Məhkəmə qərarları › İş №2(103)-5486/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5486/2025

13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5486/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X6 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi X2 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X6 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-2169/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-241/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iş üzrə yekun qətnamə qanuni qüvvəsini alanadək, ərizəçi İddiaçı (bundan sonra iddiaçı) uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X16 ilə hər həftənin şənbə günü saat 14:00-dan saat 18:00-dək ünsiyyətdə olmasına maneələrin törədilməsi X4 qadağan edilmişdir. Uşaqlar görüşdən imtina etdiklərindən icra məmuru uşaqların psixoloji reabilitasiyasına köməklik göstərilməsi üçün icra sənədini “X6 Mərkəzi" MMC-yə göndərmişdir. “X6 Mərkəzi" MMC tərəfindən validyenlər və uşaqlarla seanslar aparılmış və bunun nəticələrinə dair cəmiyyət tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinə göndərilmiş məlumatda (məktubda) uşaqlar X7 və X1 olaraq psixoloji seanslarda iştiraklarının məsləhətli olduğu, bunun onların doğru qərar verməsinə heç bir maneə törətmədiyi, hər ikisinin reaksiyalara tam adekvat olduğu göstərilmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, müşahidələr və söhbətlər əsasında iddiaçının Psixi Emosional vəziyyəti hər şeyi inkar edərək, qarşı tərəfi günahkar çıxarması və adekvat reaksiya verməməsi onun Psixoloji seanslara cəlb olunmasına zəmin yaradır, hətta vacibliyini göstərir. İddiaçı, onun həyat yoldaşı və uşaqları ilə aparılmış seanslara görə ümumilikdə 360 manat məbləğində pul ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh “X6 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X6 Mərkəzi" MMCdən ona vurulmuş maddi ziyana görə 360 manat, mənəvi ziyana görə 2.000 manat məbləğin, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə “X6 Mərkəzi" MMC-yə e-380498/2024-16-21-002 saylı məktubla övladlarının psixoloji reabilitasiyasında köməklik göstərilməsi üçün icra sənədi göndərilmişdir. Ata olaraq əsas maraqlı tərəf kimi qeyd edilən Psixoloji Mərkəzə yaxınlaşıb, müəssisə rəhbəri X9 ilə görüş keçirmişdir. Görüşdə övladları ilə uzun müddət süni maneələr səbəbindən görüşün çətinlikləri və ünsiyyətdə ciddi problemlərin yaradıldığını, məktuba əlavə edilmiş ekspertlərdən ibarət Komissiyanın rəy və aktlarını müzakirə etmişlər. Razılıq əldə edilmişdir ki, növbəti gün uşaqlar dəvət olunsun və dərhal reabilitasiya xidmətinin təşkilinə başlanılsın. Lakin xx.xx.2025-ci il tarixdə övladları onun iştirakı olmadan dəvət edilmiş, onlarla konsultasiya keçirilmişdir. Elə həmin gün bir neçə saat intervalında o da sonradan mərkəzə dəvət edilmişdir. Proseslə maraqlandıqda onunla da konsultasiya (əvvəlki gün yarım saatlıq müzakirələri olduğu halda) keçirilməsi tələbi edilmişdir. Qərara alınmışdır ki, növbəti gün artıq uşaqlardan biri də hansısa səbəbdən yenidən konsultasiyaya cəlb edilməlidir. Bu zaman o da nəticə ilə tanış olmaq məqsədi ilə gələcəyini bildirmiş və razılıq əldə edilmişdir. Psixoloji mərkəzə yaxınlaşanda boşanmaqda olduğu arvadı və övladından birinin də qəbulda gözlədiyini görmüş və daha sonra hər iki valideyn təkrar görüşə dəvət edilmişdir. Görüşün konsultasiya adı altında keçirilməsini bildikdə (görüşdə yalnız məlumat almaq üçün iştirak etdiyini bildirsə də), heç olmazsa nəticəni və övladlarının reabilitasiya işlərinin necə olacağını soruşmaq üçün mərkəzin rəhbəri Ramidə xanıma bir neçə sual vermişdir. Lakin bu zaman elə bu görüşün də konsultasiya olduğunu vurğulayıb və söhbət zamanı nədənsə gərgin görünən psixoloqun daha aqressiv davranışı ilə üzləşmişdir. Nikahın pozulması prosesinin çətin bir proses olduğunu, uşaqların son altı ay ərzində ciddi travmalar aldığını və valideynlərin artiq 1 ilə yaxın bir müddətdə ayrı yaşadıqları səbəbindən mövzunun yalnız uşaqlar olduğunu dəfələrlə xatırlatsa da, qeyd edəcəyi nəticələrdən başqa bir şey əldə edilməmişdir. Keçirilən görüşlərin heç birinin konsultasiya formatında olmaması (məxfilik müqaviləsi olmadan) ilə yanaşı aşağıdakı səbəblər ciddi narazılıqlar doğurmuşdur: 1. Heç bir müqavilə bağlanmadan reabilitasiya prosesini müzakirə etmələri məqsədilə keçirilən görüşlər birbaşa "xxxx" (2 uşağın bir dəfə görüşü - 100 manat, atanın ilk görüşü - 70 manat, növbəti gün 1 uşağın təkrar görüşü - 50 manat, həmin gün iki valideynlə adi bir görüşün 140 manat) 360 manat qiymətləndirilərək ardıcıl ödənişlər həyata keçirilmişdir. Xidmətin ödənişli olması bir özəl sektor üçün anlaşılandır, lakin iki gün ərzində ata və eyni uşağın təkrar olaraq ödənişli görüşü və eyni saatda iki valideynin məhz uşaqların reabilitasiyası üçün maraqlanmasına görə gəldiyi halda görüşünün təkrar və iki qat ödənişlərlə keçirilməsi anlaşılan deyil; 2. İcra şöbəsində həyata keçirilən rəsmi Komissiya qərarında və əlavə edilmiş aktlarda və eləcə də Qəyyumluq komissiyasının gəldiyi eyni nəticədə “uşaqların psixoloji vəziyyətlərinin qənaətbəxş olmaması, onların müalicə və reabilitasiyaya ehtiyacı olduğu və mərkəzdən yalnız reabilitasiya xidmətinin həyata keçirilməsi” tələb edilsə də, 3 gün ərzində heç bir faydası olmayan görüşləri "xxxx" adı altında icra edərək, tələb olunan xidmətə nail olunmayıb; 3. Müəssisə rəhbəri ilə keçirilən görüşlərdə peşəkar davranış, müvafiq psixoloji dəstək əvəzinə yalnız aqressiv, təhdid edici cavablar alıb və nədənsə Dövlət qurumlarının təşkil etdiyi və uşaqlarda aşkara çıxarılmış psixoloji narahatlıqlar, travmalar, müvafiq Komissiya iclasları zamanı təyin edilmiş uzun müddət ərzində psixoloji təzyiqlərin olması və gəlinən nəticələr birmənalı olaraq rədd edib;

4. Görüşlər zamanı Ramidə Oktay qızı valideyn kimi reabilitasiya üçün qrafiklərin və köməkliyin nədən ibarət olacağı suallarına cavabı onu təhdid edərək “istəsəm sizi görüş otağımda olan kamera görüntüləri ilə psixoloji müayinəyə göndərərəm" deməsi peşəkarlıqdan uzaq olan ifadələri də şübhəli olub; 5. Bir psixoloqun hazırki boşanma prosesindən məlum olduğu kimi keçən 11 ay ərzində uşaqların atadan gizlədilərək ananın yanında saxlanması, ata ilə sərbəst ünsiyyətə bilərəkdən mane törədilməsi, uşaqlara göstərilən təzyiqlər və psixoloji təsirlər olduğuna dair aşkar dəlillərin olması və rəsmi qurumlardan bildirilən "ata ilə ünsiyyətə" mane olan anaya məhkəmə tərəfindən qoyulan qadağanı əks etdirən qərar olduğu halda uşaqlara tələb olunan psixoloji reabilitasiya göstərərək travmaları aradan qaldırmaq məqsədi olduğu halda, səhv yanaşma nümayiş etdirərək nəticəsiz olan və yüksək ödənişlər əsasında göstərilən bu münasibət nəinki Tibbi etiket baxımından qəbul edilməzdir və həmçinin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir; Müəssisə rəhbərinin psixoloq kimi reabilitasiyaya hazırlıq adı altında keçirdiyi görüşlər bir vətəndaş kimi ona maddi zərər verməklə yanaşı, son 3 ay ərzində çəkilən zəhmətləri ki, övladlarının travmalar alaraq reabilitasiyasını geri salmasına və ciddi mənəvi sarsıntıya səbəb olub.

4. Cavabdeh “X6 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia ilə razılaşmır və etiraz edir. Mülki Prosessual Məcəlləyə zidd olaraq vicdansızcasına iddia irəli sürülüb. İcra sənədi dövlət qurumu tərəfindən qəbul edilib. Maddi ziyan yoxdur. Ziyan o zaman olur ki, pul ödənilsin, xidmət göstərilməsin. Konsensual (şifahi) müqavilə bağlanılıb, razılaşıb (mədaxil çeki verilib). Mənəvi ziyan yoxdur, sübut olunmayıb. İddiaçının suallarına cavablar təqdim olunmuş, şəkil, sübutlar mövcuddur.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-2169/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim X13).

6. Məhkəmə iddianın “maddi zərərin əvəzinin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona dəymiş ziyanı 360 manat kimi qiymətləndirmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC-nin hesabına cəmi 260 manat ödəniş etmiş, qalan 100 manat isə uşaqların anası, Məlahət Yəhyazadə tərəfindən ödənilmişdir. İddiaçının 100 manat maddi ziyanın ödənilməsi tələbi ilə cavabdehə qarşı iddia qaldırmaq hüququ yoxdur və iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. İddiaçı tərəf iddia tələbini qeyd olunan hallara münasibətdə sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Cavabdeh “X6 Mərkəzi" MMC-nin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulması halı müəyyən edilməmiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmamışdır. Belə ki, icra sənədi “X6 Mərkəzi" MMC-yə daxil olduqdan sonra Psixologiya üzrə fəlsəfə doktoru, X5 Mərkəzinin təsisçisi və direktoru Ramidə Məmmədova hər iki valideyn və uşaqlarla konsultasiyalar aparmış və konsultasiyaların nəticəsində uşaqlar X7 və X1 olaraq psixoloji seanslarda iştiraklarının məsləhətli olduğu, bunun onların doğru qərar verməsinə heç bir maneə törətməməsi, hər ikisinin reaksiyalara tam adekvat olduğu müəyyən edilmişdir. Mərkəz tərəfindən uşaqların valideynləri tərəfindən edilmiş ödənişlər üzrə müvafiq söhbətlər, konsultasiyalar aparılmış və yekun nəticə barədə aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə məlumat verilmişdir. Hazırkı halda da iddiaçı “X6 Mərkəzi" MMC tərəfindən icra şöbəsi tərəfindən təqdim edilən məktubun icrası təmin edilmişdir. “X6 Mərkəzi" MMC-nin psixoloqunun konsultasiya zamanı gəldiyi nəticə ilə Səbail Rayon İcra Hakimiyyəsinin nümayəndəsi Şahid3 və Nəsimi rayon 12 saylı uşaq poliklinikasının pedoqoq-pisixoloqu Şahid2 uşaqların reabilitasiyaya ehtiyaclarının olmaması ilə bağlı gəldiyi nəticənin eyni olmaması, əksini sübut edən hal deyil. Belə ki, həmin mütəxəssislərin hər biri səlahiyyətləri daxilində uşaqlarla söhbətlər apararaq, fərdi mülahizələrini bildirmişlər. Nəticədə İddiaçı iddia ərizəsində qeyd etdikləri, konsultasiyaların düzgün aparılmaması, artıq ödənişlər alınması və s. öz təsdiqini tapmamışdır.

7. Məhkəmə iddianın “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi ziyana görə 2.000 manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096- 1097-ci, 1115-ci, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci, 119-cu, 217- 218-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh şirkətin onunla xidmət müqaviləsi və məxfilik müqaviləri bağlamadığı faktına hüquqi qiymət verməmişdir. Şirkətin onunla niyə konsultasiya etməsi və həmin konsultasiyalara görə ödəniş tələb etməsi sual doğurmuş, lakin bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Ümumiyyətlə uşaqlara reablitasiya xidmətləri üçün o, şəxsən həmin şirkəti seçməmişdir. Həmin Mərkəzə icra şöbəsinin göndərişi əsasında yaxınlaşmışdır. Heç bir müqavilə əsası olmadan ondan ödənişlər alınmış, halbuki həmin şirkət konsultasiya deyil, uşaqlara reabilitasiya xidmətləri göstərməli idi. Heç bir müqavilə bağlanmadan reabilitasiya prosesini müzakirə etməyi məqsədilə kecirilən görüşlər birbaşa "xxxx" kimi qiymətləndirilərək, ardıcıl ödənişlər alınmışdır. İki gün ərzində onun və eyni uşağın təkrar olaraq ödənişli görüşü və eyni saatda iki valideynin məhz uşaqların reabilitasiyası üçün maraqlanmasına görə gəldiyi halda görüşünün təkrar və ikiqat ödənişlərlə keçirilməsi əsassız varlanma hərəkətləri olmaqla yalnız şirkətin xeyrinə olmuşdur. Məhkəmə tərəfindən işin araşdırılması, reabilitasiya xidmətlərinin necə keçiriləcəyinə dair mütəxəssis rəyi alınmamış, aidiyyəti qurumlara sorğular verilməmiş və məhkəmədə çıxış edən şahidlərin ifadələrinə hüquqi qiymət verilməmişdir. Cavabdehin vəzifəli şəxsinin qanunsuz hərəkətləri nəticəsində artıq vaxt itkisinə yol verilməklə, uşaqlarının reabilitasiyası ilə bağlı heç bir nəticə əldə olunmamışdır. Onun reabilitasiya xidmətləri ilə bağlı mütəxəssis cəlb edilməsi ilə bağlı şifahi vəsatəti də məhkəmə tərəfindən nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdeh “X6 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

16. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət vermiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın hər hansı formada təmin edilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-241/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iş üzrə yekun qətnamə qanuni qüvvəsini alanadək, ərizəçi İddiaçı (bundan sonra iddiaçı) uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X16 ilə hər həftənin şənbə günü saat 14:00-dan saat 18:00-dək ünsiyyətdə olmasına maneələrin törədilməsi X4 qadağan edilmişdir. Uşaqlar görüşdən imtina etdiklərindən icra məmuru uşaqların psixoloji reabilitasiyasına köməklik göstərilməsi üçün icra sənədini “X6 Mərkəzi" MMC-yə göndərmişdir. “X6 Mərkəzi" MMC tərəfindən validyenlər və uşaqlarla seanslar aparılmış və bunun nəticələrinə dair cəmiyyət tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinə məlumat göndərilmişdir. İddiaçı, onun həyat yoldaşı və uşaqlarla aparılmış seanslara görə ümumilikdə 360 manat məbləğində pul ödənilmişdir.

22. Hazırda iddiaçı uşaqları ilə ünsiyyət hüququnun təmin edilməsi məqsədi ilə uşaqların psixoloji reabilitasiyasına köməklik göstərilməsi üçün icra məmuru tərəfindən cavabdehə müraciət edildiyini, lakin müraciətin mahiyyətinə uyğun olaraq cavabdeh tərəfindən lazımi işlərin görülmədiyini, tələb olunan nəticələrin əldə edilmədiyini, keçirilmiş görüşlərin hər hansı müqavilə bağlanmadan konsultasiya kimi rəsmiləşdirildiyini, buna görə ödənişlərin alındığını, onların heç bir faydasının olmadığını, nəticədə hər hansı psixoloji dəstəyin göstərilmədiyini bildirir və cavabdehin bu hərəkətləri nəticəsində ona 360 manat məbləğində maddi və 2.000 manat məbləğində mənəvi zərərin vurulduğunu iddia edərək, bu məbləğlərin əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. İddiaçıya hər hansı maddi və mənəvi zərərin vurulmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.

23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

24. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

25. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

26. Bu baxımdan iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəydiyini və həmin cavabdehin təqsirli hərəkətləri ilə ona dəymiş zərərin səbəbli əlaqəsini sübut etməli idi. Lakin iddiaçı bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının istinad etdiyi hallar və irəli sürdüyü dəlillər isə ona maddi və mənəvi zərərin vurulması qənaətinə gəlməyə əsas vermir.

27. Belə ki, iddiaçının ona vurulduğunu iddia etdiyi maddi zərər (360 manat) nəticə etibarı ilə icra sənədinin icrası çərçivəsində uşaqların psixoloji reabilitasiyasına köməklik göstərilməsi üçün icra məmurunun müraciəti əsasında “X6 Mərkəzi" MMC tərəfindən iddiaçı, onun həyat yoldaşı və uşaqları ilə keçirilən görüşlərə (konsultasiyalara) görə aparılan ödənişlərin ümumi məbləğidir. Ümumilikdə 6 görüş olmuş, bunun müqabilində (70 + 70 + 50 + 70 + 50 + 50 = 360) cəmi 360 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğin 100 manat hissəsinin iddiaçı tərəfindən ödənildiyi ümumiyyətlə sübuta yetmir. Bu da öz növbəsində iddianın bu hissədə əsaslı olduğu halda belə, həmin məbləğin iddiaçının xeyrinə tutulmasını qeyri-mümkün edir. Həm iddiaçı tərəfindən ödənilən 260 manat, həm də qalan 100 manat, yəni ümumilikdə 360 manat tam şəkildə cəmiyyətin kassasına mədaxil edilmiş və bu halı təsdiq edən mədaxil qəbzləri mövcuddur.

28. Bununla belə, görüşlərin konsultasiya xarakterli olması və ödənişli əsaslarla keçirilməsi barədə iddiaçıya məlumat verilmiş, aparılmış ödənişlərə uyğun olaraq iddiaçı, onun həyat yoldaşı və uşaqlarla görüşlər (konsultasiya) keçirilmiş və ümumilikdə 260 manat məbləğində ödəniş etməklə iddiaçı bu şərtlərlə razılaşmış və görüşlərin konsultasiya xarakterli olmasını qəbul etmişdir. Həmin konsultasiyaların düzgün aparılmaması, habelə müəyyən edilmiş ödəniş məbləğlərindən artıq ödənişin alınması halları da aşkar edilməmişdir. Digər tərəfdən iddiaçının həmin ödənişlərin edilməsinə məcbur edildiyi müəyyən edilmir, onun ödənişlərdən və görüşlərdən imtina etmək imkanı olmuş, lakin iddiaçı bu imkanından istifadə etməmişdir. Konsultasiyanın keçirilməsi və ya ödənişlərin alınması ilə bağlı müqavilənin (məxfiçilik və sair) bağlanması da bu sahəni tənzimləyən qanunvericilikdə imperativ şərt kimi təsbit edilməmişdir.

29. Bununla belə, cavabdeh cəmiyyətin (onun psixoloqunun) iddiaçıya hər hansı məbləğdə maddi zərərin vurulması ilə nəticələnən təqsirli hərəkətə yol verməsi müəyyən edilməmiş, cavabdeh nəticə etibarı ilə icra məmuru tərəfindən verilmiş məktubun icrasını təmin etmişdir.

30. Cavabdeh təşkilatın keçirilmiş konsultasiyalara əsaslanan nəticəsinin (icra şöbəsinə göndərilən məktubun) Səbail Rayon İcra Hakimiyyəsinin nümayəndəsi Şahid3 və Nəsimi rayon 12 saylı uşaq poliklinikasının pedoqoq-pisixoloqu Şahid2 gəldiyi nəticə ilə eyni olmaması və iddiaçının cavabdeh cəmiyyətin nəticəsi ilə razılaşmaması, ondan narazı qalması da iddiaçıya maddi və ya mənəvi zərərin vurulması qənaətinə gəlmək üçün əsas yaratmır. Belə ki, iddiaçı məhz aparılmış konsultasiyaların nəticəsindən (nəticədə həmçinin, qeyd edilmişdir ki, iddiaçı Psixi Emosional vəziyyəti hər şeyi inkar edərək, qarşı tərəfi günahkar çıxarması və adekvat reaksiya verməməsi onun Psixoloji seanslara cəlb olunmasına zəmin yaradır, hətta vacibliyini göstərir) sonra hazırki iddianın irəli sürmüşdür.

31. Nəzərə alınmalıdır ki, cavabdeh cəmiyyətin psixoloqu öz nəticəsində müşahidələr və söhbətlərə əsaslandığını açıq və aydın şəkildə göstərmiş, fərdi mülahizələr bildirmiş, məsləhətlər vermişdir. Hər bir halda, icra məmuru məhz uşaqların psixoloji reabilitasiyasına köməklik göstərilməsi üçün cavabdehə müraciət etmiş və bunun nəticəsi olaraq cavabdehin məktubu nə icra sənədini qüvvədən salır, nə də ki, onun icrasının məcburiliyini aradan qaldırır. İcra sənədi hazırda da qüvvədədir və onun icrası qaydasında müvəqqəti təminat tədbiri olaraq iddiaçının uşaqları ilə ünsiyyətdə olma hüququ təmin edilməlidir. Göstərilənlər öz növbəsində cavabdehin iddiaçıya münasibətdə hər hansı hüquqa zidd əmələ yol vermədiyini təsdiq edir və belə olan halda, cavabdehdən iddiaçının xeyrinə hər hansı məbləğdə maddi zərərin və bu zərərdən irəli gələn mənəvi zərərin tutulmasını istisna edir.

32. Hər bir halda, mənəvi zərər tələbi, maddi zərərin tutulması tələbinə münasibətdə tərəmə tələbdir və onun təmin edilib-edilməməsi bilavasitə əsas tələbin təmin edilibedilməməsindən asılıdır. Bu baxımdan əsas tələbin rədd edilməsi, hüquqi nəticə etibarı ilə mənəvi zərərin tutulması tələbinin də rədd edilməsini şərtləndirir. Bu səbəbdən məhkəmə kollegiyası hər iki tələb üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayəti üzrə irəli sürülmüş dəlillərin əsassız olması qənaətinə gəlir.

33. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

34. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-2169/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar