Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-544/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X3, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinın 17 avqust 2021-ci il tarixli 2(006)- 2580/2021 saylı qətnaməsindən İddiaçı MMC, Cavabdeh və üçüncü şəxs Y.Cəfərova tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilindən Klinikaya axan suyun hər iki cavabdehlərin maddi vəsaiti hesabına qarşısının alınması və gələcəkdə bu kimi hərəkətlərin cavabdehlərə qadağan olunması, Klinikanın stomatoloqun xidməti otağına dəymiş ziyanın əvəzi kimi 490 manat, mənəvi ziyanın əvəzi kimi 5000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ünvan 1 ünvanda yerləşən 517,3 kv.m qeyri-yaşayış sahəsini həmin sahənin mülkiyyətçisi X1 27 fevral 2019-cu il tarixdən icarəyə götürmüş və həmin vaxtdan orada özəl tibbi fəaliyyətlə məşğul olur. 2020ci ilin mart ayından yuxarı mərtəbədəki qonşu Cavabdeh tərəfindən Klinikanın resepşın hissəsinə su tökülməyə başlanmış, həmin vaxt ona edilmiş şifahi müraciətlər əsasında o həmin nöqsanları aradan qaldırmışdır. Yenidən 15 fevral 2021-ci il tarixdən resepşının arxa hissəsində, yəni klinikanın stomatoloqun xidməti otağının giriş hissəsinə yenidən su axmağa başlamış və cavabdehin mənzilinə daxil olan zaman onun mətbəxindəki boruların nasaz olması nəticəsində su Klinikaya tökülmüş və bu zaman ziyan dəyməkdən başqa, gələn pasiyentlərdə və qonaqlarda mənfi fikir formalaşmışdır. Buna görə də klinika məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilindən Y.Cəfərovanın mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə axan suyun cavabdehin maddi vəsaiti hesabına qarşısının alınması və gələcəkdə bu kimi hərəkətlərin cavabdehə qadağan olunması, Y.Cəfərovanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın cavabdeh tərəfindən qarşılanaraq təmir edilməsi vəzifəsinin onun üzərinə qoyulması, habelə mənəvi zərərin əvəzi kimi 3000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 517 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Y.Cəfərovanın xüsusi mülkiyyətindədir. Hazırda Y.Cəfərova həmin sahəni İddiaçı MMC-yə icarəyə vermiş və bununla bağlı aralarında notarial qaydada müqavilə bağlanmışdır. Cavabdehin mülkiyyətində olan yaşayış sahəsindən onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə su sızması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinın 17 avqust 2021-ci il tarixli 2(006)- 2580/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilindən İddiaçı MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasının qarşısının Cavabdeh hesabına alınması, iddia tələbinin qalan hissədə və cavabdeh "xxxx" MTK-ya münasibətdə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia tələbi qismən təmin edilmiş, Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilindən X2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasının qarşısının Cavabdeh hesabına alınması, Cavabdeh maddi zərərin əvəzi kimi 490 manat, mənəvi zərərin əvəzi kimi 200 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 720 manat məbləğində pulun alınaraq X4 verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı MMC, Cavabdeh və üçüncü şəxs Y.Cəfərova tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçı MMC və üçüncü şəxs Y.Cəfərova apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını, Cavabdeh isə qətnamənin ləğv olunaraq iddia tələblərinin rədd olunmasını xahiş etmişdir. İddiaçı MMC və üçüncü şəxs Y.Cəfərova apellyasiya şikayətlərini belə əsaslandırmışlar ki, kifayət qədər sübutlar təqdim olunmasına baxmayaraq, məhkəmə iddianı tam təmin etməmişdir. Cavabdeh isə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə su sızmasının səbəbi onun mənzilindən su sızması deyil, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi və icarəçisi tərəfindən təmir işləri aparılarkən kanalizasiya xəttinin aşağıya doğru maili vəziyyətinin dəyişdirilərək kanalizasiya xəttinin üfiqi istiqamətdə aparılması olmuşdur. Nəticədə xətdə suyun səviyyəsi artdıqca su sızması baş vermişdir. Bunun təqsirkarı isə iddiaçının özüdür. Məhkəmə tikinti texniki ekspertizası su sızmasının texniki səbəbini müəyyən edə bilmədiyi halda, birinci instansiya məhkəməsi əsassız olaraq iddiaları qismən təmin etmişdir. Məhkəmə iclasında apellyatorlar hər biri ayrı-ayrılıqda öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X6 isə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. MTK-nın nümayəndəsi izahatında əlavə olaraq bildirdi ki, su sızması qeyri-yaşayış sahəsi Klinikanın icarəsinə verildiyi vaxtdan yaranmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, "xxxx" MMC və "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə həmin üçüncü şəxslərinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayətləri təmin olunmamalı, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinın 17 avqust 2021-ci il tarixli 2(006)-2580/2021 saylı qətnaməsi ləğv edilməli və iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi, 58 ünvanında yerləşən qeyriyaşayış sahəsi X2 xüsusi mülkiyyətindədir. 27 fevral 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, X5 həmin qeyri-yaşayış sahəsini 5 il müddətinə İddiaçı MMC-yə icarəyə vermişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 iyun 2021-ci il tarixli 10/1756 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və 131 saylı mənzilin divarlarında olan su sızma əlamətlərini nəzərə alaraq, həmin qüsurların divar daxilindən keçən ümumi kanalizasiya sistemində nasazlıqlar nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Lakin kanalizasiya xəttinin üzəri bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 490 manat məbləğində müəyyən olunur. Apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 04 mart 2022-ci il tarixli 10/7015 saylı rəyinə əsasən, İddiaçı MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə su sızmasının səbəbi həmin sahənin təmiri zamanı kanalizasiya xəttinin mailliyinin dəyişdirilərək üfiqi xəttin çəkilməsi zamanı boru xətlərində daralma (tıxaclanma) əmələ gəldiyindən suyun sızması (daşması) hallarının əmələ gəlməsi istisna olunmur. Qeyd olunur ki, kanalizasiya xətləri gizli (gözə görünmədiyindən) şəkildə olduğundan boru xətlərinin hansı qaydada çəkildiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. (17 dekabr 2021-ci il tarixdə 10/7015 saylı ekspert vəsatəti ilə ünvan 1 ünvanda yerləşən binaya aid kommunikasiya xətlərinin layihə sənədlərinin təqdim olunması xahiş olunmuş, lakin vəsatət təmin edilməmişdir.) ünvan 1 ünvanda yerləşən İddiaçı MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə 131 saylı mənzildən keçən kanalizasiya xətlərində (baxış keçirilən zamanı) nasazlıq su sızma halları müşahidə olmadığından kanalizasiya xəttinin divar altından keçdiyi vəziyyətdə xüsusi texniki cihazın vasitəsilə su sızmasının konkret harada olmasını müəyyən etmək mümkün deyildir. Qeyd olunur ki, su sızma halları mövcud olduğu təqdirdə su və kanalizasiya xəttində (divar altından keçən) su sızmasının konkret harada olmasını xüsusi texniki cihazın köməyi vasitəsilə müəyyən etmək mümkün olur. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 18.02.2022-ci il tarixli məktuba əsasən, ünvan 1 ünvanda yerləşən üç mərtəbəli yaşayış binası XX əsrin əvvəllərində inşa edilməklə həmin binanın kanalizasiya xətlərinə dair layihə sənədləri mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həm iddiaçının, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddialarını qismən təmin etməklə işin faktiki halları üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı iddiaçının icarəsində, müstəqil tələb irəli sürən üçüncü şəxsin isə mülkiyyətində olan qeyri-yaşayış sahəsinə Cavabdeh təqsirli hərəkətləri nəticəsində və bilavasitə ona məxsus yasayış sahəsindən su axıdılması təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikintitexniki ekspertizası su sızmasının texniki səbəbini müəyyən edə bilməmiş, apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 04 mart 2022-ci il tarixli rəyinə əsasən, İddiaçı MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə su sızmasının səbəbi həmin sahənin təmiri zamanı kanalizasiya xəttinin mailliyinin dəyişdirilərək üfiqi xəttin çəkilməsi zamanı boru xətlərində daralma (tıxaclanma) əmələ gəldiyindən suyun sızması (daşması) hallarının əmələ gəlməsi istisna olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 385.1.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yenə həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyinə görə, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinın 17 avqust 2021-ci il tarixli 2(006)-2580/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbləri rədd edilməlidir. İddiaçı MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayətləri əsassız olduğundan, təmin edilməməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayətləri təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinın 17 avqust 2021-ci il tarixli 2(006)- 2580/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddiaları rədd edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci qismində 100 manat pul İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumları apelyatorlara aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat pul İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 müştərək qaydada tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-544/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-544/2022
26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver