Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5487/2023 30.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahələrinin sərhədlərinin və ara yolun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahələrinin sərhədlərinin və ara yolun müəyyən edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2(008)-3034/2023 nömrəli qərardadından İddiaçı1 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 mülkiyyətində və istifadəsində, Cavabdeh1 istifadəsində olan torpaq sahələrinin hasarının cavabdehlərin hesabına sökülməsi, İddiaçı1 istifadəsində olan 690 nömrəli bağın və İddiaçı2 istifadəsində olan 690a nömrəli bağın zəbt edilmiş hissəsinin boşaldılması, tərəflərə məxsus torpaq sahələrinin sərhədlərinin və yol standartlarına uyğun ümumi ara yolun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2(008)- 3034/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahələrinin sərhədlərinin və ara yolun müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına torpaq sahələrinin sərhədlərinin və ara yolun müəyyən edilməsi hissəsində xitam verilmişdir.
4. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati orqan hesab olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı və 3.1.20-ci bəndlərinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifələridir. Göründüyü kimi, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin səlahiyyətlərinə aiddir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 22 aprel 2009-cu il tarixli məktubundan görünür ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi 690 saylı bağ sahəsinin plan-sxeminin alınması ilə əlaqədar bağ sahəsinə idarənin mühəndisi tərəfindən baxış keçirilməsinə İddiaçı1 tərəfindən şərait yaradılmamışdır. Bu səbəbdən ölçü işləri aparmaq mümkün olmamışdır. Belə olan halda, iddiaçılar istifadələrinə verilmiş baş sahələrinin ölçülərək plansxeminin alınması ilə bağlı ilkin olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etməli, müraciətləri təmin edilmədiyi təqdirdə, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən müdafiəyə dair iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidirlər.
5. İddiaçı1 həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.
6. Şikayətin dəlillərinə görə, tərəflər arasında mübahisə Cavabdeh2 qohumlarının torpaq sahəsinin öz bildiyi kimi bölüşdürməsindən, bu səbəbdən bölgü sxemi və ara yolla bağlı bağ qonşuları arasında razılığın olmamasından əmələ gəlmişdir. Bağ sahələrinin sərhədləri barədə bölgü sxemi yoxdursa, ölçü işlərinin aparılması heç bir halda mümkün deyil. Məhkəmənin 13 iyul 2011-ci il tarixdə verilmiş məktub əsasında deyil, 22 aprel 2009cu il tarixli məktub üzərindən nəticə çıxarması onun işin araşdırılmasında qərəzli mövqe tutmasına bir daha dəlalət edir. Mülki Məcəllənin 176-cı maddəsi “Torpaq sahələrinin hasarlanması və mərzlənməsi” adlanır. Maddədəki maddi normalar torpaq mülkiyyətçiləri arasında münasibətləri tənzimləyir. İş üzrə cavabdehlərdən biri, Cavabdeh2 də torpaq mülkiyyətçisidir. 176.3-cü maddənin məzmunundan məlum olur ki, torpaq sahələrinin ədalətsiz bölüşdürülməsindən narazı qalan tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Məhkəmə həmin maddəni tətbiq etməməklə bu maddi normanın tələblərini pozmuşdur.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(008)- 3034/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək iş materialları ilə birgə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”: 31.1.2 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti; 31.1.2-1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti; 31.1.4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqan hesab olunur.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsi: Maddə 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə məhkəmədə baxılmalı olmaması əsası ilə mübahisələndirilən hissədə iş üzrə icraata xitam verilməsində haqlı olmuşdur.
12. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar cavabdehlərə qarşı torpaq sahələrinin sərhədlərinin və yol standartlarına uyğun ümumi ara yolun müəyyən edilməsi barədə tələblərlə də çıxış etmişlər. Lakin, bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir.
13. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati orqan hesab edilir. Torpaq sahələrinin sərhədlərinin, ümumi ara yolun müəyyən edilməsi kimi hərəkətlər isə ümumi hüququn tənzimetmə predmetinə aid olmaqla, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin səlahiyyətindədir. Belə tələblərə mülki dövriyyənin bərabər hüquqlu subyektləri olan fiziki şəxslər cavab verə bilməzlər.
14. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır.
15. Şikayətdə iddiaçı hazırkı hissədə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 176.3-cü maddəsinə istinad etdiklərini göstərmişlər. Maddənin məzmununa əsasən, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.
16. Qeyd edilməlidir ki, sözügedən maddənin yerləşdiyi fəsil “Mülkiyyət hüququnun məhdudlaşdırılması” adlandırılır və bu fəsil bütövlükdə mülkiyyətçilər arasında yaranmış mülkiyyət hüquqlarından irəli gələn mübahisələri tənzimləyir.
17. Lakin, hazırkı iş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə tərəflərdən yalnız birinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Digər tərəflərə münasibətdə sözügedən maddəyə istinad etmək üçün ilk növbədə onların hüquqlarının dövlət qeydiyyatı lazımdır ki, bu prosedur çərçivəsində də iddiaçıların hazırkı tələbləri həllini tapır. Belə ki, torpaq sahələrinin sərhədlərinin, ara yolun müəyyən olunması həmin sahə üzərində hüquqların qeydə alınması, torpaq sahəsinin plan və ölçüsünün tərtib olunması prosesində həll olunur, məhz bundan sonra həmin sərhədlər daxilində cavabdeh və ya digər şəxslər tərəfindən ara yolun, torpaq sahəsinin və ya sahənin bir hissəsinin zəbt olunması halı müəyyən olunarsa, həmin tələblərə mülki mühakimə icraatı qaydasında baxıla bilər.
18. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e- 2(008)-3034/2023 nömrəli qərardadı qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2(008)- 3034/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev