Məhkəmə qərarları › İş №2(103)-5428/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5428/2021

11.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5428/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1973/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5030 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kreditlə götürdüyü avtomobilin pulunu ödəyə bilmədiyindən həmin pulu banka ödəmək üçün etdiyi xahişə əsasən ona 31 avqust 2019-cu il tarixdə xxxxndan 5000 manat kredit götürməklə borc vermişdir. Cavabdeh həmin pulu 6 ay ərzində qaytaracağına söz versə də, bu günə kimi qaytarmamışdır. Borcun qaytarılması ilə bağlı hər dəfə müxtəlif bəhanələr gətirməklə onu aldatdığından polis orqanlarına müraciət etmişdir. Bununla bağlı Səbail RPİ-nin TŞ-də araşdırılma aparılmış, araşdırılma zamanı cavabdeh borclu olduuğunu etiraf etsə də, lakin polis orqanı onun barəsində heç bir tədbir görməmişdir. Səbail RPİnin TŞ-nin 29 noyabr 2019-cu ol tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilməklə mülki muhakimə qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1973/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilərək, 3438 (üç min dörd yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir (sədrlik edən: İlkin Əliyev).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1973/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsi Səbail RPİ-nin TŞ-nin PB-nin təhqiqatçısı, polis mayoru tərəfindən qəbul edilmiş 29 noyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı mötəbər sübut kimi qəbul etmiş və həmin qərarı məhkəmə qətnaməsinə, hökmünə bərabər tutaraq mötəbər sübut kimi qiymət vermişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçının isçisidir və iddiaçının xeyrinə ifadə vermişdir. Lakin işə baxan məhkəmə əlavə araşdırma aparmadan birtərəfli qaydada qətnamə qəbul etmişdir. Həmçinin cavabdeh məhkəmnin hazırlıq proseslərində iştirak etməmiş və növbəti prosesdə yıxılmış, sağ ayağından xəsarət alması səbəbindən iştirak edə bilməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən tələb edilən məbləğ cavabdehin bacısının yoldaşı X1 verilmiş və onun X1 verilməsi barədə iddiaçıda məlumat olmuşdur. Məhkəmə prosesinə cavabdeh qismində X3 cəlb edilməli idi. İddiaçıya olan 5000 manat borc X3 tərəfindən bir il müddətində ödənilib, borc üç il müddətinə götürülməsinə baxmayaraq vaxtından tez ödənilmişdir. İddiaçı tərəfindən tələb edilən məbləğ özü tərəfindən hesablanmış faizdir, məhkəmə bunu araşdırmamışdır. Həmçinin iddiaçı qeyd edilən məbləği cavabdehə verilməsi barədə heç bir sübut təqdim etməmişdir. Tərəflərin izahatları:

6. İşə baxılmasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin TŞ-nin PB-nin baş təhqiqatçısı, polis mayoru Elnur Həsənov tərəfindən qəbul edilən 29 noyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş İddiaçı ərizəsin əsasında toplanmış 1 saylı HK-492 nömrə ilə qeydə alınmış material araşdırılmışdır. Araşdırılma zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçıla 2018-ci ilin may ayında uzun illər tanıdığı Zöhrab Babayevin vasitəsilə tanış olmuşdur. Tanışlığa səbəb İddiaçı onu işə düzəltməsi olmuşdur. Lakin Valehin tapdığı işin əmək haqqısı aşağı olduğundan həmin işi qəbul etməmişdir. Buna baxmayaraq İddiaçıla arasında normal münasibətlər olmuşdur. Bir müddət tanışlıqdan sonra ona pul lazım olduğundan, həmin pulu kürəkəninə vacib lazım olduğu üçün ona köməklik etmək məqsədilə kredit götürmək qərarına gəlmişdir. O, heç bir yerdə işləmədiyinə görə kredit götürə bilməmiş və buna görə də İddiaçı müraciət etmişdir. Valeh bu məsələdən xəbərdar olmuşdur. Valeh onunla razılaşaraq bankdan kredit götürməsinə razılıq vermişdir. 31 avqust 2019-cu il tarixdə İddiaçı öz adına “Kapital Bank”dan 2300 manat, elə həmin tarixdə 5000 manat məbləğində isə xxxxndan kredit götürüb. Həmin pulları İddiaçı səhəri günü kürəkəni Elvin Məhərrəmova vermişdir. Daha sonra Valehə söz verdiyi qaydada pulları qaytarmağa başlamışdır. Hətta “Kapital Bank”a olan 2300 manat krediti 6-7 ay ərzində ödəyərək bağlamışdır. “Beynəlxalq Bank”ın kreditinin müəyyən hissəsini ödəmiş və hazırda banka təxminən 3400 manat borcu qalmışdır. Həmin qalan məbləği ödəməməyinin səbəbi maddi vəziyyətinin yaxşı olmaması və kürəkənin ondan aldığı pulları qaytara bilməməsi olmuşdur. Bu səbəbdə İddiaçıla onun arasında narazılıq yaranmışdır. Kürəkəni Elvinin ümumilikədə 33 000 manat borcu var və pulu ödəmədiyi üçün ödənişində problemlər yaranmışdır. O, banka borcunun olmasını etiraf edir. maddi vəziyyətinin yaxşı olmaması və kürəkəninin ona olan borcunun qaytarmamasına görə banka olan kredit ödənişlərini edə bilməmişdir. Lakin İddiaçı borcunu ödəməyi öz öhdəsinə götürür və “Beynəlxalq Bank”a olan borcunu yaxın vaxtda ödəyəcəkdir.

11. 217249 saylı 27 yanvar 2019-cu il tarixli, 18659 saylı, 20 avqust 2019-cu il tarixli, 213054 saylı, 29 dekabr 2018-ci il tarixli, 19180 saylı, 03 sentyabr 2019-cu il tarixli 221974 saylı, 28 fevral 2019-cu il tarixli, 201231 saylı, 29 sentyabr 2018-ci il tarixli, 208806 saylı, 30 noyabr 2018-ci il tarixli və 204702 saylı, 29 oktyabr 2018-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, Azərbaycan Beynəlxal Bankına İddiaçı hesabına ümumilikdə 1562 manat kredit ödənişi edilmişdir.

12. X2 ilə “xxxx” ASC arasında bağlanan 31 avqust 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 26% olmaqla 5000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən kreditin müddəti 31.08.2021-ci il tarixdə bitir. Hüquqi dəyərləndirmə:

13. Kollegiya işin halları ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:

14. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

15. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

16. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

17. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

21. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

22. Həmin Məcəllənin 406.1-ci maddəsinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

23. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

26. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

27. İşin hallarına əsasən kollegiya qeyd edir ki, iddiaçı borc müqaviləsinin bağlandığına istinad etsə də, cavabdeh belə bir müqavilənin olmasını qəbul etməmişdir. Hər bir halda cavabdeh tərəflər arasında şifahi müqavilənin bağlandığını etiraf etsəydi belə, həmin müqavilə Mülki Məcəllənin 740.2-ci maddəsində göstərilən tələblərinə əməl edilməyi üçün etibarsız hesab ediləcəkdi.

28. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəflər arasında borc müqaviləsinin olmasını inkar etsə də, cavabdehin iddiaçıdan 5000 manat pul qəbul etdiyi və həmin puldan 1562 manat hissəsinin iddiaçıya qaytarıldığı işin halları ilə təsdiq olunur. Odur ki, cavabdehin qeyd edilən məbləğdə pulu alması sübut olunduğundan tərəflər arasında əsassız varlanmadan irəli gələn öhdəlik münasibətlərinin yarandığı müəyyən edilir.

29. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

31. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

32. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

33. Kollegiya həmçinin qeyd edir ki, mülki iş materiallarında olan qəbzlərdəki ödənişlərin digər şəxs (cavabdehin kürəkəni) tərəfindən icra edilməsi Mülki Məcəllənin 431-ci maddəsinin tələbinə uyğun olmaqla qanuna zidd deyildir və öhdəliyin yaranma əsasını dəyişmir.

34. Sadalanan hallara və hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, iddiaçının cavabdehə 5000 manat pul verdiyi təsdiq edildiyindən, cavabdeh həmin məbləğin 1562 manatını qaytardığından, cavabdehin qalıq məbləğə münasibətdə əsasssız olaraq varlanması, iddiaçının iddia tələbinin qaytarılmayan 3438 manat hissədə əsaslı olmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunun tələblərinə uyğun olmuşdur.

35. Cavabdeh apellyasiya şikayətində həmin pulu özünün istifadə etmədiyi və başqa şəxs üçün götürdüyü halına istinad etmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, qeyd edilən hal öhdəliyin icrasını istisna edən hal deyildir.

36. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi Səbail RPİ-nin PB-nin təhqiqatçısı, polis mayoru tərəfindən qəbul edilmiş 29 noyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı mötəbər sübut kimi qəbul etmiş və həmin qərarı məhkəmə qətnaməsinə, hökmünə bərabər tutaraq mötəbər sübut kimi qiymət vermişdir. Kollegiya həmin dəlilə münasibətdə qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir.

37. Qeyd edilən normanın tələblərinə əsasən, müstəntiqin həmin qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir və preyudisial əhəmiyyət daşıyır.

38. Cavabdeh həmçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı səhhəti ilə əlaqədar iclasa gələ bilmədiyini və işə onun iştirakı olmadan baxılması halına istinad etmişdir. Həmin dəlilə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh 20 fevral 2020-ci il tarixli iclasda iştirak edə bilməyəcəyi ilə bağlı məhkəməyə teleqram ünvanlamışdır (i.v. 19). Məhkəmə həmin xahişi nəzərə alaraq məhkəmə iclasını növbəti tarixə təxirə salmışdır. Lakin, cavabdeh sonrakı prosesdə də iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Çünki, cavabdeh məhkəmə iclasının vaxtı barədə məlumatlı olmuş, lakin nə özü, nə də nümayəndəsi vasitəsilə təmsil olunmamışdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1973/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar