Məhkəmə qərarları › İş №2(103)-5478/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5478/2021

02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5478/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC, Cavabdeh2 ASC, 3-cü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə 140 saylı 14 avqust 2019-cu il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2104/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək “xxxx” MMC tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi ona məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsində yerləşən 41A saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 140 saylı 14 avqust 2019-cu il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi, həmin əmlakın hazırki real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4954/2012 saylı 01 oktyabr 2012-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən borclu X1 Cavabdeh2 ASC-nin xeyrinə borc tutulmalı və tutma iddiaçıya məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsində yerləşən 41A saylı fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılmalı, ipoteka predmetinin satışından əldə olunmuş vəsait hesabına borc ödənilməlidir. Həmin icra sənədi Sabunçu rayon Məhkəməsi tərəfindən icraya yönəldilmiş və icra sənədində ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmədiyindən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 26 aprel 2019-cu il tarixli 4503-815/7 saylı müraciətinə əsasən qiymətləndirici dəvət edilmiş və “xxxx” MMC tərəfindən 14 avqust 2019-cu il tarixə bazar qiyməti 170.000 manat müəyyən edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2012-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən tutmanın yönəldildiyi ona məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsində yerləşən 41A saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair MMC tərəfindən tərtib olunmuş 140 saylı 14 avqust 2019-cu il tarixli qiymətləndirmə rəyi predmetin real bazar qiymətini özündə əks etdirmir, əsassızdır və tənasübsüz qaydada aşağıdır. Həmin əmlak Sabunçu rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən "xxxx" MMC-də "xxxx" MMC tərəfindən tərtib olunmuş 140 saylı qiymətləndirmə rəyi əsasında müəyyən edilmiş qiymətlə açıq hərracdan satışa çıxarılmasına dair kütləvi informasiya vasitələrində dərc edilmiş və icra sənədi üzrə tərəflərə ilkin hərracın 28 oktyabr 2019-cu il tarixdə saat 11:00da keçirilməsi barədə bildirişlər göndərilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2104/2020 saylı, 28 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddiasının isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, İş üzrə təyin qiymətləndirmə eksperti olan Premium Legal Services MMC iddiaçıya məxsus daşınmaz əmlakla bağlı qiymət müəyyən edərkən həmin əmlakın olduğu yer üzrə hər-hansı müqayisə aparmadan, əmlakın yerləşdiyi torpaq sahəsinin sənədlərini araşdırmadan (tələb etmədən), daşınmaz əmlak üzərində aparılmış təmir işlərini, tərəfimizdən tikilmiş əlavə sahələri nəzərə almadan, əmlaka dəyərinin yarı qiyməti qoyularaq qeyri obyektiv qərar qəbul etmişdir. Həmçinin, Premium Legal Services MMCnin məhkəməyə təqdim etdiyi qiymətləndirmə hesabatının haqqı olan 400 manatı hansı meyarlara əsasən hesabladığını bildirmədən, indiki bazarda qiymətləndirmə xidmət haqqlarının 100-150 manat arası bir məbləğ olduğunu nəzərə almadan sırf xidmət göstermək niyyəti ilə deyil sadəcə insanların bilgisizliyindən, təcrübəsizliyindən istifadə edərək ağılasığmaz bir xidmət haqqı qeyd etmişdir. Həmçinin tərəflərindən müstəqil ekspert dəvət edilmiş və həmin ekspertin rəyinə əsasən iddiaçıya məxsus daşınmaz əmlaka 260000 manat likvid qiymət qoyulmuşdur. Sözügedən espert rəyini Nəsimi rayon Məhkəməsinə təqdim etmişlər. Hesab edir ki, tərəflərindən təqdim edilmiş ekspert rəyi ile Premium Legal Services MMC-nin rəyi arasında kifayət qədər fərq olduğundan birinci instansiya məhkəməsi təkrar qiymətləndirmə ekspertizası təyin etməli və əmlakın likvid deyəri müəyyən edilməl idi. Lakin birinci instansiya məhkəməsi tərəfimizdən təkrar ekspertiza təyin edilməsi üçün verilmiş vəsatəti təmin etmədən, yalnış qənaətə gələrək, işi tam hər tərəfli araşdırmadan, qanunvericiliyin tələbini pozaraq qətnamə qəbul etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına səbəbləri barədə məlumat vermədən gəlmədiklərindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan“xxxx” MMC tərəfindən tərtib edilmiş 140 saylı 14 avqust 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı Vasif qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsində yerləşən 41 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 170.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza əsasında Premium Legal Services MMC-nin 26 avqust 2020-ci il tarixli H/02-PLS saylı rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsi, 41A saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 14 avqust 2019-cu il tarixinə bazar qiyməti 170000 manat, 14 avqust 2019-cu il tarixinə likvid qiyməti 135.000 manat. Hazırkı vaxtda bazar qiyməti 170.000 manat, hazırkı vaxtda likvid qiyməti 135.000 manat. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna müvafiq olaraq məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (mad.5). Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər (mad.7). “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Kollegiyanın mövqeyinə görə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv eilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. Birinci instansiya məhkəməsinin baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş, ekspertizanın (qiymətləndiricinin) rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsi, 41A saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində likvid qiymətinin 135000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Əmlakın qiymətinin daha yüksək olması ilə bağlı apellyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir. Mülki Prosessual Məcəlləyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli (maddə 14.2) və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir (maddə 77.1). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur və apellyasiya şikayətində irəli sürülənlər qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2104/2020 saylı, 28 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı üçün İddiaçı ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar