Məhkəmə qərarları › İş №2(103)-5429/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5429/2023

28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5429/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyəti və Cavabdeh2nə qarşı hərracın yekunları barədə protokolun və hərracın yekunları barədə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil İbrahim oğlunun, Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyəti və Cavabdeh2nə qarşı hərracın yekunları barədə protokolun və hərracın yekunları barədə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, e-2(004)-1690/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 29 aprel 2022-cü il tarixli, 17/75 1102 1Q nömrəli məktubdan müəyyən olunur ki, Abşeron rayon İcra şöbəsi tərəfindən hərracın keçirilməsi barədə sifariş Cavabdeh2 MMCyə göndərilmişdir.

2. “BirjaNews” portalında yerləşdirilmiş 06 may 2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzilə dair ilkin hərracın 31 may 2022-ci il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır.

3. 05 may 2022-ci il tarixli 22701/22 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzilə dair ilkin hərracın 31 may 2022-ci il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir. Əmlakın ilkin satış qiyməti 90000 manat həddində qiymətləndirilmişdir.

4. 31 may 2022-ci il tarixli protokola əsasən müəyyən olunur ki, təyin edilmiş hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır.

5. “BirjaNews” portalında yerləşdirilmiş 01 iyun 2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzilə dair təkrar hərracın 17 iyun 2022-ci il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. Əmlakın təkrar hərracda satış qiyməti 15% aşağı qiymət, yəni 76500 manat həddində müəyyən edilmişdir.

6. 01 iyun 2022-ci il tarixli 933/22 nömrəli məktuba əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzilə dair təkrar hərracın 17 iyun 2022ci il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir.

7. 17 iyun 2022-ci il tarixli protokola əsasən müəyyən olunur ki, təyin edilmiş təkrar hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır.

8. 20 iyun 2022-ci il tarixli 1121/22 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifdən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzil minimum 57375 manat həddində olmaqla ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə təklif edilmişdir.

9. 24 iyun 2022-ci il tarixli 11xx-xx-2022 nömrəli məktuba əsasən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzillə əlaqədar ipoteka saxlayan "xxxx" BOKT ASC təkliflə razı olmuş və razılığa əsasən 13 iyul 2023-cü il tarixli 129/22 nömrəli protokol tərtib edilmişdir.

10. Cavabdeh2 MMC-nin İddiaçı ünvanladığı məktuba əsasən müəyyən edilir ki, sonuncu Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə təklif edilməsi barədə məlumatlandırılmışdır.

11. 13 iyul 2022-ci il tarixli 129/22 nömrəli protokola əsasən müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzil 57375 manat dəyərində Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilmişdir.

12. Şirvan Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 8-2(121)-10/2023 nömrəli qərardadına əsasən Abşeron rayon İcra və Probasiya şöbəsinin Cavabdeh2 MMC-yə 29 aprel 2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında sifariş” göndərilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi qərara alınmışdır.

13. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 oktyabr 2023cü il tarixli, 8-2(106)-2/2023 saylı qərardadına əsasən Şirvan Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 8-2(121)-10/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 88,7 kv.m ümumi, 57 kv.m yaşayış, 31,7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 55 nömrəli mənzilin açıq hərracda satılması barədə 13 iyul 2022-ci il tarixli, 129/22 nömrəli hərracın yekunları barədə protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-34/2020 saylı qətnaməsinə əsasən İddiaçı 28273,46 ABŞ dolları əsas borc, 3708,67 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 32182,13 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,5 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X9 Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 90000 manat müəyyən edilərək, tutulacaq məbləğin ipoteka qoyan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən, 88,7 m² ümumi, 57 m² yaşayış və 31,7 m² yardımçı sahədən ibarət 3 otaqlı, 55 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına "xxxx" Bank Olmayan Kredit X9 Cəmiyyətinə olan borc ödənilməsi və əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin olunmamış və dəyişdirilmədən saxlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin e- 2-2(121)-34/2020 saylı işi üzrə Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş xx/xx- 11021Q saylı, xx.xx.2022-ci il tarixli göstəriş əsasında ipoteka ilə yüklü edilmiş əmlak hərrac yolu ilə satılmış və hərracın qalibi tələbkar «Finoko”BOKT ASC olmuşdur. Hərrac «Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən təşkil olunmuş və 13 iyul 2022-ci il tarixli, 129/22 saylı protokol əsasında ipoteka ilə yüklü edilmiş və İddiaçı məxsus daşınmaz əmlak 57375 manat məbləğində satılmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-34/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icraya yönəldilməsi, icra məmuru tərəfindən aparılmış hər hansı bir hərəkət və hərracın keçirilməsi barədə iddiaçıya heç bir məlumat göndərilməmişdir. Belə ki, Lerik rayon Məhkəməsi tərəfindən İddiaçı zəng vurularaq bildirilmişdir ki, keçirilmiş hərrac əsasında ona məxsus olan daşınmaz əmlak satılmış və bu səbəbdən 27 fevral 2023-cü il tarixədək evin boşaldılaraq hazırki iş üzrə cavabdeh «Finoko”BOKT ASC-ə təhvil verilməsi tələbi üzrə məhkəmə prosesində iştirakı tələb olunur. Odur ki, icra məmuru tərəfindən aparılmış hər hansı bir hərəkət barədə Abşeron rayon İcra şöbəsi heç bir məlumat verilməmişdir. Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərrac barədə heç bir məlumat verilməmiş və bununla da hərrac formal qaydada keçirilərək mənə məxsus olan daşınmaz əmlak dəyərindən qat-qat aşağı məbləğə satılmışdır.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, e-2(004)- 1690/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

17. Qətnamənin əsaslarına görə, İddiaçı hərracın gedişatı barədə lazımi qaydada məlumatlandırılmışdır. Texniki baxımdan müvafiq bildirişlər İddiaçı tərəfindən əldə olunmasa belə, göstərilən xüsusatlar hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət etmir. Hərrac təşkilatı və icra orqanının vəzifəsi müvafiq bildirişlərin maraqlı şəxslərə göndərilməsinin təmin edilməsidir. Sözügedən bildirişlər maraqlı şəxslərə göndərildiyi təqdirdə həmin bildirişləri əldə olunub-olunmamasına görə məsuliyyətin hərrac təşkilatı və ya icra orqanının üzərinə qoyulması əsaslı və qanuni hesab edilmir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmə-icra proseslərindən məlumatlı olmuş, özü tərəfindən öhdəliyin icra edilməməsi əsası ilə hərracın keçiriləcəyi zərurətini nəzərə almaqla proseslər barədə maraqlanmaq, məlumat almaq hüququ mövcud olmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Mülki Məcəlləsinin 339, 414, 415, 416, “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 43.3, 62-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.

20. Apelyasiya şikayətinin dəlillərinə görə, icra işinin içində borclunu məlumatlandıracaq hər hansı bir sənədə, poçt qəbzinə rast gəlmək olmur. İcra məmuru tərəfindən “İcra haqqında” Qanun və “İpoteka haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfin marağına xidmət edən bu cür qanunsuz hərəkətlər iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən sənədlərin iddiaçıya təqdil edilməsi mümkün olmadığı üçün hərrac işinin məhkəməyə gətirilməsi və qeyd edilən qaydaların düzgünlüyünün yoxlanılması üçün hərrac işinə baxış keçirilməsi lazım olduğu məqsədi ilə vəsatət verilmiş və məhkəmə tərəfindən vəsatət təmin edilərək icra işinin məhkəməyə gətirilməsi cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən elektron məhkəmə vasitəsi ilə göndərilən sənədlərdə çatışmazlıqlar var, sənədlər tam deyil və təqdim edilən sənədlərdə əsaslı şübhələr var. Belə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə yerləşdirmə tarixi qeyd edilsə də cavabdehə məxsus rəsmi səhifəyə baxış keçirilərkən sənədin hansı tarixdə yerləşdirilməsi göstərilmir. Bu da özlüyündə istənilən tarixin cavabdeh tərəfindən formal olaraq yerləşdirilməsinə əsas verir. Bundan başqa, icra işi ilə əlaqədar icra məmurunun qanunsuz hərəkətləri ortaya çıxmışdır. İcra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı icra vərəqəsini vermiş məhkəməyə müraciət edilmiş, məhkəmə tərəfindən icra işi məhkəməyə gətirilmiş və məlum olmuşdur ki, icra məmuru tərəfindən “İpoteka haqqında” Qanunun və eləcə də “İcra haqqında” Qanunun tələbləri tamamilə pozulmuş və icra işinin içərisində borcluya hər hansı bir məlumatın verilməsini təsdiq edən poçt qəbzi və ya hər hansı bir məlumat aşkar edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərardadı ilə Abşeron rayon İcra və probasiya şöbəsinin Cavabdeh2 MMC-yə 29 aprel 2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında Sifariş” göndərilməsi ilə bağlı hərəkəti qanunsuz hesab edilmişdir. Bundan sonra mövcud qətnamə mülki işə əsaslı təsir etdiyindən qərardad qanuni qüvvəsini alanadək iş üzrə icraatın dayandırılmasnı tələb etsə də məhkəmə tərəfindən vəsatəti rədd edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə uyğun olaraq həmin qərardad qanunu qüvvəsini alanadək iş üzrə icraat dayandırılmalı idi. Bundan başqa, cavabdeh tərəfindən göndərilən poçt qəbzlərində əsaslı şübhələr ortaya çıxmış və iş materiallarında reyestr cavabdehin özü tərəfindən tərtib edilmiş və məktubların SS kod nömrələrini müəyyən etmək mümkün olmamışdır. Beləliklə də əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı məktub göndərilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, apellyasiya şikayətində işin halları hissəsində X8 42.1-ci maddəsinə əsasən hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elanın dərc edilməsi proseduru üzrə cavabdeh tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilən sənədlərdə şübhələrin olmasını qeyd etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixində vəsatəti təmin edilərək 2(103)- 5429/2023 saylı qərardad qəbul edilmiş və həmin qərardada əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzilə dair keçirilmiş hərracla bağlı materiallar Cavabdeh2 MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi qeyd edilmişdir. Həmin qərardada əsasən cavabdeh tərəfindən hərrac işinin əsli ilə düz olan sürəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlərin bəziləri cavabdeh tərəfindən saxtalaşdırılmışdır. Belə ki cavabdeh məhkəməyə göndərilən sənədlərin icərisində açıq hərracın keçirilməsinə dair məlumatın “BirjaNews” hərrac xəbərləri saytında xx.xx.2022-ci il tarixində yerləşdirildiyini qeyd etmişdir və bununla bağlı məhkəməyə sənəd təqdim etmişdir. Lakin “BirjaNews” hərrac xəbərləri saytına baxış keçiriləndə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 34/2020 saylı icra vərəqəsinə əsasən açıq hərracın keçirilməsinə dair məlumatın xx.xx.2023-cü ildə yerləşdirilməsi açıq aşkar görünür və bu barədə çıxarış məhkəməyə təqdim olunmuşdur. Həmin məlumata baxış keçirilərkən məlum olur ki cavabdeh tərəfindən saxtakarlıq edilərək mətn hissəsinə elanın yerləşdirmə tarixi olaraq xx.xx.2022ci il tarixi qeyd edilib. Onun tərəfindən həmin saytda yerləşən digər açıq hərracın keçirilməsinə dair məlumatlara baxdıqda heç bir məlumatda saytın özünün yerləşdirmə vaxtından əlavə olaraq mətn hissəsində məlumatın yerləşdirmə vaxtı qeyd edilməmişdir. Hazırkı iş üzrə iddia ərizəsi Bakı şəhəri Ysamal rayon Məhkəməsində xx.xx.2023-cü ildə qeydiyyata alınıb və məhkəmə tərəfindən tərəflərə bildiriş xx.xx.2023-cü ildə göndərilib. Buna görə cavabdeh tərəfindən məlumat əldə edildikdən sonra öz qanunsuzluqlarını ört basdır etməkdən ötrü xx.xx.2023-cü il tarixində açıq hərracın keçirilməsinə dair məlumatın sayta yerləşdirilməsi aşkardır. O, qeyd olunan xüsusatları ərizədə qeyd edərək 26 noyabr 2023-cü il tarixdə elektron məhkəmə informasiya sisteminə yerləşdirdikdən sonra Cavabdeh2 MMC 27 noyabr 2023-cü il tarixdə yenidən elanın mətnində düzləiş aparmış və bu düzəlişin aparıldığı zaman hərrac mərkəzinin məhkəməyə ilkin olaraq təqdim etdiyi variantla da uyğun gəlməyən mətn yerləşdirilmişdir.

23. Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 88,7 kv.m ümumi, 57 kv.m yaşayış, 31,7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 55 nömrəli mənzili Cavabdeh1 BOKT ASC-nin mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; Maddə 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir; Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur; Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər; Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəfindən göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.

29. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

30. Göründüyü kimi, qanunverici ipoteka predmetinə məhkəmənin qərarı əsasında tutma yönəldilmə prosedurunu tənzimləmiş, bu prosedura əsasən bir neçə zəruri şərt müəyyənləşdirilmişdir ki, bunlardan başlıcası icra məmurunun ixtisaslaşdırılmış hərrac təşkilatına hərracın keçirilməsi barədə sifariş verməsidir.

31. Hazırkı mübahisə Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin açıq hərracda satılması barədə hərracın yekunları barədə protokolunun etibarsızlığı haqdadır. Bu protokolun etibarsızlığı halı isə o halda mövcud ola bilər ki, qanunvericiliyin tutma yönəldilməsi proseduru ilə bağlı yuxarıda sadalanan zəruri şərtləri pozulmuş olsun.

32. İş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə aktından – Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 8- 2(106)-2/2023 nömrəli qərardadından görünür ki, borclu İddiaçı Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-34/2020 nömrəli icra vərəqəsi üzrə Lerik rayon İcra və probasiya şöbəsinin 28 sentyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun hərracın keçirilməsi ilə bağlı sifarişinin qanunsuz hesab edilməsi barədə ərizəsi Şirvan Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 8-2(121)-10/2023 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Abşeron rayon İcra və probasiya şöbəsinin Cavabdeh2 MMC-yə 29 aprel 2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında Sifariş” göndərilməsi ilə bağlı hərəkəti qanunsuz hesab edilmiş, bu barədə qərardaddan verilmiş şikayət təmin edilməmişdir.

33. Bu onu deməyə əsas verir ki, hazırkı mövcud vəziyyətdə icra məmurunun hərracın keçirilməsi barədə sifariş göndərilməsinə dair hərəkətlərinin qanunsuzluğu təsbit olunduğundan, bu qanunsuzluq tutma yönəldilməsi proseduru ilə bağlı növbəti hərəkətlərin, həmçinin keçirilmiş hərracın qanuni olmaması barədə nəticəyə gəlməyə əsas verir.

34. Bundan əlavə iş materiallarından görünür ki, hərrac təşkilatı özü də hərracın keçirilməsi barədə qaydalara lazımi formada əməl etməmişdir. Belə ki, hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında dərc edilmiş elanın mətnində bir neçə dəfə dəyişiklik aparılmışdır.

35. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.

36. İş materiallarının 72-73-cü səhifələrində olan “Birja News” portalında açıq hərracın keçirilməsinə dair məlumatdan görünür ki, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzilin açıq hərracda satılması barədə 31 may 2022-ci il tarixdə keçiriləcək hərrac haqqında məlumat dərc etdirilmişdir. Həmin məlumatın yuxarı hissəsində “xx-xx-2022” rəqəmləri qeyd olunmuş, həmin sətrin altında isə “Elan yerləşdirmə tarixi xx.xx.2022” sözləri yerləşdirilmişdir. 26 noyabr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi tərəifndən elektron məhkəmə informasiya sisteminə yerləşdirilmiş ərizəyə əlavə olunan məlumatda isə tarix “2023-03-01 T00:00:00” kimi qeyd edilmişdir.

37. 28 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı saytda həmin elana baxış keçirilərkən müəyyən olunmuşdur ki, elanın mətnindən “Elan yerləşdirmə tarixi xx.xx.2022” çıxarılmışdır. Habuki, Cavabdeh2 MMC tərəfindən əvvəllər və hətta 1 gün əvvəl məhkəməyə təqdim olunmuş bildrişlərin surətində “Elan yerləşdirmə tarixi xx.xx.2022” sözləri mövcud olmuşdur. Həmin elanın iddiaçının vəkili tərəfindən təqdim olunmuş versiyasında isə elanın yerləşdirilmə tarixinin 01 mart 2023-cü il tarixi olduğu qeyd olunmuşdur. Habuki, həmin saytda yerləşdirilmiş, hətta bu işlə bağlı yerləşdirilən digər elanların mətnində elanın yerləşdirildiyi tarix qeyd olunduqdan sonra mətninə yenidən “Elan yerləşdirmə tarixi” sözlərinin daxil olunması halına rast gəlinmir.

38. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə bildirişin qanunla müəyyən olunmuş müddətdə tərəflərə gönədirilməsi hərracın qanuni keçirilməsinin zəruri şərtlərindən biridir. Cavabdeh2 MMC tərəfindən bildirişlərin iddiaçıya göndərilməsi ilə bağlı hərrcala bağlı materiallara əlavə etdiyi reyestri nəzərdən keçirərkən görünür ki, həmin reyestrdə göstərilən məktubların "xxxx" MMC-yə və digər poçt – rabitə orqanına təhvil verilməsi barədə heç bir məlumat yoxdur, reyestr yalnız Cavabdeh2 MMC-nin öz möhürü ilə təsdiq olunmuşdur.

39. Cavabdeh2 MMC tərəfindən birinci instansiya məhkəməsinə poçt göndərişlərinin iddiaçıya çatdırıla bilməməsi ilə bağlı zərflərin surətləri təqdim olunsa da, bu xüsusatın aydınladırılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərardadına əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzilə dair keçirilmiş hərracla bağlı materialların Cavabdeh2 MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim olunması, Cavabdeh2 MMC tərəfindən ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı 2022-ci il ərzində poçt göndərişinin göndərilib – göndərilməməsi ilə bağlı məlumat, göndərildiyi təqdirdə isə həmin bildirişin Cavabdeh2 tərəfindən nə vaxt təqdim olunması, İddiaçı çatdırılıb – çatdırılmaması ilə bağlı məlumat və bu məlumatları təsdiq edən sənədlərin "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim olunması qərara alınmışdır.

40. Lakin Cavabdeh2 MMC tərəfindən məhkəməyə materiallar deyil, birinci instansiya məhkəməsində olduğu kimi təsdiq olunmuş surəti təqdim olunmuşdur. Göründüyü kimi, iş üzrə cavabdeh olan hərrac təşkilatı hərracın keçirilməsi barədə prosesual qaydalara (iddiaçının lazımi qaydada məlumatlandırılması) əməl edilibedilməməsi barədə lazımi sübutların əslini təqdim etməməklə də işin həqiqi hallarını araşdırmağa mane olmuşdur.

41. Buna görə də, məhkəmə kollegiyası işin həqiqi halları barədə iddiaçının dəlillərini əsaslı saymaqla, keçirilmiş hərracla bağlı qanunvericiliyin normalarının pozulması qənaətinə gəlir. Bu isə işin yuxarıda sadalanan digər halları ilə birlikdə, iddiaçının Cavabdeh2 MMC-nin Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 88,7 kv.m ümumi, 57 kv.m yaşayış, 31,7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 55 nömrəli mənzilin açıq hərracda satılması barədə 13 iyul 2022-ci il tarixli, 129/22 nömrəli hərracın yekunları barədə protokolunun etibarsız sayılması barədə tələbinin təmin edilməsinə əsas verir.

42. İddiaçının hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə tələbi isə ona görə təmin oluna bilməz ki, “İpoteka haqqında” qanunda da göstərildiyi kimi, hərracı udmuş şəxs və hərracın təşkilatçısı müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Müqavilə qüvvəsinə malik olan bu protokol ipoteka predmetinin hərracı udmuş şəxsin mülkiyyətinə keçməsinə əsasdır. Tərəflər arasında protokoldan əlavə hər hansı bir alqı-satqı müqaviləsinin bağlanması qanunvericilikdə nəzərdə tutulmamışdır, hazırkı iş üzrə də belə bir müqavilə bağlandığı müəyyən olunmur.

43. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia yuxarıda müzakirə olunan qaydada qismən təmin edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, e-2(004)- 1690/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, e-2(004)- 1690/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 88,7 kv.m ümumi, 57 kv.m yaşayış, 31,7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 55 nömrəli mənzilin ipoteka saxlayan Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyəti tərəfindən əldə olunmasına dair Cavabdeh2 ilə bağladığı açıq hərracın yekunları barədə 13 iyul 2022-ci il tarixli, 129/22 nömrəli protokol etibarsız hesab edilsin və həmin mənzil üzərində Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyətinin mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar