Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5420/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(006)-2418/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Ağasəlim qızından 16.800 (on altı min səkkiz yüz) manat pul məbləğinin, hazırkı iddia ilə bağlı vəkil müqaviləsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun və 142 (yüz qırx iki) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2418/2025 nömrəli 10 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 11 sentyabr 2025-ci il tarixli 2(103)-5420/2025 saylı qərardadı ilə işə apellyasiya qaydasında baxılması mümkün hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı nümayəndəsi-vəkili Vəkil ünvanlanmış "xxxx" MMC-nin Daxili Nəzarət Departamentinin direktorunun məktubunda qeyd olunmuşdur ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixində AZ1102 saylı poçt şöbəsi vasitəsilə (Y.V.Çəmənzəminli ev 5A) vətəndaş Cavabdeh ünvanlanmış SS969439374AZ ştrix kodlu sifarişli məktub, xx.xx.2025-ci il tarixində ünvan üzrə xidmət göstərən AZ1022 saylı poçt şöbəsi tərəfindən qəbul edilərək həmin tarixdə Rəfiqə Kərimovaya (anası) təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin mahiyyəti üzrə baxılmasına etiraz edərək bildirmişdir ki, tərəfindən müvafiq sorğu verilmiş və sorğuya cavabı məhkəməyə təqdim edilmişdir. Həmin cavabda qeyd olunur ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixində AZ1102 saylı poçt şöbəsi vasitəsilə (Y.V.Çəmənzəminli ev 5A) vətəndaş Cavabdeh ünvanlanmış SS969439374AZ ştrix kodlu sifarişli məktub, xx.xx.2025-ci il tarixində ünvan üzrə xidmət göstərən AZ1022 saylı poçt şöbəsi tərəfindən qəbul edilərək həmin tarixdə Rəfiqə Kərimovaya (anası) təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdehin anası qətnaməni almaqla qızına təqdim etmişdir. Daha sonra qanuni qüvvəsini almaqla icra şöbəsinə yönəlmiş icra sənədinin icrasından yayınmaq məqsədi ilə cavabdeh hazırkı apellyasiya şikayətini vermişdir. Buna görə də hazırkı apellyasiya şikayətinin mahiyyəti üzrə baxılmasına etiraz edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Bu Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2418/2025 saylı qətnaməsi Cavabdeh qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixdə göndərilmiş, qeyd edilən qətnamə həmçinin icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə Nəsimi rayon İcra Şöbəsinə ünvanlanmış və xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2418/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti isə şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh məhkəmə aktı barəsində həqiqətən məlumatsız olduğu, icra sənədi üzrə icra hərəkətlərinin aparılıb-aparılmadığı, aparılıbsa icra hərəkətləri həyata keçirilən zaman Cavabdeh iştirakının təmin olunub-olunmadığı və s. məsələləri müvafiq icra şöbəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2418/2025 saylı tarixli icra sənədi üzrə açılmış icra işini tədqiq etməklə araşdırmalıdır. Belə ki, məhkəmə, prosessual müddətin ötürülüb-ötürülmədiyinə və digər bu kimi hallara qiymət verməməklə yalnışlığa yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Beləliklə yuxarıda qeyd edilən qeyri-müəyyən halları araşdırmadan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(006)-2418/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən hallara müvafiq icra işinə əsasən qiymət verməklə nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi MK-nın 11 sentyabr 2025-ci il tarixli 2(103)-5420/2025 saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(006)-2418/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(103)-5420/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5420/2025
04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver