Məhkəmə qərarları › İş №2(103)-5462/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5462/2022

09.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5462/2022 09.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 10.000 manat borc alması barədə 06 aprel 2017-ci il tarixdə aralarında borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən aldığı borcu 06 avqust 2017-ci il tarixdə qaytarmalı idi. Borcun təminatı kimi qardaşının ona 19 may 2014cü il tarixdə 20 il müddətinə baş etibarnamə əsasında “Mercedes Benz VİTO CDİ” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili borcun təminatı qismində girov qoymuşdur. 10.000 manat məbləğində borc almasını və adı keçən avtomobili girov qoyması barədə öz əli ilə yazdığı sənəddə bunları təsdiq etmişdir. Cavabdeh borcunu ödəməmiş və oda onun verdiyi etibarnamə ilə adına keçirmişdir. Cavabdehin qardaşı X3 2018-ci il tarixdə onunla qardaşı Cavabdeh borcu əsasında bağlanmış avtomobilin alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. 07 dekar 2021-ci il tarixli yekun Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən iddiaları təmin edilmişdir. Həmin qərarla ona izah edilmişdir ki, o, cavabdehə qarşı ayrıca mülki iddia irəli sürə bilər. Alınan borc bu günə kimi ödənilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 10.000 manat məbləğində borc və ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında baş vermiş pul-borc münasibətləri bitmiş, borc məbləği ödənmiş və tərəf iddia müddətini əldən verməklə olmayan borcluluğu mübahisələndirmişdir. Onun bu mövqeyə gəlməsinə səbəb isə faizlə (sələmə) verdiyi pul məbləğinin əlavə üstünü almaq məqsədilə qanunsuz əmlaka yiyələnməsinin qarşısının məhkəmə qaydasında alınması olmuşdur. İş materiallarından görünür ki,məhkəməyə 06 aprel 2017-ci il tarixdə İddiaçı Məmmədoğlu ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi təqdim olunur və birincinin sonuncuya 10.000 manat məbləğində borcu 06 avqust 2017-ci il tarixə qədər qaytarılması şərti ilə verilməsi bildirilir. Cavabdeh tərəfindən 06 aprel 2017-ci il tarixdə yazılmış iltizamdan görünur ki, o, İddiaçı 10.000 manat pul almışdır. Girov olaraq qardaşı X2 məxsus **-EU- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə vasitəsilə vermişdir. Beş il sonra iddiaçı guya pulun qaytarılmadığını iddia etmiş və məhkəmə qaydasında alınıb verilməsini istəmişdir. Məhkəmə maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmiş və iddianı əsassız olaraq təmin etmişdir. Məhkəmə cavabdehin hüquqi mövqeyini düzgün dəyərləndirməmiş və prosesdə şəxsən iştirakını təmin etməyərək əsl həqiqətin ortaya çıxmasına nail olmağa çalışmamışdır. Halbuki, hazırda qüvvədə olan AR Mülki Məcəlləsinin 372 , 373, 375-ci maddələrinin məzmununa əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işdə isə məhkəmə lazımı halları araşdırmaqdan yayınmışdır. Məhkəmə diqqət etməmişdir ki, tərəflər arasında olan öhdəlik münasibətləri üzrə pul vəsaiti ödənilmiş və iddiaçı faizi almaq məqsədilə qanunsuz olaraq nəqliyyat vasitəsini öz adına keçirmişdir. Tərəflər arasında illərlə davam edən məhkəmə mübahisələrində iddiaçı bir cümlə belə bu barədə yazmamış və nəqliyyat vasitəsini guya aldığını bildirmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, 06 aprel 2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, birinci sonuncuya 10.000 manat məbləğində borcu 06 avqust 2017-ci il tarixə qədər qaytarılması şərti ilə vermişdir. Cavabdeh tərəfindən 06 aprel 2017-ci il tarixdə yazılmış iltizamdan görünür ki, o, İddiaçı 10.000 manat borc almışdır. Girov olaraq qardaşı X2 məxsus **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə vasitəsilə vermişdir. Tərəflər arasında olmuş məhkəmə mübahisəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(102)-6219/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4962/2021 nömrəli 26 may 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qərar qəbul edilmiş, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli “Mercedes Benz VİTO CDİ” markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də cavabdeh İddiaçı ilə X3 arasında bağlanmış “nəqliyyat vasitəsinin alğı-satqısı” haqqında xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin alğı-satqı müqaviləsi əsasında İddiaçı adına verilmiş nəqliyyat vasitəsinin 04 iyul 2017-ci il tarixli AC 955944 saylı qeydiyyat şəhadətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X2 qarşı “avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, mübahisəsi gedən avtomobil Pərviz Salmana (hazırki iş üzrə cavabdehin qardaşı) məxsus olmuş, onun verdiyi etibarnamə əsasında hərəkət edən qardaşı Cavabdeh mülkiyyətçinin məlumatı olmadan öz borcunun təminatı (girovu) kimi İddiaçı adına etibarnamə vermiş, sonuncu ona verilən etibarnamədən istifadə edərək avtomobili öz adına rəsmiləşdirmək üçün öz oğlu Aqşinə etibarnamə vermiş, mülkiyyətçinin adından çıxış edən Aqşin Süleymanov atasına avtomaşının alğı-satqı müqaviləsini bağlamaqla rəsmiləşdirməni başa çatdırmışlar. Bundan sonra da avtomaşın iddiaçının qardaşında qalmaqda davam etmiş və onun adına etibanamə rəsmiləşdirilmiş, sonuncu avtomaşını əvvəlki kimi başqa-başqa adamlara müvəqqəti istifadə etmək üçün vermiş və hazırda da avtomaşın iddiaçı tərəfin sahibliyindədir. Məhkəmə kollegiyası bildirmişdir ki, etibarsız hesab olunan əqd bağlanarkən real olaraq pul alınması baş vermədiyi üçün alınanların geri qaytarılması ilə bağlı məsələ hazırkı qərarda həll edilə bilməz. Lakin, bununla yanaşı cavabdeh İddiaçı izah edilir ki, Cavabdeh qarşı pul tələbi ayrıca mülki iddia irəli sürməklə həll edilə bilər. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh iddiaçıdan 10.000 manat məbləğində borc götürmüş, qardaşına məxsus avtomobili öz borcunun təminatı (girovu) kimi iddiaçının adına etibarnamə vermiş, iddiaçı isə avtomobili öz adına rəsmiləşdirmək üçün öz oğlu Aqşinə etibarnamə vermiş, mülkiyyətçinin adından çıxış edən Aqşin Süleymanov iddiaçı ilə avtomaşının alğı-satqı müqaviləsini bağlamaqla rəsmiləşdirməni başa çatdırmışlar. Daha sonra yekun məhkəmə aktı ilə həmin alğı-satqı müqaviləsi ləğv edilmiş və iddiaçıya izah edilmişdir ki, o, cavabdehə qarşı pul tələbi ayrıca mülki iddia irəli sürməklə həll edilə bilər. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və 10.000 manat məbləğində borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı olaraq borc alan qardaşına məxsus avtomobili etibarnamə əsasında kreditora vermişdir. Daha sonra borclu öz öhdəliklərini yerinə yetirmədiyindən kreditor avtomobili öz mülkiyyətinə keçirməyə nail olmuşdur. Bundan sonra, Pərviz Salman (hazırki iş üzrə cavabdehin qardaşı) tərəfindən avtomobilin alğı-satqı müqaviləsini mübahisələndirilmiş, İddiaçı adına verilmiş qeydiyyat şəhadətnaməsi ləğv edilmişdir. Hazırda da Elektron Məhkəmə İnformasiya Sistemindən “Mercedes Benz VİTO CDİ” markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kreditorun, yəni hazırki iş üzrə iddiaçının mülkiyyətində olmadığı müəyyən edilir. Cavabdehin isə iddiaçıdan aldığı 10.000 manat məbləğində pulun qaytarılması sübuta yetirilmir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, pul vəsaitinin geri qaytarılması nə iş materialları, nə də apellyasiya şikayətinin dəlilləri ilə sübut edilmir. İddia müddətinin ötürülməsi barədə şikayətin dəlilinə və cavabdehin vəkili-nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında bu barədə təqdim etdiyi ərizəyə münasibətdə Kollegiya qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi verilir. Bu ərizə iddia ərizəsi icraata qəbul ediləndən məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedənə kimi təqdim edilə bilər. Mülki Məcəllənin 375-ci maddəsinin mənasına görə iddia müddətinin tətbiqi barədə ərizə birinci instansiya məhkəməsinə verilmədikdə apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrinə verilə bilməz. İşdən isə görünür ki, cavabdeh birinci instansiya məhkəməsində hazırki mübahisədən xəbərdar olmuş, iddia ərizəsinə etiraz məzmununda ərizə təqdim etsə də, iddia müddətinin tətbiqinə dair ərizə təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Kollegiya, apellyatorun məhkəmə icraatı zamanı onun şəxsən iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə qiymət verərək, qeyd edir ki, məhkəmə tərəfindən onun qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri, istifadəsində olan mobil nömrələrə sms-xəbərdarlıq göndərilmişdir. Bundan başqa, işdən görünür ki, Cavabdeh birinci instansiya məhkəməsində işin araşdırılmasından xəbərdar olmuş və 20 may 2022-ci il tarixdə iddia ərizəsinə etiraz məzmununda olan ərizəsini məhkəməyə poçt vasitəsilə göndərmişdir. Belə olan halda Kollegiya yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia müddətinin tətbiqi barədə cavabdehin vəkili-nümayəndəsi Vəkil ərizəsi məhkəmə tərəfindən qəbul edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən borc pul vəsaiti qəbul edilsə də, həmin pul vəsaitinin iddiaçıya qaytarılması və ya ümumiyyətlə borcunun olmaması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar