Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5452/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-675/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh “Bank of Baku” dan kredit almaqdan ötrü kömək etmək məqsədilə ondan iki dəfə olmaqla, əvvəlcə 1000 (bir min) manat, sonra isə 1500 (bir min beş yüz) manat pul almış və bu günə kimi nə pulunu qaytarmış, nə də kredit almaqda kömək etmişdir. Bu səbəbdən, cavabdehdən kredit götürməyə kömək üçün verdiyi 2500 manat əsas borcu, 1350 manat vurduğu zərər və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3880 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-675/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiatələbi rədd edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı və onun nümayəndəsi Nümayəndə qətnamədən apelyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində hazırkı tələblə bağlı cavabdeh barəsində aparılmış araşdırma, onun həmin İdarəyə müraciətləri sübut kimi qəbul edilməli idi. Bu səbəbdən qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, İddiaçı onun yanında Cavabdeh bankdan kredit verilməsi üçün 1000 manat pul vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 bildirmişdir ki, İddiaçı onun yanında Cavabdeh bankdan kredit verilməsi üçün 1500 manat pul vermişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. İddiaçı iddia ərizəsində bildirir ki, Cavabdeh “Bank of Baku” dan kredit almaqdan ötrü kömək etmək məqsədilə ondan iki dəfə olmaqla, əvvəlcə 1000 (bir min) manat, sonra isə 1500 (bir min beş yüz) manat pul almış və bu günə kimi nə pulunu qaytarmış, nə də kredit almaqda kömək etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. İddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə sübut kimi öz izahatı ilə yanaşı şahid ifadələrini təqdim etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, İddiaçı onun yanında Cavabdeh bankdan kredit verilməsi üçün 1000 manat pul vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 bildirmişdir ki, İddiaçı onun yanında Cavabdeh bankdan kredit verilməsi üçün 1500 manat pul vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur.Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məhkəmə kollegiyası həmin sübutları nəzərdən keçirib hesab edir ki, hazırkı iş üzrə şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab verməyinə baxmayaraq birinci instansiya məhkəməsi həmin sübutlara, yəni iddiaçının izahatı və şahid ifadələrinə MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymət verməmişdir. Bundan başqa müəyyən olundu ki, rayon məhkəməsi hazırkı mülki iş ilə bağlı “cinayətin əlamətlərinin (dələduzluq) aşkara çıxarılması” barədə xx.xx.2020-ci il tarixli xüsusi qərardad qəbul etmişdir. Həmin qərardadında rayon məhkəməsi şahid ifadələrinə əsasən, mülki iş üzrə cavabdehin kredit almaq üçün kömək etmək məqsədilə iddiaçıdan iki dəfə olmaqla, əvvəl 1000 manat, sonra isə 1500 manat pul almasını müəyyən etmişdir (i/v səh. 52, 3-cü abzas). Bununla da, rayon məhkəməsi iddiaçı tərəfindən cavabdehə kredit götürməyə kömək üçün pulun verilməsini müəyyən edərək mülki işdə cinayət əlamətlərinin aşkar edilməsi üçün xüsusi qərardad qəbul etmiş, beləliklə də eyni halın müəyyən edilməsində eyni sübutlara istinadən (şahid ifadələrinə) iki fərqli (ziddiyyətli) nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kollegiyanın araşdırmaları nəticəsində müəyyən olunur ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı yetərincə sübutlar təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Beləliklə müəyyən olunur ki, iddia tələbi həmin hissədə, yəni cavabdehdən 1350 manat məbləğində pul vəsaitinin tutulmasında da əsaslıdır və təmin edilməlidir. Həmin Məcəllənin 388-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticə: Beləliklə, Kollegiya hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməli, Bu səbəbdən, iddiaçının apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdehdən 2500 manat əsas borc, 1350 manat vurduğu zərər və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3880 manat pul alınıb ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253, 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-675/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat əsas borc, 1350 (min üç yüz əlli) manat zərər və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 3880 (üç manat pul alınıb İddiaçı ödənilsin. Qiyabi qətnamə tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə, 2 (iki) ay müddətində isə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5452/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5452/2020
30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver