Məhkəmə qərarları › İş №2(103)-5472/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5472/2025

14.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5472/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə (Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin də üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “yaşayış sahəsi ilə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin də üçüncü şəxs qismində cəlb olunmaqla) “yaşayış sahəsi ilə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2040/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhər Hakimiyyəti tərəfindən verilmiş 109 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.32 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilməsi barədə sərəncam verilmişdir. Həmin sərəncamla sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-cı maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin, torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin, tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş idarəsinin müsbət rəyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin, Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin, sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin.

2. ünvan 2 ünvanında 5 mərtəbəli yataqxana binasının texniki vəziyyəti haqqında 17 avqust 2018-ci il tarixli aktdan görünür ki, yataqxana binasına vizual baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 1967-cı ildə inşa edilmiş 5 mərtəbəli, texniki zirzəmili yataqxana binasının planda ölçüləri 60x12.4 m inşa olunmuşdur. Zirzəmi hündürlüyü 2.2 m, mərtəbə hündürlükləri 3.0 m-dir. Binada məcburi köçkünlər məskunlaşmışdır. Yataqxana binasının bünövrəsi yığma beton bloklardan, divarları mişarlanmış əhəng daşlarından, örtükləri boşluqlu yığma dəmir-beton tavanlardan inşa olunmuşdur. Dam örtüyü “yastı” olmaqla bitum və riberoidlə izolyasiya olunmuşdur. Baxış zamanı binanın divarlarında suvaq qopmaları və mişarlanmış əhəng daşlarının aşınması müşahidə olunur. Binanın daxilində divarların birləşmə yerlərində, qapı və pəncərə boşluqları üzərində çatlar mövcuddur. Boşluqlu yığma dəmir-beton örtük tavanlarının tikişlərində çatlar müşahidə olunur. Daxili divarlarda suvaq çatları və qopmaları mövcuddur. Sanitar qovşaqların və mətbəxin divarlarında nəmlənmə və kafelin qopub tökülməsi müşahidə olunur. Taxta döşəmələr bəzi yerlərdə çürüyərək yararsız hala düşmüşdür. Taxta qapı və pəncərələrin əksəriyyəti yararsız haldadır. Binada kommunikasiya xətləri yararsız vəziyyətdədir. Yataqxana binasında sanitar qovşaq, yuyunma otağı və mətbəx olan hissələrdə boşluqlu yığma dəmir beton örtük tavanlarında betonun mühafizə qatı çirkab suların təsirindən aşınmaya məruz qalmış, nəticədə işçi armaturlar korroziyaya uğramışdır. Yığma dəmir beton örtük tavanları hər an dağıla bilər. Yataqxana binasının texniki vəziyyəti qəzalıdır və aşağıdakı təxirəsalınmaz tədbirlər görülməlidir. 1. Binanın istismarı dayandırılmalı, sakinlər köçürülməli; 2. Kommunikasiya xətləri kəsilməli (elektrik, su, qaz və s); 3.Binanın ətrafı çəpərlənməli; 4. Binaya giriş-çıxış məhdudlaşdırılmalıdır.; Binadakı fəsadların təbii fəlakətlə əlaqəsi yoxdur.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçılar X6, X2 və X7 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: "xxxx" MMC) “kompensasiyanın ödənilməsi” tələbi ilə bağlı inzibati mübahisəyə dair iş üzrə iddia qismən təmin edilmiş, iddiaçılar X8, X4 və X9 ünvan 4 ünvanında yerləşən yataqxana binasındakı 30 saylı mənzilin sökülməsinə görə yaşayış sahəsinin hər kv.m üzrə 460 manat məbləğində hesablanmaqla kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-943/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4134/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, X10 Cavabdehnə (MMC) qarşı “sökülmüş evin əvəzinə mənzillə təmin edilmə” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2361/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

5. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 5-10/2-1204/2025 saylı 27 may 2025-ci il tarixli məktubdan görünür ki, İcra Hakimiyyəti tərəfindən sorğuya baxılmış və bildirilmişdir ki, sökülmüş ünvan 6 ünvanındakı 3 saylı yataqxana binası xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə araşdırması nəticəsində qəzalı elan edilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-nin rəhbəri Vüsal Quliyevə ünvanlanmış 02/09-11-32/670 saylı 02 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 8 bir sıra ailələrə 1993-1994-cü illər ərzində yaşamaları üçün Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam əsasında orderlər verilmişdir. ünvan 8 ünvandakı 3 saylı yataqxana binası xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə araşdırılması nəticəsində qəzalı elan edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli “Texniki vəziyyət haqqında” Aktına əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin xx.xx.2018-ci il tarixdə Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülməsi həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018-2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülmüşdür. Yataqxananın istismar müddətinin başa çatmasını və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirməsi nəzərə alınaraq, mövcud tikilinin yerində Cavabdeh MMC tərəfindən müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məqsədəuyğun hesab edilmişdir. Buna baxmayaraq, S.Bəhlulzadə küçəsi, 23 saylı ünvandakı 3 saylı yataqxanada yaşamaları üçün Sərəncam əsasında orderlər verilmiş 23 ailədən bir qismi onlara kompensasiya ödənilməsi barədə iddia tələbi ilə Məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112}-5850/2022 saylı xx.xx.2022-ci il tarixil Qərarına əsasən iddia qaldırmış şəxslərin orderlərində qeyd olunan ölçülərə əsasən hər bir kvadrat metrə 460.0 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qeyd olunanlara əsasən ünvan 8 ünvandakı 3 saylı yataqxanada yaşamaları üçün Sərəncam əsasında orderlər verilmiş ailəyə "Ümid-VQM” MMC tərəfindən kompensasiya verilməsi məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-943/2024 saylı 20 avqust 2024-cü il tarixli qərarından görünür ki, iddiaçılar X11 və qeyrilərinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (Cavabdeh MTK 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla) “maddi zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2655/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış, apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2655/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2655/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçılar X11 və qeyrilərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: "xxxx" VQM MMC) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçılar X13 və qeyrilərinə 23000 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı 19 noyabr 2024-cü il tarixli qərarından görünür ki, iddiaçılar X6 və qeyrilərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: "xxxx" VQM MMC) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçılar X8 və qeyrilərinə ünvan 9 ünvanında yerləşən yataqxana binasındakı 30 saylı mənzilin sökülməsinə görə yaşayış sahəsinin hər kv.m üzrə 460 manat məbləğində hesablanmaqla kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülmüş, iddiaçıya məxsus yaşayış sahəsinin yerləşdiyi ünvanda onun eyni ölçülərdə və eyni şəraiti olan yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, ünvan 10 ünvanda yerləşən yaşayış sahəsi ona, yəni İddiaçı məxsusdur. Lakin, Cavabdeh tərəfindən həmin yaşayış sahəsinin yerləşdiyi yaşayış binası əsassız və qanunsuz olaraq sökülmüşdür. Mülkiyyətçi kimi o, qeyd olunan yaşayış binasının sökülməsi və onun yerində tikinti işlərinin aparılması üçün əsas olmuş bütün sənədlərin ona təqdim edilməsi, habelə mülkiyyətçiyə vurulmuş zərərin əvəzi kimi qeyd olunan ünvanda, ona eyni ölçülərdə və eyni şəraiti olan yaşayış sahəsinin verilməsinə dair ərizə ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən həmin ərizəyə heç bir cavab verilməmişdir. O, hesab edir ki, onun mülkiyyət hüquqları Cavabdeh tərəfindən pozulmuş və cavabdeh tərəfindən sökülmüş yaşayış sahəsinin əvəzinə ona ünvan 10 ünvanda eyni ölçülərdə və eyni şəraiti olan yaşayış sahəsi verilməlidir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2040/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X14)

13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, İddiaçı yaşadıqları binanın cavabdeh tərəfindən sökülməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin məktubu ilə müəyyən edilmişdir ki, ünvan 8 ünvandakı 3 saylı yataqxana binası xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə araşdırılması nəticəsində qəzalı elan edilmiş, akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin xx.xx.2018-ci il tarixdə Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülməsi həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018-2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülmüşdür. Yataqxananın istismar müddətinin başa çatması və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirməsi nəzərə alınaraq, mövcud tikilinin yerində Cavabdeh MMC tərəfindən müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh hüquqi şəxslə iddiaçı arasında sökülmüş binanın yerində tikilən binada iddiaçıya mənzil verilməsi ilə bağlı tərəflər arasında hər hansı bir müqavilənin olması mülki iş materialları ilə müəyyən edilməmişdir. Bununla yanaşı iş materiallarında olan qüvvədə olan qətnamələrlə təsdiq edilir ki, analoji mübahisələrə inzibati məhkəmə tərəfindən baxılaraq, ünvan 9 ünvanında yerləşən yataqxana binasındakı mənzilə görə hər kv.m 460 manat olmaqla kompensasiyanın ödənilməsi öhdəliyi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, eyni zamanda mübahisəli yaşayış sahəsinin yerləşdiyi binanın cavabdehin təqsirli hərəkətləri nəticəsində sökülməsi müəyyən edilmədiyindən, yəni iddiaçının subyektiv hüququn cavabdeh tərəfindən pozulması faktının müəyyən edilməməsi qənaətinə gəlmişdir.

14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21-ci, 1096-cı, 1097.1-ci, 1100-cü maddələrinə, “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.9-cu naddəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının xx.xx.2022-ci il tarixli “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nın 5.1-ci maddəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmetinə aid olan binanın sökülməsinin 2021-ci ildən sonrakı dövrdə baş verməsi faktı (icra hakimiyyətinin məktubuna əsasən köçürmənin 2018-2021-ci illər ərzində aparılması və nəticə etibarı ilə köçürmə başa çatanadək binanın sökülməsinin mümkün olmaması), köçürmə başa çatanadək, yəni bina sökülməmişdən əvvəl, binanın yerləşdiyi ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar qeyd edilən ərazinin CavabdehMMC-yə verilməsinə dair İcra Hakimiyyəti tərəfindən 109 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamın verilməsi, bina sökülməmişdən əvvəl həmin binanın yerləşdiyi ərazinin cavabdehə verilməsi və məhz bundan sonra 2021-ci ildə cavabdehin sahibliyində və istifadəsində olan ərazidə söküntü işlərinin aparılması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsinin istinad etdiyi, hazırkı iş üzrə heç bir preyudisial əhəmiyyət kəsb etməyən məhkəmə qərarlarına əsasən, sakinlərə vurulmuş zərərə görə (bununla, iddiaçıya da zərər vurulma faktı tam təsdiq olunur) kompensasiyanın ödənilməsi öhdəliyinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına baxmayaraq, kompensasiyanın icra hakimiyyəti tərəfindən deyil, faktiki olaraq cavabdeh tərəfindən ödənilməsi (cavabdehin nümayəndəsi bu faktı məhkəmə iclasında etiraf etmiş və göstərmişdir ki, kompensasiya icra hakimiyyətinin onlara ünvanladığı 02/09-11-32/670 saylı 02 dekabr 2022-ci il tarixli məktubu əsasında ödənilir). Beləliklə, birinci instansiya məhkəməsi, mübahisə predmetinə aid olan binanın sakinlərinə, o cümlədən də iddiaçıya təqsirli olaraq zərər vurulması faktının məhkəmə aktları ilə təsdiq edildiyini, söküntü işlərinin, binanın yerləşdiyi ərazinin icra hakimiyyətinin 109 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə cavabdehə verildikdən sonra aparıldığını və sakinlərə kompensasiyasın məhz cavabdeh tərəfindən ödənildiyini nəzərə almamış, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1., 1096 və 1097-ci maddələrini düzgün tətbiq etməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

19. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, həm birinci instansiya məhkəməsinin, həm də rayon icra hakimiyyəti başçısının müavinin göndərdiyi sorğulara cavablarda müəyyən edilmişdir ki, mübahisəli yer cavabdeh tərəfindən sökülməmişdir. Hazırki mübahisə ümumi məhkəmədə həll edilməli deyildi. Məsələyə İnzibati Məhkəmə tərəfindən müvafiq qiymət verilməliydi. Ümumilikdə 23 nəfər ailənin köçürülməsi həyata keçirilmişdir. Bəziləri razılıqla, bəziləri isə məhkəmə qaydasında öz həllini tapmışdır. Qeyd edir ki, binanın cavabdeh tərəfindən sökülməsi halı öz təsdiqini tapmamışdır. Digər sakinlər kimi iddiaçıya da yaşayış sahəsinin kvadratına 460 manatdan kompensasiya ödənilməlidir.

20. Üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlı olmasına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Hazırki apellyator qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

26. Hazırkı işin həlli baxımından məhkəmə kollegiyası vurğulayır ki, mülki iş üzrə iddiaçı onun istifadəsində olan mənzilin cavabdehin törətdiyi mülki-hüquq pozuntusu (delikt) nəticəsində sökülmüş və ona maddi zərər dəymişdir. Hazırda o, cavabdeh tərəfindən ona yeni yaşayış sahəsi verilməklə, dəymiş zərərin kompensasiya olunmasını tələb edir.

27. Halbuki, iddiaçı yaşadıqları binanın cavabdeh tərəfindən sökülməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin məktubu ilə müəyyən edilmişdir ki, ünvan 8 ünvandakı 3 saylı yataqxana binası xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə araşdırılması nəticəsində qəzalı elan edilmiş, akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin xx.xx.2018-ci il tarixdə Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülməsi həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018- 2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülmüşdür. Yataqxananın istismar müddətinin başa çatması və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirməsi nəzərə alınaraq, mövcud tikilinin yerində Cavabdeh MMC tərəfindən müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məqsədəuyğun hesab edilmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razlılaşır. Belə ki, cavabdehin iddiaçı tərəfindən qanunsuz hesab edilən hərəkətləri barədə cavabdehə münasibətdə hər hansı təqsirli hərəkətləri müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh hüquqi şəxslə iddiaçı arasında sökülmüş binanın yerində tikilən binada iddiaçıya mənzil verilməsi ilə bağlı tərəflər arasında hər hansı bir müqavilənin olması da mülki iş materialları ilə müəyyən olunmamışdır. İş materiallarında olan qüvvədə olan Bakı İnzibati Məhkəməsinin qətnamələrlə təsdiq edilir ki, analoji mübahisələrə inzibati məhkəmə tərəfindən baxılaraq, ünvan 9 ünvanında yerləşən yataqxana binasındakı mənzilə görə hər kv.m 460 manat olmaqla kompensasiyanın ödənilməsi öhdəliyi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli qırarında da sözügedən mənzillərin sökülməsinə görə hər kv.m üzrə 460 manat kompensasiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələnin lazımi qaydada araşdırılması göstərilmişdir.

29. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mübahisə predmeti olan binanın yerləşdiyi ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar qeyd edilən ərazinin Cavabdeh MMC-yə verilməsi sonuncu tərəfindən mübahisləndirilmir, cavabdeh təşkilat yalnız binanın onlar tərəfindən sökülmədiyini bildirmişlər. Bundan əlavə iddiaçıya zərər vurulması faktının məhkəmə aktları ilə təsdiq edilməsinə dair apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, zərər vurulması faktı işin mübahisələndirilməyən halını təşkil edir, bu səbəbdən qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqlənən kompensassiya məbləğinin iddiaçıya ödənilməsi ilə bağlı təklifdə iddiaçı tərəf həmin məbləğlə razılaşmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tərəf həm ona zərər vurulmasının məhkəmə aktları ilə təsdiq edildiyini, həm də həmin aktların hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmədiyini apellyasiya şikayətində qeyd etməklə bir-biri ilə ziddiyyət təşkil edən dəlillər irəli sürmüşdür. Halbuki, sözügedən qərarlar məhz sökülən binanın sakinlərinə münasibətdə qüvvədə olan qərarlar olmaqla bərabər tərəflərə bərabər yanaşma qaydasında məhkəmə təcrübəsinin vahidliyinin formalaşması baxımından da əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli qərarında da sözügedən mənzillərin sökülməsinə görə hər kv.m üzrə 460 manat kompensasiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələnin lazımi qaydada araşdırılması göstərilmişdir. O cümlədən həmin qərarda qeyd edilmişdir ki, məhkəmələrin sökülmüş binada yerləşən mənzilə görə kompensasiya məbləğinin 1 kv.m üçün 460 manatın müəyyən etməsini eyni binanın bütün sakinlərinə tətbiq edilərək formalaşan vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2040/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar