Məhkəmə qərarları › İş №2(103)-5458/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5458/2023

23.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5458/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(001)-137/2023 saylı qərardadından Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-137/2023 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək Cavabdeh MMC-dən maddi ziyana görə 17278,8 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 150 manat olmaqla cəmi 18428,8 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 200 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-137/2023 saylı qətnaməsindən Cavabdeh MMC apellyasiya şikayəti verərək eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-137/2023 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 137/2023 saylı qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-137/2023 saylı qətnaməsindən Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-137/2023 saylı qərardadından Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 02 avqust 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 137/2023 saylı qətnaməsi barədə icra şöbəsi ona bildiriş təqdim etdikdən sonra, Məhkəmə qətnaməsi barədə icraçı onu məlumatlandırmışdır. Məhkəmə iclaslarında iştirak etməmiş, qətnamənin qəbulu barədə məlumatı olmamışdır. İlkin məhkəmə iclasında vəkili iştirak edib. Lakin vəkilə ödəniş edə bilmədiyi üçün vəkili və o, digər məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra ona təqdim edilməmişdir.19 iyun 2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin Elektron ünvan emailinə ərizə təqdim etmişdir. Eyni zamanda bildirişə yazılı imza etməklə məhkəmə qətnaməsini xx.xx.2023-cü il tarixdə hakimin köməkçisindən qəbul etmişdir. Məhkəmə qətnaməsi ona xx.xx.2023-cü il tarixdə təqdim olunduğu üçün, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən təqdim etdiyi apellyasiya şikayətinin verilmə müddəti xx.xx.2023-cü il tarixə qədər olmalıdır. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi müəssisənin rəhbəri kimi ona, yaxud müəssisənin hüquqi ünvanına rəsmi qaydada göndərilmədiyi üçün, Məhkəmə qətnaməsi cavabdeh olaraq ona təqdim edilməmişdir. Qətnaməni o yalnız yazılı müraciət etdikdən sonra, xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ona təqdim olundu. Şikayət vermə müddəti bu vaxtdan hesablanmalıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, Cavabdeh MMC özünün nümayəndəsi və vəkili olaraq Vəkil2 məhkəməyə təqdim etmiş, sonuncu hazırlıq məhkəmə iclasında iştirak edərək iddia ərizəsinə qarşı cavabdehin etirazını məhkəməyə təqdim etmiş, daha sonra Vəkil2 hazırlıq məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək işin məhkəmə baxışına təyin edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş, daha sonra vəkil xx.xx.2022-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciə edərək iş üzrə təyin olunmuş məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, mülki iş üzrə bütün məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetinə bildirşlər yerləşdirilmiş, cavabdehə məxsus telefon nömrələrinə sms bildirişlər göndərilmiş, cavabdeh vəkili ilə bağladığı müqavilənin, verdiyi etibarnamənin ləğv edilməsinə dair hər hansı bir sübutunu nə işə mahiyyəti üzrə baxıldığı ərəfədə məhkəməyə təqdim etmiş, nə də ki, hazırkı ərizəsinə əlavə etmiş, mülki iş barədə məlumatı olduğu halda məhkəmə iclasında başqa bir nümayəndəsinin iştirakını təmin etməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-137/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin vəkilinin və nümayəndəsinin elektron kabinetinə yerləşdirildikdən 3 aya yaxın vaxt keçdikdən sonra apellyasiya şikayətini məhkəməyə təqdim etməklə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətini ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması o halda mümkün ola bilər ki, şikayətin vaxtında verilməməsi tərəfin iradəsindən və hərəkət imkanından asılı olmasın, eyni zamanda tərəf şikayət vermək imkanının olmamasını sübut etmiş olsun. Əks halda, prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldar. Qanunla müəyyən edilən müddət ərzində qətnamənin icra olunmaması işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. AR MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunlanəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesabedilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsiniradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın,müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın.Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitəməhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarlarınsərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, beləməsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktıqanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd olunalara əsasən Məhkəmə kollegiyası müddətin bərpa edilməsi ilə bağlı ərizənin təmin edilməməsi üzrə məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamənin cavabdehin nümayəndəsinə və vəkilinə rəsmi qaydada verildiyi gündən 3 aya yaxın vaxt keçdikdən sonra apellyasiya şikayəti verildiyindən, müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, müddətin bərpa edilməsinə dair ərizədə qeyd edilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün üzrlü səbəblər hesab edilmədiyi üçün düzgün olaraq ərizə təmin edilməmiş, verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla, məhkəmə düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X4tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(001)- 137/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar