Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5425/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətin qanunsuz hesab edilməsi, binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılma, binaya dair sənədlərin və idarəetmə ilə bağlı digər əmlakın bələdiyyəyə təhvil verilməsi, liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin qoyulması tələblərinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətin qanunsuz hesab edilməsi, binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılma, binaya dair sənədlərin və idarəetmə ilə bağlı digər əmlakın bələdiyyəyə təhvil verilməsi, liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin qoyulması tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(004)-2333/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1, mənzil 27 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 2, M12, m3) 07 dekabr 2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. "xxxx" MTK-nın sakinlərə ünvaladığı məktubda qeyd edilmişdir ki, bloklarda istifadəyə verilən lift kartları liftlərə xidmət göstərən şirkət tərəfindən sistemə inteqrasiya olunaraq avtomatlaşdırılmışdır. Belə ki, lift kartının aktiv (işlək) olması bilavasitə xidmət haqqı borcu ödənişinə bağlanaraq kənar müdaxilə olunmadan avtomatik şəkildə tənzimlənir.
3. İddiaçı "xxxx" MMC-yə ünvanladığı 29 mart 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında 12-ci mərtəbədə yerləşən 27 saylı mənzilin mülkiyyətçisidir. Mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının yaşayış sahələri mülkiyyətçilərinə təhvil verilərək çıxarışla təmin edilmişdir. Belə olan halda idarəedici təşkilat təyin olunmalıdır. Odur ki, ünvan 1 (Yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasına dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsini xahiş edir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən çoxmənzilli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. 15 may 2014-cü il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə dövlət komissiyasının aktı barədə məlumat mövcuddur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, Cavabdeh1 MMC-nin həmin binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılması, Cavabdeh2 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, Cavabdeh1 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə həvalə edilməsi, dövlət rüsumuna görə ödənilmiş 100 manat və hüquqi yardıma görə ödənilmiş 1000 manat pulun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 12-ci mərtəbədə yerləşən 27 saylı mənzil 07 dekabr 2023-cü il tarixdən mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Sonradan ona məlum olmuşdur ki, mənzilinin yerləşdiyi çoxmənzilli yaşayış binası heç bir qanuni əsas olmadan Cavabdeh1 MMC tərəfindən idarə olunur və həmin MMC-nin rəhbərliyinin mülahizəsinə görə sakinlərdən yaşayış sahəsinin hər kvadratmetrinə 1,30 manat məbləğində pul tələb olunur. MMC ilə müqavilə bağlamayan və kommunal ödənişi adı altında tələb edilən vəsaiti ödəməyən mülkiyyətçilərin və onların ailə üzvlərinin binanın liftindən istifadələrinə məhdudiyyətlər yaradılaraq lift kartları bloklanır. Bu halda, həmin sakinlər yuxarı mərtəbələrə piyada qalxmaq məcburiyyətində qalır. Həmçinin, mənzillərə verilmiş istilik sistemləri dayandırılır. "xxxx" MMC bütün bu məhdudiyyətlərlə bina sakinlərinin öz mənzillərindən, eləcə də yaşadıqları binanın ümumi sahəsindən istifadə etmələrinə süni maneələr yaradır ki, bunlar qanunazidd və yolverilməzdir. Əslində Cavabdeh1 MMC çoxmənzilli yaşayış binasına hər hansı aidiyyəti olmayan bir hüquqi şəxsdir və həmin binanın idarə edilməsi ilə bağlı apardığı fəaliyyətin özü qanunsuzdur. Çünki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti ancaq binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilə bilər. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi, idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Göründüyü kimi, çoxmənzilli yaşayış binası istənilən hər hansı şəxs tərəfindən deyil, məhz qanunvericiliyin müəyyən etdiyi qaydada, yəni sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında təyin edilən idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Cavabdeh1 MMC isə bina mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında idaərəedici təşkilat kimi təyin edilməmişdir. Belə olan halda, onun fəaliyyəti qanunsuz hesab edilməli və binanın idarə etməsindən kənarlaşdırılmalıdır. Bundan başqa, sözügedən çoxmənzilli yaşayış binası Cavabdeh2 MTK tərəfindən inşa edilmişdir. Binadakı yaşayış sahələri payçıların mülkiyyətinə verilməsinə baxmayaraq, MTK ləğv edilməmiş və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməmişdir. Sadəcə MTK öz təşkilatı hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətinə çevrilmişdir. İdarəedici təşkilatın bələdiyyə tərəfindən seçilməsinə şərait yaradılması məqsədi ilə çoxmənzilli yaşayış binasına dair açarların, sənədlərin və aidiyyəti əmlakın bələdiyyəyə təhvil verilməsini Cavabdeh2 MMC-dən tələb etsə də, MMC müraciətlərinə əhəmiyyət verməmişdir. Binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmçinin, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bütün bunlar baş vermədiyi halda isə çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlardan əlavə, nəzərə almaq lazımdır ki, ümumiyyətlə binanın liftinə kart sistemi quraşdıraraq bina sakinlərinin, o cümlədən mənzil mülkiyyətçilərinin liftdən istifadəsini məhdudlaşdırmaq yolverilməzdir. Çünki, binanın lifti binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı hesab edilir. Ümumi mülkiyyətə sahiblik etmək, ondan istifadə etmək və bu mənzil və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncamvermək hüququ çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ayrılmaz hüququdur. Ona görə də, hər hansı kənar şəxs tərəfindən liftə onun istifadəedilməsinə məhdudiyyət yaradan qurğunun quraşdırılması qanuna uyğun hesab edilə bilməz və hazırkı halda liftə quraşdırılmış kart sistemi qurğusunun liftdən sökülməsi barədə tələbi də təmin edilməlidir.
7. Cavabdeh "xxxx" MMC etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh2 MMC 20 ilə yaxın bir müddətdir ki, bir-birinə çevrilmə yolu, hüquqi varisləri tərəfindən yaradılmış hüquqi şəxs və onun idarə heyəti tərəfindən idarə olunur. Göründüyü kimi Mənzil Məcəlləsinin 141.8-ci maddəsində məhkəməyə müraciət hüququ verilsə də, bu hüququn hansı hallardan sonra yarandığını dolayı yolla bildirmişdir ki, sahə mülkiyyətçiləri tərəfindən belə bir idarə forması seçilməsin. X8 Yaşayış Kompleksinin sahə mülkiyyətçiləri 20 ilə yaxındır ki, idarəedici təşkilat olaraq seçimlərini etmiş və Mənzil Məcəlləsinin 142-ci maddəsinə uyğun olaraq müqavilə bağlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi barədə sənədlər iş materiallarına lavə edilməmiş, idarə edilmə üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaad idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirilməsinə dair inzibati qaydada məhkəməyə hər hansı müraciət edilməmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(004)- 2333/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Qətnamə onunla əsaslandırılmışdır ki, çoxmənzilli binanın idarə edilməsi məqsədilə binanın sahə mülkiyyətçiləri üç idarəetmə formasından birini seçməyə borcludur və çoxmənzilli binanın idarəetmə üsulunu seçmək binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. Habelə Mənzil Məcəlləsində bələdiyyə tərəfindən binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həllinin şərtləri və qaydası öz əksini tapmışdır. Belə ki, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır. Mənzil Məcəlləsinin 141.4-141.6-cı maddələrindən də görünür ki, bələdiyyə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə vasitəçi rolunu oynayır. Bələdiyyə çoxmənzilli yaşayış binasının idarəetməsini həyata keçirən orqan deyildir. Məhkəmə hesab edir ki, qanunverici çoxmənzilli binanın idarəetməsini binanın sahə mülkiyyətçilərinin səlahiyyətlərinə aid etdiyi üçün İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı Cavabdeh1 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, Cavabdeh1 MMCnin həmin binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılması, Cavabdeh2 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” ilə bağlı iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Buna görə də iddia göstərilən hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə həvalə edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı tələbinin əsaslılığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə kart sisteminin quraşdırılıb-quraşdırılmaması, quraşdırılmışdırsa kimin tərəfindən quraşdırılması, həmin kart sisteminin vətəndaşın hüququnu pozub-pozmaması ilə bağlı heç bir dəlili məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.2.4, 109.3, 109.5, 119.1, 120.1, 141.2-141.6-cı maddələrin istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın təmin edilməsi, apellyasiya instansiyası məhkəməsində hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 700 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 50 manat olmaqla, cəmi 750 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayətin dəlillərinə görə, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmçinin, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bunlar baş vermədiyi halda isə çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, binanı inşa edən mənzil-tikinti kooperativi qanunda göstərilən tələblərə əməl etmədikdə və ya qanunazidd hərəkətlər etdikdə çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisinin qanunazidd fəaliyyət göstərən təşkilatın qanunsuz fəaliyyətinin qarşısının alınması və idarəedici təşkilatın bələdiyyə tərəfindən seçilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ qanunvericilikdə təsbit edilmişdir. Ona görə də qanunsuz fəaliyyət göstərən təşkilatın (“X3” MMC-nin) çoxmənzilli binadan çıxarılması və həmin binanın idarə etməsindən kənarlaşdırılması, habelə açarların, sənədlərin və aidiyyəti əmlakın Cavabdeh2 MMC tərəfindən bələdiyyəyə verilməsinə dair iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə yanlışdır. Bundan əlavə, işdən o da görünür ki, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin faktiki halları və iddia tələbi tam uzlaşır. Belə ki, çoxmənzilli binadakı yaşayış və qeyri-yaşayış sahələri payçıların mülkiyyətinə verilməsinə baxmayaraq, MTK ləğv edilməmiş və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməmişdir (sonradan MMC-yə çevrilmişdir). Belə olanhalda, Mənzil Məcəlləsinin 141.5-ci maddəsinin tələbinə uyğun olaraq idarəedici təşkilatın bələdiyyə tərəfindən seçilməsi üçün iddiaçının Cavabdeh2 MMC-yə qarşı açarların, sənədlərin və aidiyyəti əmlakın bələdiyyəyə verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsaslıdır və təmin edilməlidir. Həmçinin, Cavabdeh1 MMC çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmadan həmin binada fəaliyyət göstərdiyindən onun fəaliyyəti qanunsuz hesab edilərək qarşısı alınmalı və binanın idarəetməsindən kənarlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. İş mteriallarına əlavə edilmiş məhkəmə aktlarından da göründüyü kimi, analoji işlərə yuxarı məhkəmələr tərəfindən baxılmış, çoxmənzilli binanın sahə mülkiyyətçisinin təkbaşına iddia qaldıraraq qanunsuz fəaliyyət göstərən təşkilatın binanın idarə edilməsindən kənarlaşdırılması və idarəedici təşkilatın bələdiyyə tərəfindən seçilməsinə dair iddia tələblərini irəli sürməyə dair subyektiv hüququnun olması müəyyən edilərək iddia tələbləri təmin edilmişdir. Lakin, nədənsə işə baxan məhkəmə nə mənzil qanunvericiliyinin tələblərini, nə də analoji işlərlə bağlı formalaşmış məhkəmə təcrübəsini nəzərə almamış, əksinə həmin mövqelərlə tanış olduğu halda, bilə-bilə həmin hüquqi mövqelərə zidd qətnamə çıxarmışdır. Məhkəmə iddia tələbinin Cavabdeh1 MMC-nin ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə həvalə edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə kart sisteminin quraşdırılıbquraşdırılmaması, quraşdırılmışdırsa, kimin tərəfindən quraşdırılması, həmin kart sisteminin vətəndaşın hüququnu pozub-pozmaması ilə bağlı heç bir dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu tələblə bağlı iddiaçının heç bir sübut təqdim etməməsini göstərsə də, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 08 may 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə liftlərdən istifadə etmək üçün kartlara məhdudiyyətin qoyulmasının Cavabdeh1 MMC-yə qadağan edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-16(004)-141/2024 saylı qərardadını və həmin qərardadın icra edilməsinə dair 17 aprel 2024-cü il tarixli aktı məhkəməyə təqdim etmişdir. Sözügedən aktın məzmununda qeyd olunmuşdur ki, “icra sənədində qeyd olunan ünvana gəldik, borclu Cavabdeh1 MMC-nin direktoru X2 icra sənədinin tələbi izah və elan olundu. Borclu tərəfindən icra vərəqəsi icra olunmuş, tələbkarın iddiası təmin olunmuşdur.” Həmin akt icra məmuru Elşən Səfərli, "xxxx" MMC-nin direktoru Vidadi Məmmədov və hal şahidləri tərəfindən imzalanmışdır. Göründüyü kimi, 17 aprel 2024-cü il tarixli akt əsasında çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə kart sisteminin quraşdırılması və məhkəmə qərardadının icrası ilə əlaqədar cavabdeh "xxxx" MMC tərəfindən karta qoyulmuş məhdudiyyətin aradan qaldırılması tam sübuta yetirildiyi halda, məhkəmə məqsədli şəkildə elektron kabinet vasitəsi ilə təqdim edilmiş həmin sübutları ümumiyyətlə işə əlavə etməmiş və öz qətnaməsində sübutlar siyahısında göstərməmişdir. Bu, bir daha hakimin işə qeyri-obyektiv baxmasını və iddianın məqsədli şəkildə rədd edilməsini təsdiq edir. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri ilə bağlı özünün apellyasiya instansiyası məhkəməsində müdafiə olunması məqsədi ilə vəkillə müqavilə bağlayaraq ona ödəniş etmək məcburiyyətində qalmışdır. Yəni ki, cavadehlərin qanunsuz hərəkətləri iddiaçının əlavə məsrəflərinə (ziyana) səbəb olmuşdur. Bu səbəbdən hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bərabər həmçinin iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, həm də hüquqi yardıma görə vəkilə ödənilmiş vəsait də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.
15. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; Maddə 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir; Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil; Maddə 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır; Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır; Maddə 125.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququ vardır; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; Maddə 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir; Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir; Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir; Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır; Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir; Maddə 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur; Maddə 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin; Maddə 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər; Maddə 141.9. Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin; Maddə 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Maddə 141-1.1. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir; Maddə 141-1.2. Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır; Maddə 141-1.3. Bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur;
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Qərarı: .... Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozularaq düzgün tətbiq edilməmişdir.
21. İddia tələbi 3 hissədən ibarətdir: - Cavabdeh1 MMC-nin çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, həmin binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılması, - Cavabdeh2 MMC-nin çoxmənzilli yaşayış binasının idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, - Cavabdeh1 MMC-nin çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə həvalə edilməsi.
22. Məhkəmə kollegiyası qeyd edir ki, tələblərin hər biri yuxarıda göstərilən normaların tələbləri nəzərə alınmaqla ayrı – ayrılıqda qiymətləndirilməlidir.
23. Cavabdehlər tərəfindən məhkəməyə Cavabdeh1 MMC-nin hansı əsaslarla binanın idarə edilməsinə dair fəalyyət göstərməsinə dair heç bir sənəd əlavə olunmamışdır. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
24. İş materiallarının 31-ci səhifəsində olan, ********** nömrəli VÖEN üzrə vergi ödəyicisinin tarixçəsindən görünür ki, Cavabdeh2 MTK sonradan Cavabdeh2 MMC-yə formasında fəaliyyət göstərmişdir, yəni, onun varisidir.
25. İddianın əsasını çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi təşkil etdiyindən tələbin qanuni əsası kimi Mənzil Məcələsinin 141-ci maddəsinə istinad olunmalıdır.
26. MPM-nin 141.1 və 141.2-ci maddəsinin tələbinə görə çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; idarəedici təşkilat tərəfindən idarə edilmə.
27. Hazırkı işin hallarını nəzərdən keçirərkən görünür ki, ilk 2 hal (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə) mövcud deyildir. Çünki, MMMC yaradılmamışdır, MTK isə MMC formasında fəaliyyətini davam etdirir.
28. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh1 MMC-nin hansı əsaslarla binanın idarə edilməsinə dair fəalyyət göstərməsinə dair heç bir sənəd təqdim olunmasa da, faktiki olaraq hazırkı statusu 3-cü hala – yəni, idarəedici təşkilat tərəfindən idarə edilməsi halına uyğun gəlir.
29. Mənzil Məcəlləsinin 122.1 və 122.1.1-ci maddələrinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququ kimi müəyyən olunmuş, həmin Məcəllənin 125.2 və 125.2.12-ci maddələrinə əsasən çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək ümumi yığıncağın səlahiyyətinə aid edilmişdir. Yəni, idarəçinin seçilməsi yalnız ümumi yığıncağın səlahiyyətində olan məsələdir və Məcəllənin 127.2-ci maddəsində də qeyd olunmuşdur ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər.
30. Lakin hazırkı situasiyada MMMC yaranmadığından bu barədə ümumi yığıncağın qərarının mövcud olması mümkünsüzdür, binanın idarə olunmasının heç bir əsas olmadan Cavabdeh1 MMC tərəfindən həyata keçirilməsi qanuna ziddir və buna görə də iddianın Cavabdeh1 MMC-nin çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, həmin binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılması hissəsinin rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir və bu hissədə iddianın təmin olunması üçün hüquqi əsaslar mövcuddur.
31. Birinci instansiya məhkəməsinin iddianı rədd edərkən əsas kimi istinad etdiyi hal ondan ibarət olmuşdur ki, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur. Halbuki, bu mövqe Mənzil Məcəlləsinin 141.8-ci maddəsi ilə ziddiyyət təşkil edir. Həmin normada qeyd olunmuşdur ki, çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
32. Mənzil Məcəlləsinin 141.5-ci maddəsində isə qeyd olunur ki, 1 il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir.
33. İddiaçı da hüquqi əsas kimi məhz bu normaya əsaslanaraq hazırkı tələbləri irəli sürmüşdür.
34. Hazırkı vəziyyətdə nəinki Cavabdeh1 MMC-nin, o cümlədən Cavabdeh2 MMCnin də binanın idarə edilməsini həyata keçirməsi üçün hər hansı bir qanuni əsas mövcud deyildir. Çünki mənzil qanunvericiliyinin yuxarıda göstərilən normalarında imperativ olaraq qeyd olunur ki, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalı, yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır.
35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 393- 1.1-ci maddəsində kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə, 393-1.2-ci maddəsində çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur.
36. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 128 nömrəli qərarı ilə “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası” da təsdiq olunmuşdur.
37. İddianın çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi hissəsini rədd edərkən birinci instansiya məhkəməsi ona əsaslanmışdır ki, liftə kart sisteminin quraşdırılıb-quraşdırılmaması, quraşdırılmışdırsa kimin tərəfindən quraşdırılması, həmin kart sisteminin vətəndaşın hüququnu pozub-pozmaması ilə bağlı heç bir dəlili məhkəməyə təqdim etməmişdir.
38. Lakin iş materiallarından görünür ki, liftlərdən istifadə etmək üçün kartlara məhdudiyyətin qoyulmasının Cavabdeh1 MMC-yə qadağan edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-16(004)-141/2024 saylı qərardadı və həmin qərardadın icra edilməsinə dair 17 aprel 2024-cü il tarixli akt mövcuddur. Həmin aktda qeyd olunmuşdur ki, “icra sənədində qeyd olunan ünvana gəldik, borclu Cavabdeh1 MMC-nin direktoru X2 icra sənədinin tələbi izah və elan olundu. Borclu tərəfindən icra vərəqəsi icra olunmuş, tələbkarın iddiası təmin olunmuşdur.” Məhdudiyyətin qoyulması halı cavabdehlər tərəfindən də mübahisələndirilmədiyi halda birinci instansiya məhkəməsi tərəfindən bu hallara da qiymət verilməyərək iddianın bu hissədə rədd olunması qənaətinə gəlinmişdir.
39. "xxxx" MTK-nın sakinlərə ünvaladığı məktubda da qeyd edilmişdir ki, bloklarda istifadəyə verilən lift kartları liftlərə xidmət göstərən şirkət tərəfindən sistemə inteqrasiya olunaraq avtomatlaşdırılmışdır. Belə ki, lift kartının aktiv (işlək) olması bilavasitə xidmət haqqı borcu ödənişinə bağlanaraq kənar müdaxilə olunmadan avtomatik şəkildə tənzimlənir.
40. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlər tərəfindən binanın qanunsuz idarə olunması liftdən istifadəyə qadağa qoyulması ilə bağlı onlara heç bir səlahiyyət verməməklə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan lift ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Belə olan halda, iddiaçının mülkiyyətçi kimi çoxmənzilli binanın ümumi əmlakından (liftdən) istifadə edə bilməməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır və buna görə də iddianın həmin hissədə də təmin olunması üçün əsaslar mövcuddur.
41. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(004)- 2333/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(004)- 2333/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. Cavabdeh1 ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyəti qanunsuz hesab edilərək Cavabdeh1 və Cavabdeh2 həmin binanın idarəetməsindən kənarlaşdırılsın, həmin binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlak Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilsin. Cavabdeh1 ünvan 1 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyi Cavabdeh1 və Cavabdeh2nə həvalə edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat və hüquqi yardıma görə ödənilmiş 1000 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2ndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev