Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5457/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili və nümayəndəsi Mənsi Ağayevin iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 13.740 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya verilsin. İddia onunla əsaslandırılıb ki, tərəflər 2018-ci ilin noyabr ayından 2019cu ilin mart ayına kimi Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində icarə əsasında şərikli restoran işlədiblər. Lakin cavabdeh restoran işini bacarmadığına görə sonradan ayrı fəaliyyət göstərmək qərarına gəliblər. Son haqq-hesab zamanı müəyyən edilib ki, cavabdeh iddiaçıya məxsus olan 13.700 ABŞ dolları pulu götürmüş və şəxsi ehtiyaclarına sərf edib. Cavabdeh həmin məbləğdə öhdəliyinin olduğunu xx.xx.2019-cu ildə yazılı şəkildə etiraf edib, lakin sonradan pulu qaytarmaqdan boyun qaçırıb. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 11.000 ABŞ dolları məbləğində pul ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq manatla, habelə dövlət rüsumunun əvəzi kimi 146,10 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Mənsi Ağayev apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Müəyyən olunur ki, tərəflər xx.xx.2019-cu ildə restoran fəaliyyətində bərabər iştiraka dair “Tərəfdaşlıq müqavilə”si bağlayıblar (iş v. 57). Cavabdeh xx.xx.2019-cu ildə yazılı şəkildə etiraf edib ki, restoran fəaliyyətilə bağlı iddiaçının qarşısında 13.740 ABŞ dolları pul öhdəliyi var (iş v. 9). Bundan başqa, məhkəmə hökümündən görünür ki, cavabdeh təqsirləndirilən şəxs qismində ifadə verərkən etiraf edib ki, iddiaçıya 11.000 ABŞ dolları borcu var (iş v. 13), iddiaçı isə zərər çəkmiş qismində ifadə verərkən bildirib ki, cavabdehin ona 11.000 ABŞ dolları borcu var (iş v. 14). Həmin hökm cavabdehin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunub. Birinci instansiya məhkəməsi göstərilən sübutlara əsaslanaraq 11.000 ABŞ dollarının tutulmasını qət edib, iddianın qalan hissəsini rədd edib. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilməyib, ona görə də qətnamənin əsaslılığı yalnız 11.000 ABŞ dollarının tutulmasına aid hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin iddiaçının hesabına 11.000 ABŞ dolları əldə etməsi yuxarıda göstərilən sübutlarla təsdiq olunur. Cavabdehin həmin pulu əldə etməsinin hüquqi əsası müəyyən edilmədiyinə görə, bu, əsassız varlanma hesab olunur (Mülki Məcəllə, maddə 1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllə, maddə 1092.1). Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi 11.000 ABŞ dollarının cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5457/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5457/2023
29.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver