ictimai-təhlükəli əməl törətdiyinə görə istintaq davam edənədək işdən kənarlaşdırılmış və işdən kənar edildiyi dövr ərzində ona əmək haqqı hesablanmaması da da həmin əmrdə göstərilmişdir. Sözügedən Əmrin verilməsi üçün əsas olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xankəndi şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-122/2- 3720/2024 nömrəli məktubu göstərilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Kənd Təsərüüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimovun 29 dekabr 2024-cü il tarixli 3-22- 1-1/3-1-667/2024 nömrəli Əmri ilə xx.xx.2025 ci il tarixdən işinə bərpa edilmişdir. Sözügedən Əmrin verilməsi üçün əsas olaraq Azərbaycan Respublikası Prokurorluğu Xankəndi şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-463/2-208456/2024 məktubu göstərilmişdir. Beləliklə də o, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar olaraq işdən kənarlaşdırıldığı üçün tam 4 ay, yəni xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək olan dövr üçün cəmi 2632 manat əmək haqqından (1 aylıq ə/h 658 manatx4) və 329 manat məbləğində rüblük mükafatdan məhrum olmuşdur. Rüblük mükafat hər rübdə 1 dəfə olmaqla 1 aylıq əmək haqqının 50%-i həcmində verilirdi (658 manat:50%). Belə olan halda, yəni istintaq orqanı tərəfindən qanunsuz olaraq cinayət məsuliyətinə cəlb edilməsi nəticəsində ona vurulmuş maddi zərərin məbləği cəmi 296 manat təşkil edir. İsitntaq orqanı tərəfindən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona vurulmuş mənəvi ziyanı 10 000 manat hesab edir. Belə ki, oğurluq cinayəti törətmədiyi halda, rəsmi ittiham edilməklə “oğru” hesab edilmiş və bu barədə istintaq orqanı tərəfindən iş yerinə rəsmi qaydada məktub göndərilməklə işlədiyi kollektivə “oğru” kimi təqdim edilmişdir. O, həmin təşkilatda uzun illər işləmiş, işlədiyi müddət ərzində həmişə yaxşı cəhətdən tanınmış və nümunəvi işçi hesab edilmişdir. Heç vaxt hər hansı bir formada, intizam tənbehi də almamış, 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmaqla ictimai fəal kimi tanınmış, rayon səviyyəli ictimai-siyasi tədbirlərdə fəal iştirak etmiş, yaşadığı yerdə və ictimaiyyət arasında həmişə yaxşı cəhətdən tanınmış və hörmət-nüfuz sahibi olmuşdur. Odur ki, istintaq orqanının onu etmədiyi oğurluq cinayətində qanunsuz olaraq təqsirli hesab etməklə bərabər, onu həm də əmək kollektivinə rəsmi qaydada-məktub göndərməklə “oğru” və “cinayətkar” kimi təqdim etməsi nəticəsində ona ölçüyə gəlməz dərəcədə mənəvi ziyan vurulmuşdur və işgüzar nüfuzu ləkələnmişdir. Onun 67 yaşı vardır, nümunəvi ailə başçısıdır, 2 övladı, 4 nəvəsi vardır, ali təhsilli aqronomdur. Odur ki, törətmədiyi cinayətə görə qanunsuz olaraq xırda məişət əşyaları oğurlamaqda günahlandırılaraq ona əsassız ittiham elan edilməsi yaşı, səhhəti və ailə vəziyyətinə görə ona xüsusilə ağır mənəvi əzab vermiş, hazırda da verməkdədir və depresiyadan çıxa bilmir. Ona münasibətin mənfi istiqamətə dəyişdiyi aşkar hiss edilir və heç bir oğurluq cinayəti etmədiyinə onu tanıyanlar şübhə ilə yanaşırlar. Ailədə, qohum-əqraba, dost-tanış və qohumlar yanında nüfuz və etibarı ciddi olaraq zədələnmişdir. Ailə üzvləri də onun kimi mənəvi sarsıntı keçirmişlər, həm də sözügedən cinayət işi ilə əlaqədar hər dəfə istintaqa çağırıldıqda gərginlik və narahatçılıq keçirmiş, həbs olunacağını və bir daha evinə qayıtmayacağını düşünərək gərginlik içərisində yaşamışlar. İstintaq orqanının yazılı göstərişinə əsasən 4 ay kənarlaşdırılmağa görə həmin dövr üçün əmək haqqı almaması səbəbindən özü və ailə üzvləri ciddi maddi sıxıntı və çətinlik içərisində yaşadığından törətmədiyi cinayətə görə oğurluq cinayəti törətməkdə qanunsuz olaraq təqsirləndirilməsi səbəbi ilə keçirdiyi mənəvi sarsıntı və istirab ona daha da ağır əzab vermişdir. Səhhəti pozulmuşdur, müntəzəm surətdə əsəb sakitləşdirici dərman preparatları qəbul edir, gecələr yuxu dərmanları qəbul etməsə yata bilmir. Hesab etmişdir ki, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində keçirdiyi stress, iztirab və depressiya səbəbli səhhətində yaranmış problemlər-əsəb-psixoloji fəsadlar bundan sonra ömrü boyu müalicə almasını və xüsusi şəraitdə yaşamağını tələb edir. Yuxarıda şərh etdiyi səbəblərdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsaslı olmaqdan başqa, həm də qanuni hesab edir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2620/2025 saylı, 29 iyul 2025ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddianın qismən təmin edilməsi, Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 1200 manat məbləğində mənəvi zərərin əvəzi, 2703 manat maddi zərərin əvəzi ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1100-cü maddələri, «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 5, 7, 39-cu maddələri, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 3 və 9, “İnsan hüquqları haqqında” Avropa Konvensiyasının 41-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apelyasiya şikayətində göstərilmişdir ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 177.2.1 -ci və 177.2.3-cü maddələri ilə cinayət işinin başlanmasını və barəsində cinayət təqibinin həyata keçirilməsini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 10.000 manat, maddi ziyanın əvəzi olaraq 2961 manat, ümumlikdə 12.961 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti", yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 No-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəf ona münasibətdə qərəzli mövqe göstərmişdir. Bu yaşında stress çəkməyə məcbur olmuşdur.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
14. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
15. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
16. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi
17. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
18. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
19. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu
20. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır
21. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir
22. Maddə 6. 1-ci bəndi Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir
23. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir
24. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
«Polis haqqında» Azərbaycan Respublikası Qanunu
25. Maddə 5.6. Şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur.
26. Maddə 7. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir.
27. Maddə 39. Polisin fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, qanunla müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilələr əsasında, habelə dövlət və qeyri-dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilir.
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarı
28. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın təmin olunan hissəsində dəyişdirilməlidir.
7. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-22-1-1/3-1-418/2024 saylı əmrində göstərilmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (Bakı şəhəri, Nəcəf Nərimanov 7A) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X11 Mərkəzinin baş aqronomu X9, aparıcı aqronomu İddiaçı və xüsusi təyinatlı avtomobil sürücüsü X3 xx.xx.2024-cü il tarixindən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikləri üçün istintaq davam edənədək işdən kənar edilsinlər.
38. İş materiallarında olan Xankəndi şəhər prokurorunun “ittiham aktının təsdiq edilməsindən imtina olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi” haqqında 16 dekabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı, X7 və X1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair olan cinayət işi üzrə icraata xitam verilmişdir.
39. Həmin qərarda həmçinin göstərilmişdir ki, İddiaçı tərəfindən talanmış əmlakın ümumi dəyəri 463 manat, Nayib Hüseynov tərəfindən talanmış əmlakın ümumi dəyərinin isə 172 manat olduğu müəyyən edilmiş Elməddin Hümbətov tərəfindən isə hər hansı əmlakın talanması faktı öz təsdiqini tapmamışdır. Bu isə öz növbəsində İddiaçı, Nayib Hüseynov və Elməddin Hümbətovun əməllərində Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə nəzərdə tutulmuş oğurluq cinayətinin olmamasına dəlalət edir.
40. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-22-1-1/3-1- 667/2024 saylı əmrində göstərilmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X11 Mərkəzinin aşağıda adları qeyd olunan əməkdaşları barədə açılmış cinayət işinə xitam verilməsi ilə əlaqədar əmək fəaliyyətlərinə xx.xx.2025-ci il tarixdən bərpa edilsinlər. X9 - baş aqronom, İddiaçı-aparıcı aqronom, X3-xüsusi təyinatlı avtomobil sürücüsü. Mərkəzin 2024-cü il 05 sentyabr tarixli 3-22-1-1/3-1-418/2024 və 2024-cü il 11 sentyabr tarixli 3-22-1-1/3-1-428/2024 nömrəli əmrləri qüvvədən düşmüş hesab edilsin. Əmrin verilməsinə əsas Xankəndi şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu göstərilmişdir.
41. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən istintaq davam etdiyi müddətdə işdən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir.
42. Xankəndi Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(065)-27/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu (vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda) maddəsinə əsasən xitam verilmişdir.
43. Həmin Qərarda həmçinin göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi sübut olunmuş, o, protokolda təsvir olunmuş əşyaların gizli yolla talanmasın ıetiraf etmişdir.
44. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişində göstərilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam veriləcəkdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın maddi zərərin tutulması hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
46. Belə ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı öncələr əmək fəaliyyəti ilə məşğul olarkən stabil şəkildə əmək haqqı almışdır və bununla bağlı müvafiq arayış məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşdur. İddiaçının həmin dövr ərzində gəlirindən məhrum olması nəzərə alındıqda, iddiaçıya vurulmuş maddi ziyan 2.703 manat (700.8x4-100.11) təşkil edir.
47. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi tələbin Maliyyə Nazirliyinə deyil, bilavasitə təqsiri törədən quruma yönəldilməsinə dair dəlillərinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, göstərilən hallar 2 meyarla dəyərləndirilməlidir. Bu meyarların əsası iddianın obyekti və iddianın predmeti kimi obyektiv hallardan asılıdır. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti-iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir. İddianın predmeti isə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquqdur. Hazırki işdə iddia tələbinin predmeti qismində göründüyü kimi, kompensasiya məbləğinin tələb olunması çıxış edir. Bu da öz növbəsində iddia tələbinin adekvat subyektə yönəldiyinin göstəricisidir.
48. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçının barəsində dövlət qurumunun təqsirli hərəkətləri nəticəsində yanlış qənaətə gəlinmiş və bununla da 4 ay müddətinə qeyri-adekvat rəftara məruz qalmışdır. İşin mübahisəsiz halıdır ki, şəxs adıçəkilən ittihamlardan bəraət almış və təqsirsiz hesab edilmişdir. Bununla da onun müvafiq kompensasiya hüququ yaranmışdır.
49. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində göstərilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
50. Həmçinin “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
51. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilmə mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt kimi isə “Azərbaycan Respublikası” çıxış edir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadəsi ilə dövlət nəzərdə tutulur və cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda, ziyana görə həmin şəxsin qarşısında məhz dövlət- “Azərbaycan Respublikası” məsuliyyət daşıyır.
52. Hazırkı işdə də mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət - “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.
53. Bu baxımdan kollegiya hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, iddiaçıya dəymiş mənəvi zərərin məbləğini cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmasını qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
54. Lakin birinci instansiya məhkəməsinin cavabdehdən 1200 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, iddiaçının həbsdə saxlanıldığı və bunun nəticəsində onun həddindən artıq ciddi mənəvi iztirab çəkməsi iş materialları təsdiq olunmur.
55. Belə ki, mənəvi zərər - bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
56. Ümumiyyətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə ayrıayrı ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransa və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Həmin normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
57. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.
58. Habelə təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.
59. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilri ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
60. Qeyd olunmalıdır ki, bu kateqoriyadan olan işlər üzrə kassasiya instansiyası məhkəməsinin də bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə, o cümlədən hazırki işdəki kimi “vəzifədən kənarlaşdırma” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay- azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı təqribən 500 manat, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı isə təqribən 300 manat müəyyən edilir.
61. Hazırki işdə isə diqqətəlayiq məqam ondan ibarətdir ki, iddiaçı barəsində ittiham elan olunsa da, onun barəsində qətimkan tədbiri qismində “başqa yerə getməmə barədə iltizam” tədbiri seçilmişdir ki, bu da öz növbəsində şəxsin azadlıqdan məhrum edilməsi və ya digər hüquqi tədbirlərin tətbiqi ilə müşahidə olunmamışdır.
62. Çünki şəxsin konstitusion hüququ olan azadlıq hüququnun məhdudlaşdırıldığı həbsdə saxlamadan fərqli olaraq, digər cinayət-hüquqi tədbirlərdə şəxs cəmiyyətdən tam təcrid olunmur. Müəyyən məhdudiyyətlərlə, əvvəlki sosial mühitində yaşamağa davam edir.
63. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının azadlıqdan məhrumetmə ilə nəticələnməyən, 4 ay müddətinə “başqa yerə getməmə barədə iltizam” tədbirinin seçilməsini nəzərə alaraq vahid məhkəmə təcrübəsində nəzərdə tutulan məbləğin dörddə biri həcmində, yəni ayı 250 manat həcmində olmaqla hesablanması və nəticədə mənəvi ziyanın 1000 manat miqdarında müəyyən edilməsi daha ədalətli və ağlabatandır.
64. Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2620/2025 saylı, 29 iyul 2025-ci il tarixli qətnaməsi qismən - mənəvi zərərə görə pulun ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 1000 manat həcmində pul tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
65. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
66. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
68. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2620/2025 saylı, 29 iyul 2025-ci il tarixli qətnaməsi cavabdehdən mənəvi ziyanın tutulması hissəsində dəyişdirilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 1.000 (min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2620/2025 saylı, 29 iyul 2025-ci il tarixli qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev