Məhkəmə qərarları › İş №2(103)-544/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-544/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-544/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi, cavabdehin nümayəndəsi Faiq Babayevin iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7146/2016 saylı iş üzrə 14 iyul 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh Faiz oğlu (bundan sonra – cavabdeh) 14.05.2015-ci il tarixdə “BMW 320” markalı, **-EE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Tbilisi prospektində İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – iddiaçı) sığortalanmış “MG Moris” markalı, **-NG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sözügedən avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1 və 253-1.3-cü maddələrinə əsasən 40 manat cərimə edilmişdir. 18.06.2015-ci il tarixli akt ilə hadisə nəticəsində “MG Moris” markalı, **-NG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil tam məhv olmuş sayılmışdır. İddiaçı tərəfindən sığortalı avtomobilin mülkiyyətçisinə 8450,60 manat ödənilmiş, həmin məbləğdən icbari sığorta üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya 4720 manat ödənildiyindən, iddiaçı yerdə qalan 3729,5 manatı cavabdehdən tələb etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş; cavabdehdən 3739,50 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3759,50 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzili satdığı üçün qeydiyyatda olduğu ünvanda yaşamır, ona görə də məhkəmə baxışı barədə məlumatsız olub. Əslində sığortalı avtomobilə dəyiş zərər xeyli azdır, avtomobil tam məhv vəziyyətində deyil. Lakin məhkəmə iclasında iştirak etmədiyi üçün öz mülahizələrini təqdim edə bilməyib. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7136/2018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5487/2019 saylı, 28 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7136/2018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmuş hissəsinin yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə məhz həmin hissədə ləğvini xahiş etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi 18.06.2015-ci il tarixli qüsur aktı tərtib edilərkən cavabdehin iştirak etməməsini nəzərə almamış, hadisə zamanı avtomobilin tam məhv olması barədə qənaətin formalaşmasına əsas verən zədələnmiş avtomobilin fotoşəkillərinin avtomobilin hansı hissələrinin əzilməsini özündə əks etdirən yol-nəqliyyat hadisəsi ilə bağlı sənədlərin işdə olmadığına əhəmiyyət verməmiş, cavabdehin vurulmuş real ziyanın həcmini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilməsi barədə verdiyi vəsatətini tutarlı səbəb göstərmədən təmin etməmişdir. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsi ilə bağlı işdə olan qüsur aktının məlumatları əsasında belə qənaətə gəlmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiasının sığortalısına 9950 manat ziyan dəymişdir. Zərər məbləğindən 1000 manat və sığorta müqaviləsində nəzərdə tutulmuş 500 manat sığorta çıxılmaqla, həmçinin iddiaçıya icbari sığorta üzrə ödənilmiş 4720,50 manat nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında 3729,50 manat pul tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadığından qətnamə həmin hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.1, 936.2). Qeyd olunan normaların dispozisiya şərtlərindən göründüyü kimi sığortaçının subroqasiya qaydasında pul tələbinin təmin olunması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: cavabdeh şəxs sığorta predmetinə sığorta münasibətləri üzrə müəyyən edilmiş həcmdə zərərin vurulmasına görə təqsirli olmalı, sığortaçı tələb etdiyi həcmdə sığorta ödənişini sığortalıya (faydalanan şəxsə) ödəmiş olmalıdır. Baxılan iş üzrə sığorta predmeti olan avtomobilə cavabdehin təqsirli hərəkətləri nəticəsində zərərin vurulduğu və iddiaçının öz sığortalısına 8450 manat ödəniş etdiyi işin mübahisəsiz halıdır. Lakin cavabdeh əslində sığortalı avtomobil dəymiş zərərin həcmini mübahisələndirir. Apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişinə əsasən keçirilmiş ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 31876 nömrəli, 28 yanvar 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 2011-ci il buraxılışılı “MG Moris” markalı, **-NG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmir edilməsi məqsədə uyğun hesab edilmir. Həmin avtomobilin istismar müddətini nəzərə alaraq, 2015-ci il tarixə orta bazar pərakəndə satış qiyməti təxminən 9500 manat təşkil edir. Avtomobilin əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və salamat qalan yararlı vəziyyətdə hissələr avtomobilin dəyərinin təxminən 40%-ni təşkil edir. Ekspert qeyd olunanlar əsasında belə nəticəyə gəlmişdir ki, zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 5700 manat (9500 – 40%) müəyyən edilir. Beləliklə, sığortalı avtomobilin sahibinə dəymiş zərərin məbləği ekspert rəyi ilə 5700 manat təşkil edir. Həmçinin iş materiallarından göründüyü kimi yol-nəqliyyat hadisəsi üzrə icbari sığorta qaydasında 5000 manat (4720,50 manat iddiaçıya, 279,50 manat sığortalı avtomobilin sahibinə) ödənildiyi müəyyən olunduğu üçün həmin məbləğ dəymiş ziyanın məbləğindən çıxılmalıdır. Bununla yanaşı iddiaçının öz sığortalısı ilə bağladığı sığorta müqaviləsində 500 manat fransıza (şərtsiz azadolma) nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən cavabdehdən iddiaçının xeyrinə 200 manat (5700 manat zərər – 5000 manat icbari sığorta ödənişi – 500 manat franşiza) pul tutulmalıdır. Ona görə də qətnamə iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla cavabdehdən iddiaçının xeyrinə 200 manat tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tələbin təmin olunan hissəsinə müvafiq olaraq tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7146/2016 saylı iş üzrə 14 iyul 2016-cı il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. Cavabdeh Faiz oğlundan 200 manat sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumunun 2 manatı, cəmi 202 (iki yüz iki) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 114 (yüz on dörd) manatı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən, 6 (altı) manatı Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar