Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5434/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərər görə sığorta haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərər görə sığorta haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, e-2(009)-921/2023 nömrəli və 21 iyul 2023-cü il tarixli, e-2(009)-921/2023 nömrəli qərardadından iddiaçının verdiyi şikayətlərin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 1618,61 manat sığorta ödənişinin, dövlət rüsumunun, habelə hər gecikdirilmiş gün üçün ümumi hesablanmış məbləğin 0,1 faizi həcmində 166,71 manat dəbbə pulunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(009)- 921/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən 1306 manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 manat vəsaitin 75 manat hissəsinin İddiaçı, 75 manat hissəsinin cavabdeh "xxxx" ASC-dən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi qət edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, zərər məbləği hissəsində 1306 manat əvəzinə 1306 manat dəyişdirilərək yazılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, e-2(009)- 921/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.
5. İddiaçı eyni zamanda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(009)-921/2023 nömrəli qətnaməsində düzəlişlər edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(009)- 921/2023 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.
7. İddiaçı 18 iyul 2023-cü il tarixli və 21 iyul 2023-cü il tarixli qərardadlardan ayrıayrılıqda şikayətlər verərək, ləğv edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, e-2(009)- 921/2023 nömrəli qərardadlarına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: Maddə 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;
10. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
12. “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavənin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlı 4-cü hissəsindən məlum olur ki, həmin əlavə həm məhkəmə qətnamələrinə, həm də qərardadlara şamil olunur. Eyni nəticə Əlavənin 7-ci hissəsindən də irəli gəlir.
13. İşdən məlum olur ki, şikayətlərdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri də yerinə yetirilməmiş, şikayətlər “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir.
14. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
15. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini diqqətə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən şikayətləri qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
16. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətlər, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, e-2(009)- 921/2023 nömrəli və 21 iyul 2023-cü il tarixli, e-2(009)-921/2023 nömrəli qərardadlarından İddiaçı şikayətləri qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev