Məhkəmə qərarları › İş №2(103)-5474/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5474/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5474/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan cavabdeh Lizinq Şirkəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlərə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Sığorta Şirkəti, delikt nəticəsində vurulmuş zərərin əvəzi olaraq 1.157 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, həmçinin “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işə baxılıb iş üzrə nəticə verilənədək, “Daewoo Gentra” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – avtomobil) üzərinə həbs qoyulması, avtomobilin özgəninkiləşdirilməsinin qadağa edilməsi və avtomobilin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsini, avtomobil üzərinə həbs qoyulmasını və avtomobilin özgəninkiləşdirilməsinin qadağa edilməsini qərara almışdır. Cavabdeh Lizinq Şirkəti həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobil Lizinq Şirkətinin mülkiyyətində olan əmlakdır. Lakin iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində avtomobil Lizinq Şirkətinin sahibliyindən çıxmışdır. Mülki hüquq pozuntusu törədən və sığortalı olan şəxsə maddi zərər vuran da məhz Cavabdeh1 olmuşdur. Odur ki, təqsiri olmayan Lizinq Şirkətinə məxsus avtomobilin barəsində iddianın təmini tədbiri görülə bilməz. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, “İddianın təmini tədbiri barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edən iddiaçı Sığorta Şirkəti, avtomobil barəsində 3 növdə iddianın təmini tədbirinin görülməsini xahiş etmişdir: avtomobilin üzərinə həbs qoyulması; avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulması; avtomobilin xüsusi dayanağaca yerləşdirilməsi. Həmin ərizəyə baxmış Rayon Məhkəməsi, qəbul etdiyi qərardadda ərizənin tam təmin edilməsini qeyd etsə də, avtomobilin xüsusi dayanacağa yerləşdirilməsi barədə tələbə hüquqi qiymət verməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qərardadı qeyd edilən səbəbə görə ləğv edilməli və iddiaçı Sığorta Şirkətinin “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə apellyasiya qaydasında qiymət verilməlidir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizədə qeyd edilən məsələ ilə bağlı Məhkəmə qeyd edir ki, “iddianı təmin etmək üçün əsasları müəyyən edən MPM-nin 157-ci maddəsinə görə, hakim işdə iştirak şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə bilər. İddianın təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisə obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. Məhkəmə bildirir ki, əmlak üzərinə həbs qoyulması onun özgəninkiləşdirilməsinin və qəsdən məhv edilməsinin qarşısını almaq üçün görülən tədbirdiki həmin tədbir əmlakın siyahıya alınmasından, əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından və sair hərəkətlərdən ibarətdir. Başqa sözlə, görülməsi tələb edilən həbs növündə iddianın təmini tədbiri avtomobilin hazırki mülkiyyətçisi olan Lizinq Şirkətinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Lakin göstərilənlərlə yanaşı Məhkəmə hesab edir ki, hazırki mülki işə baxılıb iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisəli avtomobil barədə iddianın təmini tədbiri görülməlidir və həmin tədbir avtomobilin özgəninkiləşdirilməsinin qarşısını almalıdır. Göstərilən tədbir isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Məhkəmə onu da qeyd edir ki, cavabdeh Lizinq Şirkətinə qarşı irəli sürülmüş iddianın əsaslı olub-olmasına hazırki mərhələdə hüquqi qiymət vermək mümkün deyil və bu dəlil hazırki iş üzrə iddianın təmini tədbirinin görülməsinin qarşısını ala bilməz. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə qismən təmin edilməli və hazırki mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisəli avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Cavabdeh2 ASC-nin şikayətində qərardadın ləğv edilməsi ilə yanaşı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin rədd edilməsi xahiş olunmuşdur. Lakin həmin ərizə Məhkəmə tərəfindən qismən təmin edildiyinə görə, şikayət qismən təmin olunmuş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 365, 261, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 ASC-nin şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “xxxxxxxxxxxx” ASC-nin “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi qismən təmin edilsin. Cavabdeh2” ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgənikiləşdirilməsinə qadağa qoyulsun. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizə qalan hissədə, yəni avtomobilin üzərinə həbsin qoyulması və avtomobilin xüsusi dayanacağa yerləşdirilməsi hissəsində təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar