Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5468/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu, yüksək təhlükə mənbəyi, maddi və mənəvi ziyan) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cəlilabad rayon İcra Hakimiyyəti Boyxanlı kənd İnzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli 01 nömrəli sərəncamından çıxarışa əsasən, Cəlilabad rayonunun Məşədilər kəndində 1987-ci ildə inşa edilmiş 3 otaqlı 1 mərtəbəli evin həyət tikililərinin 3500 kv.m torpaq sahəsi ilə X2 adına təsdiqlənməsi qərara alınmışdır.
2. 39 inventar nömrəli 1/02 qeyd nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na görə, Cəlilabad rayonunun Məşədilər kəndində 3500 kv.m torpaq sahəsində yerləşən 3 otaqlı 1 mərtəbəli 1987-ci ildə inşa edilmiş yaşayış evi və həyət tikililərinin sahibi X3r.
3. Cəlilabad rayon Boyxanlı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 69 nömrəli arayışında göstərilmişdir ki, “Məşədilər kənd sakini Səfərov X1 qeydiyyatda olan X12 məxsus olan ümumi sahəsi 120 kv.m olan evdə 2007-ci ildən 10 oktyabr 2022-ci il tarixinə kimi - həmin ev yanan günədək yaşamışdır. Həmin gün Boyxanlı Bələdiyyəsi hadisə yerində olmuşdur. Yanğın elektrik xəttində baş verən qısaqapanma səbəbindən olmuşdur. Vətəndaş İddiaçı və ailəsinə məxsus bütün əşyalar, sənədlər və qızıl zinət əşyaları yanaraq yararsız hala düşmüşdür. Həmçinin hadisə zamanı İddiaçı dediyinə görə 11 000 manat pulu da yanğın zamanı yanmışdır”.
4. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Boyxanlı kənd İnzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 557 nömrəli arayışında göstərilmişdir ki, “İddiaçı, Məşədilər kəndində qeydiyyatda olan X12 məxsus olan ümumi sahəsi 120 kv.m olan evdə 2007-ci ildən 10 oktyabr 2022-ci il tarixinə kimi həmin ev yanan günədək yaşamışdır. Yanğın elektrik xəttində baş verən qısaqapanma səbəbindən olmuşdur. Vətəndaş İddiaçı və ailəsinə məxsus bütün əşyalar, sənədlər və qızıl zinət əşyaları yanaraq yararsız hala düşmüşdür. Həmçinin hadisə zamanı İddiaçı dediyinə görə 11 000 manat pulu da yanğın zamanı yanmışdır”.
5. FHN DYNX-nin Cənub regional DYNİ-nin DYNŞ-nin inspektoru, daxili xidmət leytenantı X20, Cəlilabad rayon Məşədilər kənd sakinləri İddiaçı və X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Yanğın haqqında akt”da göstərilmişdir ki, 10 oktyabr 2022ci il tarixdə Cəlilabad rayonunun Məşədilər kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində yanğın baş vermiş, yanğın nəticəsində İddiaçı və ailəsinə məxsus bütün əşyalar, sənədlər və qızıl zinət əşyaları yanaraq yararsız hala düşmüşdür. İddiaçı verdiyi məlumata görə 11 000 manat pulu da yanğın zamanı yanmışdır. Hadisə yerinin müayinəsindən və alınmış izahatlardan güman edilmişdir ki, yanğın hadisəsinin baş verməsinə səbəb evin daxilinə çəkilmiş elektrik naqillərinə baş vermiş qısaqapanma olmuşdur.
6. Həmin yanğın hadisə ilə bağlı cinayət işinin başlanması Cəlilabad rayon prokurorluğunun müstəntiqinin xx.xx.2023-cü il tarixli qərarı ilə rədd olunmuş, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci bəndinin “bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır” kimi tələbini pozan "Azərişıq ASCnin Cənub RETSİ Sayğac quraşdırma və Uçota nəzarət sektorunun aparıcı mühəndis vəzifəsində işləyən X7, "Azərişıq” ASC-nin məsul şəxs(lər)inin və "xxxx" ASC-nin Cənub RETSİ X5 rəhbər işçilərinin və digər məsul şəxslərin (aparıcı mühəndis, ərazinin ustası və s.) müəyyən edilərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "xxxx" ASC-yə təqdimat verilməsi və Cabbar Həsənova 9828 manat, İddiaçı 9730 manat maddi ziyan dəyməsi faktı ilə bağlı zərərçəkmiş şəxslərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4 və 24-cü maddələrinə əsasən dəymiş maddi ziyanın tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır.
7. Həmin qərardadan "xxxx" ASC-nin verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilmiş, Cəlilabad rayon prokurorluğunun müstəntiqi X16 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 44C-23 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqda qərar”ın 2-ci bəndi qanunsuz hesab olunmuş, yəni “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 7.1.5.7-ci bəndinin bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır kimi tələbini pozan "xxxx" ASC-nin Cənub RETSİ Sayğac quraşdırma və Uçota nəzarət sektorunun aparıcı mühəndisi vəzifəsində işləyən X10, "xxxx" ASC-nin məsul şəxsləri və "xxxx" ASC-nin Cənub RETSİ X5 rəhbər işçiləri və digər məsul şəxslərin (aparıcı mühəndis, ərazinin ustası və s.) müəyyən edilərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "xxxx" ASCyə təqdimat verilsin” hissəsində qərar ləğv edilmişdir.
8. İddiaçı məxsus Məşədilər kəndində yerləşən yaşayış evindən 17849426 nömrəli sayğac xx.xx.2022-ci il tarixdə çıxarılaraq əvəzində **********27 nömrəli sayğac quraşdırılmışdır.
9. Məhkəmə Ekspertizası Mərkəzinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, məhkəmə tikinti-texniki obyektlərin tədqiqi və yanğın və texnoloji partlayışların tədqiqi ekspertizalarının təyin edilməsi haqqında qərarlar müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Mərkəzə daxil olmuş, qoyulmuş sualların həlli üçün yaranmış zərurətlə əlaqədar olaraq tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması və əlavə materialların təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli vəsatətlər göndərilmişdir. Vəsatətə cavab olaraq ekspertin iştirakı ilə tədqiqat obyektinə baxış xx.xx.2022-ci il tarixdə keçirilmiş və müvafiq ölçü işləri aparılıraq qərarda qoyulmuş sualların həlli üçün zəruri olan məlumatlar əldə edilmişdir. Ekspert rəyinin qısa müddətdə tərtib olunaraq təhqiqat orqanına göndərilməsi təmin ediləcəkdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cəlilabad rayonunun Məşədilər kəndində yerləşən fərdi yaşayış evinə tikinti üzrə dəymiş maddi ziyan 9828 manat müəyyən olunmuşdur
11. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, 10 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonunun Məşədilər kəndində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləği 9730 manatdır.
12. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, 10 oktyabr 2022-ci il tarixdə baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X18 Xidməti Cənub regional X18 İdarəsinin Dövlət Yanğından Nəzarət Şöbəsi tərəfindən tərtib olunmuş aktda yanğının baş verməsində təqsirli şəxsin müəyyənləşdirilmədiyi göstərilmişdir. Həmçinin iddiaçıya müvəqqəti yaşayış çadırının verilməsi üçün rayon fövqəladə hallar komissiyasının sədri tərəfindən Fövqəladə Hallar Nazirliyinin X15 müraciət edilmişdir.
13. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”nın 9.1. bəndinin tələblərinə uyğun olaraq, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına məsuliyyət daşıyır.
14. İddiaçı mərhum qardaşı X14 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, X14 "Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı (iddiaçı) "xxxx" ASC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən mənəvi ziyana görə 10 000 manatın, maddi ziyana görə 20 730 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cəlilabad rayonunun Məşədilər kəndində yerləşən fərdi yaşayış evi əmisi X4 məxsus olmuş, 15 ildir əmisinin razılığı ilə həmin evdə yaşamışdır. Təxminən 8 il bundan qabaq əmisi vəfat etdikdən sonra əmisi oğlu X17 həmin evdə yaşamasına icazə vermişdir. xx.xx.2022-ci il tarixində saat 10:00 radələrində fərdi yaşayış evinin yaxınlığında həyat yoldaşı ilə birlikdə su motorunu təmir edərkən şaqqıltı səsi eşitmiş və bu zaman evin yandığını görmüşlər. Dərhal hadisə yerinə gedərək qonşularla birlikdə yanğını söndürməyə çalışmışlar, lakin söndürə bilməmişlər, bir müddətdən sonra yanğınsöndürənlər yanğını söndürmüşlər. Evə baxış keçirən zaman evin və içərisindəki əşyaların yanaraq yararsız hala düşdüyünü görmüşdür. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisədən 3-4 gün əvvəl Cəlilabad rayon Elektrik Şəbəkəsinin işçiləri yaşadığı ünvana gələrək evin elektrik sayğacının yeni, "smart" tipli elektrik sayğac ilə əvəz olunacağını bildirmişlər. O, yeni sayğacın elektrik açarı ilə təmin olunacağı barədə soruşduqda ona dəqiq cavab verməmişlər. 09 oktyabr 2022-ci tarixdə axşam saatlarında evə qayıdan zaman dəmir qutunun içərisinə artıq yeni, “smart” tipli elektrik sayğacının quraşdırıldığını, dəmir qutunun açarla bağlı olduğunu görmüşdür. X5 işçisi ilə əlaqə saxlayaraq elektrik sayğacının "smart” kartının harada olduğunu soruşduqda şəbəkənin işçisi cavabında elektrik sayğacının "smart" kartının qutunun içərisində elektrik sayğacının yanında olduğunu demiş, qonşulardan açarı götürməsini, hamısının eyni olduğunu ona bildirmişlər. Qutunu açdıqda sayğacın elektrik xəttlərinin açıq vəziyyətdə, yəni üzərində izolyasiya qatının olmadığını və sayğacın elektrik avtomat açarı ilə təmin olunmadığını görmüşdür. Bu barədə elektrik şəbəkəsinin işçisinə telefonla bildirdikdə ona qeyd olunan işləri özünün etməli olduğunu demişlər. Yaşadığı evin elektrik sayğacı yeni, “smart” tipli sayğac ilə əvəz olunarkən onunla hər hansı sənədləşmə işləri aparılmamış, yeni “smart' tipli elektrik sayğacı ona təhvil verilməmişdir. Yalnız yanğın hadisəsindən 20 gün sonra elektrik şəbəkəsi tərəfindən yeni sayğaca elektrik avtomat açarı quraşdırılmışdır. Hadisəyə səbəb X5 işçiləri tərəfindən hadisədən bir gün əvvəl yaşadığı evin elektrik sayğacını yeni, "smart” tipli sayğac ilə əvəz edərkən sayğacda elektrik avtomat açarının quraşdırılmaması və sayğacın elektrik xətlərinin izolyasiya olunmaması nəticəsində elektrik xəttlərində əmələ gəlmiş qısaqapanma olmuşdur. Hadisə nəticəsində evin mülkiyyətçisi olmuş mərhum X4 9828 manat maddi zərər dəymişdir. Hal-hazırda yaşamağa öz evi yoxdur, qohum-əqrəbanın evində yaşayır, bu da onu çox əlverişsiz bir vəziyyətə gətirib çıxarmışdır. Bundan əlavə, baş vermiş hadisə nəticəsində həmin evdə onun 11 000 (on bir min) manat pulu da yanmışdır. Bu faktı şahid də təsdiq edə bilər. Baş vermiş yanğın hadisəsi ilə bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılmışdır. Lakin Cəlilabad rayon Prokurorluğu tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023cü il tarixli qərar qəbul edilərək bu barədə rayon məhkəməsinə müraciət edilməsi hüququnun olduğu ona izah edilmişdir. Baş vermiş hadisə nəticəsində mənəvi sarsıntı keçirmiş, bu da onun səhhətində ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Göstərilən səbəblərdən də o, ağır maddi vəziyyətə düşmüş, ona maddi zərərlə yanaşı, mənəvi zərər dəymiş və hüquqları pozulmuşdur. Ona dəymiş zərər Cəlilabad rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla da təsdiq edilmişdir. Hətta həmin qərarda təlimatın pozulması öz əksini tapmış və səlahiyyətli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə təqdimatın verilməsi qeyd edilmişdir. Hazırda ailəsi ilə birlikdə çadır quraraq yaşayır, vəziyyətləri çox acınacaqlıdır. Maddi əzabla birlikdə mənəvi əzab da çəkirlər. Ailəsi ilə birlikdə ona dəyən mənəvi ziyanı 10 000 qiymətləndirir, həmçinin maddi ziyan kimi evdə olan 11 000 manat pulu yanmış, əşyalarına dəyən ziyan isə 9730 manatdır. Əşyalarına dəyən ziyan qərarda da öz əksini tapmışdır. Mənəvi ziyanı isə onunla əsaslandırır ki, evsiz qalmaqla uşaqlar əziyyət çəkir, tez-tez xəstələnirlər, şəraitsiz çadırda yaşayırlar, qış günü onlara lap çətindir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
18. Cavabdehin nümayəndəsi tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmuş, etirazda aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Cəlilabad rayonu Məşədilər kəndində yaşayan İddiaçı istifadəsində olan “Smart” tipli sayğacın quraşdırılması elektrik enerjisi haqqında qüvvədə olan normativ tələblərə uyğun həyata keçirilmişdir. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 20-ci hissəsinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına (istilik enerjisinə münasibətdə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarında müəyyən edilmiş hallar istisna olmaqla) həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”nın 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin qərarın 2.2-ci və 2.2.3-cü bəndində qoyulmuş sualla əlaqədar bildirmişdir ki, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X12 məxsus İddiaçı yaşadığı evdə quraşdırılmış elektrik sayğacından sonra mühafizə aparatı quraşdırılmalıdır. Lakin, həmin mühafizə aparatının quraşdırılması "xxxx" ASC-nin səlahiyyətinə aid edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”-nın 1.6.2.1 -ci bəndinə əsasən, enerji təchizatı müəssisəsinin elektrik enerjisi istehlakçıları ilə hesablaşması üçün olan sayğacları enerji təchizatı müəssisəsi ilə istehlakçı şəbəkəsinin ayrılma sərhəddində (balans mənsubiyyəti üzrə) quraşdırmaq tövsiyə olunur. “Elektrik qurğularının quraşdırılması” Qaydası”nın 7.1.5.7-ci bəndinə əsasən, bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır. Əgər sayğacdan sonra mühafizə aparatları tərəfindən təchiz olunan bir xətt ayrılırsa, ümumi mühafizə aparatının qurulması tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”nın 5.3-cü yarımbəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 kV-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət hava budaqlanmasında -binada, xüsusi yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda, kabellə daxil olduqda-binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilir. Həmin “Qaydaların” 3.4-cü bəndinə əsasən xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. Yuxarıda qeyd edilən “Qaydalar”ın tələblərindən göründüyü kimi, enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 kV-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarına qədər müəyyən edildiyindən yaşayış evlərinə quraşdırılmış elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılmasında və xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşdüyündən enerjitəchizatı müəssisəsi yaranmış qüsur və baş vermiş hadisələrə görə məsuliyyət daşımır. Bu səbəbdən də, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X12 məxsus İddiaçı olğunun yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar "xxxx" ASC-nin əməkdaşları məsuliyyət daşımır”.
19. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsinin 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" ASC-dən maddi ziyanın əvəzi qismində 9730 (doqquz min yeddi yüz otuz) manatın, mənəvi ziyanın əvəzi qismində 2000 (iki min) manatın tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
21. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
21.1. Səfərov X9 rayonu, Məşədilər kəndində yerləşən X11 (varislik qaydasında X17) oğluna məxsus olan fərdi yaşayış evində ailə üzvləri ilə yaşayaraq həmin yaşayış evindən yaşayış sahəsi kimi istifadə etmişdir. Rayon üzrə elektrik enerjisi təchizatı sahəsində aparılan tədbirlər çərçivəsində xx.xx.2022-ci il tarixdə həmin yaşayış evində mövcud olmuş sayğac müvafiq qurumun əməkdaşları tərəfindən yeni smart tipli sayğacla əvəz edilmişdir. Yeni sayğac quraşdırıldığı zaman yüksək gərginlikli elektrik enerjisinin verilişi və təhlüksizliyinə məsul olan cavabdeh qurum müvafiq Qaydaların tələblərinə riayət olunmasını təmin etməmiş, yaşayış evinə quraşdırılmış elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılmasına və xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət etməmiş və iddia ərizəsində qeyd olunan yaşayış evində yanğın baş vermişdir. İddiaçının yanğın baş verən yaşayış sahəsindən faktiki istifadəsi işin mübahisəsiz halıdır. İddiaçının faktiki istifadəsində olan yaşayış sahəsində baş vermiş yanğının səbəbləri, yanğının baş verməsində təqsirli şəxslərin və dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə təhqiqat orqanında aparılan araşdırma zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7210 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən, X12 məxsus, İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin ikinci mərtəbəsinin dəhlizinin tavan hissəsində olmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, yanğın mənbə zonasının yaxınlığında olan elektrik xətlərində yaranmış qəza halında baş verməsi üçün xarakterikdir. Yanğının baş vermə səbəbi ilə bağlı verilmiş ehtimali nəticə təhqiqat orqanı tərəfindən digər sübutlarla təsdiq edildiyi halda, baş vermiş hadisə ilə əlaqədar "Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10-cu bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur. Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən hadisə baş vermiş fərdi yaşayış evinə qoşulmuş elektrik sayğacından sonra isə mühafizə aparatının quraşdırılması təmin edilmədiyinə görə, "Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci bəndinin tələbləri fərdi yaşayış evinə elektrik sayğacının quraşdırılmasını təmin etmiş qurumun (vəzifə təlimatının tələblərinə əsasən) həmin funksiyanı həyata keçirilməli olan əməkdaş(ları) tərəfindən pozulmuşdur. Həmin araşdırma çərçivəsində keçirilmiş əlavə məhkəmə yanğın-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/2993 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X4 məxsus, İddiaçı yaşadığı və istifadəsində olan fərdi yaşayış evində baş vermiş yanğın mənbə zonasının yaxınlığında olan elektrik xətlərində yaranmış qəza (qısaqapanma, artıq yüklənmə, yüksək keçid müqaviməti və s.) halında baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar "Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10, 7.1.5.7-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Fərdi yaşayış evinin elektrik xətlərini mövcud norma və qaydaların tələblərinə uyğun olmayan üsulla, yəni yanar materialların birbaşa üzəri ilə çəkdiyinə görə "Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10-cu bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs (lər) tərəfindən pozulmuşdur. Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən hadisə baş vermiş yaşayış evinə qoşulmuş elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılması təmin edilmədiyinə görə "Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci bəndinin tələbləri fərdi yaşayış evinə mühafizə aparatının quraşdırılmasını təmin etməli olan qurumun (vəzifə təlimatının tələblərinə əsasən) həmin funksiyanı həyata keçirilməli olan əməkdaş(ları) tərəfindən pozulmuşdur.Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X12 məxsus, İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğının səbəb və şəraitini, həmçinin mühafizə aparatının təyinatını nəzərə aldıqda, elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılmaması ilə həmin evdə yanğın hadisəsinin baş verməsi ilə nəticələnən hadisə arasında səbəbli əlaqə mövcud olmuşdur. Belə ki, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən hadisə baş vermiş yaşayış evində eletkrik sayğacından sonra mühafizə aparatının quraşdırılması texniki cəhətdən baş vermiş hadisənin qarşısını ala bilərdi. 21.2. Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X12 məxsus, İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə bağlı Cəlilabad rayon prokurorluğunda aparılmış araşdırma çərçivəsində təyin edilmiş müvafiq ekspert rəyləri ilə fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan məbləğinin 9828 manat, əmtəə üzrə dəymiş ziyan məbləğinin isə 9730 manat təşkil etməsi müəyyən edilmişdir.Məhkəmə bu yerdə qeyd etməyi zəruri hesab edir ki, cinayət təqibi orqanının qərarında da müəyyən edilmiş ziyanların tələb olaraq irəli sürülməsi müvafiq olaraq fərdi yaşayış evinin sahibi Cabbar Həsənova və fərdi yaşayış evində olan əmlaklara dəyən zərərin ödənilməsini tələb etmək hüququ isə fərdi yaşayış evində faktiki yaşayan İddiaçı aid edilmişdir. 21.3. Məhkəmə iddia tələbinin qismən əsaslı olduğunu bu baxımdan müəyyən edir ki, şəxsə ziyan vurulması ilə nəticələnən yanğın hadisəsində hansı təqsirli əməlin bu nəticəyə səbəb olması iş üzrə aparılmış təhqiqat zamanı müvafiq ekspert rəyi ilə tam müəyyən edilir. Məhkəmə əlavə məhkəmə yanğın-texniki ekspertizasının 10/2993 nömrəli, xx.xx.2023-cü il tarixli rəyini əsas tutaraq hesab edir ki, hazırki iddia həmin iddiaya cavab verməli olan cavabdehə qarşı düzgün olaraq irəli sürülmüşdür. Cavabdehin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına istinad etməklə sanki həmin qərarla "xxxx" ASC-nin məsuliyyətinin aradan qalxmasını əsas gətirməsi və qeyd edilən məhkəmənin qərarı ilə cinayət təqibi orqanının qərarının bir hissədə ləğv edilməsi təqsirli şəxsləri müəyyən edən adıçəkilən ekspert rəyinin mötəbərliyini aradan qaldırmır. Məhkəmə bu qənəatə gəlir ki, işin faktiki halları və təqdim edilmiş sübutlar İddiaçı 9730 manat məbləğində ziyan vurulmasını tamamilə sübuta yetirir. Məhkəmə iddia tələbinin yanğın zamanı yanması irəli sürülən 11000 manat pul məbləğinə münsaibətdə qeyd edir ki, həmin hal nəinki cinayət təqibi orqanında aparılan araşdırma zamanı, həmçinin hazırki məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı iddia ərizəsində qeyd etdiyi 11000 manatın yanğın hadisəsi zamanı yanması ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. 21.4. Məhkəmə iddia tələbinin 10 000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçıya baş vermiş hadisə nəticəsində mənəvi zərər dəyməsi faktdır, 2008-ci ildən ailəsi ilə yaşayaraq yeganə yaşayış sahəsi olan evin və istifadəsində olan daşınar əmlakların yanması nəticəsində iddiaçının ailəsi ilə birlikdə yaşayışını təmin etmək üçün keçirdiyi mənəvi iztirab danılmazdır. Lakin, məhkəmə bu məbləğin 2000 manat həddində müəyyən edilməsini ədalətli kompensasiya hesab edir. 21.5. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 9730 manat və mənəvi zərərə görə 2000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
22. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 26-cı, 125-ci, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 23.1-ci, 1096-cı, 1097.1-ci, 1099.1-ci, 1099.2-ci, 1108.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 82.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 2.1.1.14-cü, 2.1.1.15-ci, 2.1.2.10-cu, 7.1.5.7-ci bəndlərinə istinad etmişdir.
23. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, iddiaçının hər hansı mənəvi ziyana məruz qaldığının sübuta yetirilmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
25. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış "xxxx" ASC nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçı da ərizə ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
27. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
33. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
34. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Qərar
35. Bənd 2.1.1.14. Binaların və tikililərin konstruktiv elementləri, qapalı kanallar və naqillərin, kabellərin çəkilməsi üçün istifadə olunan boşluqlar yanmayan olmalıdırlar.
36. Bənd 2.1.1.15. Naqillərin və kabellərin damarlarının birləşmələri, budaqlanmaları və damarların uclanması müəyyən olunmuş qaydada təsdiq olunmuş, qüvvədə olan təlimata uyğun, presləmə, qaynaq, lehimləmə vasitəsi ilə və ya sıxaclar (vintli, boltlu və s.) vasitəsi ilə aparılmalıdır.
37. Bənd 2.1.2.10. Yanan materiallardan örtükləri olan mühafizə olunmuş naqillərin (kabellərin) və mühafizə olunmamış naqillərin qapalı taxçalardan, tikinti konstruksiyalarının boşluqlarından (məsələn, divarla divar üzlüyü arasında), şırımlardan və s., yanan konstruksiyalar mövcud olan yerlərdən gizli çəkilmələr aparılarkən, naqilləri və kabelləri hər tərəfdən yanmayan materialdan olan bütöv qat ilə mühafizə edilməlidir.
38. Bənd 7.1.5.7. Bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır. Əgər sayğacdan sonra mühafizə aparatları tərəfindən təchiz olunan bir xətt ayrılırsa, ümumi mühafizə aparatının qurulması tələb olunmur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
50. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
51. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
52. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
53. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi (§ 27) ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
54. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində (§ 29) göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə; və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.
55. Qanunvericilikdə delik məsuliyyətinin yaranması və tətbiq edilməsi üçün ümumi prinsip kimi yuxarıda qeyd edilən 3 şərtin olması tələb edilsə də, bəzi hallarda məhdud delikt məsuliyyəti də yarana bilir. Bu, təqsirsiz delik məsuliyyəti adlanır ki, onun da ən bariz nümunəsi Mülki Məcəllənin 1108-ci maddəsidir (§ 32,33).
56. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur.
57. Beləliklə, yüksək təhlükə mənbəyinin sahibi üçün iki əlamət xarakterikdir – hüquqi əlamət; maddi əlamət.
58. Hüquqi əlamətin mahiyyəti ondan ibarətdir ki, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbəyə sahiblik etməsi, yəni müvafiq fəaliyyəti həyata keçirməsi üçün hər hansı qanuni titula (qanuni əsasa) əsaslanması tələb olunur. Hər şeydən əvvəl bu cür qanuni titul kimi mülkiyyət hüququ və digər əşya hüququ çıxış edə bilər. Mülkiyyətçinin iradəsi ilə müəyyən obyektə sahiblik mülki-hüquqi müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə keçə bilər ki, bu zaman onlar həmin obyektin qanuni sahibi olurlar. Söhbət icarə, əmlak kirayəsi, saxlama, daşıma və digər müqavilələrdən, nəqliyyat vasitələrinin idarəedilməsi üçün verilmiş etibarnamələrdən gedir. Mülki-hüquqi müqavilə yüksək təhlükə mənbəyinin sahibliyinin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Sahibliyin keçməsi ilə əlaqədar yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət də yeni sahibə keçir.
59. Maddi əlamətin mahiyyəti ondan ibarətdir ki, təhlükəli obyektə faktiki sahiblik edən, öz sahibliyində real olaraq təhlükə mənbəyinə malik olan şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu əlamətə görə, zərər vurmaq xassəsinə malik olan obyektə, yəni yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən, bu obyektən istifadə edən şəxs vurulan zərər üçün məsuliyyət daşıyır. Maddi şərt yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
60. Kollegiya hesab edir ki, elektrik enerjisi yüksək təhlükə mənbəyi olduğundan “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci bəndində təsbit olunan vəzifə həmin mənbənin satıcısı olan və həmin mənbə üzərində nəzarət imkanları daha yüksək olan cavabdehin üzərinə qoyulmalı, əgər zərər bu vəzifənin yerinə yetirilməməsi səbəbindən ortaya çıxmışdırsa, zərərdən məhz o məsuliyyət daşımalıdır.
61. Baxılan mübahisə üzrə tədqiqat aparmış ekspert də belə nəticəyə gəlmişdir ki, hadisə baş vermiş yaşayış evinə qoşulmuş elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılması təmin edilmədiyinə görə "Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci bəndinin tələbləri fərdi yaşayış evinə mühafizə aparatının quraşdırılmasını təmin etməli olan qurumun (vəzifə təlimatının tələblərinə əsasən) həmin funksiyanı həyata keçirilməli olan əməkdaş(ları) tərəfindən pozulmuş, ... elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılmaması ilə həmin evdə yanğın hadisəsinin baş verməsi ilə nəticələnən hadisə arasında səbəbli əlaqə mövcud olmuşdur.
62. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq yanğın hadisəsi nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz "xxxx" ASC-nin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir (§ 31).
63. Kollegiya, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir; belə ki, onun anası həmin hadisə nəticəsində vəfat etmişdir və hadisənin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu, narahatlıq, məyusluq hissləri, stress yaratdığı şübhəsizdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
64. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
65. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
"xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1964/2024 saylı iş üzrə 27 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən "xxxx" ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov