Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5461/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1302/2022 saylı, 07 aprel 2022ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi və onun həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 49,4 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən ona təhvil verilməsi, cavabdehin həmin qeyriyaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 49,4 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Lakin cavabdeh həmin sahəni qanunsuz olaraq zəbt etmişdir. Bununla o, qanunvericiliklə təminat verilmiş hüquqlarından istifadə edə bilmir, mülkiyyət hüququ kobud şəkildə pozulur Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ünvanında yerləşən 101B saylı qeyri-yaşayış binasından çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ünvanında yerləşən 101B saylı qeyri-yaşayış binasının boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh 1997-ci ildən mübahisə olunan 61.56 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini əvvəllər "xxxx" Kiçik Müəssisəsi adından, sonradan da onun direktoru X1 ilə icarə müqaviləsi bağlayaraq icarəyə götürmüş və hazırda da icarəsində və istifadəsindədir. Hətta bununla bağlı məhkəməyə icarə müqaviləsi də təqdim edilmişdir. Daha sonra mohkəməyə mülki işin dayandırılması barədə elektron kabinet vasitəsilə vəsatət versə də məhkəmə vəsatətə münasibət belə bildiməmişdir. Halbuki, icarə müqaviləsi bağladığı şəxs X1 Bakı İnzibatı Məhkəməsinə cavabdeh AR ƏMDK-si yanında DƏDRX-nın 1 saylı Bakı ərazı İdarəsi və üçüncü şəxs İddiaçı qarşı iddia qaldırmış və həmin 2-1(112)-13250/2021 saylı inzibatı iş üzrə tələb iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində nizamnamə kapitalı ilə ona mexsus “Çınar” Kiçik mossisəsinin xüsusi mülkiyyətində olan 61.56 kv.m sahəsi olan qeyri-yaşayş sahəsinə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsinin cavabdeh AR ƏMDK-si yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarması xahiş edilmişdir. Hesab edir ki, Bakı İnzibati Məhkəməsində iş yekunlaşanadək hazırkı tələb üzrə işə baxıla bilməz və dayandırılmalıdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən Hüquqlar Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa asaslararaq hazırda bu maddələri tətbiq etmişdir. Lakin onun təqdim etdiyi 5 saylı 2015-ci il tarixli, icarə müqaviləsinin gələcək taleyi barada heç bir münasibət bildiməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək avqust ayının 5nə kimi Bakı şəhərində olmayacağını bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin ərizədə qeyd etdikləri hallarla bağlı sübut təqdim olunmadığını nəzərə alaraq işə prosesə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdehin nümayəndəsi və vəkili şikayət verməklə qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddia predmeti olan qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir, cavabdeh isə nümayəndəsi və vəkili vasitəsilə məhkəməyə təqdim etdiyi sənədlərlə, həmin daşınmaz əşyaya dair Cavid Ələsgərov ilə xx.xx.2015-ci il tarixdə bağladığı icarə müqaviləsinə istinad etməklə, sözügedən əmlakdan qanuni əsaslarla istifadə etdiyini iddia edir. Həmçinin, hazırkı iş üzrə iddiaçıya qarşı iddia qaldırdığını bildirib onun mülkiyyətçi həmin daşınmaz əşya üzərində hüquqları olduğunu qəbul etməmiş, lakin bununla bağlı təsdiqedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz…Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır. Kollegiya Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulubpozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin-apellyatorun iddiaçıya məxsus olan əmlakı uzun illər ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Apellyatorun qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri apellyatora münasibətdə qətnamənin ləğvi üçün əsas deyildir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdehin şikayətdə istinad etdiyi dəlillər həqiqətə uyğun olan kimi qəbul edilsə belə, özü-özlüyündə əsassızdır. Çünki həmin dəlillər cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinə istifadə hüququnun yarandığı barədə qənaətə gəlməyə əsas vermir. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi onun icarəyə götürdüyü sahənin kv.metri ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin kv.metri fərqlidir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi 49.4 kv.metrdir, cavabdehin icarəyə götürdüyünü iddia etdiyi qeyri-yaşayış sahəsi isə 61.56 kv.metrdir. Bundan başqa iddiaçının əmlakının ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanı belə yoxdur. Eyni zamanda, kollegiya qeyd edri ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Konstitusiya Məhkəməsi Plənumunun Mülki Prosəssual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin (nümayəndəsi-vəkilinin) apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(009)-345/2019 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5461/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5461/2022
03.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver