Məhkəmə qərarları › İş №2(103)-5471/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5471/2023

03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5471/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “icarə müqaviləsinin qüvvədə olan müqavilə hesab edilməsi, təmir xərclərinin ödənilməsi və sair tələbi barədə” iddiasına, müstəqil tələb irəli sürən üçüncü şəxs Ağayev Ceyhun Məhəmməd oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “təmir xərclərinin ödənilməsi, vurulmuş ziyanın ödənilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamədən İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs Ağayev Ceyhun Məhəmməd oğlunun və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh3 vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir: - Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41 ünvanında yerləşən 19/21 saylı mənzilə dair onunla Cavabdeh3 arasında bağlanmış və Bakı şəhəri 01 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli “İcarə müqaviləsinin” aylıq 550 manat icarə haqqı ödənilməsi şərti ilə daha 1 il müddətinə qüvvədə olması; - mənzilin əsaslı təmiri üçün xərclənən vəsaitin əvəzi olaraq 147.000 manat, təmirə çəkilmiş xərcin hazırki bazar dəyəri ilə qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 439 manat, vəkilin hüquqi yardımının müqabilində ödənilmiş haqqın əvəzi olaraq 500 manat, cəmi 148.239 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi; - “İcarə müqaviləsi” üzrə öhdəliklərin cavabdehlər tərəfindən pozulması nəticəsində ona vurulmuş ziyanın əvəzi olaraq 20.000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “İcarə müqaviləsinə” əsasən, Cavabdeh3 özünə məxsus mənzili aylıq 550 manat icarə haqqı ödənilməsi şərti ilə iddiaçının icarəsinə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən, icarə müddəti xx.xx.2020-ci il tarixə qədər müəyyən edilmiş və həmin müddətin bitməsinə 1 ay qalmış tərəflər müqavilənin pozulmasına dair təklif irəli sürməzsə icarə müddətinin daha 1 il müddətinə uzadılmış hesab edilməsi razılaşdırılmışdır. İddiaçı, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mənzildə əsaslı təmir işləri aparmışdır. Əsaslı təmir briqada tərəfindən həyata keçirilmiş, iddiaçı tərəfindən mənzilin təmirinə 300.000 manat (hal-hazırda olan bazar qiyməti ilə 147.000 manat) pul xərcləmişdir. Bu fakt "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə təsdiq edilir. Təmirdən sonra mənzili “41 Karaoke klub” adı ilə biznes fəaliyyətində qeyri-yaşayış sahəsi kimi istifadə etmişdir. İddiaçı, bu biznesin möhkəmləndirilməsi üçün "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə 18 ay müddətinə ayda 1.314,57 manat ödəniş etmək şərti ilə 20.000 manat, "xxxx" QSC-dən xx.xx.2021-ci il tarixdə 24 ay müddətinə ayda 1.042 manat ödəniş etmək şərti ilə 20.000 manat və xx.xx.2022-ci il tarixdə 24 ay müddətinə ayda 1.032 manat ödəniş etmək şərti ilə daha 20.000 manat kredit götürmüşdür. Hazırda həmin sahibkarlıq fəaliyyətindən gələn gəlir hesabına aylıq kredit ödənişlərini vaxtında ödəyə bilir. Lakin iddiaçının faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunan mənzilin təmirinə bu qədər pul xərcləməsinə və həmin əmlakın iddiaçının istifadəsində olmasına baxmayaraq, cavabdeh (Cavabdeh3 arvadı) Cavabdeh2 xx.xx.2022-ci il tarixdə AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə” əsasən mənzili 990.000 manata Cavabdeh1 satmışdır. Cavabdehlər istər “Alğı-satqı müqaviləsindən” qabaq, istərsə də sonra alğı-satqı predmeti olan əmlaka baxış keçirməmişlər. Bu da o anlama gəlir ki, “Alğı-satqı müqaviləsi” formal xarakter daşıyır. Cavabdeh2 eyni tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə” əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 120,6 kv.m olan digər mənzili də 180.000 manata Cavabdeh1 satmışdır. Cavabdeh1 ümumilikdə 1.170.000 manat pul ödəyərək qeyriyaşayış sahəsi almasına baxmayaraq, bir dəfə də olsun sözügedən obyekti “İcarə müqaviləsi” əsasında işlədən İddiaçı ilə (şifahi və ya rəsmi olaraq) əlaqə saxlamamışdır. İddiaçıda olan məlumata əsasən, Cavabdeh3 və onun yaxın qohumlarının adına olan istər daşınar, istərsə də daşınmaz əmlakların xeyli hissəsi formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçı hesab edir ki, xx.xx.2018-ci il tarixli “İcarə müqaviləsinin” 3-cü bəndinə əsasən, icarə müddətinin bitdiyi tarixə Cavabdeh3 tərəfindən müqavilənin pozulmasına dair təklif irəli sürülmədiyi üçün icarə müddəti eyni müddətə uzadılmış, belə olan halda icarə müddətinin bitiminə daha 1 il müddət qalır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi barədə məlumat

3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs də eyni cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mənzilin əsaslı təmiri üçün xərclənmiş pul vəsaitinin əvəzi olaraq 350.000 manat, əldən çıxmış faydanın əvəzi olaraq 30.000 manat, vurulmuş ziyanın əvəzi olaraq 50.000 manat, maddi və mənəvi ziyanın əvəzi olaraq 150.000 manat, cəmi 570.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. Üçüncü şəxsin müstəqil iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı mənzildə əsaslı təmir işlərinə başlamazdan əvvəl 2017-ci ildə üçüncü şəxs Ceyhun Ağayev, İddiaçı və Cavabdeh3 arasında belə bir şifahi razılıq əldə edilmişdir ki, mənzilə dair təmir xərcləri və digər avadanlıqların alınmasına dair ödənişlər Ceyhun Ağayev tərəfindən həyata keçiriləcək, sonradan mənzil iaşə obyekti kimi işlədilərək Ceyhun Ağayevin buna görə etdiyi ödənişlər ona geri qaytarılacaqdır. 2017-ci ildə mənzildə çəkdirdikləri fotoşəkil buna sübutdur. İddiaçı mənzildə (faktiki olaraq isə iaşə obyektində) olan fəaliyyətini dayandırana qədər Ceyhun Ağayev orada administrator vəzifəsini icra edirdi. Ceyhun Ağayevin mənzilə çəkdiyi ümumi xərc 350.000 manat təşkil edir. Hazırda cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində Ceyhun Ağayev iaşə obyektini işlədə bilmir və bu səbəbdən ona xeyli miqdarda ziyan dəymişdir. Belə ki, Ceyhun Ağayevin faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunan mənzilin təmirinə bu qədər pul xərcləməsinə baxmayaraq, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsinə” əsasən mənzili 990.000 manata Cavabdeh1 satmışdır. Cavabdehlər istər müqavilədən qabaq, istərsə də sonra alğı-satqı predmeti olan əmlaka baxış keçirməmişlər. Bu da o anlama gəlir ki, həmin müqavilə formal xarakter daşıyır. Cavabdeh2 eyni tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsinə” əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 120.6 kv/m olan digər mənzili də 180.000 manata Cavabdeh1 satmışdır. Cavabdeh1 ümumilikdə 1.170.000 manat pul ödəyərək qeyri-yaşayış sahəsi almasına baxmayaraq, bir dəfə də olsun sözügedən obyekti “İcarə müqaviləsi” əsasında işlədən İddiaçı və onun şəriki olan Ceyhun Ağayev ilə (şifahi və ya rəsmi olaraq) əlaqə saxlamamışdır. Ceyhun Ağayevdə olan məlumata əsasən, Cavabdeh3 və onun yaxın qohumlarının adına olan istər daşınar, istərsə də daşınmaz əmlakların xeyli hissəsi formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdehlərin yol verdiyi qanunazidd hərəkətlər səbəbindən Ceyhun Ağayev hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. c) iddia tələblərinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat

5. Cavabdehlərin iddiaçının və üçüncü şəxsin iddia ərizələrinə etirazları onunla əsaslandırılmışdır ki, mənzil, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olmuş və xx.xx.2018-ci il tarixli “İcarə müqaviləsinə” əsasən İddiaçı icarəyə verilmişdir. “İcarə müqaviləsinin” 3-cü bəndinə görə icarə müddəti xx.xx.2020-ci il tarixə kimi müəyyən edilmişdir. Tərəflər həmin müqavilənin icarə müddətinin bitməsinə 1 ay qalmış onun pozulması barədə heç bir təklif irəli sürməmiş və müqavilənin şərtinə görə icarə müddəti avtomatik olaraq daha 1 il müddətinə, yəni xx.xx.2021-ci il tarixə kimi uzadılmış və həmin tarixdə bitmişdir. “İcarə müqaviləsinin” 9-cu bəndinə görə, icarəçi tərəfindən icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparıla bilməz. Lakin “İcarə müqaviləsinin” müddətinin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq, İddiaçı tərəfindən mənzil mülkiyyətçi Cavabdeh3 qaytarılmamışdır. Bundan sonra mənzil “Bağışlama müqaviləsi” əsasında Cavabdeh3 arvadı Cavabdeh2 mülkiyyətinə keçmiş və xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsi” əsasında Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmışdır. Hazırda həmin əmlak Cavabdeh1 mülkiyyətindədir. İddia ərizəsinin dəlilləri ziddiyyətli olmaqla bir-birini təkzib edir. Belə ki, “İcarə müqaviləsinin” xx.xx.2018-ci il tarixdə bağlanmasına baxmayaraq, iddiaçı müqavilə bağlanmazdan təxminən 10 ay qabaq, yəni xx.xx.2017-ci il tarixdə həmin mənzildə əsaslı təmir işləri aparmağa başladığını qeyd etmişdir. Halbuki, həmin dövrdə Cavabdeh3 İddiaçıla tanışlığı belə olmamış və o, İddiaçı mənzilin icarəyə götürülməsində bir müddət qabaq, məhz İddiaçı həmin mənzili icarəyə götürmək istəməsi ilə əlaqədar tanımışdır. Ona görə də 2017-ci ilin oktyabr-dekabr aylarında mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılması mümkün deyildi. İddiaçı banklardan kredit götürməsi ilə bağlı bildirdiklərinin isə hazırkı mübahisənin predmetinə, eləcə də cavabdehlərə heç bir aidiyyəti yoxdur və bu İddiaçı şəxsi işidir. “İcarə müqaviləsinin” müddətinin bitməsindən sonra İddiaçı tərəfindən ona heç bir aidiyyəti olmayan mənzilin “41 Karaoke” klubu adı ilə adlandırılıb biznesin möhkəmləndirilməsi üçün kredit götürülməsi əsassız və qanunaziddir. Bundan başqa, Cavabdeh2 tərəfindən xüsusi mülkiyyətində olan mənzillərin Cavabdeh1, yaxud hər hansı başqa bir şəxsə nə vaxt, hansı qiymətə satılmasının iddiaçıya və hazırkı işə heç bir aidiyyəti yoxdur. Xüsusi mülkiyyətində olan əmlaklar barəsində sərəncam vermək, onları özgəninkiləşdirmək Cavabdeh2 mülkiyyətçi kimi müstəsna hüququdur. Cavabdehlər qanunvericiliyə uyğun istənilən müqaviləni bağlamaqda sərbəstdir. Üçüncü şəxsin iddiasının dəlilləri iddiaçının iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etdiyi üçün üçüncü şəxsin iddiası da eyni səbəblərdən əsassız hesab edilməlidir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə İddiaçı iddiasının qismən təmin edilməsini, mənzildə yerləşən siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 nömrəli rəydə göstərilən ümumi dəyəri 116.035 manat olan əmlakların daşına bilən hissəsinin İddiaçı geri qaytarılmasını, daşına bilinməyən hissəsinin isə həmin rəydə göstərilən dəyərlərinin hesablanmaqla Cavabdeh3 tutularaq İddiaçı ödənilməsini, mənzilin əsaslı təmir xərclərinə görə 16.900 manat, qiymətləndirmə üçün ödənilmiş 300 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat və ödənilmiş 439 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsini, iddianın qalan və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissələrdə rədd edilməsini, üçüncü şəxs Ceyhun Ağayevin müstəqil iddiasının rədd edilməsini, iş üzrə ödənilmiş dövlət rüsumunun üçüncü şəxsə aid edilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləğinin Cavabdeh3, qalan 50 manat məbləğinin isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mənzilə çəkilmiş xərclərin (həm zəruri xərclərin, həm də yaxşılaşdırmaların) əvəzini icarəyə verəndən tələb etmək hüququ vardır. Əks halda Cavabdeh3 iddiaçının hesabına əsassız varlanmış olar. Bunun üçün Cavabdeh3 razılığının olub-olmaması, Cavabdeh3 obyektin təmir xərcinin ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik götürüb-götürməməsi əhəmiyyət kəsb etmir, iddiaçının bu tələbinin əsası qanundan irəli gəlir. Rayon Məhkəməsi hesab etmişdir ki, obyektdə aparılmış təmir-tikinti işlərinin dəyəri ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir. Belə ki, həmin rəyin əsassız olmasına əsas verən halların mövcudluğu məhkəmə tədqiqatı zamanı müəyyən edilməmiş, iş üzrə tərəflər həmin rəyi şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Lakin ekspert rəyi ilə müəyyən edilən məbləğdən Cavabdeh3 tərəfindən iddiaçıya ödənilmiş 14.000 manat çıxılaraq qalan (30.900 – 14.000 =) 16.900 manat məbləğ Cavabdeh3 tutularaq iddiaçıya ödənilməklə iddia göstərilən hissədə qismən təmin edilməlidir. Rayon Məhkəməsi İddiaçı məxsus olan və obyektdə yerləşən ümumi dəyəri təxminən 116.035,0 manat olan mallara münasibətdə qeyd etmişdir ki, göstərilən malların siyahısı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəydə göstərilmişdir. Həmin siyahıdan görünür ki, həmin malların bəziləri daşınar bilən əmlak, bəziləri isə obyektin tərkib hissəsi olmaqla, ondan ayrılacağı təqdirdə yararsız olacaq mallardır. Buna görə də məhkəmə hesab edir ki, obyektdə iddiaçıya məxsus daşınar bilən mallar iddiaçıya geri qaytarılmalı, obyektin tərkib hissəsi olmaqla, ondan ayrılacağı təqdirdə yararsız olacaq malların isə ekspert rəyində göstərilən dəyərləri hesablanmaqla Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Rayon Məhkəməsi həmçinin iddianın iddiaçıya vurulmuş 20.000 manat ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. İddianın “müqavilənin 1 il müddətinə qüvvədə olunması hesab edilməsi” hissəsinə münasibətdə Rayon Məhkəməsi qeyd etmişdir ki, müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Göründüyü kimi müqavilənin müddəti 1 il müddətinə uzadılma nəzərə alınmaqla xx.xx.2021-ci il tarixədək olduğundan və həmin müqavilə üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdiyinə görə xitam verildiyindən iddia göstərilən hissədə təmin edilə bilməz. Rayon Məhkəməsi iddianı digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissədə əsassız hesab edərək bu mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə adıçəkilən cavabdehlər arasında hər hansı öhdəlik münasibətləri yaranmamış, icarə müqaviləsi iddiaçı ilə Cavabdeh3 arasında bağlanmaqla müqavilə tərəfləri deyildirlər. Ona görə də iddiaçının iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissələrdə təmin oluna bilməz. Rayon Məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Ceyhun Ağayevin iddiasına münasibətdə isə qeyd etmişdir ki, qeyd edilən “İcarə müqaviləsində” icarəçi qismində Ceyhun Ağayev deyil, İddiaçı çıxış etdiyindən, Ceyhun Ağayev həmin müqavilənin tərəfi olmadığından sözügedən müqavilədən irəli gələn tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. e) apellyasiya şikayətləri barədə məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və onun iddiasının “müqavilənin 1 il müddətinə qüvvədə olunması hesab edilməsi” hissəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları İddiaçı iddiasının əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, İddiaçı Cavabdeh3 sürücüsünə 9 aylıq icarə haqqını əvvəlcədən ödəməklə 5.000 manat pul vermişdir. Bu fakt müqavilə öhdəliklərinin tərəflər arasında davam etdiyini təsdiq edir. Lakin həmin faktı təsdiq edən videoyazı Rayon Məhkəməsinə təqdim edilməsinə və sübut kimi qəbul edilməsinə baxmayaraq qətnamədə münasibət bildirilməmişdir. Rayon Məhkəməsi qətnamənin mübahisə edilən hissəsində sübutları tam araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

10. İş üzrə üçüncü şəxs Ceyhun Ağayev də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və müstəqil iddianın təmin edilməsini Məhkəmədən xahiş etmişdir.

11. Məzmunu müstəqil iddianın məzmununa və iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olan üçüncü şəxsin apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi mövqedə yalnız Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyə əsaslanmışdır. Digər təqdim edilən sübutlar araşdırılmamışdır.

12. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşmayan Cavabdeh3 da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin İddiaçı iddiasının qismən təmin edilməsi və məhkəmə xərclərinin cavabdehə aid edilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsini Məhkəmədən xahiş etmişdir.

13. Dəlilləri iddialara qarşı etirazın dəlilləri ilə eyni olan bu apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, “İcarə müqaviləsinin” müddətinin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq, İddiaçı mənzili onun mülkiyyətçisi Cavabdeh3 qaytarmayaraq həmin sahədən istifadəni davam etdirir və o, “İcarə müqaviləsinin” müddəti bitdikdən sonra onun uzadılmasını xahiş etmişdir. Cavabdeh3 İddiaçı mənzili satmaq fikrində olduğunu bildirdikdə, İddiaçı xahiş etmişdir ki, alıcını özü tapacaq və həmin alıcı ilə icarə münasibətlərini davam etdirəcək. Cavabdeh3 bununla razılaşsa da, iddiaçı mənzilə alıcı tapa bilməmişdir. Bundan sonra mənzil əvvəlcə bağışlama yolu ilə Cavabdeh2 adına keçirilmiş, sonra da alğı-satqı yolu ilə Cavabdeh1 satılmışdır. Cavabdeh1 İddiaçıla icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmamış və Cavabdeh3 mənzilin boşaldılıb ona təhvil verilməsini tələb etmişdir. “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” 11-ci bəndinə əsasən alğı-satqı predmeti olan daşınmaz əmlakı alıcıya təhvil vermək satıcının öhdəliyi olduğundan Cavabdeh3 mənzilin tezliklə boşaldılmasını İddiaçı xahiş etmiş, sonuncu imkanının olmadığını bildirərək, Cavabdeh3 bunun üçün müəyyən məbləğdə maddi yardım göstərməsini xahiş etmiş, Cavabdeh3 da mənzilin tez boşaldılaraq alıcıya təhvil verilməsi məqsədilə İddiaçıla son nəticədə 20.000 manata razılaşmış, bunun 14.000 manatını hissə-hissə iki dəfəyə İddiaçı verilmiş, qalan 6.000 manatın isə mənzil boşaldıldıqdan sonra veriləcəyi bildirilmişdir. Lakin İddiaçı vədinə əməl etməyərək mənzili boşaltmamış, mənzilin qapısını Cavabdeh3 üzünə açmamış, əksinə polisə şikayət edərək Cavabdeh3 tərəfindən hədələndiyini bildirmiş və mənzili boşaldaraq onun yeni mülkiyyətçisi Cavabdeh1 təhvil verməkdən imtina etmişdir. Buna görə də, Cavabdeh1 ilə İddiaçı arasında məhkəmə mübahisələri baş vermişdir. İddiaçı da hazırki iddia tələbi Rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxmış Rayon Məhkəməsi iddianın qismən təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Rayon Məhkəməsinin qətnaməsinin nəticə hissəsində qeyri-müəyyənliklər var. Belə ki, qətnamədə Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi qət edilmiş pul məbləğlərinin cəmi göstərilməmişdir. Qətnamənin “ekspert rəyində göstərilən ümumi dəyəri 116.035 manat olan əmlakların daşına bilən hissəsinin İddiaçı geri qaytarılmasını, daşına bilinməyən hissəsinin isə həmin rəydə göstərilən dəyərlərinin hesablanmaqla Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi” hissəsi isə ümumiyyətlə qeyri-müəyyən olmaqla, cavabdehdən tutulmalı olan pulun məbləği dəqiq müəyyən deyildir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh3 artıq mənzilin mülkiyyətçisi deyil və bugünə kimi yeni mülkiyyətçi ilə bərabər mənzilə daxil ola bilmirlər. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mənzildə aparılmış təmir-tikinti işlərinin müddətinin müəyyən olunmasına dair metodika olmadığından, həmin işlərin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində aparılıb-aparılmamasını müəyyən etmək mümkün deyil. Ekspert rəyində müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin dəyəri 3.900 manat dəyərində laminat, 4.000 manat dəyərində çöl şüşələr və 23.000 manat dəyərində təmir xərcləri (material, usta pulu, elektrik, kabel, internet və s. xərclər) olmaqla, ümumilikdə 30.900 manat təşkil edir. Ümumi qiymət kimi müəyyən edilmiş 147.000 manatın qalan hissəsi isə daşınar əşyalar olan avadanlıqların qiymətini təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “Qiymətləndirmə hesabatından” görünür ki, qiymətləndirilən əşyaların yerləşdiyi yer cavabdehlərə məxsus mənzil deyil, tamam başqa ünvan olan ünvan 2in “41 Karaoke klubu” adlı qeyri-yaşayış sahəsinin, orada yerləşən əşyaların cavabdehlərə heç bir aidiyyəti yoxdur. Odur ki, həmin “Qiymətləndirmə hesabatı” mənzildə 147.000 manat dəyərində təmir işlərinin aparılmasını təsdiq edən sənəd deyil. Tədqiqatın aparıldığı ünvan səhv yazılmış olsa da “Qiymətləndirmə hesabatı”, eləcə də onun əsasında verilmiş, daha doğrusu üzü köçürülmüş ekspertiza rəyi iş üzrə mötəbər sübut hesab oluna bilməz. İş üzrə ifadə vermiş şahidlər də iddiaçıya yaxın, onunla birlikdə iş görən şəxslər olduğundan onların ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Rayon Məhkəməsi Cavabdeh3 verdiyi izahatları təhrif etmiş, cavabdehin mənafeyinə uyğun olmayan şəkildə şərh etmişdir. İddiaçıya 3 ay möhlət verilməsi halı da icarə haqqının ödənilməsi ilə bağlı olmuş və bunun təmir-tikinti işlərinin aparılması və ya buna razılıq verilməsi ilə heç bir əlaqəsi yoxdur. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

14. Apellyasiya baxışında iştirak etmiş İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş İddiaçı özü, Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər, özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və bu şikayətinin əsaslarına uyğun izahat verdilər. Onlar öz izahatlarında əlavə olaraq bildirdilər ki, İddiaçı tərəfindən Cavabdeh3 edilmiş ödəniş Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdeh tərəf "xxxx" ASC və "xxxx" ASC ilə olan müqavilələri ləğv etmişdir. Sonradan həmin müqavilələr gec bərpa olunmuşdur. Buna görə obyektə 20.000 manat ziyan dəymişdir. Mənzildə elə əşyalar var ki, onları götürüb aparmaq mümkün deyildir. Məsələn, səsboğucu qurğu divara yerləşdirilir, onu aparmaq mümkün deyil. Havalandırıcını aparmaq olmur. Çöl pəncərəni İddiaçı qoymuşdur. İddiaçıya 200.000 manat verilməli idi, lakin cəmi 14.000 manat verilmişdir.

15. Üçüncü şəxs Ceyhun Ağayev apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, özünün verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və bu apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. O, öz izahatında əlavə olaraq bildirdi ki, ona Cavabdeh3 15.000 manat verəcəyi təqdirdə mənzildən çıxmağın, mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkün olması barədə deyilmişdir. Bundan başqa, sözügedən mənzildə obyektin fəaliyyətində İddiaçıla şərik olmalarına baxmayaraq, özü hərbi qulluqçu olduğu üçün müqavilənin yalnız İddiaçıla bağlamasına razılıq vermişdir. Təmir-tikinti işlərini İddiaçı aparmış, özü də işlərinin gedişi ilə mütəmadi maraqlanmışdır. Xərcləri şərik olduqları üçün hər ikisi çəkmişdir.

16. Apellyasiya baxışında iştirak etmiş Cavabdeh1 vəkili (nümayəndəsi) Nümayəndə, habelə apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili (nümayəndəsi) Vəkil2 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdeh tərəfin iddialara etirazının və Cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili (nümayəndəsi) öz izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh3 mənzildə təmir-tikinti işlərinin görülməsinə icazə verməmişdir. İddiaçı 3 ay möhlət istəməsi kimi bir hal da olmamışdır. Möhlət icarə haqqının ödənilməsi ilə bağlı olmuşdur. İddiaçının 200.000 manat istəməsi barədə dedikləri həqiqətə uyğun deyil. Pəncərələr isə əvvəldən mənzildə olmuşdur. İddiaçı iddia tələbi qeyri-müəyyəndir və iddia müddətinin “daha bir il müddətinə” dedikdə konkret olaraq hansı müddətdə “qüvvədə olunması hesab edilməsi” göstərilmir. İddia ərizəsində, eləcə də apellyasiya şikayətində iddia tələbinin yeganə əsası və sübutu kimi qeyd olunur ki, məhkəməyə təqdim edilmiş videoyazıda Cavabdeh3 sürücüsünə 9 aylıq icarə haqqının əvəzi olaraq 5.000 manat pul verilmişdir. Cavabdeh3 sürücüsü müqavilə üzrə tərəf deyil və qeyd olunan videoyazının kim tərəfindən, nə vaxt və harada, hansı əsasla qeydə alınması məlum deyildir. İş materiallarından da göründüyü kimi tərəflər arasında həmin icarə münasibətlərinin davam etdiyi dövrdə pandemiya ilə əlaqədar icarə haqqının ödənilməsinə güzəşt edilməsi, bir neçə aylıq icarə haqqının bir dəfəyə ödənilməsi, eləcə də onların bir-birinə borc verib qaytarmaları halları mövcud olmuşdur. Bundan əlavə, notarial qaydada bağlanmış müqaviləyə dəyişiklik edilməsi də notarial qaydada olmalıdır. Cavabdeh1 vəkili (nümayəndəsi) öz izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh1 obyektlə iki dəfə tanış olmuşdur. Ona mənzilin icarədə olduğu bildirilmişdi. Əvvəlki mülkiyyətçi demişdi ki, icarəçi onundur, bu məsələni də özü həll edəcəkdir. Cavabdeh1 əmlak əşyaları ilə birgə satılmışdır.

17. İş üzrə üçüncü şəxs Ceyhun Ağayev, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin sonuncu iclasında iştirak etməmiş, nümayəndələr ilə təmsil olunmamışlar. Onlar bunun səbəbləri barədə də Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

18. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, İddiaçı və üçüncü şəxs Ceyhun Ağayevin apellyasiya şikayətləri təmin edilməməli, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi İddiaçı iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilməklə həmin hissəsə iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

19. Belə ki, işin mürəkkəbliyi və tələblərin müxtəlifliyi nəzərə alınaraq Rayon Məhkəməsinin qətnaməsi hər bir tələb üzrə gəldiyi hüquqi mövqeyə ayrı-ayrılıqda qiymət verilməklə yoxlanılmalıdır. Bunun üçün ilk öncə nəzərə alınmalıdır ki, hazırki məhkəmə prosesinin iştirakçıları arasında bundan əvvəl aralarında olan icarə münasibətlərindən irəli gələn və mənzildən istifadə ilə bağlı başqa məhkəmə mübahisələri olmuş və qanuni qüvvəsini almış yekun məhkəmə aktları ilə müəyyən edilmiş əhəmiyyətli faktlar olmuşdur, hansı ki MPM-nin 82.3-cü maddəsinin tələbinə görə həmin faktların hazırki iş üzrə yenidən sübut edilməsi mümkün deyil. Çünki MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3478/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və Ceyhun Ağayevin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh1 iddiaçılar İddiaçı və Ceyhun Ağayevə qarşı “mənzil sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair iş üzrə iddiaçıların verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-821/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 2(102)- 3795/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar ilə kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.

22. Qanuni qüvvəyə minmiş həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 41 saylı evin 19/21 saylı mənzil (hazırki iş üzrə mübahisə predmeti olan mənzil) İddiaçı icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixdə icarə müqaviləsinin müddəti bitmişdir. Bundan sonra Cavabdeh3 obyekti satmaq istədiyi üçün icarə münasibətlərini davam etdirməmişdir. 2022-ci ilin yanvar ayında Cavabdeh3 obyekti arvadı Cavabdeh2 bağışlamış, sonuncu da 2022-ci ilin may ayında obyekti Cavabdeh1 satmışdır. İddiaçı tərəfindən mübahisəli obyekt yaşayış sahəsi kimi kirayəyə götürülməmiş və yaşayış otağı kimi istifadə edilməmişdir, iaşə obyekti – “karaoke” kimi fəaliyyət göstərmişdir. Ona görə də İddiaçı Mülki Məcəllənin 699.3-cü maddəsinin tələbinə uyğun olaraq satın almaqda üstünlük hüququ olmamışdır. İddiaçı mübahisəli obyektin alğı-satqısı zamanı hər hansı hüququ olmamışdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar yoxdur. İddiaçı obyekt satılan ərəfədə Cavabdeh3 təmir xərcinə görə 14.000 manat aldığını, lakin sonuncu təmirə çəkilmiş xərcin qalan hissəsini vermədiyinə görə obyekti boşaltmaqdan imtina etdiyini bildirməklə, obyektin satılmasından məlumatlı olduğunu və təmir xərci ödəniləcəyi təqdirdə heç bir mübahisə etmədən obyekti boşaltmaq niyyətində olduğunu etiraf etmiş olur. Yəni İddiaçı izahatından belə aydın olur ki, obyektin satılması ona məlum olmuş və o, obyekti boşaltmaq üçün Cavabdeh3 təmirə çəkdiyi xərci istəmiş, sonuncu da iki dəfəyə 14.000 manat ödədikdən sonra qalan vəsaiti ödəmədiyi üçün obyekti boşaltmaqdan imtina etmişdir. Buradan belə nəticə hasil olur ki, tərəflər arasında yaranmış mübahisə obyektin başqa şəxsə - Cavabdeh1 satılması ilə yox (satın almaqda üstünlük hüququndan istifadə), obyektin təmirinə çəkilmiş xərcin məbləği ilə bağlı yaranmışdır ki, həmin mübahisə də başqa mülki işin predmeti olmaqla, hazırda baxılmaqdadır. İcarə müqaviləsinin müddəti bitdikdən sonra Cavabdeh3 obyekti satmaq qərarına gəldiyini İddiaçı bildirdikdə, sonuncu yeni mülkiyyətçi ilə icarə münasibətlərində qalmaq üçün özünün münasib müştəri tapmasını xahiş etmiş, lakin belə müştəri tapa bilmədiyi üçün Cavabdeh3 (arvadı Cavabdeh2) obyekti Cavabdeh1 satmışdır. 2022-ci ilin aprel ayında İddiaçı tərəfindən Cavabdeh3 Müşfiq adlı sürücüsü vasitəsilə 5.000 manat 9 ay qabaqcadan olmaqla kirayə haqqının ödənilməsi barədə birinci instansiya məhkəməsində heç bir sübut təqdim edilməməsi ilə yanaşı, həmin hal işin yuxarıda göstərilən halları ilə də təkzib olunur. Yəni İddiaçı 2022-ci ilin elə aprel-may aylarında iki dəfəyə 14.000 manat pul aldığı halda Cavabdeh3 9 ay qabaqcadan icarə haqqı ödəməsi real və inandııcı görünmür. İcarə münasibətlərinin davam etməsinə gəldikdə isə, qeyd olunmalıdır ki, iddiaçıların mübahisəli obyektdən hazırki vaxtadək istifadə etməsi bu istifadənin qanuni olması anlamına gəlmir.

23. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş halları nəzərə alan Məhkəmə hazırki mübahisənin həlli ilə bağlı qeyd edir ki, İddiaçı birinci tələbi “Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41 ünvanında yerləşən 19/21 saylı mənzilə (bundan sonra – mənzil) dair onunla Cavabdeh3 arasında bağlanmış və Bakı şəhəri 01 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli “İcarə müqaviləsinin” aylıq 550 manat icarə haqqı ödənilməsi şərtilə daha 1 il müddətinə qüvvədə olunması hesab edilməsi”, yəni daha dəqiq ifadə olunsa “uzadılmış hesab edilməsi” barədədir. Çünki həll edilməli olan mübahisənin mahiyyətindən, işdə olan sənədlərdən və tərəflərin izahatlarından bu qənaətə gəlmək olar ki, tərəflər müqavilənin müddətinin bitib-bitməməsi ilə bağlı fikir ayrılığına gəlmişlər.

24. İddiaçı bu tələbini irəli sürərkən Cavabdeh3la aralarında bağlanmış və Bakı şəhəri 01 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli “İcarə müqaviləsinin” 3-cü bəndinə istinad etmiş və xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsinin” formal müqavilə olması, mənzilin sonuncu alıcısının gəlib əmlaka baxış keçirməməsi, ona alğı-satqı barədə məlumat verilməməsi, “İcarə müqaviləsinin” 3-cü bəndinə əsasən müqavilənin müddətinin bitiminə daha 1 il müddət qalması ilə əsaslandırmışdır.

25. Rayon Məhkəməsi həmin tələbi əsassız hesab edərək öz mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Göründüyü kimi müqavilənin müddəti 1 il müddətinə uzadılma nəzərə alınmaqla xx.xx.2021-ci il tarixədək olduğundan və həmin müqavilə üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdiyinə görə xitam verildiyindən iddia göstərilən hissədə təmin edilə bilməz.

26. Məhkəmə qeyd edir ki, başqa iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə “İcarə müqaviləsinin” müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyi müəyyən edilmişdir. İddiaçının bu faktı hazırki iddianı irəli sürməklə başqa məhkəmə prosesində mübahisələndirməsi və yenidən sübut edilməsi yolverilməzdir. Belə olan halda, müqavilənin müddətinin uzadılmış hesab edilməsi və ya iddia ərizəsində qeyd edildiyi ifadə ilə “qüvvədə olunması hesab edilməsi” tələbi əsassız hesab edilir. Rayon Məhkəməsi həmin tələbi təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayəti əsassızdır.

27. İddiaçı ikinci tələbi “mənzilin əsaslı təmiri üçün xərclənən vəsaitin əvəzi olaraq 147.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması” tələbi ilə bağlıdır.

28. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mənzildə əsaslı təmir işləri apardığını bildirir. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəy” adlı qiymətləndirmə hesabatında mənzildə görülmüş işlərin siyahısı və ayrı-ayrılıqda dəyəri qeyd edilmiş, əşyaların hazırki bazar qiyməti 147.000 manat müəyyən edilmişdir.

29. Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mənzildə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövrlər ərzində hər hansı əsaslı təmir-tikinti işlərinin aparılıb-aparılmamasının, əgər aparılmışdırsa buna çəkilmiş xərclərin, habelə mənzildə yerləşən əşya və avadanlıqların hazırki dövr üçün orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və "xxxx" MMC-nin mütəxəssis rəyi və iddiaçının təqdim etdiyi fotoşəkillər nəzərə alınmaqla ekspertizaların aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

30. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41, 19/21 saylı mənzildə (hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur) baxış zamanı əsaslı təmir işlərinin aparıldığı müəyyən olunmuşdur. Lakin təmir-tikinti işlərinin müddətinin müəyyən olunmasına dair metodika olmadığından, həmin ünvanda yerləşən mənzildə aparılmış təmir-tikinti işlərinin 01 oktyabr 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək dövrlər ərzində aparılıb-aparılmaması müəyyən etmək mümkün olmadı. Eyni zamanda iş materiallarında olan “Look" MMC-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41, 19/21 saylı mənzildə (hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur) aparılmış təmir-tikinti işlərinin dəyəri 30.900 manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların “Look" MMC-nin mütəxəssis rəyinə əsasən orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 116.035 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir.

31. İddiaçının vəsatəti əsasında mənzildə təmir işlərinin aparılması faktı ilə bağlı Rayon Məhkəməsi tərəfindən şahidlərin ifadələri dinlənilmişdir.

32. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Sultanzadə Mirzə İmran oğlu ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur və 8 ildir ki tanıyır. Ceyhun Ağayevi 8 ildir tanıyır. Cavabdehlərdən Cavabdeh3 qeyd edilən obyektin mülkiyyətçisi kimi tanıyırdı. Qeyd edilən mübahisəli obyekt pandemiyadan əvvəl, yəni 2018-ci ildən əvvəl “Pub” kimi fəaliyyət göstərirdi və oranı iddiaçıdan əvvəl Gəncəli adlı şəxs işlədirdi. İddiaçı oranı təxminən 5 ildən çox müddətdə işlədirdi. İddiaçı orada demontaj işləri aparmışdır, lakin tarixi dəqiq yaxdında deyil. İddiaçı ilə Cavabdeh3 arasında olan ödənişlərdə dəfələrlə iştirak etmişdir. Ödənişlər Cavabdeh3 və ya sonuncunun sürücüsünə edilirdi. Ödənişlər 3.000 manat, 5.000 manat və digər məbləğlərdə olub. Lakin aylıq ödənişin miqdarını dəqiq bilmir. Pandemiya vaxtı iddiaçı ondan (şahiddən) təxminən 3.000-3.500 manat borc pul almış və onun iştirakı ilə həmin pulu Cavabdeh3 vermişdir. Karantin vaxtının müəyyən vaxtları ödənişlər olurdu. Qeyd edilən obyektdə demontaj işləri aparılarkən obyektə iddiaçı dostu olduğuna görə gedib-gəlmişdir. Obyekt hazırda fəaliyyət göstərir. Karantin vaxtı obyekt fəaliyyət göstərmirdi. Obyekt 2022-ci il tarixdə həm karantinə, həm də tərəflər arasında mübahisə olduğuna görə fəaliyyət göstərmirdi. Karantin ərəfəsində Cavabdeh3 obyektin işıqlarını kəsmişdi.

33. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Rzayev Elçin Həsənbala oğlu ifadəsində göstərmişdir ki, İddiaçı müştəri kimi iş əsnasında tanımışdır. Tikinti işi ilə məşğuldur. Müstəqil tələb irəli sürən üçüncü şəxs Ceyhun Ağayevi iddiaçının yanında görmüşdür. Qeyd edilən qeyri-yaşayış sahəsi təmirsiz idi və oranı təmin etdirmək üçün iddiaçı onunla razılaşdı və ödəniş əsasında həmin yeri təmir etdi. Təmir işləri təxminən 2017-ci ilin yay aylarında idi. Birinci söküntü işi aparmış, daha sonra təmir etmişdir. Söküntü-təmir işləri təxminən 5-6 ay davam etdi. Cavabdeh3 tanımırdı, daha sonra onun adını eşitmişdir. İddiaçı ödənişləri ona nağd, lakin bəzi ustalara kart vasitəsilə edirdi. Bəzi materialları şəxsən alırdı, bəzilərini isə iddiaçı alırdı. Tikintiyə heç kim müdaxilə etmirdi. Təmirlə bağlı sifarişi iddiaçı verib.

34. Rayon Məhkəməsi tərəfindən dindirilmiş şahid Bədəlov Rza Eldar oğlu göstərmişdir ki, Cavabdeh3 tanımır. İddiaçı ilə şəxsi münasibəti yoxdur. Elektrik işi ilə məşğuldur. İddiaçının obyektində işləmişdir. İddiaçı ona 5.000 manat pul ödəyib. Ödənişi nağd formada almışdır. Təmir işləri bitdikdən sonra ora qonaq kimi getmişdir. Təxminən 2017-ci ilin ortaları təmir işləri həyata keçirilib. Elektrik işi üzrə təmir işləri 2 ay müddət oldu. İşləri qurtardıqdan sonra da digər təmir işləri davam edirdi. Oraya nə qədər pul xərcləndiyi barədə məlumatı yoxdur.

35. Göründüyü kimi mənzildə təmir işlərinin 2017-ci ildə görüldüyü şahid ifadələri ilə öz təsdiqini tapmışdır.

36. Rayon Məhkəməsi tərəfindən sübutun yerində müayinəsi ilə bağlı mübahisə predmeti olan obyektə baxış keçirilərkən qeyri-yaşayış sahəsinin 75C ünvanında yerləşməsi, sahənin çöl hissəsində pəncərələrin olması, sahənin giriş hissəsinin çöldə metaldan olan iki ədəd şir heykəlinin olması, sahənin giriş hissəsində çöl tərəfdən solda kondisionerin olması, sahənin üzərində “41 Karaoke” yazısının olması, sahənin birinci mərtəbəsinin giriş hissəsinin çöl tərəfindən zirzəmiyə pilləkənlər vasitəsilə girişin olması, sahəyə daxil olarkən kvadrat formasında dəhlizin olması, dəhliz ilə zal arasında qapı və arakəsmələrin olması, qeyd edilən foyedən əsas zala giriş, zalın qarşısında bar, barın sağ tərəfində sanitar qovşağı və barın sol tərəfində isə mətbəxə girişin olması, mətbəxə baxış keçirilən zaman mətbəxin tavan hissəsində rütubətdən dolayı ləkələr və tavanın bəzi hissələrinin üzlük hissəsinin qopması, mətbəxdən bloka çıxış üçün dəmir qapının olması, zalda on iki ədəd televizor və on dörd ədəd kameranın olması, barın içərisində elektron avadanlıqları, əsas zalda tüstü işıq və səs gücləndiricilər divan və stolların olması, zirzəmidə stollar, qapılar, mətbəx avadanlıqları, televizor, aparat, kondisioner yeşikləri, butulkalar, köhnə havalandırma sistemi qab-qacaqların olması faktları müəyyən edilmişdir.

37. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, İddiaçı mənzili icarəyə götürdükdən sonra gördüyü yaxşılaşdırma işlərini, onların dəyərini və işlərin icarə müddətində görüldüyünü sübuta yetirmişdir.

38. İş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (maddə 157.5.). İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər (maddə 157.6.). Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 157.7.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir (maddə 1094.).

39. Məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü tələblər baxımından mövqeyi birbiri ilə ziddiyyət təşkil etməklə anlaşılmazdır. İddiaçı həm “İcarə müqaviləsinin” müddətinin bitmədiyini və icarə münasibətlərinin davam etdiyini bildirərək müqavilənin müddətinin uzadılmış hesab edilməsini tələb edir, həm də icarə obyektinə çəkmiş olduğu xərclərin əvəzini tələb edir. Hər iki tələbin eyni vaxtda təmin edilməsi mümkün deyil. Lakin artıq müqavilə müddətinin uzadılmış hesab edilməsi tələbinin əsassız olduğu müəyyən edildiyindən Məhkəmə hazırda müzakirə edilən tələbə də qiymət verməyi zəruri hesab edir.

40. Məhkəmə hesab edir ki, İddiaçı mənzili icarəyə götürdükdən sonra mənzili yaxşılaşdırmaq üçün çəkdiyi xərclərin əvəzini o zaman tələb edə bilər ki, bu yaxşılaşdırmaları mənzilə zərər vurmadan ayırmaq mümkün olmasın.

41. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli, 10/8169-9/8982 saylı rəyindən görünür ki, mənzildə əsaslı təmir-tikinti işləri aparılmışdır. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri 30.900 manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların həmin MMC-nin mütəxəssis rəyinə əsasən orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 116.035 manat müəyyən olunur.

42. Rəyin tədqiqat hissəsində göstərilmiş 3.900 manat dəyərində laminat, 4.000 manat dəyərində çöl şüşələr və 23.000 manat dəyərində təmir xərcləri (material, usta pulu, elektrik, kabel, internet və s. xərclər) olmaqla ümumi dəyəri 30.900 manat olan təmir-tikinti işlərinin mənzilə zərər vurulmadan ayrıla bilməyən yaxşılaşdırmalar olduğu müəyyən edilir. Ümumi dəyəri 116.035 manat qiymətləndirilmiş mallar isə daşınar əşyalar olduğundan onların mənzildən zərər vurmadan ayrılması mümkündür.

43. Belə olan halda ümumi dəyəri 116.035 manat müəyyən edilmiş həmin əşyaları iddiaçı özündə saxlaya bilər. Bu səbəbdən iddiaçı həmin əşyalara görə çəkilmiş xərcin əvəzini tələb edə bilməz.

44. Rayon Məhkəməsinin “ümumi dəyəri 116.035 manat olan əmlakların daşına bilən hissəsinin İddiaçı geri qaytarılması, daşına bilinməyən hissəsinin isə ekspert rəyində göstərilən dəyərlərinin hesablanmaqla Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi” barədə gəldiyi nəticə dəqiq deyil. Çünki gəldiyi nəticədə Rayon Məhkəməsi əmlakın hansı hissəsinin qaytarılmalı, hansı hissəsinin isə dəyərinin ödənilməli olduğunu, habelə ödənilməli məbləği dəqiq ifadə etməli idi.

45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir (bənd 6.8.). Məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi müddəalarla yanaşı, ayrı-ayrı kateqoriyalı işlər üzrə xüsusi müddəalar da əks olunmalıdır. Məsələn: şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlər üzrə məhkəmə qətnaməsində vətəndaşların şərəf və ləyaqətini ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilmə üsulu; sağlamlığa vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə qətnamədə tutulmalı ziyanın dəqiq miqdarı, ödəniş məbləğləri; əmlakın həbsdən azad edilməsi barədə iddia təmin edildikdə, qətnamədə hansı əmlakın iddiaçıya məxsus olması və həbsdən azad edilməsi; atalığın etirafı faktının müəyyən edilməsi işləri üzrə atalığın müəyyən edilməsi barədə aktın VVADQ orqanlarında qeydiyyatı üçün zəruri olan məlumatlar (soyad, ad, ata-ana adı, doğulduğu gün, ay, il və yer, daimi yaşayış yeri) göstərilməlidir (bənd 6.9.).

46. Bundan başqa, Rayon Məhkəməsi belə nəticəyə gəlməklə zərurət olmadan iddia tələbindən kənara çıxmış və prosessual hüquq normasının tələbinin pozulması halına yol vermişdir. Çünki iddiaçı ayrıla bilən əmlakının qaytarılması barədə hazırki iş üzrə tələb irəli sürməmiş, yalnız əmlakının dəyərinin ödənilməsini xahiş etmişdir.

47. MPM-nin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

48. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, ümumi dəyəri 116.035 manat qiymətləndirilmiş mallar daşınar əşyalar olduğu üçün onların daşınmaz əmlaka zərər vurmadan ayrılması mümkün olduğundan çəkilmiş xərcin əvəzinin ödənilməsi barədə İddiaçı tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.

49. Məhkəmə hesab edir ki, 30.900 manat ayrıla bilməyən yaxşılaşdırma xərclərinin 23.000 manat təmir xərcləri (material, usta pulu, elektrik, kabel, internet və s. xərclər) hissəsinin iddiaçı tərəfindən tələb edilməsi əsassızdır. Çünki iddiaçı həmin sahəni icarəyə götürdükdən sonra oradan qeyri-yaşayış sahəsi - “Karaoke klub” kimi istifadə etmiş və bu məqsədlə mənzildə təmir işləri aparmışdır. İcarə müddətində cavabdeh tərəf iddiaçıya bu fəaliyyətində hər hansı maneçilik törətməmişdir. Ona görə də, iddiaçının tələbi 23.000 manat təmir xərci hissəsində də əsassızdır. Əks yanaşma olsa, o halda tərəflər arasındakı münasibətlər düzgün müəyyən edilmiş olmaz. Çünki tərəflər arasında icarə münasibətləri olmuşdur, təmir işlərinin görülməsi ilə bağlı podrat münasibətləri olmamışdır ki, iddiaçı gördüyü təmir işlərinin əvəzini Cavabdeh3 tələb etsin. Başqa cür ifadə etsək Cavabdeh3 mənzili İddiaçı ona görə verməmişdir ki, orada Cavabdeh3 üçün onun hesabına təmir işləri görsün.

50. Lakin Məhkəmə hesab edir ki, ekspert rəyinin tədqiqat hissəsində göstərilmiş 3.900 manat dəyərində laminat və 4.000 manat dəyərində çöl şüşələr iddiaçıya məxsusdur və mənzilə zərər vurulmadan ayrıla bilməyən yaxşılaşdırmalardır. Buna görə iddiaçının həmin əşyaların 7.900 manat ümumi dəyərini tələb etməyə haqqı çatır. Lakin yuxarıda qeyd edilmiş artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə Cavabdeh3 iddiaçının mənzildə gördüyü yaxşılaşdırma işlərinə görə ona 14.000 manat pul verməsi müəyyən edilmişdir. Belə olan halda, iddiaçının 7.900 manat pul tələbi təmin edilə bilməz.

51. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı “mənzilin əsaslı təmiri üçün xərclənən vəsaitin əvəzi olaraq 147.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması” tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Rayon Məhkəməsi həmin hissədə gəldiyi nəticə səhv, Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır.

52. Məhkəmə hesab edir ki, İddiaçı iddiası əsassız hesab edildiyindən “mənzilin təmiri üçün xərclənən vəsaitin hazırki bazar dəyəri barədə qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 300 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 439 manat, vəkilin hüquqi yardımının müqabilində ödənilmiş haqqın əvəzi olaraq 500 manat məbləğində pulun ödənilməsi” tələbləri də əsassız hesab edilərək təmin edilməməlidir. Rayon Məhkəməsinin müzakirə edilən hissədə gəldiyi nəticə düzgün deyil. Cavabdeh3 apellyasiya şikayəti həmin hissədə əsaslıdır.

53. Məhkəmə üçüncü şəxs Ceyhun Ağayevin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Ceyhun Ağayevin icarəçi olması iş materialları ilə təsdiq olunmur. O, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli “İcarə müqaviləsində” icarəçi qismində çıxış etmir, həmin müqavilənin tərəfi deyil.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

55. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, təmirə çəkilmiş xərclərin ödənilməsinə dair hazırkı iddia tələbinə icarə verənə qarşı icarə müqaviləsinə əsaslanaraq irəli sürülmüş tələb kimi qiymət verildiyi və həmin tələbə icarə müqaviləsindən irəli gələn mülki hüquq normalarını tətbiq edildiyi təqdirdə həmin tələbin müstəqil tələb irəli sürən üçüncü şəxsin subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

56. Digər tərəfdən Rayon Məhkəməsi onu da qeyd etmişdir ki, təmirə çəkilmiş xərclərin ödənilməsi barədə hazırkı iddia tələbinə əşya və əmlak hüququnun normaları (Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrini) tətbiq edilərsə belə, həmin iddia əsaslı hesab edilə bilməz.

57. Hazırkı halda Ceyhun Ağayev mənzilə xərclərin onun tərəfindən çəkildiyini bildirsə də, mənzilə dair “İcarə müqaviləsi” onunla bağlanmadığından mənzilə sahiblik etməsi üçün qanuni və ya müqavilə əsasının olmamasını bilirdi və ya bilməli idi. Bu baxımdan Ceyhun Ağayevin mənzilin vicdanlı sahibi kimi qəbul edilməsi üçün əsas yoxdur və belə olan halda sonuncunun vicdanlı sahib kimi sahiblik etdiyi əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması da iş materialları ilə təsdiq edilmir.

58. Digər tərəfdən Ceyhun Ağayev mənzildə onun vəsaiti hesabına təmir işlərinin yerinə yetirilməsi faktını, eləcə də həmin işlərin növlərini, həcmini və dəyərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

59. Odur ki, üçüncü şəxsin iddiasının əsası kimi istinad etdiyi hallar – qeyri-yaşayış sahəsində təmir işlərinin onun hesabına aparılması, eləcə də həmin işlərə 350.000 manat məbləğində pul xərclənməsi iş materialları ilə öz təsdiqini tapmadığından təmir xərclərinin ödənilməsi tələbinə dair hissədə iddia əsassız hesab edilir.

60. Ceyhun Ağayevin iddiasının “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə Məhkəmə qeyd edir ki, iddia həmin hissədə də üçüncü şəxs tərəfindən sübuta yetirilmədiyindən təmin edilə bilməz.

61. İddiaçı və üçüncü şəxs Ceyhun Ağayevin iddiaları əsassız olduğundan iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün onlar tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilməlidir. Cavabdeh3 apellyasiya şikayəti verilməsi üçün ödəmiş olduğu 212 manat dövlət rüsumunun əvəzi İddiaçı tutularaq Cavabdeh3 ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərcinin 50 manat məbləği İddiaçı, 50 manat məbləği isə üçüncü şəxs Ceyhun Ağayevdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Çünki MPM-nin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).

62. Beləliklə göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Ağayev Ceyhun Məhəmməd oğlunun apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamə qismən, yəni İddiaçı iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiası təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Ağayev Ceyhun Məhəmməd oğlunun iddiaları əsassız olduğundan iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün onlar tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilsin. Cavabdeh3 apellyasiya şikayəti verilməsi üçün ödəmiş olduğu dövlət rüsumunun əvəzi olaraq 212 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh3 ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği İddiaçı, qalan 50 manat məbləği isə müstəqil tələb irəli sürən üçüncü şəxs Ağayev Ceyhun Məhəmməd oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin (Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar