Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5451/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “imtinanın əsassız hesab edilməsi, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh İB-nə (bundan sonra, cavabdeh) qarşı “imtinanın əsassız hesab edilməsi, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Mağtağa qəsəbəsi 3 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 3 sot torpaq sahəsində ev inşa etmişdir. Hazırda həmin torpaq sahəsi onun şəxsi mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmin torpaq sahəsində evi 2020-ci ilin may ayında inşa etmiş, "xxxx" ASC tərəfindən işıq və "xxxx" ASC tərəfindən isə su xətti çəkilərək hər ikisinə sayğac qoyulmuşdur. Halhazırda həmin fərdi yaşayış evi onun və ailəsinin istifadəsindədir. Ancaq dəfələrlə qaz xətti çəkmək üçün cavabdehə müraciət etsə də müraciəti cavabsız qalmışdır. Bundan sonra o yenidən istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə cavabdehə ərizə ilə müraciət etmiş, lakin qanuna müvafiq olaraq həmin ərizəsinə 15 iş günü müddətində cavab verilməmişdir. Ona görə də o, cavabdeh təşkilat tərəfindən cavabı imtina kimi qəbul edir. Aşağıda göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun istifadəsində olan yaşadığı fərdi yaşayış evinə qazlaşdırılması vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə etdiyi mülkiyyət haqqında Çıxarışdan da görünür ki, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. O, inşa etdirdiyi fərdi yaşayış evini Şəhərsalma qaydalarına uyğun inşa etdirmiş və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtinasından biri də xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Hesab edir ki, bu da əsassız imtinadır. Çünki o həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək orada yaşamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin dilərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0220 hektar olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması öhdəliyi Cavabdeh İB-nə həvalə edilmiş, eyni zamanda Cavabdeh İB-dən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qərar alınmışdır. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdehin qaz xəttinin çəkilməsini tələb etdiyi tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının olmaması, tikili ilə bağlı qanunvericliyə uyğun icazənin alınmamamsı, eləcə də məlumatlandırma icraatının aparılmaması, bu cür tikililərə qaz xəttinin çəkilişinin qanunvericliyə olunan son dəyişikliyə görə qadağan olunması, lakin bütün bunların birinci instansiya məhkəməsi tərəfindən nəzərə salınmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya .şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq iddiaçıya məxsus tikilinin qanunvericliyə uyğun qeydiyyata alınmadığından qanunvericiliyə edilmiş son dəyişiklik də nəzərə alınmaqla qaz xəttinin verilməsindən imtina olunmuş, eləcə də iddiaçı tərəfindən ən azından məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyətinə müraciətin olunması müəyyən edilməmişdir. Əgər, müvafiq məlumatlandırma icraatı qaydasında müraciətin olunması halı müəyyən olunardısa, bu halda qaz xəttinin çəkilməsinin mümkün olacaqdır. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğu, üzərindəki tikilinin inşası zamanı məlumatlandırma icraatı qaydasında müvafiq dövlət orqanlarını xəbərdar etdiyini bildirmişdir. Həmçinin, məlumatlandırma icraatına riayət etməsinə dair sənədləri təqdim edərək, maddi imkanın aşağı olması, eləcə də hazırda işsiz olması səbəbindən dövlət rüsmunu ödəyərək evinə dair çıxarış ala bilmədiyini, bununla belə digər komunal xidmətlərdən istifadə etdiyini, buna dair müqavilələrin bağladığını, lakin cavabdeh tərəfindən onun hüquqlarının pozulduğunu, ona əsassız imtina verildiyini, ailəsi ilə həmin evdə yaşadığını, təbii qaza ehtiyacının olduğunu, cavabdeh tərəfindən qeyd olunanların nəzərə alınmadığını və s... bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0220 hektar olan torpaq sahəsi sonuncunun adına xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 22 yavnar 2021ci il tarixli lisenziyası əsasında X3 tərəfindən iddiaçıya həmin torpaq sahəsində inşa edilmiş bir mərtəbəli yaşayış evinin memarlıq planlaşdırma bölməsi tərtib olunmuş və məlumatlandırma icraatı çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçının məqsədi xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması olsa da, cavabdeh "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (Maddə 13, bənd 10-1) istinad edərək bundan imtina etmişdir. Qeyd edilən normaya əsasən - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Cavabdehin iddiaya qarşı etirazının əsas dəlili qazlaşdırılması tələb olunan tikilinin qanunvericiliyə uyğun dövlət qeydiyyatına alınmaması və qanunvericliyə edilmiş dəyişikliyə əsasən belə tikililərə təbii qazın verilməsinin qadağan olunması olmuşdur (bu həmçinin cavabdehin apellyasiya şikayətinin əsas dəlili olmuşdur). Cavabdehin nümayəndəsi də məhkəmə iclasında bu halı təsdiq edərək izahatında göstərmişdir ki, iddiaçıya məxsus tikili dövlət qeydiyyata alınmadığından (məlumatlandırma icraatı) qanunvericiliyə edilmiş son dəyişiklik nəzərə alınmaqla qaz xəttinin verilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş məktuba əsasən, Cavabdeh iddiaçı məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə qaz sayğacının quraşdırılmasından imtina etmişdir. İmtinanı əsası kimi qeyd olunmuş torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinin icazənin alınmaması və əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınmaması göstərilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində qeyd olunmuş tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə daxildir və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində tikilmişdir. Odur ki, Cavabdeh tərəfindən qaz sayğacının quraşdırılmasından imtina edilməsi əsassız və qanunsuz hesab edilməlidir. Cavabdeh isə apellyasiya şikayətində qeyd etmişdir ki, istər qanunvericiliyə edilmiş dəyişiklikdə, istərsə də imtina məktubunda tikintisinə icazə tələb olunan və tələb olunmayan, yəni məlumatlandırma icraatı tətbiq olunmadan inşa edilmiş tikililər göstərilmişdir. Göründüyü kimi, qətnamə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qaydada əsaslandırılmamışdır. Belə olan halda isə qətnamə yoxlanılan hissədə qanuni və əsaslı sayıla bilməz. Halbuki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Qeyd edilən hallar isə qətnamənin MPM-nin 385.1.1, 385.1.2-ci maddələrinə maddəsinə əsasən ləğvinə tam əsas yaradır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın yoxlanılan hissədə təmin olunması nəticəsinə gəlir. Əhalinin qazlaşdırılmasının məqsədi – ölkə əhalisinin təbii qazla dayanıqlı, təhlükəsiz və fasiləsiz təmin olunmasını həyata keçirməklə, yaşayış şəraitinin yaxşılaşdırılması, sosial rifahın yüksəldilməsi, enerji resurslarından səmərəli istifadə olunması və ekoloji tarazlığın qorunmasını təmin etməkdir. Məhz bu istiqamətdə cavabdeh ölkə ərazisində əhalinin təbii qazla fasiləsiz, təhlükəsiz və keyfiyyətli təminatını həyata keçirən səlahiyyətli qurumdur. Cavabdeh yaşayış məntəqələrinin qazlaşdırılması, qazpaylayıcı şəbəkələrin qurulması və istismarı, texniki təhlükəsizlik tədbirlərinin görülməsi, abonent uçotunun aparılması və istehlakçı hüquqlarının qorunması sahəsində dövlət siyasətinin icrasını təmin edir. Bu səbəbdən də qazlaşdırmadan imtina yalnız obyektiv, qanuni və əsaslandırılmış olmalıdır. Yuxarıda qeyd olunduğu kimi, müvafiq torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla, orada fərdi yaşayış evi inşa edilmiş, həmçinin yaşayış evinin memarlıq planlaşdırma bölməsi tərtib olunmuş və məlumatlandırma icraatı çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən isə iddiaçının inşa etdiyi yaşayış sahəsi icazə tələb olunmayan tikili olmaqla, məlumatlandırma icraatına aiddir (79,80 və s. maddələr). Belə olan halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi yaşayış sahəsinə hazırki vəziyyətdə əşya hüquqlarının dövlət qeydiyyatına alınmaması halı vəziyyəti dəyişdirməməklə, qazlaşdırmadan imtina üçün qanuni əsas təşkil edə bilməz. Hətta nəzərə alınmalıdır ki, mülki qanunvericilik özbaşına tikintiyə belə mülkiyyət hüququnun tanınması imkanını müəyyən etməklə, bunu tikinti aparılmış torpaq sahəsinin mülkiyyətdə olması ilə əlaqələndirmişdir (MM-nin 180.3-cü maddəsi). Qeyd edilən hallar isə iddiaçının qeyd olunan tikili üzərində gözlənti hüququnun yaranmasına dəlalət edir. Yəni iddiaçının gələcəkdə müəyyən şərtlər daxilində (müvafiq sənədləri dövlət reyestr xidmətinə təqdim etməklə) tikili üzərində tam hüquq əldə etmək üçün qanunla qorunan vəziyyəti yaranmışdır. Bu hüquq isə, mülkiyyət hüququ kimi hələ tam formalaşmasa da (dövlət reyestrində qeydiyyata alınmadığından), özü-özlüyündə onun formalaşması üçün qanuni əsası olan bir hüquqdur. Bununla yanaşı, cavabdehin istinad etdiyi qanun norması iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasından sonra qəbul edilməklə, sonuncunun vəziyyətini ağırlaşdıra bilməz (Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndi). Qeyd olunamlıdır ki, “Təbii İnhisarlar haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir. X6 10.3-cü maddəsinə əsasən təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 13.1-ci maddəsinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Göründüyü kimi, qaz paylayıcısı təbii inhisar subyekti olaraq qanuni əsas olmadan istehlakçı ilə müqavilə bağlamaqdan imtina edə bilməz. Əks hal, əmlak mülkiyyətçilərinin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. Halbuki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Göründüyü kimi mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də, qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat alınmış həmin əmlak üzərində sərbəst və maneəsiz şəkildə istifadə etmək sahiyyətidir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh imtinasının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan (iddianın təmin olunan) hissədə ləğv olunmalı, həmin hissədə iddia təmin olunmalı, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0220 hektar olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması (yaşayış sahəsinin qazlaşdırılması) öhdəliyi Cavabdeh İB-nə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “imtinanın əsassız hesab edilməsi, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan (iddianın təmin olunan) hissədə ləğv olunsun, həmin hissədə iddia təmin olunsun. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0220 hektar olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması (yaşayış sahəsinin qazlaşdırılması) öhdəliyi Cavabdeh İB-nə həvalə olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5451/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5451/2025
18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver