Məhkəmə qərarları › İş №2(103)-5482/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5482/2023

14.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5482/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-809/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı şikayət ərizəsinə dair toplanmış materialda cinayət tərkibi aşkar olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

2. Həmin araşdırma çərçivəsində İddiaçı verdiyi izahatında bildirmişdir ki, Cavabdeh Çin Respublikasından Bakı şəhərinə tibbi ləvazimatlar gətirib satışından gəlir əldə etmə adı ilə onu aldadaraq xx.xx.2020-ci il tarixdə 3 300 ABŞ dolları və 1 400 manat, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binası qarşısında 7.500 manat, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 57 saylı tam orta məktəbin yaxınlığında 2.200 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda 10.000 ABŞ dolları, xx.xx.2021ci il tarixdə yaşadığı ünvanda özünün göndərdiyi rəfiqəsi Ayanın vasitəsilə 10.000 manat, xx.xx.2021-ci il tarixdə yaşadığı ünvanda Jalənin özü tərəfindən 10.000 manat, xx.xx.2021-ci il tarixdə Jalənin özünün göndərdiyi və şəxsi taksi sürücüsü vasitəsilə ünvan 2 ünvanda yerləşən “Bernar-Cassiyer” lazer mərkəzindəki iş yerində 7.000 manat, ümumilikdə 15.500 ABŞ dolları, 39.900 manat olmaqla milli pul vahidi manata olan nisbətdə ümumilikdə 66.250 manat məbləğində külli miqdarda pulunu alıb ələ keçirmişdir.

3. Həmin araşdırma çərçivəsində Cavabdeh verdiyi izahatında bildirmişdir ki, 2019cu ilin dekabr ayından başlayaraq rəfiqəsi X16 ilə birlikdə tibbi ləvazimatları alıb satmaqla məşğul olmuş, müəyyən vaxt sonra 2020- ci ilin yanvar ayında Əfsanə adlı tanıdığı qız da onlara qoşulmuşdur. Əfsanənin atasının tikinti layihələrində tender udub işlər gördüyünü deyərək, bunun üçün vəsait qoymaq təklifi etmişdir. Bu məqsədlə bibisi qızı İddiaçı borc adı ilə əvvəl 5.000 manat alaraq sonradan özünə qaytarmış və 2020-ci ilin noyabr ayından başlayaraq özünün işlədiyi Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki salona gedərək 6.500 manat, 2020-ci ilin dekabr ayında Nərimanov rayonu ərazisində ondan 7.500 manat, həmin ərəfələrdə Mahirədən yenə 5.000 manat, xx.xx.2021-ci il tarixdə Nərimanov rayonu ərazisində Mahirədən 17.000 manat, müəyyən vaxt sonra 10.000 manat, ümumilikdə təxmini hesablamasına görə Mahirədən 75.000 manat pul almış, 2022-ci ilin yanvar ayına kimi ona 86.194 manat pul qaytarmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinə xitam verilməsi haqqında qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, zərərçəkmiş şəxslər X17, Cavabdeh, X16, X18 və X10 zərərçəkmiş şəxs qismində statusuna xitam verilməsi və həmin şəxslərə iqtisadi fəaliyyət zamanı onlara vurulmuş hər hansı maddi ziyanın ödənməsi, borcun qaytarılması məqsədilə mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, Cavabdeh, X16 və X20 tərəfindən "xxxx" MMC və "xxxx" MMC-nin əmlakının aldatma yolu ilə ələ keçirilməsi öz təsdiqini tapmadığından həmin xüsusat üzrə Cavabdeh, X16 və X12 barəsində Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, "xxxx" MMC-nin təsisçisi və direktoru X7 və "xxxx" MMC-nin satış nümayəndəsi X5 iqtisadi fəaliyyət zamanı onlara vurulmuş hər hansı maddi ziyanın ödənilməsi, borcun qaytarılması məqsədilə mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, X14 X17 və ya hər hansı digər şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə zor tətbiq edilərək xəsarət yetirilməsi, həmçinin Əfsanə Azaylı və atası Ramin Əsgərovun hər hansı şəxs tərəfindən azadlığının məhdudlaşdırılması və ya onlardan hədə-qorxu ilə pul tələb edilməsi halları öz təsdiqini tapmadığından həmin xüsusatlar üzrə Azərbaycan Respublikası CM-nin 128,145 və 182ci maddələri ilə cinayət işinin başlanmasının AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, X8 aldatma yolu ilə Əfsanə Azaylıya qarşı hər hansı maddi ziyan vurmaq və ya "xxxx" MMC-nin əmlakını ələ keçirmək niyyətinin olması öz təsdiqini tapmadığından həmin xüsusatla bağlı X9 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının AR CPMnin 39.1.2-ci madddəsinə əsasən rədd etməklə X20 və ya "xxxx" MMC-nin iş üzrə zərər çəkmiş şəxs qismində tanınmasından imtina edilməsi və iqtisadi fəaliyyət zamanı onlara vurulmuş hər hansı maddi ziyanın ödənməsi, borcun qaytarılması məqsədilə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, X12 atasının dəmir ticarətinə yatırım etmək adı ilə aldatma yolu ilə Cavabdeh 98.000 manat və Ayan Vəzirovadan 52.000 manat pul alaraq ələ keçirməsi halı öz təsdiqini tapmadığından həmin xüsusatlarla bağlı X12 barəsində Azərbaycn Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının AR CPM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilməsi, Cavabdeh və X13 iqtisadi fəaliyyəti zamanı onlara vurulmuş hər hansı maddi ziyanın ödənməsi, borcun qaytarılması məqsədilə mülki qaydada ailiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.

5. İddiaçı ilə Nümayəndə1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən göstəriləcək hüquqi xidmətlərin qiyməti 110 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 66.250 manat pul vəsaitinin, 289 manat dövlət rüsumunun və 110 manat vəkil xərcinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qohumudur. Onunla heç bir zaman aralarında narazılıq olmamış, əksinə bir-birlərinə qarşı hörmət və güvənləri olmuşdur. Belə ki, Cavabdeh aralarıdakı yaxınlıqdan istifadə edərək, onunla birlikdə işləməsini təklif etmişdir. O, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprel ayına qədər olan müddət ərzində xarici ölkələrdən (Çin) tibbi ləvazimatların gətirilməsi adı ilə onun işinə pul qoyaraq daha artıq qazanc əldə etməsi üçün pul istəmişdir. O, isə Cavabdeh olan etibarından bu təklifi qəbul edərək, hissə-hissə olmaqla, ümumilikdə 76.000 manat məbləğində cavabdehə pul vermişdir. Birgə işlədiyi dövrdə qazanc olaraq ona ümumilikdə 9.750 manatını qaytarsa da, qalan 66.250 manatın qaytarmaqdan imtina etmişdir. Bundan sonra cavabdehdən dəfələrlə qazancını və ona verdiyi 76.000 manatı tələb etsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulunu və qazancını qaytarmamışdır. Onu hər dəfə aldadaraq bir neçə günə qaytaracağını bildirdiyindən bir müddət cavabdehə inansa da, sonradan əməllərindən Binəqədi Rayon Polis İdarəsinə şikayət etmişdir. Həmin iş üzrə onun barəsində cinayət işi açılmamış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi cavabdeh ondan 75.000 manat pul aldığını etiraf etmişdir. Polis İdarəsində olarkən o, cavabdehin hamilə olması səbəbindən ona qaytardığı 9.750 manat pulu 76.000 manatdan çıxaraq yalnız 66.250 manat pulunun ödənilməsini istəmişdir. O, qərarda texniki səhv olaraq 9.750 manat əvəzinə 16 000 manat qeyd edildiyini bildirmişdir. Lakin xx.xx.2022-ci ildən bu günədək pulunu qaytarmadığından məhkəməyə müraciət etməli olmuşdur. İşlədiyindən və hüquqi savadının olmaması səbəbindən hüquqlarını müdafiə etməsi üçün vəkilə müqavilə bağlamalı və məhkəməyə dövlət rüsumu ödəməli olmuşdur. Bütün bu xərclər isə cavabdehin pulunu əsassız saxladığından həmin xərclər cavabdehdən tutulmalıdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində evini ipotekaya qoyaraq bankdan kredit götürmüş və xeyli faiz ödəməli olmuşdur.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı öz iddiasında pulu ona xaricdən tibbi ləvazimatların gətirilməsi üçün verdiyini bildirmişdir. Halbuki bu hal ağ yalandır. Belə ki, iddiaçı özünün də bildiyi kimi Əfsanə adlı şəxsin atasının tikinti layihələrindən əlavə qazanc götürmək məqsədilə üçüncü şəxslərdən pul vəsaiti alaraq, bu layihələrə yönəltmişdir. Bu layihələrdən də qazanc əldə etmək məqsədi güdmüşdür. Yəni onun iddiaçı qarşısında hər hansı söz verilmiş öhdəliyi olmamışdır. İddiaçı tərəfindən onun vasitəsi ilə təqdim edilən bütün vəsaitlər də iddiaçıya geri qaytarılmışdır. Bu halı təsdiq edən bütün yazışmalar iddiaçının özü ilə ona məxsus olan (+994 50 - 644 – 44 – 99) nömrəli mobil telefonla whatsapp mobil tətbiqi ilə aparılan yazışmalarda öz təsdiqini tapmışdır. Eyni zamanda bu pul vəsaitlərinin heç də hamısı iddiaçıya məxsus olmamışdır. Yəni pul vəsaitlərini digər şəxslərdən alaraq, bu layihəyə yönəltmişdir ki, şəxsin subyektiv olaraq iddia irəli sürmək hüququ yoxdur. İddiaçı öz iddiasında Binəqədi RPİ-nin qərarında texniki səhvlik olaraq 16.000 manat qaytarıldığı yazıldığını bildirir. Lakin bu özü də bir həqiqətdir. Belə ki, bu pul vəsaitlərinin hamısı iddiaçıya qaytarıldığından Binəqədi RPİ tərəfindən öz qərarında belə bir qeyd verilməsi normal prosedurdur. Əlavə olaraq iddiaçı pul vəsaitlərini bu layihəyə yönəldərkən qazanc əldə etməsinə onun tərəfindən hər hansı söz verilməmişdir. Bu səbəbdən də onun ödədiyi vəsaitləri özbaşına qazanca silməsi də qeyri-qanunidir. Tərəflər arasında belə bir yazılı razılaşma olmamışdır. İddiaçı tərəfindən tələb olunan pul məbləğinin 20.200 manat hissəsi bu layihəni icra edən Əfsanə Azaylı tərəfindən iddiaçıya qaytarılmışdır. Bununla əlaqədar müvafiq şahidlər də var. Bu vəsaitin 9.000 manat məbləğində hissəsi digər bir şəxsin şahidliyi ilə 57 nömrəli məktəbin qarşısında iddiaçıya qaytarılmışdır. İddiaçı tərəfindən onun başqa şəxsdən almalı olduğu 6.500 manat vəsaiti onun tapşırığı ilə həmin şəxsdən almışdır. Telefon yazışmalarından da görünür ki, onun tərəfindən iddiaçıya 2021-ci ilin yanvar fevral, mart aylarında hər ay 11.000 manat pul qaytarılmışdır. Yəni 22.000 manat vəsait də bu istiqamətdə geri qaytarılması təmin edilmişdir. Yekun olaraq iddiaçının kartına köçürdüyü və əlbəəl verdiyi, yazışmalarla sübut olunan digər əsaslara uyğun olaraq iddiaçıya tərəfindən ümumilikdə 87.000 manat pul qaytarılmışdır ki, bu halda onun iddiaçıya borcunun olmadığını təsdiq edir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 809/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 66.250 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 289 manat, hüquqi xidmətə görə ödənilmiş 110 manat, cəmi 66.649 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X15)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair borc münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh iddiaçıdan borc qismində aldığı pulu ona tam şəkildə qaytarmamış və məhkəmə iclasında iddiaçı həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını iddia etsə də, cavabdeh iddiaçı qarşısında hər hansı öhdəliyinin olmadığını (borcu qaytardığı üçün) göstərmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən götürülmüş pulun qaytarılması barədə iddiaçı heç bir yazılı (rəsmi) aktı, sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə dəvət edilən şahid ifadələrinə mübahisəli yanaşaraq həmin ifadələri sübut növü kimi qəbul etməmiş və qeyd etmişdir ki, izahatlardan görünür ki, hər iki şahid müxtəlif vaxtlarda pulun iddiaçıya qaytarıldığını desə də yekun olaraq həmin pul nəticə etibarı ilə iddia tələbinin miqdarı ilə uzlaşmır. Belə ki, şahidlər tərəfindən pulun (10.000 manatın) verilməsi deyilsə də, həmin məbləğlərin harda, nə vaxt, hansı miqdarda, kimlərin şahidliyi ilə, hansı şəraitdə verilməsi təsdiqlənmir. Həmçinin qeyd olunan məbləğlərin əgər şahidlər tərəfindən pulun ona verilməsi halı olsa idı bunu cavabdehə bildirməli yaxud cavabdeh bu barədə iddiaçıya xatırlatmalı idi. Lakin bu halın heç biri “whatsapp tətbiqi” vasitəsində aşkar edilməmişdir. Bununla da məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı verilən pulları şifahi qaydada təqdim etsə də (cavabdeh bu halı mübahisələndirmir), bu hal cavabdehi eyni şəkildə (yazılı olmadan) pulun qaytarılması üçün əsas verməməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirmədiyindən, iddiaçı həmin pulun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəməm iddiaçı tərəfindən hüquqi yardıma görə 110 manat ödənildiyindən 110 manat həmin məbləğin, o cümlədən iddia tələbi əsaslı olduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 739-cu, 740-cı, 1096-cı, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 119.1-ci, 121.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə iclasında şahid qismində iştirak edən Azaylı Əfsanə alınan pul vəsaitlərinin onun atasının biznesinə qoyulduğunu bildirmiş və pul vəsaitlərinin ona çatdığını qeyd etmişdir. Həm Binəqədi RPİ-də verilən izahatlarda, onun və prosesdə iştirak edən digər şahidlərin verdikləri ifadələrdə pul vəsaitinin borca verilməsinə dair hər hansı müddəa öz əksini tapmamışdır. Bu fikir yalnız iddiaçının iddia ərizəsinə və şifahi bəyanına əsaslanır. İddiaçının bu iddiasını əsaslandıracaq əlavə sübut olmamış və iddiaçı yalnız bu halları şifahi bəyan etmişdir, o cümlədən məhkəmənin diqqətinə çatdırılmış Whatsapp yazışmalarından da görünür ki, iddiaçı pul vəsaitlərini başqalarından borca aldığını, ona və digər üçüncü şəxslərə bu pul vəsaitini borca verdiyini bildirməmişdir. Eyni zamanda yazışmalardan da görünür ki, o, iddiaçıya bu vəsaitlərin borc olduğunu ona bildirmədiyini deyir və belə olduğunu bilsə idi pulun götürülməyəcəyini qeyd edir. İddiaçı isə eyni məzmunlu mesaj yazaraq, artıq hadisənin baş verdiyini nəticənin dəyişməyəcəyini bildirir. İddiaçı biznes şərikliyindən pul qazanmaq üçün özünə məxsus olmayan başqa şəxslərin vəsaitlərini Azaylı Əfsanənin atasının biznesinə qoymuş və pul qazanmışdır. O, isə bu prosesdə yalnız onun tapşırığını icra etmişdir. Azaylı Əfsanə və onun atasının biznesindən gəlir gəlməməsinə görə iddiaçının şifahi tapşırığına əsasən vəkalət alan qismində çıxış edən onun heç bir təqsirli hərəkəti yoxdur və o cavabdeh qismində çıxış edə bilməz. Eyni zamanda nəzərə almaq lazımdır ki, həm məhkəməyə, həm də iddiaçıya məhkəmə prosesində vəsaitin benefisiar mülkiyyətçinin digər üçüncü şəxs olması bəlli olmuşdur. Belə olan halda iddia rədd edilməli olduğu halda prosessual pozuntular olmaqla tam təmin edilmiş və əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Eyni zamanda məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsinin 18-ci halında iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair borc münasibətlərinin olmasını işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Halbuki bu tamamilə qeyri-qanunidir. Məhkəmənin birinci iclasından sonuncu günədək iddiaçı ilə aralarında hər hansı borc münasibətinin olması təkzib edilmiş, əsl cavabdehin başqa şəxs olması bildirilmiş və iddiaçının biznes riskindən yaranan ziyana düşdüyü diqqətə çatdırılmışdır. İddiaçının tapşırığını icra edən onun bu prosesdə hər hansı cavabdehliyi olmamalı idi. Məhkəmə qətnaməsinin 21-ci bəndində cavabdehin pulun qaytarılmasına dair heç bir yazılı rəsmi akt təqdim edə bilmədiyi bildirmişdir. Binəqədi RPİ-nin müvafiq qərarı ilə sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı tərəfindən müvafiq qərardan əlavə heç bir sübut təqdim edilməmişdir. O, dəfələrlə iddiaçının özünün məhkəmə iclasına gəlməsini, o cümlədən onun nümayəndəsinə pulların ona verilməsinə dair sübutlar təqdim etməsini tələb etsə də, iddiaçı heç bir sübut təqdim etməmiş, məhkəmə də birtərəfli qaydada iddiaçının bu tutumu ilə razılaşaraq, Binəqədi RPİ-nin müvafiq qərarı ilə kifayətlənmişdir. Məhkəmə qətnamədə əvvəlcə tərəflər arasında olan münasibətlərə borc müqaviləsi kimi qiymət vermiş, daha sonra isə cavabdehin mülki hüquq pozuntusu qismində delikt törətdiyi qənaətinə gəlmişdir Lakin iş materialları və araşdırmalar zamanı onun iddiaçıya birbaşa zərər vurmasına yönələn hər hansı hərəkəti sübut edilməmişdir. Eyni zamanda qanunvericiliyə əsasən delikt zamanı zərərvurmanı sübutetmə yükü zərərçəkənin üzərinə qoyulsa da, hazırda iddiaçı Binəqədi RPİ-nin müvafiq qərarından başqa heç bir sübut (pulların ona verilməsinə dair) təqdim edə bilməmişdir. Həmin qərarda isə onun iddiaçıya borclu olmasına dair hər hansı etirafedici fikir səslənmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, onun tərəfindən verilmiş şikayət əsasında Azaylı Əfsanə barəsində Nərimanov RPİ-də araşdırılma aparılmış, həmin araşdırma nəticəsində pul vəsaitlərinin benefisiar mülkiyyətçi qismində Azaylı Əfsanəyə çatması bir daha təsdiq edilməsinə və bununla bağlı məhkəmə iclaslarında dəfələrlə fikir bildirilməsinə baxmayaraq yenə də qətnamə onun ziyanına çıxarılmışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə iclasında iddiaçının Aqil adlı şəxsdən ona çatmalı olan 6.500 manat vəsaiti alması etiraf edilsə də, məhkəmə qətnaməsində bu hala hüquqi qiymət verilməmiş və iddia tələbi təmin edilərkən bu məsələ əsaslandırıcı hissədə öz əksini tapmamışdır. Eyni zamanda məhkəmə öz qətnaməsinin 5-ci bəndində iddia tələbinin qismən təmin edilməli olması qənaətinə gəlsə də, sonradan yekun hissədə tam təminə dair qətnamə çıxarmışdır. Əlavə olaraq nəzərə almaq lazımdır ki, Whatsapp yazışmalarında tərəflər arasındakı pul dövriyyəsi, Binəqədi RPİ-nin qərarında göstərilən 16.000 manatlıq vəsait və digər şahid ifadələri ilə təsdiqlənən ödəmələrlə cavabdehin iddiaçıya hər hansı borcu olmadığı təsdiqlənsə də, məhkəmə qərəzli mövqe tutaraq öz qətnaməsində yuxarıda səsləndirdiyi halların heç birinə hüquqi qiymət verməmişdir. O, iddia tələbinə qarşı sübutlar təqdim etmişdir. İstər Whatsapp yazışmaları, istər verilən izahatlar, qərarlar, etirafedici ifadələr şahid ifadələri onun iddiaçı qarşısında hər hansı öhdəliyinin olmadığına dəlalət edir. Məhkəmə isə yalnız Binəqədi RPİ-nin müvafiq qərarına istinad etməklə, iddiaçının etirafedici ifadələrinə hüquqi qiymət verməməklə birtərəfli və qərəzli qətnamə çıxarmışdır. Məhkəmə proses zamanı şahid ifadələrinə obyektiv yanaşma sərgiləsə idi, onun borcunun, öhdəliyinin olmadığı qənaətinə gələr, eyni zamanda məhkəmə prosesində əsli olmayan tərəfin əsl cavabdehlə əvəzlənməli olduğuna qane olardı. Belə ki, həm şahid ifadələri,həm iddiaçının verdiyi izahatlar, həm də Nərimanov RPİ-nin müvafiq qərarından görünür ki, hər iki tərəf vəsaitlərin Azaylı Əfsanə və onun atasına çatdığını bilirmişdir. Birinci instansiya məhkəməsi tərəfində işin mübahisəsiz halı kimi tərəflər arasında borc münasibətlərinin olması qeyd edilmiş və bu münasibətlərə borc müqaviləsindən irəli gələn normaların tətbiq edilməli olduğu qənaətinə gəlinmişdir. Halbuki məhkəmə prosesləri zamanı bu məsələyə dair hər hansı etirafedici izahat verilməmişdir. Ümumiyyətlə onun belə bir etirafı ümumilikdə mövcud deyildir. Onun bu münasibətlərdə benefisiar pul alıcısı olmaması səbəbindən borcalanı qismində çıxış etməsi də istisnadır

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və iddiaçıya hər hansı məbləğdə borcunun qalmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinə qarşı etirazın, habelə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş mübahisəli və mübahisəsiz qəbzlərin cəmi 14.854 manat təşkil edir. Onlardan iki dəfə təkrarlanan 2.000 və 2.400 manat məbləğləri çıxıldıqda 10.454 manat, mübahisəli və iddiaçıya göndərilməyən və fərqli şəxslər adına olan aidiyyətsiz qəbzlər də çıxıldıqda 9.360 manat məbləğində pul qalır ki, bu məbləği də iddiaçı heç vaxt inkar etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayəti cavabdehdən iddiaçının xeyrinə tutulmuş pulun və buna uyğun olaraq ödənilmiş dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlə aralarında əldə etdiyi razılığa əsasən gəlir əldə etmək məqsədi ilə ona hissə-hissə müxtəlif vaxtlarda və məbləğlərdə ümumilikdə 76.000 manat məbləğində pul vəsaiti vermişdir. Bu hal iddiaçının şikayəti əsasında Bakı şəhəri Binəqədi rayon Polis idarəsində aparılmış araşdırma nəticəsində də öz təsdiqini tapmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022ci il tarixli qərarda iddiaçının cavabdehə ümumilikdə 75.000 manat məbləğində pulun verildiyi göstərilsə də, həmin araşdırma zamanı cavabdeh öz izahatında iddiaçının ona ümumilikdə 76.250 manat məbləğində pul verdiyini etiraf etmiş, eyni zamanda həmin məbləğin müqabilində iddiaçıya ümumilikdə 86.194 manat (iddiaya qarşı yazılı etirazında 87.000 manat göstərmişdir) qaytardığını vurğulamışdır.

25. Cavabdehin bu mövqeyi hüquqi nəticə etibarı ilə iddiaçını qeyd edilən məbləğin verilməsini sübut etmək vəzifəsindən azad edir və cavabdehin həmin məbləğin qaytarılmasını sübut etmək vəzifəsini yaratmış olur. Başqa sözlə, qeyd edilən məbləğin qaytarılmasını sübut etmək yükü artıq cavabdehin üzərinə düşür.

26. Lakin cavabdeh pulun artıqlaması ilə qaytarılması mövqeyindən çıxış etsə də bu halı təsdiq edə bilmir. İddiaçının nümayəndəsi və vəkili isə cavabdeh tərəfindən təqdim edilmiş və ödənişləri əks etdirən bütün sənədlərdə, o cümlədən mübahisəli olmaqla onlar tərəfindən qəbul edilməyən qəbzlərdə göstərilən məbləğlərin cəminin 10.454 manat təşkil etdiyini qeyd edir. Cavabdeh tərəfindən təqdim edilmiş və ödənişləri əks etdirən bütün qəbzlərdə (2.000 manat və 2.400 manat ödənişlərə dair təkrarlanan qəbzlər nəzərə alınmamaqla) göstərilən ümumi məbləğ 10.455 manat təşkil edir. Bir sıra qəbzlərdə pul göndərən və alan şəxsin adı qeyd edilməsə də (məsələn, köçürülmə uğurla tamamlandı qeyd edilmişdir) həmin qəbzlərdə alanın kart nömrəsinin iddiaçıya aid olduğu müəyyən edilir. Belə ki, bu kart nömrəsi iddiaçının adının qeyd edildiyi qəbzlərdə əks olunmuş kart nömrəsi ilə eynilik təşkil edir.

27. Cavabdehin bu məbləği Əfsanə adlı şəxsə verməsi mövqeyindən çıxış etməsi, məhkəmə iclasında şahid qismində ifadə verən şəxslərin də bu barədə fikir söyləməsi, habelə iddiaçının şikayəti əsasında Bakı şəhəri Binəqədi rayon Polis idarəsində aparılmış araşdırma çərçivəsində izahatı alınmış X11 (şahidlərdən biri) da belə bir məzmunda izahat verməsi hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Hər bir halda, qeyd edilən məbləğlər iddiaçı tərəfindən məhz cavabdehə verilmişdir. Cavabdeh isə nəticə etibarı ilə pulun onun tərəfindən qaytarılmalı olmadığını deyil, artıq onun tərəfindən iddiaçıya artıqlaması ilə qaytarıldığını bildirir.

28. Məhkəmə kollegiyası şahidlərin ifadələri ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, onların ifadələri hazırki iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Hər bir halda, şahidlər tərəfindən iddiaçıya hər hansı məbləğdə pul verilsə idi, bu hal həm iddiaçı ilə cavabdeh arasında “whatsapp”sosial şəbəkə vasitəsi ilə mütəmadi baş verən yazışmalarda, həm də Bakı şəhəri Binəqədi rayon Polis idarəsində aparılmış araşdırma çərçivəsində tərəflərin, xüsusilə də cavabdehin izahatında öz əksini tapmış olardı. X3 cavabdehin tapşırığı ilə iddiaçıya 10.000 manat məbləğində pul verdiyini bildirsə də, Bakı şəhəri Binəqədi rayon Polis idarəsində aparılmış araşdırma çərçivəsində verdiyi izahatında bu barədə hər hansı fikir söyləməmişdir. Hər bir halda, ona cavabdehin iddiaçıya 66.250 manat məbləğində borcunu qaytarmaqdan imtina etməsi ilə bağlı sual verdikdə cavab olaraq bu barədə məlumat vermiş olardı. Nəzərə alınmalıdır ki, şahidlər iddiaçıya pul verdiklərini bildirsələr də, həmin hadisənin təfərruatları (tarix, məbləğ, və sair) barədə məlumat verə bilmirlər.

29. Məhkəmə kollegiyası tərəflər arasında “whatsapp” sosial şəbəkə vasitəsi ilə aparılmış yazışmalarla bağlı ayrıca olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin bununla bağlı arqumentinin araşdırılması üçün onun mobil telefonu götürülmüş və məhkəmə kollegiyası tərəfindən tərəflər arasında olan whatsapp yazışmaları tədqiq edilmişdir. Həmin yazışmalardan belə aydın olur ki, iddiaçı ilə cavabdeh arasında müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pulun alınması və geri qaytarılması həyata keçirilmiş və 27 noyabr 2022-ci il tarixə cavabdehin iddiaçıya 56.000 manat məbləğində qalıq borcu qalmışdır. Belə ki, iş materiallarında olan bu yazışmalardan bir çıxarışda (i.v. 89) iddiaçı tərəfindən cavabdehə 56.000 manat puldan Aqil 6.000 manat versə və onun (cavabdehin) verdiyi 2.000 manat da nəzərə alınsa 48.000 manat borcun qaldığı bildirilir və yalnız Aqilin 6.000 manat verəcəyi təqdirdə 48.000 manat borcun qalacağı bir daha dəqiqləşdirilir. Lakin həmin yazışmalarda mübahisəyə aidiyyəti olmayan başqa şəxslərin də adları çəkildiyindən (Ruslan, Ayan, Samirə, Aqil), həmin məbləğdə borc məbləğinin qaldığını bildirdikdən sonra yenidən tərəflər arasında pulun alınıb-qaytarılması ilə bağlı söhbətlər getdiyindən, habelə qarşılıqlı zənglər edildiyindən cavabdeh tərəfindən iddiaçıya hansı məbləğdə pulun qaytarıldığını və hansı məbləğdə borcunun qaldığını müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd edilən whatsapp yazışmalarında bəhs edilən pulların həqiqətən də cavabdehin iddiaçıdan aldığı pul vəsaiti olması, hətta həqiqətən də yazışmalarda adı çəkilən məbləğlərin hazırki iddia tələbi ilə əlaqədar pullar olduğu düşünülsə belə, cavabdehin iddiaçıya nə qədər borcunun olmasını yenə də müəyyən etmək mümkün olmur. Nəticə etibarı ilə bu yazışmalardan cavabdehin iddiaçıya borcunun olmadığı müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin həmin yazışmalara istinad edərək apellyasiya şikayətində irəli sürdüyü arqumentləri əsassız hesab edir.

30. “whatsapp” yazışmasında 6.000 manat ödənişlə bağlı adı çəkilən Aqilin şahid kimi məhkəmə iclasında iştirakının təmin edilməsi məsələsi də müzakirə edilmişdir. Belə ki, cavabdeh həmin məbləğin də iddiaçıya ödənildiyini bildirirdi. Lakin işə baxılması bir neçə dəfə təxirə salınmasına baxmayaraq, həmin şəxsin şahid qismində məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilməmişdir.

31. Bununla belə, cavabdeh iddiaçıya 87.000 (86.194) manat məbləğində pul qaytardığını bildirsə də, bu halı sübuta yetirə bilməmiş, o cümlədən 10.455 manat məbləğində puldan artıq hər hansı məbləğin iddiaçıya ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi və vəkili də məhkəməyə təqdim etdiyi ərizədə cavabdeh tərəfindən təqdim edilmiş və ödənişləri əks etdirən bütün sənədlər, o cümlədən mübahisəli olmaqla onlar tərəfindən qəbul edilməyən qəbzlərdə göstərilən məbləğlərin cəminin 10.454 manat təşkil etdiyini göstərir.

32. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıya qaytarılmış məbləğ qismində məhz təqdim edilmiş qəbzlər üzrə ümumi məbləğ təşkil edən 10.455 manat əsas götürülməli və həmin məbləğ 76.000 manatdan çıxılmaqla qalan (76.000 – 10.455 = 65.545) 65.545 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Məhkəmə kollegiyası cavabdən iddiaçının xeyrinə tutulmalı dövlət rüsumuna münasibətdə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə 283 manat məbləğində dövlət rüsumu tutulmalıdır.

34. Məhkəmə kollegiyası vəkilə çəkilən xərclərə görə 110 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər.

35. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, habelə iddiaçıya hüquqi xidmət göstərən vəkilin iştirak etdiyi məhkəmə iclaslarının sayını və yerinə yetirdiyi prosessual hərəkətləri nəzərə alıb, birinci instansiya məhkəməsi tərəfindən hüquqi xidmətə görə ödənilmiş 110 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 809/2023 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməli, Cavabdeh 65.545 manat məbləğində pul və 283 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-809/2023 saylı qətnaməsi Cavabdeh İddiaçı xeyrinə tutulan pulun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 65.545 (altmış beş min beş yüz qırx beş) manat məbləğində pul və 283 (iki yüz səksən üç) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar