Məhkəmə qərarları › İş №2(103)-5467/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5467/2023

28.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5467/2023 28.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərinin əvəzinin tutulması, məlumatların təkzib edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pulun və hesablanmış faiz məbləğinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-40/2023 saylı qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, göstərdiyi hüquqi yardıma görə 5.000 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi ziyana görə 5.000 manat olmaqla, cəmi 10.030 manat pulun xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər il üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanaraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, 12 saylı PB-yə işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan, böhtan və təhqiredici məlumatlarla əsassız və qanunsuz şikayət verdiyinə, Cavabdeh2 etibarnaməsini ləğv etdirməsinə, əsassız məhkəmə iclasından kənarlaşdırılmasına onun barəsində məlumatları yayılmasına görə böhtan, təhqiredici, yalan məlumatın təkzib edilməsinin Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi, Cavabdeh1 10.000 manat təzminatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşlıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 3.254 manat pulun 2017-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək hər il üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq hesablanaraq ödənilmiş 53 manat dövlət rüsumu ilə birlikdə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-40/2023 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-40/2023 saylı qərardadı ilə təmin edilməmişdir. Bundan sonra həmin qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətini baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-40/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə apellyasiya şikayətinin məzmununu nəzərdən keçirib, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.1-1-ci və 363.1.3-cü maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən və ya apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklələrlə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-40/2023 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Lakin həmin şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmiş, o cümlədən şikayət məhkəmədə tətbiq edilən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmamışdır. Bu halların mövcudluğu da öz növbəsində apellyasiya şikayətinin geri qaytarılmasını şərtləndirir. Digər tərəfdən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd edilən qətnaməni xx.xx.2023-cü il tarixdə aldığını bildirir. Bu baxımdan qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verən zaman ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq şikayət vermə müddətini də ötürmüşdür. Bu hal həmin apellyasiya şikayətinin geri qaytarılmasının müstəqil əsasını təşkil edir. Qeyd edilən şəxs tərəfindən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edildiyi də müəyyən edilmir. Bu sənədin olmaması da apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olmadığını təsdiq edir və eyni nəticələrə, yəni apellyasiya şikayətinin geri qaytarılmasına səbəb olur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-40/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmiş və birinci instansiya məhkəməsi bu əsasla apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-40/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar