Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5424/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı1, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-653/2021 saylı, 11 mart 2021-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı1 5000 manat əsas maddi ziyanın, 5000 manat real zərərin, 5000 manat real zərərin, 10,000 manat mənəvi ziyanın, ümumilikdə 20,000 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə və cavabdehin əməlində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardadın qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, 19.11.2020-ci il tarixdə İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçını (özünü) əsl iddiaçı ("xxxx" MMC) ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddiaçı əsl iddiaçı ("xxxx" MMC ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-653/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, RENT a CAR şirkəti kimi fəaliyyət göstərir və bunun əsasında mükiyyətində olan “KİA OPTİMA” markalı avtomobili rəsmi müqavilə, yol vərəqəsi və digər sənədlər əsasında icarəyə verir. Sözügedən avtomobili 26 may 2020-ci il tarixli, 02 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən tam saz vəziyyətdə cavabdehə icarəyə vermişdir. Cavabdeh isə avtomobili yoxlayaraq istifadəsinə qəbul etmiş və sürüb getmiş, təqribən 5-6 saat sonra cavabdeh ona zəng edərək, avtomobildən səs (taqqıltı) gəldiyini bildirmişdir. Hesab edir ki, cavabdeh avtomobili düzgün idarə etmədiyindən, avtomobil bu vəziyyətə gəlmişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, maşını saz vəziyyətdə verdiyini, 5-6 saat sonra cavabdehin zəng edərək, motordan səs gəldiyini bildirdiyini, gedib maşına baxanda motor hissəsinin tamamilə sıradan çıxıb dağıldığını qeyd etdi. Bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, əlavə olaraq, maşını bir neçə saatlıq götürdüyünü, saat yarım maşını idarə etdikdən sonra motordan qəribə səs eşitdiyindən dərhal iddiaçının nümayəndəsinə zəng etdiyini, onun da səs çoxalsa, bir də zəng etməyi tapşırdığını, sonra səs yenə artdığından maşını dayandırdığını və iddiaçıya zəng vuraraq onu çağırdığını qeyd etdi. Sonra evakuator qurğusu maşını aparmış, usta motora baxanda yağ olmadığından motorun sıradan çıxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Nəqliyyat vasitəsinin 2 saylı icarə müqaviləsindən görünür ki, 26.05.2020-ci il tarixdə “KİA OPTİMA” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra avtomobil) 26.05.2021-ci tarixdən 27.05.2020-ci il tarixədək 70 manat müqabilində icarəyə verilmişdir. Mülki iş materiallarında olan 02 saylı yol vərəqəsindən görünür ki, həmin avtomobilin çıxış tarixi 26.05.2020-ci il, saat 20:00, dönüş tarixi 27.05.2020-ci il, 20:00 tarixədəkdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı E.Hacıyevin 18.06.2020-ci il tarixli qərarından görünür ki, hazırkı iş üzrə Cavabdeh avtomobili 26.05.2020-ci il tarixdə bir neçə saatlıq icarəyə götürdüyünü, bir saat sonra avtomobildə problem yarandığını, dərhal bu barədə avtomobilin sahibinə məlum verdiyini, avtomobil sahibinin isə ona 2000 manat verməyəcəyi təqdirdə ondan şikayət edəcəyini dediyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-avtotexniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. “KİA OPTİMA” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin sıradan çıxma səbəbləri müəyyən edilsin.
2. Həmin avtomobilin mühərrikinin 2-3 saat müddətində normal idarəetmə halında sıradan çıxmasının mümkün olub-olmadığı müəyyən edilsin. "xxxx" MMC-nin MB 14/1123 saylı, 24.09.2021-ci il tarixli rəyinə əsasən, Birinci sual üzrə, "KİA OPTİMA” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mühərriki sıradan çıxma səbəbləri yağ nasosunun sıradan çıxması, şatunun sınıb bloku (gövəni) - sıradan çıxara bilməsi, yağ təzyiqinin aşağı olması, yağ filtirinin sıradan çıxması və ya yağ filtrinin maksimum çirkli olması və mühərrik yağının vaxtında yenilənməməsi mühərrikin yüksək dövrlərdə işləyən zaman sıradan çıxmasına səbəb ola bilər. İkinci sual üzrə, həmin avtomobilin mühərrikinin 2-3 saat müddətində normal idarəetmə halında yuxarıda qeyd olunan hissələrində qüsur olmadığı halda mühərrikin sıradan çıxması mümkün sayılmır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı apellyasiya şikayətində cavabdehə icarəyə verdiyi avtomobili ona saz vəziyyətdə təqdim etdiyini bildirir. Cavabdeh isə avtomobili bir neçə saatlıq götürdüyünü, saat yarım maşını idarə etdikdən sonra motordan qəribə səs eşitdiyindən dərhal iddiaçının nümayəndəsinə zəng etdiyini, onun da səs çoxalsa, bir də zəng etməyi tapşırdığını, sonra səs yenə artdığından maşını dayandırdığını və iddiaçıya zəng vuraraq onu çağırdığını qeyd etdi. Sonra evakuator qurğusu maşını aparmış, usta motora baxanda yağ olmadığından motorun sıradan çıxdığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-avtotexniki ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin MB 14/1123 saylı, 24.09.2021-ci il tarixli rəyi ilə də birinci sualda göstərilən halların olmadığı təqdirdə, avtomobilin mühərrikinin 2-3 saat müddətində normal idarəetmə halında yuxarıda qeyd olunan hissələrində qüsur olmadığı halda mühərrikin sıradan çıxması mümkün sayılmır. İddiaçı avtomobilin cavabdehə təhvil verilərkən saz vəziyyətdə olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, avtomobil cavabdehə təhvil verilərkən texniki cəhətdən yoxlanılmamışdır. MPM-in 77.1-ci maddəsini əsasən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Hazırkı halda, iddiaçı öz tələbi ilə bağlı əsaslı, şübhədənkənar, təkzibedilməzlik və mötəbərliklə bağlı tələblərə cavab verən sübutlar təqdim edə bilməmişdir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, araşdırmalar nəticəsində iddiaçının apellyasiya şikayətinin dəlilləri təsdiq edilmədiyindən, avtomobilin cavabdehə təqim edilərkən saz vəziyyətdə olması ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-653/2021 saylı, 11 mart 2021-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat iddiaçı "xxxx" MMC-dən alınaraq bank hesabı "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx"ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev