Məhkəmə qərarları › İş №2(103)-5448/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5448/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5448/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və "xxxx" ASCyə qarşı ilk iddia, İddiaçı Cavabdeh3 İddiaçı1, İddiaçı2 və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə (Açar sözlər: ilk iddia: alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia yaşayış sahəsindən çıxarılma, həmin sahənin boşaldılması və əldən çıxmış faydanın ödənilməsi ) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2023 nömrəli, 14 iyun 2023cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş 25 fevral 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 66 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh1 adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış 16 mart 2023-cü il tarixli İPKB0239708B105 saylı daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsi ilə, "xxxx" ASC (müqavilə üzrə ipoteka saxlayan və ya ipoteka saxlayan) ilə Cavabdeh3 Əbdülxaliq qızı (müqavilə üzrə alıcı, borcalan və ya ipoteka saxlayan) və Cavabdeh1 (müqavilə üzrə satıcı) arasında 16 mart 2023-cü il tarixdə İPKB0239708B105 saylı alğı-satqı və ipoteka müqaviləsi imzalanmışdır. Qeyd olunan müqaviləyə əsasən, satıcı ipoteka predmetini təşkil edən ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 66 saylı evin 49 saylı mənzilini alıcının mülkiyyətinə vermişdir. Alıcı (ipoteka qoyan) isə ipoteka predmeti üzərində mülkiyyət hüququnu əldə etdiyi andan mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əmlakı alıcının bank qarşısında yaranmış öhdəliklərinin təminatı kimi bankın (ipoteka saxlayanın) xeyrinə yüklü etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və "xxxx" ASC-yə qarşı “alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 53 saylı notariat ofisində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 66 saylı evin 49 saylı mənzilinə dair 16 mart 2023-cü il tarixdə təsdiq edilmiş İPKB239708B105 saylı alğısatqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 66 saylı evin 49 saylı mənzili növbəlilik qaydasında 1981-ci ildə ailələrinə verilmişdir. Valideynləri nikahlarını pozmuş və atası köçüb Qazaxstan Respublikasına getmişdir. Mənzili satmaq qərarına gəldiklərindən razılıqlarına əsasən mənzil analarının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. Anaları olan cavabdeh mənzili satdıqdan sonra hər birinə 20.000 manat verəcəyi barədə söz vermişdir. Onlar da anaları olduğundan sonuncuya inanmışlar. Mübahisəli mənzil 16 mart 2023-cü il tarixdə İPKB239708B105 saylı alğı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri 53 saylı notariat ofisində 80.000 manata satılmış, mənzil satıldıqdan sonra anaları onlara bir qəpik də verməmişdir. Onları aldadıb və mənzili satıb pullarını vermədiyindən cavabdehin hərəkətlərini qanunsuz hesab edirlər. Bu səbəbdən, məhkəməyə müraciət etməli olmuşlar.

4. Cavabdeh3 İddiaçı1, İddiaçı2 və Cavabdeh1 qarşı «yaşayış sahəsindən çıxarılma, həmin sahənin boşaldılması və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, İddiaçı1, İddiaçı2 və Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 66 saylı evin 49 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi, 16 aprel 2023-cü il tarixdən qarşılıqlı iddia üzrə onun tələbi üzrə qəbul ediləcək qətnamə icra olunan tarixədək hər ay 300 manat miqdarında əldən çıxmış faydanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddianı tam əsassız hesab edirlər. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçıların sözügedən iddianı qaldırmağa heç bir subyektiv hüququ yoxdur. Çünki həmin şəxslər alğı-satqı müqaviləsinin tərəfi deyil, nə də iddiaçılara hansısa məbləğin Cavabdeh1 tərəfindən ödənilməsi barədə müqavilədə hər hansı bir bənd nəzərdə tutulmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, Bakı şəhəri 53 saylı notariat ofisində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 66 saylı evin 49 saylı mənzilinə dair alğı-satqı və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanılmış, qarşılıqlı iddia üzrə cavabdehlərdən İddiaçı1 və İddiaçı2 həmin mənzilin satılmasına dair notarial qaydada təsdiq olunmuş ərizə vermiş və həmin ərizələrdə müqavilədə nəzərdə tutulmuş müddətdə, yəni müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində mənzili tərk etmələri barədə öhdəlik götürmüşlər. Qarşılıqlı iddia ilə bağlı bildirilmişdir ki, Bakı şəhəri 53 saylı notariat ofisində Cavabdeh3, "xxxx" ASC və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsi”nə əsasən satıcı Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 66 saylı evin 49 saylı mənzilini 80.000 manata Cavabdeh3 Əbdülxaliq qızına satmış və həmin vəsait ona tam şəkildə ödənilmiş, mənzil isə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan müqavilənin 3.6.4-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, hazıradək mənzildə qeydiyyatda olan şəxslər nə qeydiyyatdan çıxmamış, nə də mənzili boşaldaraq təhvil verməmiş və hazırda Cavabdeh3 mənzilinə qanunsuz sahiblik edirlər. Qanunsuz sahibliklə yanaşı qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh3 hər ay minimum 300 manat fayda əldə etməsinə də maneə törədirlər. Belə ki, Cavabdeh3 mənzilin dəyərinin bir hissəsini illik 8 faiz olmaqla ipoteka krediti ilə almış, hər ay banka 243 manat kredit ödəməlidir. Həmin krediti mənzili minimum 300 manata kirayəyə verməklə ödəməyi planlaşdırmış, lakin cavabdehlərin mənzili tərk etməməsi səbəbindən mülkiyyətində olan mənzil barəsində heç bir sərəncam verə bilmir. Göstərilənlərdən əlavə belə bir ehtimal vardır ki, ilk iddia üzrə iddiaçılarla Cavabdeh1 əlbir olaraq, mənzili boşaltmaq niyyətində deyil və məhkəməyə verilən iddia da bu oyunun bir parçasıdır.

6. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 məhkəməyə qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək göstərmişlər ki, ilk iddia tələbində də qeyd etdikləri kimi, mübahisəli mənzil növbəlilik qaydasında dövlət tərəfindən ailələrinə verilmişdir. Həmin mənzilin orderində hər ikisinin adı olmaqla, orada pasport qeydiyyatındadırlar, başqa yaşayış sahələri də yoxdur. Mənzil satılarkən anaları Cavabdeh1 ilə şifahi qaydada razılaşmışlar ki, hər birinə iyirmi min manat pul verilsin, onlar da başlarının çarəsinə qalsınlar. Bundan alıcının da məlumatı vardır. Lakin həm alıcı, həm də satıcı olan anaları birləşərək onları aldadaraq, onlara bildirmişlər ki, mənzilin alğı-satqısı ilə bağlı ödəniləcək pul vəsaiti notariat orqanının depozitinə oturmalıdır, ondan sonra alğı-satqı müqaviləsi bağlanmalıdır, bundan sonra pul notariat orqanının məktubuna əsasən götürüləndə onlara düşən pulu verəcəklər. Onlara inanaraq başqa çıxış yolunun olmadığını görüb, sənədlərə imza etməklə mənzilin satılmasına razılıq vermişlər. Bundan sonra pullarını vermədiklərindən başa düşmüşlər ki, aldanmışlar, ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Bundan sonra, cavabdeh tərəf məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir. Qarşılıqlı iddianı qəbul etmirlər. Belə ki, qarşılıqlı iddia ərizəsində mübahisəli mənzilə subyektiv hüquqlarının olmadığı əsas gətirilməklə iddialarının təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi xahiş olunur. Yuxarıda qeyd etdikləri kimi, mübahisəli mənzil ailə üzvlərinin sayına görə dövlət tərəfindən verilmişdir. Həmin mənzilin orderində adları olmaqla, orada yaşamışlar, həmin mənzildən digər ailə üzvləri kimi istifadə hüquqları vardır. Hazırda həmin mənzildən çıxarılmaları və həmin sahənin boşaldılması onlara bir sıra problemlər yaratmaqla, qanunvericiliklə müəyyən edilmiş və təminat verilmiş hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradacaqdır. Belə ki, hazırda mübahisəli ünvandan çıxarılmaları qeydiyyatdan çıxarılmaları üçün əsas olacaqdır. Başqa yaşayış ünvanları olmadığından, qeydiyyatsız qalmaqla onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, seçkilərdə iştirak etmək və s.) məhdudiyyətlər yaradacaqdır. Yaşayış yeri üzrə Polis İdarəsinin inzibati binasına da qeydiyyat ləğv edildiyindən orada qeydiyyata düşmək mümkün deyildir. Onların da yaşadıqları mənzilin satılmasında gözləntiləri onlara veriləcək pulla ipoteka ilə daha ucuz mənzil alıb ora qeydiyyata düşüb yaşamaq olmuşdur. Bu səbəbdən, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) ilk iddianın əsassız olduğundan rədd edilməsi, ilk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçılara aid edilməsi, Cavabdeh3 İddiaçı1, İddiaçı2 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən çıxarılma, həmin sahənin boşaldılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı1, İddiaçı2 və Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 66 saylı evin 49 saylı mənzilindən çıxarılması, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 66 saylı evin 49 saylı mənzilin boşaldılaraq Cavabdeh3 təhvil verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd ediməlsi, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə və 33-cü maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 158.1-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən ilk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv etməklə iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnmə qəbul xahiş etmişdir.

10. Apellyasiya şikayəti ilki iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, işdə olan sənədlərdən müəyyən olunr ki, müqvilə üzrə tərəflər olmasalar da onlar mübahisəli mənzildə qeydiyyatda olmaqla həmin ünvana istifadə hüquqları vardır, başqa yaşayış yerləri də yoxdur. Cavabdeh isə analarııdır. Onun övladları olduqlarından ona inanmaqla şifahi qaydada razılşamaqla mənzilin satışına razılıq ərizələri yazmışlar. Aydındır ki, əgər razılıq ərizələri yazmasaydılar bu mənzil satıla bilməzdi. Alqı-satqı müqaviləsinin tətəfləri olmasalar da həmin ünvana istifadə hüquqları olduğundan və orada yaşadıqlarından demək cavabdehlərin qanusuz hərəkətləri onların də hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddia tələbləri təmin edilməli idi. Göründüyü kimi, Qaradağ Rayon Məhkəməsinin şikayət olunan qətnaməsi qanuni və əsaslı deyil, iş üzrə müəyyən olunmuş hallara və təflərin qarşılqlı münasibtərinə uyğun əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

13. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasın

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Maddə 33.2 qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

17. Maddə 152.1 mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 157.2 mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Maddə 158.1 əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.

20. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz..

21. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

22. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən mübahisələndirilərək bütövlükdə ləğv edilməsini, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi xahiş etsələrə də, qarşılıqlı iddia tələbi təmin edilməyən hissədə qarşılıqlı iddia üzrə iddiaçı trəfindən mübahisələndirilmədəyindən, hazırki halda qətnamə yalnız ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mülki iş üzrə ilkin və qarşılıqlı iddia tələbi mövcud olduğundan hər iki iddia tələbi üzrə ayrı-ayrılıqda dəyərləndirmə aparılmaqla hüquqi qiymət verilməlidir.

34. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

36. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, ilk iddia üzrə iddiaçıların ilk iddia iddia tələbinin əsası kimi istinad etdikləri halların heç biri sübut olunmur və təkzib olunur. Belə ki, ilk iddia üzrə iddiaçılar müqavilə tərəfi deyillər. Mənzildən istifadə hüququ olmuş ilk iddia üzrə iddiaçı həmin mənzilin satılmasına razılıq vermişdir. Nə mübahisələndirilən əqddə, nə də mənzilin satılmasına dair razılıq ərizəsində mənzil satıldıqdan sonra mənzili satan şəxs tərəfindən ilk iddia üzrə iddiaçıların hər birinə 20.000 manat ödəniş ediləcəyinə dair xüsusi qeyd-şərt göstərilməmişdir. Müqavilə qanunvericiliyə riayət edilməklə bağlanmışdır və onun etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyil.

37. Bundan başqa, ilk iddia ərizəsində ilk iddia üzrə iddiaçıların anası Cavabdeh1 adı formal olaraq göstərilmişdir. Çünki, satılmış mənzili nə ilk iddia üzrə iddiaçılar, nə də ilk iddia üzrə cavabdeh qismində qeyd edilmiş anaları tərk etməmişdir, hər üçü də mənzildə qalaraq, həmin mənzili tərk etmirlər. Cavabdeh1 ilə ilk iddia üzrə iddiaçılar arasında real olaraq hər hansı mübahisə mövcud deyil, əks halda Cavabdeh1 mənzili tərk edər, mənzildə yalnız onlara alğı-satqıdan əldə edilən pul vəsaitindən ödəniş edilməli olmasını iddia edən ilk iddia üzrə iddiaçılar qalardı.

38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilk iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

39. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 49 saylı mənzili qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən dəyəri ödənilməklə notarial qaydada bağlanmış alğı-satqı və ipoteka müqaviləsinə əsasən əldə olunmuşdur, qarşılıqlı iddia üzrə iddiaçının mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və qarşılıqlı iddia üzrə iddiaçının Dövlət tərəfindən qorunan mülkiyyət hüququnun pozulması yolverilməzdir.

40. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

41. Göründüyü kimi, qarşılıqlı iddia qarşılıqlı iddia üzrə cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində əsaslıdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçıya məxsus mənzildən çıxmamaqla onun Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnu pozurlar.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd, qarışılqlı iddia tələbini isə yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyatorlar tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar