Məhkəmə qərarları › İş №2(103)-5463/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5463/2020

06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5463/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 2015-ci ilin yay aylarında oğlu X2 fəaliyyət göstərən Universitetlərdən birinə təhsil alması üçün göndərilməsi ilə əlaqədar tanış olduğunu, lakin cavabdehin ödənilmiş pulu Universitetə təhsil haqqı üçün deyil, öz ehtiyacları üçün xərclədiyini, buna görə xx xxxx 2016-cı il tarixdə 24 000 ABŞ dollarını qaytaracağına dair bildiriş yazıb verməsinə, həmçinin xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlayaraq ona borclu olduğu 24 000 ABŞ dollarını xx.xx.2016-cı il tarixədək qaytaracağını öhdəsinə götürməsinə baxmayaraq, cəmi 10 000 ABŞ dolları qaytardığını, beləliklə də 14 000 ABŞ dolları borclu qaldığını, bu cür əməllərinə görə cavabdehin CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, cinayət işinin icraatı zamanı mülki iddiasının təmin olunaraq cavabdehdən 14 000 ABŞ dolları məbləğində pulun xeyrinə tutulduğunu, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh cəzasının 9 il azadlıqdan məhrumetmə cəzasına endirildiyini, qərardan onun və məhkumun verdikləri kassasiya şikayətinə baxılarkən cavabdehin atasının zərərçəkən şəxslərlə barışıq əldə etməyə çalışdığını və onunla görüşərək 10 000 manat verə biləcəyini, bundan artıq imkanının olmadığını, oğlu azad olunduqdan sonra ilk görəcəyi işin qalan borcu ödəyəcəyini bildirdiyini, cavabdehin atasının xahişini nəzərə alaraq xx xxxxxx 2018-ci il tarixdə ona qarşı heç bir şikayət və tələbinin olmadığını əks etdirən ərizə yazdığını, pulun qaytarılacağı barədə yazılı sənəd verilməsini istədikdə cavabdehin atasının öz xətti ilə 14 000 ABŞ dolları borcdan 10 000 manat ödənilməsi barədə qəbz yazıb verdiyini, Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini, 2019-cu ilin yanvar ayında həbsdən azad olunandan sonra onun bir dəfə belə olsun onunla əlaqə saxlamadığını, dəfələrlə atasına etdiyi zənglərin cavabsız qaldığını, 23 761 manat təşkil edən 14 000 ABŞ dollarından 10 000 manat ödənildiyinə görə qalıq borcun 13 761 manat olduğunu, cavabdehin əməlləri nəticəsində əmlakından məhrum olmaqla yanaşı əsəb, sarsıntı keçirdiyini bildirmiş, buna gör də cavabdehdən 13 761 (on üç min yeddi yüz altmış bir) manat maddi, 20 000 (iyirmi min) manat mənəvi zərərin əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin “Cavabdeh 13 761 (on üç min yeddi yüz altmış bir) manat maddi zərərin tutulması” hissəsi üzrə işin icraatına xitam verilmiş, eyni tarixli qətnamə ilə iddiaçının “mənəvi ziyanın ödənilməsi” tələbi təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Cavabdeh “İG” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, ona müraciət etmiş İddiaçı etibarından sui-istifadə edib sonuncunun oğlu Kamran Zeynalovun guya İngiltərədə fəaliyyət göstərən ali təhsil məktəblərindən birində təhsil alması üçün lazımi sənədlərin toplanmasını və həmin Universitetin illik təhsil haqqının ödənilməsini təmin edəcəyini İddiaçı yalan vəd verməklə aldatmış, bu məqsədlə ümumilikdə vahid qəsdlə əhatə olunan küllü miqdarda 17 818,20 manat nəğd pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib öz şəxsi ehtiyaclarına xərcləyərək İddiaçı külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bu və digər şəxslərə qarşı törətdiyi bənzər əməllərə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin hökmlə İddiaçı mülki iddiası təmin olunaraq cavabdehdən 14 000 ABŞ dolları məbləğində pul onun xeyrinə tutulmuş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh cəzası 9 il azadlıqdan məhrumetmə cəzasına endirilmiş, bu qərardan verilən kassasiya şikayətlərinə baxılarkən cavabdehin atası İddiaçı 10 000 manat ödəniş etmiş, sonuncu isə cavabdehin atasının xahişini nəzərə alaraq xx xxxxxx 2018-ci il tarixdə cavabdehə qarşı heç bir şikayət və tələbinin olmadığını əks etdirən ərizə yazmış, Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşin hallarından aydın olur ki, iddiaçının “Cavabdeh 13 761 (on üç min yeddi yüz altmış bir) manat maddi zərərin tutulması” iddiası üzrə işin icraatına xitam verdiyi zaman məhkəmə, cinayət işinə baxan məhkəmələrin iddiaçının maddi ziyan tələbi üzrə qərarlarının mövcudluğuna istinad etmiş, onun mənəvi ziyan tələbini isə “mənəvi zərərə məruz qaldığını sübut edə bilmədiyi” qənaəti ilə əsassız saymışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq hesab edir ki, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsassız saymaq mümkün deyildir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Kollegiya hesab edir ki, cinayət işinə baxmış məhkəmələrin qanuni qüvvədə olan qərarları ilə iddiaçıya qarşı məhz cavabdehin qanunsuz hərəkətlər törətdiyi müəyyən olunduğundan, birinci instansiya məhkəməsi müvafiq tələb üzrə sübutetmə yükünü iddiaçının üzərinə qoymaqda haqlı olmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 2000 (iki min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-357/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Mənəvi ziyanın kompensasiyası qismində 2000 (iki min) manat, dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat 40 qəpik) manat olmaqla cəmi 2030,40 (iki min otuz manat 40 qəpik) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar