Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5465/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (“X28” şirkətinini və Bakı şəhəri Binəqədi rayonun X11ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilməklə) “torpaq sahəsində yerləşən tikilidən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsində yerləşən tikilidən çıxarılma tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X8 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndə və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (“X28” şirkətinini və Bakı şəhəri Binəqədi rayonun X11ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilməklə) “torpaq sahəsində yerləşən tikilidən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-317/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X4 torpaq sahəsinin alğı-satqı qaydasında ayrılması haqqında 3 iyul 2003-cü il tarixli, 580 nömrəli qərardan görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 alqı-satqı qaydasında ayrılması, həmin torpaq sahəsinə görə X6 hesablaşma hesabına müvafiq məbləğin iki milyon dörd yüz min (2400000manat) ödənişi həyata keçirməsi və torpaq vergisini vaxtı-vaxtında ödəməsinin tapşırılması qərara alınmışdır.
2. Torpaqların alğı-satqısına dair müqavilədən görünür ki, qərar və ödəniş qəbzi əsasında X11 ilə X20 arasında alğı-satqı müqaviləsi bağlanaraq rəsmiləşdirilmiş və X3 nəzərdə tutulan 600 kv/metr torpaq sahəsinin eskizi ona təqdim edilmişdir.
3. X20 ilə X12 arasında 18 iyun 1993-cü ildə nikah bağlanmışdır.
4. X20 xx.xx.2021-ci ildə vəfat etmişdir.
5. İddiaçı X13 vərəsəsidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nm alt hissəsi, V məhəllə, Ev(bina): 006, İV ünvanında yerləşən 600 m2 torpaq sahəsindən və həmçinin həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı səhəri Binəqədi rayonu X6 03 iyul 2003cü il tarixli № 580 saylı Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 m2 boş torpaq sahəsinin (hazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nın alt hissəsi, V məhəllə, Ev(bina): 006, İV ünvanında yerləşən 600 m2 torpaq sahəsi) fərdi yaşayış evinin tikintisi üçün həyat yoldaşım X14 alqı-satqı qaydasında ayrılması qərara alınmışdır. AİT № 212496 nömrəli X22 qəbzindən göründüyü kimi, avqust 2003-cü il tarixdə X20 tərəfindən X6 büdcəsinə 2.400.000 (köhnə pulla) manat məbləğində pul ödənilmişdir. Qərar və ödəniş qəbzi əsasında, X15 orqanı ilə X20 arasında alqı-satqı müqaviləsi bağlanaraq rəsmiləşdirilmiş və X3 nəzərdə tutulan 600 m2 torpaq sahəsinin eskizi ona təqdim edilmişdir. Göründüyü kimi, torpaq sahəsi tam mülkiyyət hüququ ilə həyat yoldaşı X14 məxsusdur. Həmin əmlak onunla X13 birgə nikah dövründə alınmış və ümumi birgə mülkiyyəti hesab olunur və yalnız onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları vardır. xx.xx.2021-ci il tarixdə isə həyat yoldaşı X20 vəfat etdi. Onun miras qalmış əmlaklarına dair Bakı şəhəri 40 saylı Notariat ofisində vərəsəlik işi açılmış və Notariat Orqanının verdiyi xx.xx.2021-ci il tarixli 477 nömrəli məktubundan göründüyü kimi, o, İddiaçı, onun vərəsəsi kimi tanınmışdır. Odur ki, X5 hüququnlarını təmsil edir. Qeyd edir ki, hazırda mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 m2 torpaq sahəsindən (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nın alt hissəsi, V məhəllə, Ev (bina): 006, İV ünvanında yerləşən 600 m2 torpaq sahəsindən) və onu üzərində olan natamam tikilidən mülkiyyətçi olaraq istifadə edə və həmin torpağa dair sərəncam verə bilmir. Məsələ burasındadır ki, mərhum həyat yoldaşı həmin torpaq sahəsi üzərində yaşayış sahəsi tikərək torpağı və tikilini satmaq niyyətində idi. Lakin mərhum həyat yoldaşı onkoloji xəstəliyə tutulduğuna görə tikintini özü həyata keçirə və nəzarət edə bilməmişdir. Bu zaman qardaşı Cavabdeh özünün xahişi ilə tikintinin həyata keçirilməsinə nəzarət etməsi şərti ilə həmin natamam tikilidə müvəqqəti qalmasına icazə verdi. Cavabdeh fürsətdən istifadə edərək öz evlərini, pulunu borcunu bağlamaq üçün sərf etmiş, özü isə həyat yoldaşının qalmağa icazə verdiyi natamam tikilidə qalmağa başlamışdır. Həmin tikili başa çatmamış, heç bir şəraiti yoxdur, yaşamaq üçün tamamilə əlverişsizdir. xx.xx.2021-ci il larixdə həyat yoldaşı X20 vəfat etdikdən sonra o, Cavabdeh torpaq sahəsini satmaq istədiyini bildirdi. Cavabdeh bildirdi ki, alıcı tapılandan sonra torpağı tərk edəcəkdir. Lakin dəfələrlə alıcı tapmağına baxmayaraq, cavabdeh torpaq sahəsini və natamam tikilini tərk etmir, əksinə onu təhqir edir və öz mülkiyyətinə daxil olmağa belə imkan vermir. Cavabdehin həmin torpaq sahəsi və natamam tikili üzərində heç bir hüququ yoxdur. Bugünədək cavabdeh qanunsuz olaraq onlara məxsus olan həmin torpaq sahəsində və natamam tikilidə qalmağa və istifadə etməyə davam edir. Bununla da onun mülkiyyət hüquqları kobud şəkildə pozulur və o, öz əmlaklarından istifadə, sahiblik və ya sərəncam hüquqlarını həyata keçirə bilmir. O, dəfələrlə cavabdehdən həmin torpaq sahəsini tərk etməyini xahiş etsə də, cavabdeh buna məhəl qoymamış, əksinə onu təhqir edərək həmin torpaq sahəsindən qovmuşdur. Odur ki, o, Binəqədi rayon Polis İdarəsinin 6cı Polis Bölməsinə bir neçə dəfə müraciət edərək, cavabdehin ona məxsus torpağı və tikilini zəbt etməsini, onun hüquqlarını pozmasını, tikilidən və torpaq sahəsindən çıxarılmasını xahiş etsə də, polis əməkdaşları tərəfindən xahişi icra edilməmişdir. Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli cavab məktublarında məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə biləcəyi barədə məlumat verilmişdir. Odur ki, hazırki mülki iddia tələbi ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, o, dul qadındır, işsiz, heç bir gəlir və ya qazanc yeri yoxdur. Həyat yoldaşının ölümündən sonra dolanmaqda çətinlik çəkir. Həmin torpaq sahəsini satmaq niyyətindədir. Odur ki, hesab edir ki, cavabdeh ona məxsus torpaq sahəsindən və üzərindəki natamam tikilidən çıxarılmalı, onun torpaq sahəsinə və natamam tikiliyə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə qanunsuz müdaxiləyə son qoyulmalı, mülkiyyət hüquqlarının pozulmasının qarşısı alınmalıdır. Odur ki, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmənin diqqətinə həmçinin çatdırır ki, iddiaçı olaraq onun evin qanuni gözlənti hüququ vardır. Belə ki, həyat yoldaşı X14 məxsus olan torpaq sahəsi və üzərindəki natamam tikilinin yeganə varisi odur. O, hazırda həmin torpaq sahəsinə arxiv çıxarış almaq və hüquqlarını rəsmiləşdirmək niyyətindədir. Lakin cavabdehin həmin torpaq sahəsində qanunsuz olaraq qalması və istifadə etməsi onun mülkiyyət hüquqlarını pozur. Odur ki, qanuni gözlənti hüququna malik olduğuna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək öz mülkiyyətindən digər şəxslərin qanunsuz istifadəsinin qarşısını almaq istəyir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-317/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nın alt hissəsi, V məhəllə, Ev (bina): 006, İV ünvanında yerləşən 600 m2 torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən Cavabdeh çıxarılması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı səhəri Binəqədi rayonu X6 03 iyul 2003-cü il tarixli, 580 saylı Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 kv/metr boş torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün X14 alqı-satqı qaydasında ayrılmış, həmin torpq sahəsi üçün İmran Səmədov tərəfindən X6 büdcəsinə 2.400.000 (köhnə pulla) manat məbləğində pul ödənilmiş və qeyd edilən torpaq sahəsi ilə bağlı X11 ilə X20 arasında alqı-satqı müqaviləsi bağlanaraq rəsmiləşdirilib, X1 əks etdirən 600 kv/metr torpaq sahəsinin eskizi ona təqdim edilmişdir. Göründüyü kimi hazırda mübahisə predmeti olan torpaq sahəsinin mərhum X14 ayırılması da işin mübahisəsiz halıdır. Torpaq sahəsi üzərində inşa edilmiş özbaşına tikilərin kimin tərəfindən inşa edilməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, cavabdeh izahatında torpaq sahəsində yerləşən əlavə tikili yox idi, onu özü tikməsini, damını örtdüb, qapı pəncərə qoyub, içərisini suvaq etməsini bildirmiş və bunun şahid ifadələri ilə təsdiq edildiyini bildirmişdir. İş üzrə müəyyən edilmişdir ki (elektron kabinetə əlavə edilmiş fotoşəkillərdən), sözügedən torpaq sahəsində iki mərtəbəli yarımtikili mövcud olmuş, həmin tikiliyə bitişik bir otağda cavabdeh müəyyən rekanstruksiya işləri görərək yaşayış sahəsi kimi istifadə edir. Cavabdehin həmin otaqdan heç bir qanuni əsas olmadan istifadə etdiyi ilə bağlı məhkəmə iddiaçının dəlillərini əsaslı sayır. Bu fakt iş üzrə dindirilmiş şahid X7 ifadəsi ilə təsdiq olunur. Cavabdeh yalnız şahid ifadələrinə əsaslanmış, şahidlər isə öz ifadələrində evin Cavabdeh tərəfindən tikilməsini, eləcə də onun hazırda orada olan bir otaqda yaşamasını qeyd etsələr də, onlardan X26 iki mərtəbəli tikilinin şəxsən Nəriman tərəfindən tikildiyini görmədiyini, torpağın kimə məxsus olmasını bilmədiyini, X17 isə evin 1 otaqdan ibarət balaca evin Nərimana məxsus olduğunu ehtimal etdiyini bildirmişlər. Məhkəmə, tikililərin mərhum X2 özü tərəfindən tikilməsi ilə bağlı iddia ərizəsində göstərilənləri, işə əlavə edilmiş yarımçıq tikililərlə bağlı çəkilmiş 5 ədəd fotoşəkili və iş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsini inandırıcı hesab etmişdir. Hazırda mübahisəli torpaq sahəsi mülkiyyətdə olmasa da, orada qanunsuz inşa edilmiş yarımtikili ev fiziki obyekt olaraq iqtisadi dəyərə malikdir. İddiaçı X13 vərəsəsi olmaqla onun gələcəkdə bu torpağa və evə dair mülkiyyət hüquqlarının həyata keçirməsi ilə bağlı gözləntisi var və cavabdehin həmin fərdi yaşayış evindən çıxmaması iddiaçını bu hüququn həyata keçirməsinə maneə yaradır. Cavabdehin mübahisəli tikiliyə çəkdiyi xərclərlə bağlı zəruri sübutları mövcud olduğu halda həmin xərcləri iddiaçıdan tələb etmək hüququ mövcuddur.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 5.1, 47.1, 56.1, 65.1, 65.5, 66.2, 67-ci maddələri, Azərbaycan Respublikasının 13, 125.7-ci maddələri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 6.1, 6.2-ci maddələri, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.5, 238.1, 238.3, 1151.1, 1159.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 216-220ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-317/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı səhəri Binəqədi rayonu X6 03 iyul 2003cü il tarixli, 580 saylı Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu,Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən600 m2 boş torpaq sahəsində X14 (hazırki iş üzrə iddiaçının mərhum əri) fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6129/2024saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı,Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişi təsdiq edən Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901- İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqasənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin hazırkı iddia ilə mübahisə edilən X6 580 saylı, 03 iyul 2003-cü il tarixli Qərarı da bu qaydada artıq qüvvədən düşmüşdür. Məhkəmə qeyd edir ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırkı halda, X6 qərarının ayrıca bir məhkəmə qərarı ilə qanunsuzluğunun müəyyən edilməsinə ehtiyac yoxdur. Göstərilən əsaslarla iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6129/2024saylı xx.xx.2024-cü il tarixli Qərardadıilə müəyyən edilmiş hallar preyudisial əhəmiyyətə malikdir. Belə ki, Məhkəmə Cavabdeh göstərilən ünvanda məskunlaşdırğını təsdiq edir, lakin nəticədə onu yeganə yaşayış yerindən məhrum edir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
14. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Məhkəmə qərarını ziddiyyətli hesab etmişdir. İnzibati məhkəmədə şirkətin iddasına baxıldı. Həmin qərara əsasən iddia mümkün hesab olunmamışdır. Bələdiyyə sənədi məhkəmədə kifayət qədər araşdırıldı. Hətta hazırkı iş üzrə icraat dayandırıldı, çünki “X28” şirkəti tərəfindən İnzibati Məhkəmədə iddia qaldırılmışdır. Müəyyən olundu ki, saziş və yaxud ayrılmış torpaq sahələri ilə bağlı sərəncamlar,aktlar və.s sənədlər etibarsızdır. Həmin iş üzrə iddiaçı vərəsə sayıla bilməz. Torpaq ona məxsus deyil. Fotoşəkillər var, görünür ki, bir həyətin içində 2 mərtəbəli böyük evdir, onun sağında balaca tikilidir.Tikilinin də qapısı olmayıb. Cavabdeh oranın təmiri ilə məşğul olmuşdur. O, 5 ildir ki, orada yaşayır. Birinci instansiya məhkəməsində bütün bunlar sübut olunduğu halda məhkəmənin iddia ərizəsinin təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını qanunsuz hesab etdiyini bildirmişdi. Cavabdehin qalmağa başqa yeri yoxdur. Bir vətəndaş kimi onun hüquqları qorunmalıdır. Cavabdeh balaca tikildə məskunlaşıb, böyük tikiliyə heç bir iddiası yoxdur. O, 5 ildir ki, orada yaşayır.Ona orada yaşamağa qardaşı icazə verib. Onun qalmağa başqa yeri yoxdur. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişi təsdiq edən 2005-ci il tarixli Qanuna əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, qanun qüvvəyə mindikdən sonra sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.Bununla da bələdiyyənin 2003-cü il tarixli qərarı qüvvədən düşmüş hesab olunur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı hazırkı iş üçün preyudisial əhəmiyyət daşıyır.
15. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onun o evdən başqa gedəcək yeri yoxdur. Qardaşı onu gətirdi dedi ki, onun evi yoxdur, burada şərait düzəldilsin və qalsın. Qardaşı rəhmətə getdikdən sonra iddiaçı dedi ki, o, oradan çıxsın, iddiaçı da satsın. Bütün qonşular da təsdiq edir ki, o,orada 5 ildir ki, yaşayır. Oranı təmir etmiş, abadlaşdırmışdır.Hazırda şirkət tərəfindən ona qarşı iddia qaldırılıb.Bu işə görə icraat dayandırlıb. O,ora mühafizəçi kimi gətirilməmişdi. O, orada şərait düzəltmişdi. Yerdə döşəmə olub. Dəmirin üstündə yatmamışdı. Ora qapı-pəncərə qoyulub, yayda mətbəx kimi istifadə edilməsi nəzərdə tutulurdu. Qardaşı rəhmətə getdikdən sonra iddiaçı onu oradan çıxarmaq istəyirdi.
16. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını xahiş etmişdi. Cavabdeh yalan danışır. Yoldaşı 2003-cü ildə o ərazini Binəqədi Bələdiyyəsindən almış və həmin ildə yarımçıq tikili tikmişdir. Cavabdehin qaldığı yer ora bitişikdir. Yarımçıq tikili olmasının da səbəbi Prezidentin fərmanını gözlədiyinə görə olub. Onlar buna görə də tikintini saxladılar. O arada gedib oraları təmizləyirdi. Arada getdikləri üçün ora nəzarətsiz qalmışdır. Oğurluq halları da baş vermişdir. Şəkillərdən də görünür ki, evin dəmir qapısı, pəncərələrin dəmirləri var. Orada dəmir məhəccər qoyulmuşdur, onu da oradan oğurlamışdılar. 2020-ci ilin iyun ayında qonşuları Elbrus zəng etdi dedi ki, qapı və çəpər aşıb. Yoldaşı “ASAN” Xidmətə” getdi ki, işıq çəksin. İşıq yoldaşının adına olub. Yoldaşı hər zaman evin şəkillərini çəkirdi. Sonradan o gedib, işığı öz adına keçirtdi. Hal-hazırda da ödənişlər onun adına gəlir. Cavabdeh ata-anasından qalan evi satıb, borc götürüb, heç yerdə indiyə qədər də işləməyib.Onun qohumları belə ondan imtina edib.Yoldaşı cavabdehə nifrət edirdi. Cavabdeh balaca tikili üçün heç bir xərc çəkməyib, təmir etdirməyib. Onu edən yoldaşı olub. Cavabdeh heç qardaşının yas mərasiminə gələ bilmədi. O, hətta anasının qızıllarını da satıb.İddiaçı ona yas mərasimində dedi ki, evdən çıxsın, o da dedi ki, nə vaxt desə o vaxt da evdən çıxacaq. Yoldaşı ona hər zaman deyirdi ki, iş tapsın, özünə ev alsın. İddiaçının ona ürəyi ağrıyırdı deyə pul da vermiş, kömək etmişdi. Yoldaşı onu evi mühafizə etsin deyə gətirib. Yoldaşı xəstə olduğu üçün qardaşından xahiş etdi ki, tanış 1-2 usta gətirsin. Bu hadisələr 2020-ci ildə olub. Cavabdeh bəhanə edib deyirdi ki, onu zirzəmidən qovurlar. Yoldaşı bu ev üçün 7000 manat pul xərcləyib. Yoldaşı özü xəstə olduğu üçün cavabdehə pul verirdi ki, lazım olan vəsaitləri alsın. Daha sonra yoldaşına ev uzaq olduğu üçün qardaşına demişdir ki, ora uzaqdır, gedib-gəlmək çətin olur, evi satacaq və o da özünə qalmağa yer axtarsın. Cavabdeh də qardaşına demişdir ki, o nə zaman desə oradan çıxacaq, onsuzda ora onun deyil. Yaşayış üçün əlverişsiz bir şəraitdə o, 2020-ci ilin noyabr ayından yaşamağa başladı.Cavabdehə dəfələrlə maddi baxımdan köməklik etmişdi.Neftə aid orada qurğu yoxdur. Ətrafda hamı tikinti aparıb. Oradan hazırda neft çıxarılmır. Cavabdeh heç bir yerdə işləmir.Biləcəridə balaca bir zirzəmidə yaşayırdı.Anasının qızıllarını, ona verilən əmlakı satıb. 2020-ci ilin noyabr ayından cavabdeh orada yaşamağa başlayıb. Yoldaşı ona mühafizəçi kimi qalmağa icazə verib.Onun yemək üçün pulu olmayanda iddiaçı kömək edib.Cavabdeh orada 5 il yaşaya bilməz. 2020-ci ilin noyabr ayından yaşayıb.
17. Üçüncü şəxs “X28” şirkətinin nümayəndəsi X18 məhkəmə iclasında iştirak edərək bildirir ki, həmin torpaq ərazisi “X28” şirkətinə neft-qaz əməliyyatların aparılması üçün ayrılmışdır.Tikili kontrakt sahəsinə daxilindədir.
18. Əvvəlki məhkəmə iclasında iştirak edən X28” şirkətinin nümayəndəsi X21 izahatında bildirmişdir ki, həmin torpaq ərazisi dövlət torpağı olmaqla, “X28” şirkətinə neft-qaz əməliyyatların aparılması üçün ayrılmışdır. Bundan da əlavə “Hasilatın pay bölgüsü haqında” Sazişlə həmin tikili kontrakt sahəsinə aiddir. Ümumiyyətlə, bu yer 3-cü mədənin 4-cü sahəsidir. Həmin tikili olan yerdə neft quyularının mühafizə zolağı var. Xəritəyə nəzər yetirəndə aydın olur ki, tikili mühafizə zolağının mərkəzində yerləşir. Həmin ərazinin yaxınlığında qurğular var.Vaxtaşırı monitorinq aparıldıqca şirkət tərəfindən mübahisələndirilir.
19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Maddə 50. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 67.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İddiaçının əri X14 torpaq sahəsinin alğı-satqı qaydasında ayrılması haqqında 3 iyul 2003-cü il tarixli, 580 nömrəli qərardan görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 alğı-satqı qaydasında ayrılması, həmin torpaq sahəsinə görə X6 hesablaşma hesabına müvafiq məbləğin iki milyon dörd yüz min ödənişi həyata keçirməsi və torpaq vergisini vaxtı-vaxtında ödəməsinin tapşırılması qərara alınmışdır. Torpaqların alğı-satqısına dair müqavilədən görünür ki, qərar və ödəniş qəbzi əsasında X11 ilə X20 arasında alğı-satqı müqaviləsi bağlanaraq rəsmiləşdirilmiş və X3 nəzərdə tutulan 600 kv/metr torpaq sahəsinin eskizi ona təqdim edilmişdir.
28. Müəyyən olunduğu kimi mübahisə predmeti olan torpaq sahəsi mərhum X14 ayrılmışdır. X20 vəfat etmişdir. X5 vərəsəsi olan İddiaçı Cavabdeh mübahisə predmeti olan torpaq sahəsində yerləşən tikilidən çıxarılmasını tələb edir.
29. İddiaçı bildirir ki, yoldaşı X20 2003-cü ildə o ərazini Binəqədi Bələdiyyəsindən almış və həmin ildə yarımçıq tikili tikmişdir. X20 həmin yer nəzarətsiz qalmasın deyə qardaşı olan cavabdehi həmin tikilidə mühafizəçi olaraq qalmasına razılıq vermişdir. İddiaçı bildirir ki, əri vəfat etdikdən sonra cavabdehdən mübahisə predmeti olan torpaq sahəsi və tikilidən çıxarılmasını tələb etməsinə baxmayaraq cavabdeh çıxmır.
30. Cavabdeh isə izahatında bildirir ki, qardaşı ona mübahisə predmeti olan ərazidə yaşağa icazə vermişdir. Cavabdehin nümayəndəsi də izahatında təsdiq etdi ki, münahisə predmeti olan torpaq sahəsində yerləşən əsas tikiliyə onun heç bir iddiası yoxdur. Cavabdeh balaca tikilidə məskunlaşıb.
31. İş üzrə fotoşəkillərdən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsində iki mərtəbəli yarımtikili mövcud olmuş, həmin tikiliyə bitişik bir otaqdan cavabdeh müəyyən yaşayış sahəsi kimi istifadə edir.
32. Cavabdeh həmin otaqdan heç bir qanuni əsas olmadan istifadə edir. Bu fakt iş üzrə dindirilmiş şahid X7 ifadəsi ilə təsdiq olunur. Cavabdeh yalnız şahid ifadələrinə əsaslanmış, şahidlər isə öz ifadələrində evin Cavabdeh tərəfindən tikilməsini, eləcə də onun hazırda orada olan bir otaqda yaşamasını qeyd etsələr də, onlardan X26 iki mərtəbəli tikilinin şəxsən Nəriman tərəfindən tikildiyini görmədiyini, torpağın kimə məxsus olmasını bilmədiyini, X17 isə evin 1 otaqdan ibarət balaca evin Nərimana məxsus olduğunu ehtimal etdiyini bildirmişlər.
33. Bundan əlavə, cavabdeh orada 5 il yaşamasına istinad edir. X20 xx.xx.2021-ci ildə vəfat etmişdir. Cavabdeh də izahatında təsdiq etdi ki, qardaşı rəhmətə getdikdən sonra iddiaçı dedi ki, o, oradan çıxmalıdır. Göründüyü kimi cavabdeh iddiaçının tələbinə məhəl qoymayarq illərdir həmin yerdən əsassız olaraq istifadə edir.
34. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6129/2024 nömrəli iş üzrə xx.xx.2024-ci il tarixli qərardadının əsaslandırıcı hissəsində adıçəkilən bələdiyyə qərarının qüvvədən düşdüyünün qeyd olunması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, həmin qərardadla mübahisə mahiyyəti üzrə həll edilməmiş, bələdiyyə qərarının etibarsızlığı barədə iddia qeyri-mümkün sayılmışdır.
35. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Göründüyü kimi hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır.
37. Beləliklə, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılmış X6 3 iyul 2003-cü il tarixli, 580 nömrəli qərarı hal-hazırda da qüvvədədir.
38. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisəli torpaq sahəsi mülkiyyətdə olmasa da, orada qanunsuz inşa edilmiş yarımtikili ev fiziki obyekt olaraq iqtisadi dəyərə malikdir. Cavabdehin həmin fərdi yaşayış evindən çıxmaması iddiaçının hüququnu pozur.
39. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 19 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Binəqədi Rayonu X6 3 iyul 2003-cü il tarixli, 580 nömrəli qərarı ilə X14 ayrılmış 600 kv/metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Həmçinin sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.
40. Kollegiya hesab edir ki, bu hal iddiaçının ərinə 2003-cü ildən ayrılmış torpaq sahəsində olan tikilidən cavabdehin çıxarılmasını tələb etməsinə mane olmur. İddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ vardır.
41. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-317/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov