Məhkəmə qərarları › İş №2(103)-5473/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5473/2022

05.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5473/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı iş üzrə (Açar sözlər: əmlaka payın müəyyən edilməsi və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1686/2022 saylı 01 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X14 ilə birgə nikah dövründə aldıqları Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 116,4 kv.m. olan 5 saylı fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsinə pay hüququnun ayrılması və ona mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəsatəti əsasında X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, onunla X14 arasında 2001-ci ildə nikah bağlanmış və həmin vaxt onların evləri olmamışdır. Bu səbəbdən onlar onun atasının evində, hərdən isə X7 babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, ev 4, mənzil 6/5-də qalmışdılar. Bundan sonra 2004cü ildə onlar Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsində yerləşən 5 saylı ərdi yaşayış evini almışdılar. Həmin evin alınması üçün X9 onun qardaşı X12 tərəfindən hər hansı məbləğdə pul verilməmiş, ev onların vəsaiti hesabına alınmışdır. Belə ki, onlar hər ikisi əmək fəaliyyəti ilə məşğul olmuşlar və hər ikisinin müntəzəm aylıq gəlirləri olmuşdur. Həmçinin, ona məxsus olan 0,03 ha torpaq sahəsi və 2 otaqlı ev satılmışdır. Bununla belə, onlar əmək haqqını, habelə ona məxsus olan evin və torpaq sahəsinin satışından əldə edilmiş vəsaitləri toplayaraq 2004-cü ildə mübahisəli fərdi yaşayış evini almışlar. Evin alınmasında onlara maddi baxımdan həmçinin, atası köməklik etmişdir. O, hazırda da uşaqları ilə birlikdə bu evdə yaşayır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı və İddiaçı mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli evin dəyəri azərbaycan pulu ilə deyil, ABŞ dolları ilə bilavasitə X14 tərəfindən onun mülkiyyətçisi olmuş Babayev soyadlı şəxsə ödənilmişdir. Evin alqı-satqı qiyməti 44.500 ABŞ dolları təşkil etmişdir. Həmin məbləğ iddiaçı ilə X7, habelə iddiaçının atasının verdiyi vəsait hesabına formalaşdırılmış, bu evin alınması üçün X7 ailəsi tərəfindən hər hansı məbləğdə pul verilməmişdir.

5. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək, bildirmişdir ki, X8 iddiaçının keçmiş qaynanasıdır. Mübahisəli evin alınması üçün sərf edilmiş vəsait barədə iddiaçı tərəfindən verilmiş məlumat həqiqəti əks etdirmir. İddiaçı və onun xx.xx.2021-ci il tarixdə vəfat etmiş keçmiş həyat yoldaşı X7 belə bir ev almaq üçün maddi imkanı olmamış və həmin ev onların birgə nikah dövründə əldə etdikləri gəlirlər hesabına alınmamışdır. Belə ki, iddiaçı və onun həyat yoldaşı olmuş X14 nikaha daxil olduqdan sonra onlar X7 babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, ev 4, mənzil 6/5-ə köçərək bu evdə yaşamışdılar. X7 qardaşı X12 da öz ailəsi ilə birlikdə həmin evdə yaşamışdır və onların hər biri həmin evdə pasport qeydiyyatında olmuşdular. Bundan sonra onların, habelə X5 arvadı X6 razılığı ilə həmin ev X12 tərəfindən özəlləşdirilmiş və xx.xx.2004-cü il tarixdə onun həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, xx.xx.2004- cü il tarixdə isə həmin şəxslərin razılığı ilə 714.850.000 manat pula digər bir şəxsə satılmışdır. Bu proseslər onların arasında əldə edilmiş razılığa əsasən həyata keçirilmiş və nəticədə həmin vəsaitin 250.000.000 manat hissəsi X12 tərəfindən X9 verilmiş və məhz bu vəsait hesabına qısa bir müddətdən sonra, yəni xx.xx.2004-cü il tarixdə mübahisəli fərdi yaşayış evi alınmışdır. Bununla belə, mübahisəli ev tərəflərin birgə nikahda olduqları dövrdə alınsa da, onların birgə gəlirləri hesabına deyil, X7 babasından miras qalmış evin satışından əldə edilmiş vəsait hesabına alınmış və bu səbəbdən onların ümumi birgə mülkiyyəti hesab edilə bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı atasıdır. Qızı 2001-ci ildə X14 ilə ailə qurmuş və onlar evləri olmadığından onun evində yaşamışdılar. 2004-cü ildə onlar ev almaq istədiklərini ona bildirmişlər. Mübahisəli evi də o axtarıb tapmış və xatırladığına görə ev 40.000 - 42.000 ABŞ dolları məbləğində pula Babayev soyadlı şəxsdən alınmışdır. Həmin ev X7 və onun qızının əmək haqqı, onların nikaha daxil olması ilə bağlı təşkil edilmiş məclislərdə (oğlan və qız toyu) onlara hədiyyə olaraq verilmiş pul vəsaiti, qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsait, habelə 1999-cu ildə qızının mülkiyyətində olmuş torpaq sahəsinin və evin satışından əldə edilmiş 10.000 ABŞ dolları məbləğində pulun təxminən 8.000 ABŞ dolları hissəsi hesabına alınmışdır. Bu evin alınmasına maddi baxımdan o da köməklik etmiş və onlara 4.000 ABŞ dolları məbləğində pul vermişdir. Qeyd etdiyi 10.000 manat məbləğində pulun təxminən 2.000 ABŞ dolları hissəsi hesabına qızına cehiz almışdır. Ümumiyyətlə o, onlara maddi baxımdan çox köməklik etmiş, onlarda öz gəlirlərini toplamışdılar. X7 babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, ev 4, mənzil 6/5-də isə onun qardaşı X12 yaşamışdır. X1 həmin evi satmış və əldə etdiyi vəsait hesabına özünə 4 ədəd mənzil, habelə bağ evi almış, lakin həmin vəsaitin hər hansı hissəsini X9 verməmişdir.

7. Məhkəmə iclasında iştirakı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən təmin edilmiş şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı keçmiş həyat yoldaşı X7 qardaşıdır. Qardaşı İddiaçı ilə nikaha daxil olduqdan sonra onun babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, ev 4, mənzil 6/5-ə köçərək həmin evdə yaşamışdılar. Belə ki, X7 ev almağa imkanı olmamışdır. O, da öz ailəsi ilə birlikdə həmin evdə yaşamış və bu səbəbdən evi iki yerə bölmüşdülər. 2004-cü ildə onlar həmin evi satmaq qərarına gəldiklərindən arvadının, qardaşı X7 və onun arvadı İddiaçı razılığı ilə ilk olaraq evi özəlləşdirərək, öz mülkiyyətinə keçirmiş, sonra isə qeyd edilən şəxslərin razılığı ilə 70 ədəd bağlama (hər birində 100 ədəd 10.000 manat (şirvan) olmaqla) pula satmış, həmin vəsaitin 250.000.000 manat hissəsini təşkil edən 25 ədəd bağlamanı da öz evində qardaşı X9 vermişdir. Qardaşı da qeyd edilən pul hesabına mübahisələndirilən evi, habelə özünə “VAZ 2107” markalı nəqliyyat vasitəsi almış, həmçinin uşaq oyuncaqları mağazası açmışdır. Lakin qardaşının fərdi sahibkarlıq fəaliyyəti özünü doğrultmadığından, mağaza sonradan öz fəaliyyətini dayandırmışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1686/2022 saylı 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddianın rədd edilməsi, ğdənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 125.7-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 213.2, 213.5, 220.2 və 225.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 36.1, 36.3 və 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamə maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmaqla iddia tələblərnin təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclsında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iddiadan imtina etdiklərini bildirərək, imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etdilər.

14. Məhkəmənin əvvəlki iclasında iştirak mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iddiadan imtinaya dair ərizəyə etiraz etdiyini bidirdi və işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 191.2 hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

17. Maddə 370.1 apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

18. Maddə 370.2 ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

19. Maddə 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1686/2022 saylı 01 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı “əmlaka payın müəyyən edilməsi və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməlidir.

21. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 2(103)-5473/2022 saylı iş üzrə iddia tələbindən imtina etmənin nəzərə alınmasını və bu imtinanın təsdiq olunması ilə yanaşı, iş üzrə icraata xitam verilməsi haqqında müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

23. İş materiallarıda olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Cavadlı X3 Ramil Alim oğluna iddia tələbindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinə nəzərdə tutulan hüquqlarını və xüsusi olaraq iddia tələblərindən tam və ya qismən imtina edilməsi X11 etibar etmişdir. Həmçinin İddiaçı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak etmiş və iddia tələbindən imtinanı müdafiə etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

24. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1686/2022 saylı 01 iyun 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı “əmlaka payın müəyyən edilməsi və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar