Məhkəmə qərarları › İş №2(103)-5436/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5436/2025

13.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5436/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «fərdi yaşayış evinin qazlaşdırılması öhdəliyinin qazpaylayıcının üzərinə qoyulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3070/2025 saylı, 20 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 10 №-li, xx.xx.1997-ci il tarixli Qərarına əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin Baş Planına uyğun olaraq X3 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. 2.Cavabdeh İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 14-2-2/2-İ-7055-5/2024 saylı müraciətin araşdırılması barədə məktubunda göstərilib ki, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli 297 № li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcminin alınması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2.2-ci yarımbəndinə görə sözü gedən fərdi yaşayış evinin qazlaşdırılması üçün texnikni şərtin verilməsi ilə əlaqədar tərəfinizdən müvafiq mülkiyyət sənədləri və şəxsiyyət vəsiqəsi ilə “ASAN Xidmət” mərkəzinə müraciət edilməlidir.

3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-53-3/2-3789/2025 №-li məlumata əsasən, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in elektron bazasında vətəndaş İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Savalan ünvanında **********0412 saylı abonent kartı müəyyən edilmişdir.

4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-8396/2025 №- li məlumata əsasən, Səhimdar Cəmiyyətin elektron bazasında İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 2 fərdi yaşayış evində müvafiq olaraq 11 oktyabr 2011-ci il tarixdə **********50433 nömrəli abonent kodu ilə və 01 iyul 2017-ci il tarixdə **********60226 nömrəli abonent kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdehnə qarşı cavabdehə öhdəliyin həvalə edilməsi barədə iddia ərizəsi, iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 355A ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

6. İddiada göstərilib ki, iddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəsi Aparatının xx.xx.1997-ci il tarixli 10 saylı qərarından çıxarışa əsasən, X2 mülkiyyətində olan 6 sot torpaq sahəsini etibarnamə yolu ilə almış və həmin torpaq sahəsində fərdi ev inşa etmişdir. İddiaçı 2022-ci ilin dekabr ayından həmin evdə yaşamaqdadır. Bundan sonra iddiaçı həmin yaşayış evinin qazlaşdırılması üçün Cavabdeh İB-yə müraciət etmiş, lakin iddiaçıya evin qazlaşdırılmasından imtina gəlmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3070/2025 saylı, 20 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbinin təmin edilərək İddiaçı məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 355A ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi; Cavabdehndən 100 (yüz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mülki işin mübahisəsiz hallarından görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının Qərarından 10 №-li, xx.xx.1997-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin Baş Planına uyğun olaraq X3 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Eyni zamanda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-53-3/2-3789/2025 №-li məlumata əsasən, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in elektron bazasında vətəndaş İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Savalan ünvanında **********0412 saylı abonent kartı müəyyən edilmişdir. Həmçinin, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-8396/2025 №-li məlumata əsasən, Səhmdar Cəmiyyətin elektron bazasında İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 2 fərdi yaşayış evində müvafiq olaraq 11 oktyabr 2011-ci il tarxdə **********50433 nömrəli abonent kodu ilə və 01 iyul 2017-ci il tarixdə **********60226 nömrəli abonent kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixdə yaşayış evinin qazlaşdırılması ilə bağlı Azəriqaz İB-yə müraciət etmiş, Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14- 2- 2/2-İ-7055-5/2024 saylı müraciətin araşdırılması barədə məlumata əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” ilə tənzimlənir. Həmin qaydanın 1.2.2. yarımbəndinə görə sözü geden fərdi yaşayış evinin qazlaşdırılması üçün texnikni şərtin verilməsi ilə əlaqədar tərəfindən müvafiq mülkiyyət sənədləri və şəxsiyyət vəsiqəsi ilə “ASAN Xidmət” mərkəzinə müraciət edilməsi bildirilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh tərəf qazlaşdırma ilə bağlı iddiaçının müraciətinə, tələbinə hər hansı mövqe bildirməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı sözügedən fərdi yaşayış evinin tikintisi üçün 2005-ci ildən torpaq sahəsinə faktiki sahiblik etmiş, 2005-2020-ci illər arasında həmin torpaqda iki fərdi yaşayış evi tikmiş və fasiləsiz və mübahisəsiz olaraq orada yaşamaqdadır. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı qazlaşdırma üçün cavabdeh tərəfə müraciət etmiş, lakin iddiaçının qazlaşdırma ilə bağlı ərizəsi təmin edilməmişdir. ”Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14-2- 2/2-İ-7055-5/2024 saylı müraciətin araşdırılması barədə məlumata əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” ilə tənzimlənir. Həmin qaydanın 1.2.2. yarımbəndinə görə sözü gedən fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi ilə əlaqədar tərəfindən müvafiq mülkiyyət sənədləri və şəxsiyyət vəsiqəsi ilə “ASAN Xidmət” mərkəzinə müraciət edilməlidir. Cavabdehin istinad etdiyi həmin qaydanın 1.2.2-ci yarımbəndinə qeyd edilir ki, “ sifarişçi – qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxs”-dir. Göründüyü kimi cavabehin imtinasının əsasını iddiaçının həmin torpağa, fərdi yaşayış evinə mülkiyyət və ya digər əşya hüququnun rəsmi qaydada təsdiq edilməməsi, tanınmaması ilə əlaqədardır. 2023-cü il oktyabr ayının 1-dən qüvvəyə minən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsidə əlavə edilmiş, həmin maddədə də qazpaylayıcı şəbəkəyə qoşulması torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququları ilə əlaqələndirmişdir. Eyni torpaqda iki tikilinin tikilməsi iddiaçının onları uzun müddət işıq, su ilə təchiz edərək, orada mübahisəsiz şəkildə yaşaması müraciət zamanı imtina üçün əsasın qanuni və əsaslı olmasını şübhə altına alır. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir. AR NK-nin 30 avqust 2023-cü il tarixli 297 № li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” qaydanın 1.2.2. yarımbəndinə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsinə hazırki mübahisəyə hüquqi qiymət verərkən iki mərhələli yoxlama tətbiq edilməli, ilkin olaraq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin məzmunundan görünür ki, 2023-cü il oktyabrın 1-dən özbaşına tikililərdə əhalinin qazlaşdırılması qadağan edən normanın publik hüquq münasibətləri kontekstində təhlili aparılmalı, daha sonra isə məsələyə mülki hüquqi konteksdə qiymət verilməlidir. Belə ki, hazırki mübahisə üzrə tərəflərdən biri istehlakçı (qaz istehlakçısı), digər tərəf isə alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), qaz paylayıcısıdır. Qaz paylayıcısının ikinci imtinasının əsası isə publik norma ilə qaz paylayıcısına mülki müqavilənin bağlanmasına qoyulmuş qadağa dayanır. Məhkəmə araşdırması zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır” məzmunda 10-1-ci hissə əlavə edildiyi və bu əlavənin 2023-cü il oktyabrın 1-dən qüvvəyə mindiyi müəyyən edilmişdir. Bu maddə 2023- cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib-edilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. (§15) Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 8-ci maddəsində qeyd edilir ki, normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi prinsipləri əsasında həyata keçirilir. (§16) Məhkəmə qeyd edir ki, mütənasiblik prinsipi publik hüquq normasında fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Eyni zamanda, AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” qaydanın 1.2.2. yarımbəndinin və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 10-1-ci hissəsinin 2023-cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib edilməməsi, artıq tikilmiş, uzuznmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqi məsələsi Avropa İnsan hüquqları Məhkəməsi president hüququnda mülkiyyət hüququ (mülkiyyət hüququna gözlənti), bir şəxsin yaşayış şəraitinə, istehlakçı hüquqlarına müdaxilə üç standart (qanunda nəzərdə tutulmuşdurmu; qanuni məqsəd daşıyırmı; demokratik cəmiyyət üçün əhəmiyyət kəsb edirmi) üzrə qiymətləndirilməsi də mülki işin ədalətli və obyektik həqiqət konteksində həlli üçün əhəmiyyət kəsb edir. Mülki qanunvericilik mülkiyyətçi hüquqlarının mülkiyyətçi olmayan şəxsə mənsub olması qaydasını nəzərdə tutsa da, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən bu hüquq o şəxslər üçün tanınır ki, belə şəxslər müvafiq əmlaka Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik etmiş olsunlar. Eyni zamanda mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. Önəryıldız Türkiyəyə qarşı işi üzrə qərarında Məhkəmə də Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş üzrə materiallarda heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz. Bununla belə, AİHM bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında AİHM qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib verməməsi müəyyən olunmalıdır. AİHM presendentlərində formalaşmış hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). AİHM bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X4rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). (03.03.23 F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Məhkəmə xüsusi olaraq vurğulayır ki, məhkəmə qazlaşdırılması xahiş edilən evin hüquqi statusu, mülkiyyətdə olub-olmaması ilə bağlı hər hansı mövqe bildirmir. Belə ki, bu məsələ hazırki iddia tələbinin əhatə dairəsinə daxil deyil və məhkəmə iddia tələbindən kənara çıxmaqda səlahiyyətli deyil. Məhkəmə bildirir ki, qaz, su, işıqla bağlı istehlakçı hüquqları Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. (§21) Cavabdeh qaz satışı üzrə bazarda tutduğu mövqe heç kimdə şübhə doğurmur. Məhkəmə qeyd edir ki, AİHM bir sıra qərarlarında vətəndaşların suya, elektirk enerjisinə əlçatanlığı məsələsi Konvesiyanın 8-ci maddəsinin əhatə dairəsinə aid olması ilə bağlı mövqe irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ bəndinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Layiqli həyat səviyyəsinin bir sıra komponentləri mövcuddur ki, bunların sırasına suya, işığa, o cümlədən qaz istehsalı və təchizatı sahəsində ixtisaslaşmış olan Azərbaycan dövlətinin vətəndaşlarının qazdan istifadəyə əlçatanlığının təmin edilməsidir. AİHM bir sıra qərarlarında onu da göstərmişdir ki, bir şəxsin yaşayış şəraitinin Konvensiyanın 8-ci maddəsinin əhatə dairəsinə aid olub-olmaması məsələsinə gəldikdə, hakimiyyətin hərəkətləri nəticəsində yaranan ərizəçilərin sıx və antisanitar yaşayış şəraiti Konvensiyanın 8-ci maddəsinə tabedir, habelə ərizəçilərin şəxsi və ailə həyatına, eləcə də evlərinə hörmət etmək Konvensiyanın 8-ci maddəsində qeyd edilən hüquqların əhatə dairəsinə düşür. Belə ki, AİHM-nin Xudoroviç və digərlərinin Sloveniyaya qarşı (xx/xx/2020) işində qeyd edilir ki, “Ərizəçilərin təhlükəsiz içməli suya çıxış şikayətinə gəldikdə, Avropa Məhkəməsi suyun çirklənməsi nəticəsində yaranan sağlamlıq və ətraf mühit riskləri ilə bağlı presedent təcrübəsini də nəzərə alaraq bildirir ki, məhkəmə, artıq çirklənmiş su mənbələri ilə əlaqəli faktiki və ya potensial risklər və onların insanın şəxsi həyatı və evi ilə əlaqələri barədə mühakimə yürütmək imkanına malik olub. "Dubetskaya və başqaları Ukraynaya qarşı" (№ 30499/03, §§ 109-23, 10 fevral 2011) və "Jemyuk və Ukrayna" (№ 30499/03, §§ 109-23, 10 fevral 2011) 42488/02, 77- 84, 4 sentyabr 2014-cü il), ərizəçilərin sağlamlığına faktiki ziyan vurduğuna dair birbaşa sübut olmadıqda belə, AİHM müvafiq ərizəçilərin sözügedən suyun çirklənməsindən əziyyət çəkə biləcəyini etiraf etmişdir. Bundan əlavə, baxılan ekoloji problemlərə nəzər yetirdikdən sonra AİHM, ərizəçilərin sağlamlıq riskinin artması, Konvensiyanın 8-ci maddəsinin tətbiqinə səbəb olmaq üçün kifayət qədər şiddətə çatan şəxsi həyatlarına və evlərinə müdaxilə olduğu qənaətinə gəlmiş və “Dubetskaya və başqaları Ukraynaya qarşı" və "Jemyuk Ukraynaya qarşı " işlərində məhkəmə təmiz su mənbələrinə çıxış və insan sağlamlığı arasında birbaşa əlaqəni tanımışdı”. Hazırki işin hallarına uyğun olaraq iddiaçının suya, işığa əlçatanlığının müvafiq ixtisaslaşmış istehsalat birlikləri tərəfindən təmin edilməsi, hətta evlərdən birinin uzun müddət qaz paylayıcısına qoşulması iddiaçının Azərbaycan Respublikasının vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi (AR Konstitusiyasının 12-ci maddəsi), mülkiyyətə gözlənti hüququnu, şəxsi və ya ailə həyatına və yaşayış yerlərinə hörmət hüququnu məhdudlaşdırılmasına, eyni zamanda iddiaçının dediklərinə əsasən müəyyən mənada ayrıseçkiliyə, hüquqdan sui-istifadə hallarının (fərdi yaşayış evinin yerləşdiyi ərazidə digər evlərin qazlaşdırılması) yaranmasına gətirib çıxaracaqdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərib ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 355A ünvanında yerləşən iddiaçıya məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin qanunvericliyə uyğun olaraq sənədi yoxdur (çıxarış). Qanunvericliyə uyğun olaraq sənədsiz mənzilin qazlaşdırılması qanunsuz və təhlükəlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 30 may 2023-cü il tarixli, 893- VİQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.”. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, məhkəmə mübahisəsi getdiyi anda və qərar çıxarılarkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 10-1 bəndi əlavə olunmasına baxmayaraq məhkəmə bunu diqqətə almamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək əsassız qərar qəbul etmişdir. Lazımı icazələr almadan, mülkiyyət sənədləri olmadan tikinti işləri aparıldığı halda qazla təmin olunmanı qanunvericilik qadağan edir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və qərar qəbul edərkən qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Həmçinin Azərbaycan dövləti özbaşına tikililərin qarşısını almaq və sənədsiz evlərin sənədləşməsini surətləndirmək üçün belə bir qanun qəbul etdiyi halda bu kimi məhkəmə qərarları dövlət siyasətinə və qanunlarına zidd mövqe tutur. Qeyd olunan işlər 2025-ci ilin əvvəlinə kimi Baki İnzibati Məhkəmədə baxılıb və iddialar təmin olunmamışdır. Lakin rayon məhkəmələri bu kimi işlərə baxmağa başladığı andan özündən əvvəlki tarixlərdə çıxarılmış və hətda Ali Məhkəmənin bu işlərə mövqeyini ifadə edən qətnamələrdən bəhrələnməmişlər (2-1(102)- 2758/2024). Mənzilin qazlaşdırılması üçün ilkin növbədə qanunvericliyə uyğun olaraq texniki şərtdir. Lakin məhkəmə təhlükəsizlik və qanunvericiliyin tələbinə əməl etmədən bir başa mənzilin qazlaşdırılması üçün qərar çıxarır və qaz paylayıcını da məcbur edir ki, təhlükəsizliyə və qanunvericiliyin tələbinə əməl etmədən mənzili qazlaşdır. Bakı şəhərində bəzi binalar var ki 50 ildən çox yaşı vardır, lakin lahiyəsində qazın verilməsi ilə bağlı şərtlərə əməl edilmədiyi üçün onlara texniki şərt verilmir və mənzillər təhlükəsizlik səbəbindən qazlaşdırılmır. Çünki heç bir kommunal xidmət insan həyatdında artıq ola bilməz.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 149, İ hissə. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Maddə 149, İİİ hissə. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Maddə 149, Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu:

Maddə 2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Maddə 2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Maddə 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Maddə 13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Maddə 13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Maddə 13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Maddə 13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 22. Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir. Maddə 23.4 Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir.

14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 4.1. İstehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. Maddə 4.2. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur Maddə 13.1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Maddə 13.3. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13.10-1(2023-cü il oktyabr ayının 1-dən qüvvədədir).Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.

16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

17. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

26. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

27. Əvvəla, apellyasiya şikayətində göstərilən dəlillər iddiaçının fərdi yaşayış evinin qazlaşdırılmasına dair müraciətindən imtina olunmasına dair dəlillərlə eyni olduğundan, birinci instansiya məhkəməsi tərəfindən də bu hallar üzrə ətraflı və mükəmməl hüquqi dəyərləndirmə aparılıb. Lakin cavabdeh qurum yenədə iddiaçıya məxsus evin və yerləşdiyi torpaq sahəsinin sənədi(çıxarışı) olmadığını bəyan edərək iddianın təmin edilməsinə etiraz edir. Qeyd olunan torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin “sənədinin” (çıxarışın)olmaması cavabdehə qazlaşdırmadan imtina üçün əsas verə bilməzdi. Çünki cavabdeh daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alan yaxud buna nəzarət edən orqan da deyil. Ən azından ona qanunvericiliklə belə bir səlahiyyət verilməyib. Əks halda özü respublika ərazisində, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında nəinki sənaye təyinatlı, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz inşa edilmiş və qeydə alınmamış on minlərlə özbaşına tikililərin qazlaşdırılmasından imtina etməli idi. Ancaq hamıya məlum olan haldır ki, əksər hallarda bundan imtina olunmayıb, əksinə həm sənaye və kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunmuş, həm də daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmamış tikililər qaz təminatı ilə təchiz edilib. Demək ki, cavabdehin iddiaçıya qarşı bu cür münasibəti açıq-aşkar hüquqdan sui-istifadə xarakteri daşımışdır.

28. Bununla yanaşı, qeyd olunan torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün buna qanunla səlahiyyət verilmiş, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 10 №-li, xx.xx.1997-ci il tarixli Qərarına əsasən ayrılmış və yerləşmə sxemi tərtib və təsdiq edilməklə tikintisinə icazə verilmişdir(i.v.8-11). Demək ki, torpaq sahəsində fərdi yaşayış evinin inşa olunmasına icazəni qanunla səlahiyyət vermiş rəsmi dövlət orqanı icazə verib və bu icazəni(sərəncamı) də bu günə qədər mübahisələndirən olmayıb.

29. Bunlardan əlavə, fərdi yaşayış evinin 2022-ci ilədək inşa edilib başa çatdığı və bir neçə il ərzində yaşayış sahəsi kimi istifadə olunduğu işin mübahisəsiz halıdır. Bunu cavabdeh də mübahisələndirmir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır” məzmunda 10-1-ci hissə əlavə edilməsi və bu əlavənin 2023-cü il oktyabrın 1-dən qüvvəyə mindiyi üçün bu maddənin 2023- cü il oktyabr ayının 1-dən əvvəl qanuni əsaslarla tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilməsi artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusən də fərdi yaşayış evlərinə münasibətdə tətbiqi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun deyildir. Çünki qeyd olunan normaya əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.Göründüyü kimi, cavabdeh qurumun “Qaz təchizatı haqqında” Qanunun 13.10-1-ci maddəsinə istinad edib qazlaşdırmadan imtina etməsi də əsaslı olmamışdır.

30. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3070/2025 saylı, 20 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3070/2025 saylı, 20 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar